QARABAĞDA 23 İLDİR KƏSİLMƏYƏN QAN

 

Metyu Brayza: “Münaqişənin həlli tərəflərin öz əlindədir”

 

Dünən Dağlıq Qarabağda erməni separatizminin qanlı fazaya daxil olmasından 23 il keçib. 1988-ci il fevralın 20-də muxtar vilayət statusu ilə yaşayan Dağlıq Qarabağ erməniləri Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul ediblər. Bədnam iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri separatizmini alovlandırmaq üçün kibriti birinci çəkənlərdən idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçiriblər.

Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci qətlə yetiriblər. Dağlıq Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyib (APA). İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb. O vaxtdan bəri xaricdən himayə edilən erməni separatizmi Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzünə çevrilməklə bu gün də davam etməkdədir. Ermənilərin isə 2 azərbaycanlı gənci qətlə yetirməsi ilə başlayan qanlı əməlləri sonradan çoxsaylı qətliamlarla, o cümlədən bu günlərdə 19 ili tamam olacaq Xocalı qətliamı ilə müşayiət edildi.

 

Beynəlxalq güclər münaqişəni “dondurmaq”dan uzağa getmir

 

Münaqişənin alovlanmasından 23 il keçdiyi bir vaxtda beynəlxalq güclər hələ də təcavüzkar tərəfə təsir göstərməkdə aciz görünürlər. Onların nail ola bildiyi əsas “nailiyyət” budur ki, münaqişə formal olaraq dondurulmuş vəziyyətdə saxlanılır-yəni tərəflər arasında yeni irimiqyaslı hərbi əməliyyatların başlanmasına imkan verilmir. Münaqişənin həlli üçün vasitəçiliyi üzərinə götürən dövlətlər üçün indi danışıqlar prosesi problemin həllinə yox, məhz tərəfləri danışıqlar masası arxasında saxlamağa və bununla da müharibənin başlanmasına imkan verməməyə hesablanıb. Münaqişənin alovlanmasının növbəti ildönümündə Minsk Qrupunun həmsədrləri, ABŞ və Rusiya danışıqların növbəti raundu ilə bağlı fəallaşıb.

Xəbər verildiyi kimi, bu gün ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq və dövlət katibinin köməkçisi Filip Qordonun Cənubi Qafqaz regionuna səfəri başlayır. Məlum olub ki, səfər İrəvandan başlayacaq və amerikalı diplomatlar gecəni orada keçirəcəklər. Onların Ermənistan rəhbərliyi ilə görüşlərində əsas müzakirə mövzularından birinin Qarabağ münaqişəsinin nizamlanması olacağı gözlənilir. Belə ki, iki ildən çoxdur danışıqlar prosesində vasitəçilik rolunu üzərinə götürən Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri martın 5-də Soçidə bir araya gələcəklər. Bu görüş cəbhə xəttində vəziyyətin növbəti dəfə gərginləşdiyi, erməni işğalçı qüvvələrinin hər gün Azərbaycan ordusunun mövqelərini atəşə tutması və itkilər fonunda baş tutacaq. Həmçinin nüfuzlu beynəlxalq ekspertlər xəbərdarlıq edirlər ki, Qarabağda yeni müharibənin başlanması an məsələsidir.

 

Azərbaycanı qorxutmaq cəhdi: “Müharibəni Ermənistan başlaya bilər”

 

ABŞ Rusiyanın vasitəçiliyi altında gedən danışıqlar prosesində yardımçı funksiyanı üzərinə götürüb və belə görünür ki, prosesin Moskvanın nəzarəti altında olması onun maraqlarına cavab verir. Birləşmiş Ştatlarda inanırlar ki, Qarabağda yeni müharibəni əngəlləməyə ancaq Rusiyanın gücü çata bilər. Bu baxımdan Soçi görüşü ərəfəsində yüksək rütbəli amerikalı diplomatlar İrəvan və Bakıya səfər edərək tərəflərin hansı əhval-ruhiyyədə olduğunu yoxlayacaqlar. Ermənistan prezidenti Serj Sərkisyan isə fevralın 25-də Sankt-Peterburqa gedib Dmitri Medvedyevlə məsləhətləşəcək. “Nezavisimaya qazeta” yazır ki, Soçi danışıqlarından taleyüklü qərarlar gözləməyə dəyməz. Lakin bu görüşün əsas müsbət tərəfi münaqişə tərəfləri arasında artmaqda olan gərginliyin qismən yumşaldılması ola bilər. Qəzetin təhlilinə görə, indi gərginlik o dərəcədə artıb ki, ekspert çevrələrində Qarabağ münaqişəsini dondurulmuş yox, yavaş-yavaş qaynamaqda olan münaqişə adlandırırlar. Hətta belə fikirlər var ki, müharibəni Azərbaycan yox, Ermənistan başlayacaq. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bu günlərdə baş tutan diskussiyalar zamanı Atlantika Şurasının eksperti Yan Bzejinski deyib ki, münaqişə ətrafında gərginlik böyük ölçülərdə artıb. Azərbaycan hərbi büdcəsini durmadan artırır və bu da onu göstərir ki, Bakı artıq münaqişənin dinc yolla həllinin mümkünlüyünə inanmır. “Bakının bu siyasəti İrəvanı məcbur edə bilər ki, qısamüddətli perspektivlər üçün preventiv hərbi əməliyyatlara başlasın” deyə, o xəbərdarlıq edib.

Belə görünür ki, Y.Bzejinskinin Ermənistanın “preventiv əməliyyatlara” başlaya biləcəyi barədə xəbərdarlığı Vaşinqtonun Bakıya təzyiq xarakterli mesajıdır. Bu mesajın təkcə ekspertlər səviyyəsində yox, rəsmi danışıqlarda da çatdırıldığı istisna deyil. Yəni Birləşmiş Ştatlar Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla qaytarmaqdan çəkindirə bilmək üçün bu metoddan istifadə edir, xəbərdarlıq edir ki, Bakı bu yola əl atsa uğur qazana bilməz. Rusiyanın isə öz metodları var. Artıq neçənci dəfədir ki, danışıqların növbəti raundu yaxınlaşanda Ermənistan qüvvələri təmas xəttində fəallaşır və atəşkəsi intensiv şəkildə pozur, yaxud işğal edilmiş ərazilərdə hərbi manevrlər başlayır. Ermənistanın bu təxribatçı hərəkətlərinin Rusiyadan idarə edildiyi barədə ekspertlərdə ciddi şübhələr formalaşıb. Başqa sözlə, həmsədr ölkələr Azərbaycanı bu cür təzyiq altında saxlamağa çalışaraq ona nail olmaq istəyirlər ki, münaqişə ətrafındakı vəziyyət nəzarət altında qalsın.

 

Metyu Brayza ABŞ-ın rolunun zəiflədiyini qəbul etmir

 

ABŞ-ın Bakıda yeni fəaliyyətə başlayan səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza isə İTV-yə müsahibəsində deyib ki, onun əsas vəzifələrindən biri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək göstərməkdən ibarət olacaq: “Bu istiqamətdə Minsk Qrupunun amerikalı həmsədri cənab Bradke və digər həmsədrlərə münaqişənin sülh yolu ilə həll olunmasında öz dəstəyimi göstərəcəyəm. İnanıram ki, məsələnin sülh yolu ilə həlli mümkündür”. Diplomata görə, ədalətli və möhkəm, davamlı sülhün əsas açarı Ermənistan və Azərbaycan tərəflərinin əlindədir. “Minsk Qrupu və biz öz tərəfimizdən həmsədrlər vasitəsilə yalnız tərəflərin mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ortaq məxrəcə gəlməsində səylərimizi və köməyimizi göstərə bilərik. Amma Minsk Qrupu tərəflər adından qərar qəbul edə bilməz. Mən səfir kimi Robert Bradkeyə, Minsk Qrupunun digər həmsədrlərinə tərəfləri bir araya gətirərək ortaq məxrəc əldə etməkdə və ədalətli sülhə nail olunması üçün lazımi dəstəyi göstərəcəyəm” deyə o qeyd edib. Diplomat deyib ki, ABŞ-ın münaqişənin nizamlanmasında rolunun zəifləməsi barədə deyilənlər düzgün deyil: “Ola bilsin ki, Minsk Qrupunun həmsədri olarkən fəallığım daha çox görünürdü. Ona görə ki, mən media ilə təmas qurmağa təşəbbüs göstərirdim. Ola bilsin ki, məndən sonrakı həmsədr və onun həmkarları bu məsələdə o qədər də fəal deyillər. Amma bu, sadəcə üslub məsələsidir. Burada mahiyyətdən söhbət getmir. Bundan başqa, Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması ilə bağlı çox gərgin fəaliyyət göstərirlər ki, tərəflərə ortaq razılığa gəlməkdə kömək etsinlər. Mən şəxsən özüm tənqidlərə normal yanaşıram və hesab edirəm ki, xarici siyasətin aparılmasına qarşı insanlar tənqidi fikirlər səsləndirə bilərlər”.

 

Rusiyalı təhlilçi Yevgeniya Voyko: “Son iki ildə ABŞ və Fransanın problemə marağı azalıb”

 

Rusiyanın Siyasi Konyunktura Mərkəzinin direktoru Yevgeniya Voyko 23 illik münaqişə ətrafındakı mövcud vəziyyəti təhlil edərkən bildirir ki, tərəflər arasında müharibə ehtimalının kəskin artması yaranmış vəziyyətdən diplomatik yolla çıxmaq üçün mexanizmlərin tükəndiyini göstərir. Onun bildirdiyinə görə, indi beynəlxalq ictimaiyyətin və Minsk Qrupu həmsədrlərinin əsas səyləri hərbi əməliyyatların başlanmasına imkan verməmək üçün preventiv tədbirlərə yönəlib. Ekspert təsdiq edir ki, ötən iki ildə əsas vasitəçilərin-ABŞ və Fransanın problemə marağı azalıb. Rəsmi Paris üçün gündəmdə olan xarici siyasət məsələləri arasında bu münaqişə yer almır. Fransa siyasi elitasının başı indi ölkənin sosial-iqtisadi problemlərinə qarışıb. ABŞ üçün də keçmiş sovet respublikalarındakı münaqişələr prioritet təşkil etmir. Ancaq buna paralel olaraq Rusiya rəhbərliyinin danışıqlar prosesindəki aktivliyi artır, indi Moskva üçün Qarabağ münaqişəsi getdikcə daha çox əhəmiyyətli görünür. Y.Voykoya görə, Rusiyanın səylərinə baxmayaraq hərbi əməliyyatların başlanması istisna deyil. Vasitəçilərin səylərinin heç bir nəticə vermədiyi, bütün danışıqlar prosesinin ancaq təmas xəttindəki status-kvonu saxlamağa hesablandığı bir vaxtda Bakı üçün prosesi “ölü nöqtə”dən tərpətməyin yeganə yolu hərbi ssenaridir. Lakin rusiyalı ekspert hesab edir ki, Azərbaycanın Qərb üçün enerji təchizatçısı statusu onun müharibəyə başlamasına mane olan amillərdəndir.

 

Ermənistanda narahatlıq hökm sürür

 

Ermənistan mətbuatı isə yazır ki, Qarabağ məsələsi ətrafında hansısa gizli proseslər gedir və hakimiyyət bu barədə ictimaiyyətə məlumat vermir. Müxalifyönlü qəzetlərə görə, əgər yaxın vaxtlarda münaqişə ətrafında mühüm tərpəniş olacaqsa bu iki variantda baş verəcək: ya tərəflər münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair Madrid prinsiplərini qəbul edəcəklər, ya da müharibə başlayacaq. Erməni KİV-ləri xarici ölkələrin bir-birinin ardınca öz vətəndaşlarına işğal edilmiş Azərbaycan ərazilərinə getməmək barədə xəbərdarlıqlar etməsini də müharibənin yaxınlaşdığının əlaməti kimi şərh edirlər. Eyni zamanda müxalifət düşərgəsində hesab edirlər ki, müharibəyə birinci başlayan tərəf Ermənistan ola bilər. Bu baxımdan bütün variantlara, o cümlədən Qarabağda müharibənin başlanmasına paralel olaraq Ermənistanda hakimiyyət dəyişikliyinə də hazır olmaq lazımdır.

 

 

F.MƏMMƏDOV

 

Yeni müsavat.- 2011.- 23 fevral.- S. 11.