ZÜLM NƏDƏN BAŞ VERİR?

 

Bismilləhir-Rahmənir-Rahim!

 

Yaşadığımız bugünkü dünya - mükalimə dünyasıdır, dialoq dünyasıdır. Bu gün dünya müxtəlif mədəniyyətlərin, müxtəlif sivilizasiyaların, müxtəlif dünyagörüşlərin və əxlaqi-fəlsəfi məktəblərinin mükalimə meydanıdır. Gözəllik bundan ibarətdir ki, 14 əsr bundan qabaq bu mükaliməni, dialoqu başlayan əziz Rəsulallahımızın (s) arzuları bu gün həyata keçir. Dünya bu gün yetişib o mədəniyyətə ki, intellektual səviyyədə, şüurlu, əqlani tərzdə bir masa arxasında oturub tərəf müqabilini dinləyir və tərəf müqabilinin söylədiklərini saf-çürük edib bəhrələnir.

Bu gün praqmatizm dünyasıdır. Bir əsrdir, zamandır, vəziyyətdir ki, dünyada kimsə konkret nəsə real bir şeylə ortalığa, meydana çıxara bilirsə, istər-istəməz onu qəbul edirlər. Əgər hansısa məktəb, düşüncə, təfəkkür öz iddiaları ilə ortalığa çıxdıqda bu iddiaları əsaslandırıb, müdafiə edə bilirsə, o məktəbi qəbul edirlər. O məktəbi üstün məktəb bilirlər. Belə olan vəziyyətdə mübarək dinimizin gözəl mahiyyətini dünyaya çatdırmaqla bağlı hamımızın üzərində müəyyən məsuliyyət var.

 

Ya ifrat, ya təfrit

 

Son illər ərzində böyük sayda insan əziz dinimizə gəlib. Onların gəlişinin əsl səbəbi - mübarək İslam dininin konkret kateqoriyalara əsaslanmasındadır. Mübarək dinimizin hansısa mücərrəd, nəzəri kitablarda yazılan kimi deyil, insanın necə real yaşamasının, necə real kamilləşməsinin, bu dünyada nəyi edib, nəyi etməməsini ən gözəl tərzdə müəyyənləşdirməsi səbəbindəndir bu gəliş. Bu baxımdan biz aktual mövzulara nəzər yetirəcək, mübarək dinimizin bəşəriyyət üçün son dərəcə aktual olan mövzulara aid baxışlarına diqqət edəcəyik.

Öncəki bəhslərdə biz mübarək dinimizin azadlıq məfhumu ilə bağlı nəzərlərinə bir qədər toxunmuşduq. Dünyanın bugünkü hala gəlib çatmasında fövqəladə əhəmiyyəti olan inancımızın - bu sivilizasiyanın, bu mədəniyyətin, bu düşüncə tərzinin, bu dünyagörüşünün, bu İlahi vəhyin insanın azadlığı və insanın hüquqları haqqında nə söylədiklərinin mahiyyətinə bir qədər varmışdıq. Bu gün bu mövzu ətrafında düşüncələri davam etdirəcəyik.

Biz görürük dünya həmişə bu məsələlərdə ya ifrata gedib, ya da təfritə. Ya fərdin eqoist təfəkkür sistemi qalib gəlib, ya da əksinə - cəmin toplum eqoizmi qalib gəlib. Amma mübarək dinimiz ayrıca nə fərdi, nə də toplumu abstrakt azadlıq məfhumunun əhatəsində qəbul etmir. Mübarək İslam dini insan azadlığını ən ortimal, ən mötədil, ən ədalətli bir formada qəbul edir. Ümumiyyətlə, dinimiz insanın yaşamının ədl üzərində olmasına təkid edir. İnsanın nə tək olaraq eqoizmini, nə də toplumun toplum olaraq eqoizmini qəbul edir. Ədl üzərində necə yaşamağı insana öyrədir ki, burada həm fərdin azadlıqları nəzərdə tutulur, həm də toplumun. Harada həm fərdin haqları və hüquqları qorunur, həm də toplumun ümumi mənafeləri, hüquqları qorunur.

 

Xaliq olaraq qəbul edirlər, rəbb olaraq problemləri yaranır

 

Məsələnin kökünə vardıqda, ədl bəhsi insanın dünyagörüşünə qayıdır. Ədl - İlahi dünyagörüşünün əsaslarındandır. Mahiyyətcə etiqadın əsasıdır ki, insan həyatını ədalətlə yaşasın, zülm etməsin. Buna bir qədər sonra qayıdacağıq.

Bəhsimizdə ilk olaraq onu qeyd etməliyik ki, insanlar ümumi halda Allahı Xaliq olaraq qəbul edirlər. Əksəriyyət qəbul edir ki, Yaradan var, mövcud hər şeyi yaradıb - bu baxımdan heç bir çətinlik yoxdur. İnsanlar Xaliqi, Yaradanı rahat qəbul edirlər. Xaliq qəbul etmək baxımından heç bir çətinlikləri yoxdur. Çətinlik yaranır insanlar tərəfindən Rəbbin qəbul edilməsində. Allah Təalanı Rəbb kimi qəbul etməyin bir tərəfi odur ki, insan başa düşür ki, hər an vücud alır, həyatı, nəfəs alması ilə, ürəyinin döyünməsi ilə möhtacdır Rəbbinə. Amma vəzifə müəyyən etmək, məsuliyyət müəyyənləşdirmək baxımından Rəbbi qəbul etmək məsələsinə gəldikdə, insanların bir çoxunda daxili problemlər yaranır. Rəbb kimi qəbul edəndə, insan nə yeməsini, nə yeməməsini, necə rəftar edib-etməməsini, necə oturub-durmasını, nələrə baxıb-baxmamasını, nəyi eşidib-eşitməməsini, nəyin ticarətini edib-etməməsini necə gəldi edə bilmir artıq. Bir məsələyə qarşıya çıxanda, insan artıq baxıb görür ki, bu halda Rəbbi ona nə buyurur. İnsan nə etməli məsələsini Rəbbinin buyuruşlarına uyğun həll etməyə başlayır.

Bugünkü dünyada insanların əksəriyyəti Xaliq kimi Allahı rahat qəbul edir. Hətta bunun təzahürünü həftədə bir dəfə dünyanın bir çox yerlərində görmək olur. Bir çox insanlar ya cümə günləri məscidə gedir, ya şənbə günləri sinaqoqa gedir, ya da bazar günləri kilsəyə. Niyə? Xaliqi, insanı yaradan Allahı yad etməyə. Amma məsciddən, sinaqoqdan, kilsədən çölə çıxır - faktiki olaraq deyir ki, Xaliqimlə bağlı üzərimə düşən vəzifəm sona çatdı. Bunu belə bir formada söyləmək olar ki, sanki insan həftədə bir dəfə gedib Xaliqi məsciddə, kilsədə, sinaqoqda ziyarət edir,  amma gündəlik həyatında, həftənin qalan altı günündə Xaliqi “qalır” məsciddə, kilsədə, sinaqoqda. Gündəlik həyatında, real həyatında Xaliqin Rəbbliyini dərk etmir. Daha doğrusu, dərk etmək istəmir.

 

Realist məntiq

 

Amma məsələnin mahiyyətinə vardıqda, insanı insan edən məhz onun vəzifə daşımasıdır. Digər məxluqları Xaliq necə yaratmışsa, gündəlik həyatda elə o cür yaşayırlar. Amma insanlar onlara verilən azadlıqdan irəli gələn seçim edirlər. İnsan - iradə və ixtiyar sahibidir, şüur sahibidir. İnsana azadlıq, seçim imkanı verilib. İnsana Allahı Rəbb kimi qəbul etmək qabiliyyəti verilib. Əgər o cür qəbul etsə - iradəsini, şüurunu, əqlini düzgün yerə istiqamətləndirər.

Bəli, İslam realist bir məntiqi, realist bir fəlsəfəni qəbul edir. Bu günə kimi İslamın adını qoyurdular idealizm. Bu İslamı təhrif etmək cəhdindən başqa bir şey deyil. Allah rəhmət etsin Əllamə Təbatəbaiyə, Allah onun ruhunu qəni-qəni şad etsin. Bu böyük alim iyirminci əsrin ən güclü bir filosofu kimi, bir müfəssiri, Quran təfsirçisi kimi irəli çıxdı və İslamın realist bir fəlsəfə, realist bir dünyagörüşü olmasını dünyaya təqdim etdi. İslam həqiqəti olduğu kimi görür. İslam hər şeyi obyektiv görür.

Məsələ burasındadır ki, həqiqəti olduğu kimi təqdim etmə - İslamın zatındadır. İslamın nəzərində həqiqəti gizlətmək olmaz. İslam bəyan edir ki, həqiqəti gizlətmək küfrdür. Kafir nədir, küfr nədir? Küfr həqiqəti gizlədən deməkdir. Küfr, yəni realizmdən qaçmaq. Küfrün də mərhələləri var. Müqəddəs Kitabımızda təqribən 525 dəfə bu köklə bağlı sözlər gəlib. Hamısının bir ana mənası var - realizmi, həqiqəti gizlətmək.

Quran məntiqində kafir o kəsdir ki, həqiqəti gizlədir. Bəs azadlıq kafirin nəzərində necə ola bilər? Təbii ki, qeyri-həqiqi. Həqiqi azadlıq kafir tərəfindən gizlədilir. Bəs zalımların nəzərində azadlıq nədir? Zülmlə bağlı sözlər Quranda 315 dəfə gəlib. 315 dəfə Quranda müxtəlif formalarda, müxtəlif modellərdə zülm kökü ilə olan sözlər gəlib. Görək zülm nədir? Zülm bir şeyin öz yerində olmaması. Ədl nədir? Hər şeyin öz yerində olması. Niyə Rəsulallah (ə) ədlin simvoludur? Niyə Həzrət Əli (ə) ədlin simvoludur? İslam özü niyə ədalətin simvoludur? Çünki Rəsuli-Əkrəmdə (s), Həzrət Əlidə (ə), İslamda hər şey öz yerindədir. İmam Əlinin (ə) həyatına nəzər salsaq, görərik ki, həyatın bütün səhnələrində o Həzrətdə (ə) hər şey öz yerindədir. Döyüş meydanında da öz yerindədir, elmdə də, səbirdə də, ibadətdə də. Yetim görəndə Əlinin (ə) dizləri əsir. Meydanda əlində Zülfüqar vuruşan Əlidir (ə). İmam Əli (ə) - ədlin simvoludur. Lazımdır iyirmi beş il səbir edib gözləyəsən - Həzrət Əli (ə) oturub səbir edir. Lazımdır meydana çıxasan - Əli (ə) Rəbbinə görə əlində Zülfüqar meydana çıxır. Yetim görəndə lazımdır dizlər əsə - Əlinin (ə) dizləri əsəcək. Dərdini bir yerə söyləmək imkanın olmayanda dərdini quyuya söyləyəsən - İmam Əli (ə) orada da öz vəzifəsindədir. Kamil insan elə budur. Rəsuli-Əkrəmin (s) həyatına da nəzər salsaq budur. İncidirlər, təqib edirlər - Rəsul (s) hidayətlə məşğuldur. Rəsulun (s) rəftarı öz yerindədir. Lazımdır hicrət etmək - hicrət olur. Lazımdır Bədrdə döyüşmək - döyüşmək əmrini verir və s.

 

Zülmün 3 forması

 

Deməli, zülm tək o mənada deyil ki, adət üzrə işlədilir. Düzdür ki, zülmün bir forması lənətlik yezidlərin, müaviyələrin törətdiyi işlərdir. Bu, ictimai zülmdür. Amma ümumilikdə zülm - bir şeyin öz yerində olmamasıdır. Böyük mütəfəkkirlər zülmü üç yerə bölüblər. Biri budur ki, insanın Allaha nisbətdə zülmü. İnsan Allahla münasibətində zülm edər. Yəni Allahla münasibəti o cür ki, lazımdır o cür ki, olmalıdır - elə olmaya. Bu halda insan nə edir? Allahla öz arasındakı münasibətlərə zülm etmiş olur.

İkincisi budur ki, insan insanlara münasibətdə zülm edər. İnsanlar arasında münasibətlərin özünün tərzi, qaydası var. Ondan kənara çıxmaq - insanlara zülm etməkdir.

Üçüncüsü - insanın özünə zülm etməsidir. İnsanın özünə münasibətdə, özünün idarəsində də bir tərzi, bir qaydası var. Əgər insan onu yerinə yetirmiş olmasa, özünə zülm etmiş olar. Məşhur “Kumeyl” duasında da bu nöqtə gedir. “Ya Rəbbim, mən özüm-özümə zülm etdim”.

Zülm elə özü də küfrə qayıdır. Bir qədər açıqlayaq. Birincisi, insanın Allahla münasibətdə zülm etməsi. Ədl budur ki, insan bəndə ola Allahına. Bəndə nə etməlidir? İbadət etməlidir. Pərəstiş etməlidir, Rəbbinin buyuruşlarına riayət etməlidir. Bunları etməyəndə nə edir? Münasibətlərə zülm edir.

Misal üçün biz görürük bir kəs Allahı inkar edir. Nə etmiş olur? Həqiqəti gizlətmiş olur və münasibətlərinə zülm etmiş olur. Bu adam həm kafirdir, həm zalımdır. Kafirdir nə baxımdan? Kafirdir o baxımdan ki, olan bir şeyi gizlədir. Zalımdır nə baxımdan? O baxımdan ki, zülm edir bəndə ilə Yaradanın münasibətində.

Ya digər nümunə - şirk. Yəni insan Allahla bərabər başqa bir məbuda, başqa bir nəyəsə pərəstiş edə, özü də Allahla paralel səviyyədə. Buna da deyirlər şirk. Müşrik bir kəsdir ki, həm Allaha pərəstiş edir və həm də Allaha şərik qoşur, bir başqa nəyəsə də pərəstiş edir. Bu da nədən əmələ gəlir? Həqiqəti ört-basdır etməkdən. Həqiqət nədir? Odur ki, insan yalnız Allaha pərəstiş etməlidir. Bu, küfrün nümunəsidir və bəndə ilə Rəbb münasibətlərinə də zülm edilir. Bu baxımdan olur zalım.

 

İnsanlara zülm nədən baş verir?

 

İkincisi qeyd etdik ki, insanın insanlara zülm etməsidir. Bu, nə zaman baş verir? O zaman baş verir ki, bilməyəsən insanlarla münasibət necə olmalıdır. Yaxud biləsən, amma nəyisə gizlədəsən, öz istədiyin kimi edəsən. Bu halda da insan zülm etmiş olur. Fərdin fərdlə münasibətlərində zülm, ailə münasibətlərində zülm, valideynlə övladlar arasında münasibətlərdə zülm, yaxud toplumda insanlar arasında bir-birinə zülm. Toplumda daha geniş mənada ictimai zülm də buraya aiddir. Toplumda bir təbəqə insanlar digər təbəqəyə münasibətində haqqı, hüququ basarsa, təmin etməzsə, bu, zülm olar. Bunu edən zalım olar, bu hala düşən məzlum olar. Bu, nədən baş verir? Həqiqəti ört-basdıq etməkdən. Həqiqət elə təqdim edilir ki, o cür olmalı deyil. Ört-basdır olanda küfr olunmuş olur. Nəticədə də zülm olunmuş olur.

Üçüncüsü də çox mühümdür. İnsanın öz-özünə zülm etməsi. Rəbbi tərəfindən bəndə üçün müəyyən olunmuş yaşamaq hüdudlarını gözləməmək. Bəndə onları o yan-bu yan edəndə olur zülm. Kimə zülm edir? Özünə. O cür ki, olmalıdır o cür etmir, bu halda küfr edir. O şeyin ki, öz yeri var, onu yerbəyer etmir. Məsələn, bəndə namaz qılmalıdır, qılmırsa özü özünə zülm edir. Məsələn, bəndə hicab örtməlidir. Örtməyəndə kimə zülm edir? Özünə. Bəndə yeməyinə fikir verməlidir, baxmalıdır ki, haram nədir, halal nədir. Haram yeyəndə kimə zülm edir? Özünə. Yaxud bəndə robot olmalı deyil. Belə olmalı deyil ki, iradəsini əldən versin, mühit onu o yan-bu yana salsın. Özünü robot halına salanda kimə zülm edir? Özünə.

Görək Quran zülmlə, küfrlə bağlı nə deyir. Allah Təalamızın hidayət üçün insanlara göndərdiyi sonuncu kitabda, “Bəqərə” surəsinin 254-cü ayəsində buyurur: “Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!”

Göstərilir ki, o kəslər ki, kafirdir - onlar zalımdırlar. Deməli küfr etmək - elə zülm etməkdir. Bunlar bir-biri ilə bağlıdır. Yaxud başqa bir yerdə biz görürük “İsra” surəsinini 99-cu ayəsində buyurulur: “Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar”.

Zalımlar küfr və inkardan başqa heç nə qəbul etmirlər. Bir yerdə deyilir kafir - elə zalımdır. Digər yerdə deyilir zalım elə kafirdir. Yəni bunlar bir-biri ilə çox bağlıdır. Deyilir ki, zalımlar küfr və inkardan başqa heç nə qəbul etmirlər. Niyə? Çünki küfru qəbul etməsə, həqiqəti gizlətməsə, realist olsa - o, zülm etməz. O vaxt ki, həqiqəti gizlətməyi qəbul edir, nə baş verir? Zülm baş verir.

İndi yenə toxunaq azadlıq bəhsinə. Azadlıq zalımın nəzərində necə ola bilər? Bu cür olacaq ki, zalım adam öz rəftarlarında, düşüncəsində, dərrakəsində ya Allahla münasibətlərinə zülm edəcək, ya insana zülm edəcək, ya özünə zülm edəcək. Bütün bunu biz bir kəlmədə çıxara bilərik. İnsanın azadlığı zalımın nəzərində nə olacaq? Elə zülmün özü olacaq. Azadlığın özünə də zülm ediləcək. O azadlıq o cür ki, olmalıdır, azadlığın özünün hüququna, azadlıq anlayışının özünə də zülm ediləcək.

Uca Allahdan duamız budur ki, bizləri həqiqi azad olanlardan qərar versin, inşallah!

 

 

Hacı İlqar İBRAHİMOĞLU

 

Yeni müsavat.- 2011.- 11 mart.- S. 14.