ERMƏNİLƏR HƏM QORXUR, HƏM
QORXUDUR
Xankəndində mülki
müdafiə ilə bağlı xüsusi müşavirə
keçirilib, işğalçı ordu isə Azərbaycan ərazilərində
yeni manevrlər keçirir
Erməni mənbələrinin
xəbərlərinə görə, dünən Xankəndində
separatçı erməni rejiminin rəhbəri Bako Saakyan
mülki müdafiəyə həsr olunmuş geniş
toplantı keçirib. Toplantıda mümkün hərbi əməliyyatlar
zamanı Xankəndində və digər yaşayış məntəqələrində
əhalinin yerləşdirilməsi nəzərdə tutulan
sığınacaqların vəziyyəti, evakuasiya
planları və digər məsələlər müzakirə
edilib. Digər xəbərə görə isə (APA) Ermənistan
işğalçı qüvvələri dünən saat
13.30 radələrindən başlayaraq, Azərbaycanın
işğal olunmuş ərazilərində hərbi təlimlərə
başlayıblar. Təlimlərin Ağdərə rayonunun
işğal altında olan “3 saylı sovxoz” adlanan ərazisində
keçirildiyi bildirilir. Həmin istiqamətdə, Tərtər
rayonunun bir çox yaşayış məntəqələrində
güclü partlayış səsləri eşidilib. Təlimlərdə
avtomat, pulemyot, iri çaplı silahlar, eyni zamana artilleriya
qurğularından istifadə edildiyi ehtimal olunur. Erməni
işğalçı qüvvələri hər dəfə
münaqişə ətrafında vəziyyət gərginləşəndə
müharibənin başlanması ehtimalı artanda bu cür təlimlər
keçirir.
ATƏT sədri vəziyyətin gərginləşdiyini
deyir
Münaqişənin siyasi yolla nizamlanması imkanları isə hazırda xeyli tükənmiş hesab edilir. Bir gün əvvəl Moskvada səfərdə olan ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib ki, Dağlıq Qarabağdakı gərginliyin yeni bir partlayışa səbəb olmasına yol verilməməlidir: “Mən həmkarlarımla görüş zamanı hiss etdim ki, hamı həqiqətən də vəziyyətdən çox narahatdır. Vəziyyət heç bir dövrdə asan deyil. Amma vəziyyət həqiqətən də gərginləşir. Böyük dövlətlərdən heç biri bölgədə partlayışın olmasını istəmir. Son zamanlar Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasındakı görüşləri bölgədəki gərginliyi azaltmaq baxımından əhəmiyyətli cəhdlər kimi qiymətləndiririk”.
Ajubalis yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsini mən bu yaz Azərbaycana və Ermənistana səfərimdə müzakirə edəcəyəm. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların Minsk Qrupu çərçivəsində aparılmasını dəstəkləyirik. Münaqişənin sülh yolu ilə həlli üçün etimad mühitini möhkəmləndirməyə çalışacağıq. Ən vacib məsələ odur ki, vəziyyətin gərginləşməsinə imkan vermək olmaz. Bu gərginlik xüsusilə 1 ildir ki, artır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatıq ”deyə, ATƏT sədri bildirib. Ajubalis əlavə edib ki, münaqişənin uzun illərdir həll olunmaması regionda tamam yeni nəslin formalaşmasına gətirib çıxarıb. Bu səbəbdən münaqişəni həll etmək imkanları da çətinləşib.
Vladimir Sokor: “Lutvanın ATƏT-ə
sədrliyi sülh danışıqlarına təkan verə
bilər”
Vaşinqtonun Ceymstaun Fondunun (Jamestown Foundation) Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor isə əmindir ki, Litvanın ATƏT-ə sədrliyi Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ sülh danışıqlarına təkan verə bilər. (APA)
Sokor qeyd edib ki, Qərb bu məsələ ilə Rusiyadan daha az məşğul olmuş kimi görünür: “Məsələn, Vaşinqton prosesə səfirlər səviyyəsində qoşulub, amma Rusiya bu məsələ ilə prezident səviyyəsində məşğuldur. 2009-2010-cu illərdə Vaşinqton Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması arasında əlaqəni qırmaqla prosesi az qala pozmuşdu. Fransa bu prosesdə öz imkanlarından istifadə edərək həmsədr rolunu oynayır, hansı ki, bu rolu Lissabon müqaviləsi və Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti qüvvəyə minəndən sonra Avropa Birliyi oynaya bilərdi”. Analitikin fikrincə, ATƏT-in münaqişələrin qarşısını almaq, böhranları idarə və həll etmək sahəsindəki imkanlarının möhkəmlənməsi yaxşıdır, amma əks nəticələrə də gətirib çıxara bilər.
Beynəlxalq Böhran Qrupu da
müharibə riski ilə bağlı hesabat hazırlayıb
Xəbərlərə
görə, Qarabağ münaqişəsi ətrafında vəziyyətin
gərginləşməsi Brüsseldə yerləşən
Beynəlxalq Böhran Qrupunu da narahat edir. Təşkilat
münaqişə ilə bağlı növbəti hesabat
hazırlayıb və onu gələn həftənin
ortalarında təqdim edəcək. Bu barədə “Trend” agentliyinə təşkilatın
proqram direktoru Sabina Freyzer bildirib. “Məruzənin əsas
mövzusu Azərbaycanla Ermənistan arasında yeni müharibənin
mümkünlüyüdür” deyə, o bildirib. Məruzə
Böhran qrupunun ekspertlərinin Azərbaycanda və Ermənistanda
apardıqları araşdırmalara əsaslanır. Bu
araşdırmalar üzərində iş son dörd ay ərzində
aparılıb. “Biz atəşkəs rejiminin pozulması
hallarının artmasını, hər iki ölkənin hərbi
büdcələrini, eləcə də nizamlanmada irəliləyişin
əldə edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin
nəticəsiz olmasını izləyirik”, - Freyzer bildirib.
1995-ci ildə yaradılan Beynəlxalq Böhran Qrupu
(International Crisis Groupa) dünyanın müxtəlif ölkələrində
vəziyyətin analizi ilə məşğul olur. Mütəmadi
olaraq Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məruzə hazırlayır. Dağlıq
Qarabağ üzrə bundan əvvəlki məruzə 2009-cu
ildə hazırlanıb.
Avropalı siyasi ekspert Amanda
Pol: “Ermənilər boş yerə Dağlıq
Qarabağın müstəqilliyinə ümid edirlər”
Digər avropalı ekspert,
Avropa Siyasi İnstitutları Layihəsinin direktoru,
Qafqazdakı vəziyyəti yaxından izləyən Amanda Pol
isə Ermənistanın “Jamanax” (“Zaman”) qəzetinə
müsahibəsində deyib ki, ermənilər
üçün Dağlıq Qarabağın müstəqilliyinə
can atmaq əbəs işdir. Onun fikrincə, böyük
güclərin himayəsi olmadan heç bir separatçı
bölgə müstəqillik əldə edə bilməz. Amanda
Pol bildirib ki, Ermənistanda Sudanın şimalında müstəqilliyə
dair referendumu Qarabağ məsələsinə şamil etmək
barədə aparılan müzakirələr adekvat deyil. Çünki
Sudanın şimalının müstəqilliyinə aparan
mexanizm böyük güclər tərəfindən dəstəklənmişdi.
Ekspertə görə, münaqişənin həlli
üçün Minsk Qrupuna da ümid bağlamağa dəyməz:
münaqişənin həllini ancaq iki tərəf tapa bilər-Ermənistan
və Azərbaycan. “İndi hərəkət etmək növbəsi
Ermənistanındır. Azərbaycan
Bəs həmsədrlər nədən narahatdır?
Minsk Qrupu həmsədrləri
isə əksinə, münaqişənin nizamlanmasına
başqa strukturların dolayısı da olsa
qarışmasından məmnun deyil. Parisdəki diplomatik mənbədən
bildirildiyinə görə, həmsədrlər AŞ PA-da
Dağlıq Qarabağ münaqişəsi üzrə Alt
komitənin fəaliyyətinin bərpa edilməsindən
narahatdır. Mənbə deyib ki, həmsədrlər komitənin
fəaliyyətinin bərpasının münaqişənin
nizamlanmasına neqativ təsir göstərəcəyini
düşünür: “Onlar hesab edirlər ki, buna görə
məsuliyyət Alt komitənin fəaliyyətinin bərpasına
dair qərar çıxaran AŞ PA Siyasi Bürosunun üzərinə
düşəcək”.
Qeyd edək ki, AŞ PA-nın Qarabağ üzrə Alt komitəsi bir müddət fəaliyyət göstərsə onun fəaliyyəti heç nə vermədi və sədr Rassel-Constonun vəfatı ilə fəaliyyəti dayandı. Lakin AŞ PA-nın qış sessiyasında Azərbaycanın səyləri ilə komitənin fəaliyyəti bərpa edilib. Ermənistan nümayəndə heyəti buna qarşı çıxıb və elan edib ki, komitənin fəaliyyətində iştirak etməyəcək. Minsk Qrupu həmsədrlərinin nədən Alt komitənin fəaliyyətindən narahat olduqları başa düşülmür. Belə görünür ki, onlar növbəti dəfə erməni tərəfinin kaprizlərinə uyğun hərəkət edirlər.
AŞ PA-nn Alt Komitəsinin yeni sədri
tərəflərlə işləməyə
hazırlaşır
Alt Komitəsinin yeni rəhbəri Jordi Çukla i Kosta isə deyib ki, münaqişənin tematikasını mütləq öyrənmək və apreldə Alt komitə rəsmən öz işinə başlayanadək hər iki tərəflə əlaqə qurmaq fikrindədir. “Vaxtımı maksimum tematikanı öyrənməyə həsr edərək səylə işləmək fikrindəyəm. Biz yenicə başlamışıq və indi Alt Komitənin qabaqcıl təcrübəni tətbiq etməklə gələcəkdə obyektiv fəaliyyət göstərməsi üçün hər iki tərəfin mövqelərini daha yaxşı anlamaq məqsədilə onlarla işləmək vaxtıdır”, - Kosta Vaşinqtondan telefonla Trend-ə bildirib. İspaniyanın Liberallar Partiyasından olan deputat Kosta ötən cümə günü keçirilən, AŞPA Bürosunun Alt Komitənin işinin bərpa edilməsi qərara alınan iclasında Avropa Şurası Parlament Assambleyası Alt Komitəsinin sədri təyin edilib.
Münaqişələrin nizamlanmasında və vasitəçilikdə təcrübəyə malik Kosta özünün bu yaxınlarda yeni vəzifəyə təyinatını çox mühüm hesab edib."Əvvəllər Gürcüstanda və Ukraynada çalışmışam, milli azlıqların məsələləri ilə məşğul olmuşam, eləcə də münaqişələrin nizamlanması və vasitəçilik üzrə təcrübəyə malikəm. İndi Avropa məkanının sabitliyi üçün böyük önəm kəsb edən Qafqazın başqa hissəsində işləyəcəyəm", - o, deyib.
Öz fəaliyyət
planlarından danışarkən Kosta bildirib ki, o, fevral və
mart aylarında münaqişə regionunda vəziyyəti ətraflı
öyrənməyi, akademik dairələrin nümayəndələri
ilə, bir sıra siyasətçilər və səfirlərlə
əlaqələr qurmağı planlaşdırır. Alt
komitə rəsmən öz işinə apreldə başlayacaq
və Azərbaycan və Ermənistan rəhbərliyi ilə
ilk rəsmi əlaqələrin qurulması da o vaxta
planlaşdırılır. Kosta onu da deyib ki, Ermənistan
nümayəndə heyəti alt komitənin fəaliyyətinin
bərpası ideyasına şübhə ilə yanaşsalar
onların buna qarşı çıxdıqlarının
şahidi olmayıb. Kostanın sözlərinə görə,
regiona səfər edənədək o, vəziyyətlə
bağlı tam təsəvvürə malik olmalıdır,
bunun üçün Azərbaycan və Ermənistan nümayəndələri
ilə işləmək tələb olunur.
Yeni müsavat.- 2011.- 5 fevral.- S. 11.