“SAVAŞ HAVADAN BAŞLAYACAQ”
Azərbaycan müdafiə
nazirinin həmsədrlərə
xəbərdarlığı qərbdə və Ermənistanda narahatlıq
yaradıb
Daha bir nüfuzlu “beyin mərkəzi”
Qarabağda müharibənin yaxınlaşdığı barədə
anonsla çıxış edib. Beynəlxalq Böhran Qrupunun
ardınca Londonda yerləşən “Jane s İntellegence Group”
bəyan edib ki, münaqişənin dinc yolla nizamlanması
imkanları tükənir və tərəflər arasında
hərbi əməliyyatların yenidən başlanması təhlükəsi
kifayət qədər realdır. Mərkəzin analitiklərinə
görə, II Qarabağ savaşı qurudan deyil, havadan
başlayacaq. “Son illərdə Qarabağ probleminin
nizamlanmasına yönələn çoxsaylı diplomatik səylərə
baxmayaraq, münaqişə gərginləşməkdədir.
Neftdən və qazdan əldə etdiyi gəlirlər
hesabına Azərbaycan 17 illik status-kvonu dəyişdirmək
istəyir” deyə, mərkəzin hazırladığı
hesabatda bildirilir. “Jane s İntellegence Group” özəl kəşfiyyat
araşdırmaları ilə məşğul olur, müxtəlif
ölkələrin və ayrı-ayrı iri şirkətlərin
sifarişləri əsasında bu və ya digər
münaqişəli situasiya, o cümlədən iqtisadi proseslər
və hərbi durum barədə təhlillər
hazırlayıb təqdim edir.
Mərkəzin
Qarabağa dair hesabatından çıxarışlar Ermənistan
KİV-lərində yer alıb. Xatırladaq ki, bu günlərdə
Brüsseldəki nüfuzlu Beynəlxalq
Böhran Qrupu Qarabağda müharibənin
yaxınlaşdığı barədə hesabatla
çıxış etmişdi. Hesabatda deyilirdi ki, Ermənistanın
danışıqlar masası üzərindəki təklifləri
qəbul etməməsi üzündən münaqişənin
dinc yolla nizamlanması imkanları tükənir, müharibə
riski isə artır.
“Sarsıdıcı bombardmanlar və artelleriya zərbələri”
“Jane s İntellegence
Group” qeyd edir ki, Azərbaycan bu il hərbi
sahəyə 3.1 milyard
dollar xərcləyəcək. Bu, Ermənistanın hərbi
xərclərindən 6 dəfə
çoxdur. Mərkəzin
analitikləri bildirir ki, Azərbaycan bu xərcləri əsasən hərbi infrastrukturun inkişafına
və yeni silahların alınmasına
sərf edir. Hərbçilərin maaşlarına
gəldikdə isə
Azərbaycanla Ermənistan
arasında hələlik
ciddi fərq yoxdur. Hesabatda deyildiyinə görə,
son bir neçə ildə Azərbaycan güllə əldə olunması məqsədilə
1 milyard dollardan çox vəsait sərf edib, gözlənilir ki, bu il də
silah və hərbi texnikanın alınmasına iri həcmdə vəsaitlər
yönəldiləcək. Bununla
belə, mərkəzin
analitikləri Ermənistan
və Azərbaycanın
sərəncamındakı zirehli maşınların
sayına görə tərəflərdən heç
birinin aşkar üstünlüyə malik
olmadıqlarını qeyd
edirlər. “Lakin tərəflər arasında
silahlı toqquşmalar
çox güman ki, birinci növbədə
havada başlayacaq. Hava hücumları ilə paralel güclü artelleriya hücumları gözlənilir,
Ermənistan və Azərbaycan silahlı qüvvələrindəki bu
iki sahədəki fərqlər situasiyanı
əhəmiyyətli ölçülərdə
dəyişdirə bilər”
deyə, hesabatda bildirilir.
Qeyd edək
ki, Azərbaycan son illərdə əldə etdiyi texnika və silahlar sayəsində havada və quruda, xüsusən artelleriya sistemlərində düşmən
üzərində əzici
üstünlüyə malikdir.
Azərbaycan xaricdən
ayrı-ayrı vaxtlarda
onlarla “SU-27", ”MiQ-29", “JF-17" tipli qırıcı-bombardmançı
təyyarələr, habelə
çoxlu sayda zərbə vertolyotları,
hədəfləri dəqiq
vura bilən aviasiya bombaları və raketləri alıb. Həmçinin iriçaplı, hədəfi
kifayət qədər
uzaq məsafədən
dəqiq vura bilən güclü artelleriya qurğuları, düşmən hədəflərinə
sarsıdıcı zərbələr
endirmək iqtidarında
olan reaktiv artelleriya sistemləri əldə edilib. Ermənistan isə kifayət qədər bahalı sayılan bu cür silahları
almaq iqtidarında deyil və yalnız
Rusiyanın ianə verdiyi silahlara ümid edə bilər.
Ermənistanın əsas ümidi
Rusiyadır
“Jane s İntellegence
Group” bu faktı da konstatasiya edir ki, Azərbaycan artıq Ermənistan üzərində canlı
qüvvə, büdcə
və silahlar baxımından üstünlüyü
əldə edib. Bununla belə, mərkəzin analitikləri
rəsmi Bakının
bu üstünlüyü
cəbhə xəttində
vəziyyəti öz
xeyrinə dəyişmək
üçün nə
dərəcədə istifadə
edə biləcəyinə
skeptik yanaşırlar.
Bildirilir ki, bu baxımdan Azərbaycana Qarabağın
mürəkkəb coğrafi
şəraiti, Ermənistanın
Rusiya ilə hərbi müttəfiqliyi
və ölkə daxilindəki siyasi situasiya çətinlik yarada bilər. “Rusiya ilə müttəfiqlik Ermənistanın
müdafiəsinin möhkəmləndirilməsinin
əsas mənbəyidir.
Bu, Bakı üçün
əlavə risklər
yaradır: Azərbaycanın
Rusiya ilə münasibətləri, yaxud
Türkiyə və ya Qərblə təhlükəsizlik sahəsində
ittifaqı Moskvanın
münaqişəyə müdaxilə
etmək potensialını
tam aradan qaldıra bilməz. Münaqişə
yenidən alovlansa həm Qərb, həm də Türkiyə Rusiya ilə açıq qarşıdurmaya girməzdi”
deyə, analitiklər
bildirir. Bununla belə, mərkəz hesab edir ki,
bütün bu amillər Qarabağda hərbi əməliyyatların
başlamasını istisna
etmir. Ancaq tərəflərin məhdud
imkanları və beynəlxalq ictimaiyyətin
mövqeyi Ermənistanla
Azərbaycan arasında
yeni müharibənin başlanmasını ləngidən
amillərdir.
Əbiyevin xəbərdarlığı şərh olunur
Xəbər verildiyi
kimi, ötən həftə Minsk Qrupu həmsədrlərini qəbul
edən Azərbaycan müdafiə naziri,
general-polkovnik Səfər
Əbiyev də işğal edilmiş ərazilərin azad edilməsi üçün
ciddi hazırlıq getdiyini açıq şəkildə bildirib. Nazir deyib ki,
heç kim Azərbaycanı buna görə qınamaq haqqına malik deyil. S.Əbiyevin bu bəyanatı istər Ermənistanda, istərsə də Qərbdə ciddi narahatlıqla qarşılanıb,
çoxsaylı reaksiyalara
səbəb olub. Aparıcı Qərb xəbər agentlikləri
onun sözlərindən
sitatları təcili xəbər kimi yayıblar. BBC eksperti Damyen Makginnes hesab edir ki, Beynəlxalq Böhran Qrupunun hesabatı və onun ardınca nazirin bəyanatı 20 il əvvəl dondurulmuş münaqişənin
yenidən qızışa
biləcəyini göstərən
daha bir əlamətdir: “Ermənistan
və Azərbaycan arasında müharibə indi hər zamankından
daha həssas görünür. Hər iki tərəf silahlarını artırır,
Dağlıq Qarabağ
uğrunda müharibəyə
populist çıxışlarında getdikcə daha döyüşkən səslənirlər.
İki ölkə arasında sülh danışıqları dalana
dirənib. Aqressiv ritorikaya baxmayaraq, hər iki tərəf
müharibədən çox
şey itirə bilər - xüsusilə də iqtisadi cəhətdən. Ona görə də, hər hansı birinin məqsədli şəkildə hücuma
başlayacağı inandırıcı
görünmür. Amma
ön cəbhədə
atışma və ölüm hallarının
sayı artır. Ona görə də, onsuz da riskli olan
vəziyyətin müharibəyə
aparacaq dərəcədə
nəzarətdən çıxması
ehtimalı artır. Və hər iki tərəfdə döyüş barədə
söhbətlər gərginliyi
artıraraq bu ehtimala daha da
güc verir”.
“Çox çətin
vəziyyət...”
Beynəlxalq Böhran
Qrupundan Laurence Sheets isə
deyir ki, əgər münaqişə
alovlansa, bu bütün regionda qeyri-sabitlik yarada bilər: “Biz təəssüf
ki, çox çətin vəziyyətlə
üz-üzəyik. Hər
iki tərəf daha müasir silahlara yiyələnir və daha döyüşkən
bəyanatlar verir. Bu isə vəziyyətin barışıqdan getdikcə
daha da uzaqlaşdığını
göstərir. Biz düşünürük
ki, məsələyə
ciddi beynəlxalq diqqət olmalıdır. Bunun üçün isə insanlara xatırlatmaq lazımdır
ki, bu təcrid
olunmuş regionda təcrid olunmuş münaqişə deyil. Bu
bütün region üçün
böyük strateji və enerji əhəmiyyəti olan regiondur. NATO üzvü olan Türkiyə, eləcə də Rusiya və İranın uzunmüddətli
müharibəyə və
yaxud açıq düşmənçiliyə cəlb
olunması potensialı
var. Regional müttəfiqlərin cəlb olunmasının mümkünlüyü və
hər iki tərəfin hər zamankından daha güclü silahlanması
ilə Ermənistan və Azərbaycan arasında yeni müharibə 1992-ci ildə
iki ölkə müharibəyə başlayanda
olduğundan daha ağır nəticələr
gətirib çıxara
bilər. O zaman 25 minə yaxın insan öldürülmüş
və bir milyondan artıq adam qaçqın olmuşdu. Atəşkəs
isə 1994-cü ildə
əldə olunmuşdu.
Ancaq Azərbaycan üçün həmin razılaşma torpaqlarının
16 faizinin itirilməsi
bahasına başa gəlmişdi. Belə görünür ki, Azərbaycan indi bu faktı düzəltməyə
qərarlıdır. Lazım
gələrsə, döyüş
meydanına qayıtmaqla”.
“Eurasianet”
portalı isə qeyd edir ki,
Ermənistan Qarabağda
taktiki üstünlüyə
malik olduğuna inanır. Çünki bir çox yüksəkliklərə, o cümlədən
3 min metrdən hündürdə
yerləşən Murovdağ
yüksəkliyinə nəzarət
edir. Bu baxımdan Azərbaycanın hücum
əməliyyatlarına başlaması
üçün ən
əlverişli istiqamət
Füzuli-Cəbrayıl istiqamətidir.
Digər istiqamətlərdə
uğurlu hücum əməliyyatları aparmaq
üçün isə
Bakının azı üçqat üstünlüyü,
o cümlədən havada
üstünlüyü olmalıdır.
Sayt qeyd edir ki, Ermənistan
ordusunda döyüş
əhval- ruhiyyəsinin
daha yüksək olduğu deyilir, lakin Qarabağdakı erməni hissələrindəki
mövcud vəziyyət
bu qiymətin çox şişirdilmiş
olduğunu göstərir.
“Eurasianet” onu da qeyd edir
ki, müdafiə naziri Səfər Əbiyevin həmsədrlərə
xəbərdarlığı onu göstərir ki, Bakı müharibəyə
ciddi hazırlaşır.
Fərhad MƏMMƏDOV
Yeni müsavat.- 2011.- 15 fevral.- S. 11.