İNTİQAMINI GÖZLƏYƏN QIRĞININ 19-cu İLİ

 

Xocalı qətliamının şahidlərindən Nail Nəsirov: “Orda eşitdiyim fəryadlar ömrümün sonunadək qulağımdan getməyəcək”

 

Bu gün ötən əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımının 19-cu ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayının hücumu nəticəsində məhv edilən Xocalı qurbanları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində anılacaq. Təəssüf ki, hələ də bu qətliamı törədən erməni faşistləri və onların havadarları layiqli cəzalarını almayıblar.

Xocalı dəhşətlərini yaddaşında yaşadan insanların hər biri bu gün bizim üçün canlı tarix olduğu üçün onların şahid ifadələri çox önəmlidir. Həmsöhbətimiz Xocalı müsibətlərini öz gözləri ilə görmüş keçmiş döyüşçülərdəndir. Onunla görüş yerimiz Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsinin qarşısı oldu.

Nəsirov Nail Nemət oğlu 1969-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. 1-ci qrup Qarabağ əlilidir. Üç uşaq atasıdır. Könüllülər dəstəsi yaranan ilk günlərdən Qarabağ savaşına atılıb. 1991-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda döyüşüb. Keçmiş döyüşçü həmin günləri belə xatırlayır: “O hadisələr vaxtı Şıxbabalıda idim. Xocalı bizə yaxındır. Kəsə gedəndə Şellini keçirdik, Xocalıya çatırdıq. Bizim kəndimizdəki uşaq bağçasını əsgər kazarması etmişdilər. Fevralın 24-ü mən kazarmada növbətçi idim. Uşaqlar da Şirin Mirzəyevin qərargahına getmişdilər. Xocalının ratsiyasının nömrəsi 90 idi. Xocalı ilə yalnız qərargah vasitəsilə əlaqə saxlaya bilirdik. 25-i gecə saat 4 radələri idi. Birdən Xocalı tərəfə eyni vaxtdan atəş açılmağa başladı. Naxçıvanik, Əsgəran, Xankəndi tərəfdən Xocalıya güllə yağış kimi yağdırılırdı. Şirin Mirzəyev dərhal bizi qərargaha topladı, dedi kənddə kimin nə silahı varsa, götürsün Xocalıya köməyə gedirik. O vaxt bizdə bəzi qaydalar var idi. Məsələn, 3 güllə atanda kənd bilirdi ki, həyəcan siqnalıdır. Mən də üç güllə atdım, imkanı çatan qərargaha yığıldı. O vaxt Rey (jurnalist həmkarımız Rey Kərimoğlu-E.P.) də orda idi. Biz dəstələrə bölündük. Komandirin göstərişi ilə Şelli istiqamətindən Xocalıya tərəf getdik. Xəbər çatdı ki, Xocalının sağ qalan sakinlərinin bir hissəsi meşənin içi ilə Abdal-Gülablı tərəfə, qalanı da Şelli tərəfə qaçır. Biz ora çatanda artıq səhər açılırdı. Ancaq artıq iki saat olardı ki, ermənilər Xocalı camaatını qırırdılar...”

Təbii ki, 19 il öncənin dəhşətlərinə bir daha qayıtmaq onun üçün asan deyildi. Keçmiş döyüşçü Xocalıdakı dəhşətləri xatırlayarkən gözlərini bir müddət abidəyə dikib qaldı: “Şelli tərəfdə "Qanlı qaya" deyilən Qaraqaya var. O qayanı ermənilər almışdılar. Xocalı sakinləri canlarını qurtarmaq üçün iki qayanın arasından qaçıb getmək istəyirdilər. Ancaq ermənilər dağın başında pulemyot qoyub camaatı ot kimi biçirdilər. Mən, Yaşar, bir də Canpolad əks həmlə ilə “Qanlı qaya”dakı erməni postunu aldıq. Yaşarı erməni onurğasından vurdu, Canpolad da qolundan yaralandı".

N.Nəsirov ermənilərin Xocalının dinc sakinlərinin şəhəri tərk etməsi üçün dəhliz saxladığı barədə iddialarının cəfəngiyyat olduğunu deyir. Onun sözlərinə görə, irəliləyib qarşıdakı mövqeyə çatanda bizim döyüşçülər ermənilərin qayaların arası ilə qaçıb canını qurtarmaq istəyən azərbaycanlıları mühasirəyə salıb bir yerə yığdıqlarını görüblər: “Hətta bir yol saxlamışdılar ki, guya burdan xilas olub qaçmaq olar. Ancaq Xocalı camaatı oradan keçdikcə ermənilər onları qırırdılar. Erməni faşistləri yüzlərlə Xocalı sakinini iki qayanın arasına yığmışdı. Qadınların, uşaqların qışqırtısı, harayı indiyədək qulaqlarımdan getməyib. Ermənilər qoca, xəstə adamları yerindəcə güllələyirdilər. İnanın, əlimizdə avtomat uzanmışıq qarın üstünə, ancaq ata bilmirdik. Çünki düşmən əsgərləri ilə Xocalı sakinləri arasında məsafə çox az idi. Qorxurduq ki, bizimkilərə dəyər”.

Nail Nəsirov deyir ki, bir müddət sonra “Qatır Məmməd” kimi tanınan Yaqub Rzayev də öz dəstəsi ilə köməyə gəlib: “Mən yaralı uşaqlardan ayrılıb Yaqubun dəstəsinə qoşuldum və irəliləməyə başladıq. Bu vaxt əsir götürülən Xocalı camaatının yanına BRDM və BTR gəldi. Ermənilər gənc oğlan və qızları BRDM-ə yığmağa başladılar. Yaqub Rzayevin oğlu Canpolad (Canpolad Rzayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb-E.P.) tankda idi. Bizimkilərin aparıldığını görəndə tankla Əsgəran tərəfə gedən erməni BTR-inin ardınca sürməyə başladı. İstəyirdi ki, erməni zirehli texnikasının qarşısını kəssin, əsirləri xilas etsin. Çünki atəş açsa, əsirləri də məhv edəcəkdi. Erməni BTR-i aradan çıxa bilməyəcəyini görüb Naxçıvanik tərəfə qayıtdı. Canpolad yenə də ondan əl çəkmədi. Ancaq qəfildən erməni texnikası geri qayıtdı və atəş açdı. Canpoladın BTR-ini vurdular və oradaca həlak oldu. Əsirlər olan ikinci zirehli texnika - BRDM isə Xocalı tərəfə getdi. Biz azsaylı qüvvə ilə ermənilərlə döyüşürdük. Ancaq Xocalı sakinlərini xilas etmək üçün elə bir qüvvəmiz yox idi. Üstəlik də atəşin özümüzünkülərə dəyə biləcəyindən ehtiyat etdiyimiz üçün Xocalı sakinləri tərəfə atəş aça bilmirdik”.

N.Nəsirovun sözlərinə görə, ətrafda çoxsaylı yaralılar olduğundan onlar şaxtalı qış günündə ölüm-qalım vəziyyətində olan insanlara da yardım etməyə çalışıblar: “Çoxsaylı yaralı daşıdıq. 9-10 yaşlı bir uşağı yaralı halda qarın içərisindən götürdüm. Qan içində idi, səsindən qulaq tutulurdu. Onu maşına qoyandan sonra bilmədim ki, öldü, ya qaldı. Orda Rey idi, Ramiz idi - indi Bakıda yaşayır, həmin gün bir gözünü itirdi - mən idim xeyli yaralı daşıdıq. Ancaq ermənilər qırdıqlarını qırdılar, xeyli adamı girov götürdülər”.

N.Nəsirov deyir ki, Xocalını kiçik bir qüvvə ilə xilas etmək mümkün deyildi: “Yaqub Rzayev 15 nəfərlə, bir tankla gəlmişdi. Bizdə də kiçik qüvvə var idi. Ermənilər çox güclü idi. Üstəlik də 366-cı alay. Onların içində zənci döyüşçülər də var idi”.

Keçmiş döyüşçü özünün ölümcül güllə yarası almasını belə xatırlayır: “Ermənilərlə döyüş gedirdi. Sağ tərəfimdə mövqe tutan yoldaşım qolundan güllə yarası aldı. Elə ona tərəf baxmışdım ki, 5-6 metr kənarıma tank mərmisi düşdü. Yaqub Rzayevin dəstəsindən olan bir oğlan var idi, yazıq ağır yaralandı. Qaçdım onu qaldırım, bu vaxt başımdan snayperlə vurdular”. Bunu deyib başının yuxarı hissəsini göstərir: “Sonradan plastika qoydular”. Deyir ki, güllə yarası alanda qəfildən bütün bədəni gizildəyib. Elə bilib ki, onu tok vurub: “Başımdan axan qanı saxlamaq istəsəm də, mümkün olmadı. Huşumu itirdim, yıxıldım. Onda ayıldım ki, kimlərsə məni aparır. Elə bildim erməniyə əsir düşmüşəm. İstədim əlimi uzadıb cibimdən qumbaranı çıxarıb özümü də, bunları da partladım. Ancaq baxdım ki, öz uşaqlarımızdır”. N.Nəsirov deyir onu gətirib “ZiL” maşınının yük yerinə qoyublar: “Maşında başqa yaralılar, meyitlər də var idi. Maşın yola düşdü. Bu zaman yaralıları və meyitləri aparan bizdən qabaqdakı yük maşını da minaya düşdü. Bizim maşın istədi yolu dəyişsin, bu zaman batdı. Maşın batanda huşumu itirdim. Onda ayıldım ki, artıq bizi Ağdama gətiriblər”.

Ağdamda isə hər kəs öz doğmasını, əzizini axtarırmış. N.Nəsirov: “Hospitalda olarkən bir kişi ağlaya-ağlaya içəri girdi. Səbəbini soruşanda dedi ki, erməni Xocalıya girəndə həyat yoldaşımı, iki qız, bir oğlumu evin çardağına çıxartdım. Dedim gözləyin, gedim qaçmaq üçün yol tapım, gəlib sizi apararam. Qumbara da verdim ki, əgər erməni sizi tapsa, bunu partladarsınız. Ancaq deyir az sonra aləm qarışdı. Axtarırdı ki, bəlkə ailəsindən kimsə sağ qalıb. Kişi "bütün ailəm məhv oldu" deyib haray çəkirdi. Dəhşətli mənzərə idi". Keçmiş döyüşçü həlak olan dinc əhalinin sayının açıqlanan rəqəmlərdən dəfələrlə çox olduğunu əminliklə deyir: “Təkcə qayalıqların arasında nə qədər insan qırmışdılar. Sayı-hesabı yox idi. Aparılan girovların sayı-hesabı yox idi. Hələ bunlar mənim yaralandığım vaxta qədər, iki-üç saat ərzində baş verib”.

Erməni gülləsi N.Nəsirovu ömürlük əlil edib. Onun bədəninin sol tərəfi ümumiyyətlə, işləmir, yalnız sağ əlinin və ayağının hesabına hərəkət edir. Ancaq bu mübariz insan belə ağır vəziyyətdə də üç balasını yaşatmaq, ailəsini dolandırmaq üçün köhnə avtomobilini bir əl və bir ayaqla idarə edir. Nə qədər təəccüblü də olsa, o, bu gün... taksi sürücüsü kimi çalışır. Deyir ki, bu cür həyat çox çətindir, əzablara qatlaşır, ancaq qürurunu qorumağı, kiməsə əyilməməyi naminə yarım canı ilə evinə çörək qazanır. Hətta bu durumda da düşmənə qarşı qisas hissi ilə alışıb-yanır: “Son vaxtlara kimi yuxudan qışqırıb ayılırdım. Xocalıdakı uşaqların, qadın və qocaların səsi indi də beynimdədir. "Ay ana" “ay dədə”, “ay ana” hayqırtıları ömrümün sonunadək qulağımdan getməyəcək". Deyir danışıq yolu ilə erməni bir qarış da torpaq qaytarmayacaq. Ancaq müharibə yolu ilə bu torpaqları geri qaytarmaq olar. Elə birinci Ağdamın keçmiş döyüşçülərindən ibarət batalyon yaratmaq lazımdır: “Biz o yerləri tanıyırıq. O hadisələrin şahidləri, o yerləri tanıyanlar dünyadan köçəndən sonra torpaqları qaytarmaq çox çətin olacaq. Tez-tez Quzanlıya gedirəm, ucqar bir təpənin üstünə çıxıb kəndimizə tərəf baxıram. Düşmən hər yeri dağıdıb. Atamın qəbri düşmən tapdağındadır. Belə yaşamaq çox ağrılıdır...”

Xocalı dəhşətlərinə dairə minlərlə faktlar, şahid və sübutlar olsa da, təəssüf ki, hələlik bu soyqırım aktı beynəlxalq səviyyədə hüquqi qiymətini almayıb. “366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib”. Bunu isə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O, qeyd edib ki, həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib. X.Vəliyev həmçinin bildirib ki, Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Qətliamın növbəti ildönümündə Xocalı soyqırımı haqqında qanunun qəbulu məsələsi də yenidən gündəmə gəlib. Vaxtilə deputat Pənah Hüseyn bununla bağlı qanun layihəsini parlamentə təqdim etmişdi. Bir çoxlarına görə soyqırımın dünya ölkələrində qəbul olunması üçün Azərbaycanın özündə belə qanuna ehtiyac var. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə isə parlamentin bu məsələyə qayıtmayacağını bildirdi: “Bununla bağlı qanun qəbul etməyə ehtiyac yoxdur. Soyqırımla bağlı qərar qəbul 1994-cü ildə qəbul olunub. Azərbaycan parlamenti hələ 1994-cü ildə Xocalı soyqırımını soyqırım kimi tanıyıb. 1998-ci ildə isə prezidentin məlum sərəncamında bu fikirlər öz əksini tapıb. 2002-ci ildə isə Xocalı soyqırımının 10 illiyi ilə bağlı parlamentin xüsusi iclası da keçirilib”.

 

 

E.PAŞASOY

 

Yeni müsavat.- 2011.- 26 fevral.- S. 5.