26 FEVRALIN YAŞATDIĞI 26
GÜNLÜK ƏSİRLİK MƏŞƏQQƏTİ...
Xocalıda əsir düşən
Hüseynağa Quliyev ailəsi ilə birgə erməni
girovluğunda başına gələn müsibətləri
xatırlayır
Onun şəkillərini
hər ilin 26 fevralında televiziya ekranlarından
görürük, düz 19 ildir... Düz 19 ildir ki, erməni
cəlladlarının bu insana və onun kimi minlərlə vətəndaşlarımıza
qarşı törədilmiş qeyri-insani əməllərinin
qisası alınmayıb. Düz 19 ildir ki, minlərlə azərbaycanlını
əsir və girov götürməklə, onlara qarşı
hər cür vəhşilik etməklə Cenevrə
Konvensiyasının tələblərini kobud surətdə
pozan erməni qatilləri cəzasını almayıb. Ermənilərin
Xocalıdakı ağlasığmaz vəhşiliklərinin
qurbanlarından birinin-bugünkü müsahibimizi televiziyalarda
tez-tez göstərilən süjetlərdən yəqin ki, izləməyən
yoxdur. İndi biz onunla üz-üzəyik. Bir neçə
gün əvvəl növbəti ildönümü qeyd olunan
Xocalı qətliamının canlı şahidlərindən
biri ilə...
26 gün ailəsi ilə
birgə erməni əsirliyində olmuş, dəhşət
və vəhşət doğuran zorakılıqlara məruz
qalmış Hüseynağa Quliyevlə tarixin 19 il öncəki
26 fevralı haqda danışırıq. 19 il öncəki 26
fevral faciəsi müsahibimin yaddaşına 19 gün öncə
baş vermiş kimi gəlir. O deyir ki, Xocalı
soyqırımı əslində Azərbaycan xalqının və
şəhər camaatının qəhrəmanlıq salnaməsidir.
Çünki Xocalı sakinləri erməni quduzluğunun
önündə əyilmədilər, sınmadılar.
26 fevraldan başlayan 26 günlük əsirlik həyatı...
H.Quliyev 1992-ci ilin 26 fevralında anası və əkiz uşaqları ilə birlikdə əsir düşüb. 26 fevraldan başlayan 26 günlük əsirlik həyatında dözülməz zülmlərin, müsibətlərin həm şahidi, həm də qurbanı olub. İnanmaq çətindir ki, o bu cür işgəncələrdən sonra sağ qalıb. Hüseynağa söhbətə əsirliyə qədərki günlərdən söz açmaqla başlayır: “Hələ 1992-ci ildə Xocalının müdafiəsində iştirak edən və Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət 18-ci batalyonda döyüşürdüm. O zaman Aqil Quliyev, Əlif Hacıyevlə birlikdə Xocalı aeroportunu qoruyurduq. Artıq ermənilər həmin ərəfədə şəhəri mühasirəyə almışdılar, qonşu rayonlarla əlaqələrimiz kəsilmişdi. Belə desək, tamamilə mühasirə şəraitinə düşmüşdük və çıxılmaz bir vəziyyət yaranmışdı. Ancaq hava nəqliyyatı ilə gediş-gəliş mümkün idi. Həmin dövrdə əfsus ki, nə vahid bir komandanlıq vardı, nə bir döyüş strategiyası. Özbaşınalıq, xaos hökm sürürdü. Mən də evin yeganə oğlu idim. Orduya kömək etmək üçün təhsilimi yarıda qoyub könüllü olaraq batalyona yazıldım. Yaxşı döyüşdüyümdən məni post komandiri qoydular. Hərçənd ki, həmin illərdə evin bir oğlunun cəbhəyə bölgəsinə, döyüşə aparılmasına icazə yox idi. Ancaq Xocalının belə ağır günlərində mən kənara dura bilməzdim və cəbhəyə yollandım”.
“200 metrlik qayadan dərəyə
özümü atdım və...”
Müsahibimiz sözünü xocalılıların başına gətirilən müsibətin yaşandığı gün haqda danışmaqla davam etdirir. Danışır ki, faciədən öncəki günlərdə Rəhim Qazıyev Şuşada idi və hamı gözləyirdi ki, tezliklə Xocalıya yol açılacaq. Amma... Fevralın 25-dən 26-na keçən gecə ermənilərlə 366-cı alayın əsgərləri Xocalıya hücum çəkib. Qanlı döyüşlər başlayıb. Hüseynağa həmin səhnələri belə xatırlayır: “Səs-küydən qulaq tutulurdu, hamı çaş-baş qalmışdı. Qadın, qoca və uşaqların Xocalıda qalması vəziyyəti daha da ağırlaşdırdı. Həmin mənzərəni təsvir etməyə çətinlik çəkirəm. Döyüşlərin şiddətli vaxtında vuruşmaq üçün dağa qalxmışdım. Tərslikdən həmin gecə təbiət də bizdən üz döndərmişdi. Fevralın 26-na kimi havalar xoş keçirdi, ancaq faciə baş verən gün dizə qədər qar yağmışdı. Bu da körpələrimizi, yaşlı adamları şəhərdən çıxarmaq üçün işimizi əngəllədi. Yaşlı adamları və uşaqları şəhərdən çıxarmaq istədik. Amma mümkün olmadı. Düşmən ətraf kəndləri də nəzarətə götürmüşdü. Artıq biz Naxcivanik kəndinə çatanda ermənilər dinc əhalini mühasirəyə almışdı. Dedilər ki, silahlarınızı yerə qoyun. Ancaq mən silahımı yerə qoymadım və geri baxanda gördüm ki, arxada dərə var. Qar yağmışdı deyə heç nə görmədiyimdən özümü dərəyə atdım. Elə bilirdim ki, dərə çox da dərin olmayacaq. Amma yerdəki qarın çoxluğu hesabına sağ qaldım. Sən demə, özümü üstündən atdığım qayanın 200 metr hündürlüyü varmış. Həm də qaya dik deyil, maili olduğu üçün ölmədim”.
“İnsanın sinəsini
yarır, armaturu ağzından salıb boynundan
çıxarırdılar”
Hüseynağa deyir ki, bu vaxt yanında Xocalı sakini Məhəmməd kişi var idi. Ona deyib ki, çıxma, vuracaqlar. Ancaq sözümə qulaq asmayıb və çıxan kim onu güllələyiblər: “Onun meyitini götürməyə getdim. Bu zaman ermənilər BMP-dən mənə atəş açdılar. Yaralandım, yerə yıxıldım, qalxanda yenidən atəş açdılar. Huşum özümə gələndə artıq gec idi. Ermənilər məni Naxçıvanikin yaxınlığındakı donuz fermasına aparmışdılar”.
H.Quliyev danışıq ki, həmin vaxtdan etibarən onun ən məşəqqətli günləri başlayıb. Artıq ölümünü göz önünə gətirən müsahibim deyir ki, xilas üçün ümidi yoxmuş: “İnanmırdım ki, artıq geriyə dönüş var. Çünki erməni cəlladlarının məqsədi də elə bu idi ki, körpə, qoca, cavana baxmayıb, hamını əzabla, işgəncə ilə öldürsünlər. Məni donuz fermasına aparandan sonra orada vəhşicəsinə döydülər. Əynimdə "OMON" forması var idi. Halbuki könüllü döyüşçü idim. Bir qədər sonra siqaret istədim, dedilər verəcəyik. Elə aradan bir saat keçmişdi. Demə, mənə elə gəlib ki, bir saat ötüb. Bir də gözümü açanda gördüm ki, artıq səhərdir. Məni necə döymüşdülərsə, bunu hiss etməmişdim. Sonra məni yanan ocağa da atmışdılar, bütün paltarlarım, əlim, ayaqlarım yanmışdı". Hüseynağa deyir ki, ermənilər əsirlərə əzab verməkdən həzz alırdılar. Onların etdikləri ağlasığmaz idi, dünyanın heç bir yerində istifadə olunmayan işgəncə növləri ermənilərin ağlına gəlirdi. Əllərinə daş götürüb sifətimə çırpırdılar, özümdən gedənəcən döyürdülər, buzun üstə qoyurdular, ayılanda işgəncələr yenə başlayırdı: “İnsanın diri-diri sinəsini yarmaq, armaturu ağzından salıb boynundan çıxarmaq ermənilərdən ötrü adi işgəncə üsulu idi”.
“Körpələrimi əsir
götürəndə deyirdilər onlar Azərbaycana
qarşı döyüşəcək”
Bununla belə, H.Quliyev ermənilərin dözülməz işgəncələri qarşısında həmvətənlərini satmayıb: “Ağzıma silah salıb məcbur edirdilər ki, filankəsin adını de. Gün ərzində bir az su, bir də suxarı verirdilər. Ancaq işgəncədən sonra heç nə yemək istəmirsən. Ermənilər döyə-döyə çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Sadəcə hərbçi olduğum üçün bunlara dözürdüm. Məndən Xocalının icra başçısı Elman Məmmədovun və digər döyüşçülərin adını soruşanda demirdim. Onda daha çox döyürdülər. Özümə gələndə yanımdakı əsirlər dedi ki, səndən 10 dəqiqə qabaq on azərbaycanlını aparıb başını kəsdilər. Ermənilər bizimkilərin qulağını, başını kəsib deyirdilər ki, bizə azərbaycanlı qurbanlar, qan lazımdır. Qayınatamın başına zərbə vurmuşdular. Cavan adlı 16 yaşlı qaynım necə oldu, onun taleyi hələ də məlum deyil. Sonra babamı da öldürdülər. Çingiz Mustafayevin çəkdiyi kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal, nurani kişi mənim babamdır”. H.Quliyev deyir ki, əsirlikdə olduğu müddətdə iki azyaşlı
əkiz körpəsini də girov götürüblər: “Dağ başında gülləbaran olanda onları götürə bilmədim. Uşaqları qoyub özümü dərəyə atdım. Heç vaxt sınan adam olmamışam. Əsirlikdə ermənilər yaxınlaşıb deyirdi ki, o uşaqlar bizim gələcək əsgərlərimiz olacaq və Azərbaycana qarşı döyüşəcək”.
“Dayım üzümə
verilmiş mələfəni qaldıranda görüb ki,
ölməmişəm”
H.Quliyev danışır ki, əkiz körpələrini əsirlikdən indiki daxili işlər naziri Ramil Usubov xilas edib. Onun özünü isə əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də olub. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif ediblər ki, həmin Suriya ermənisini qaytarsın: “Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar. Əsirlikdən sonra uzun müddət müalicə aldım. Səhhətimdəki problemlər hələ də aradan qalxmayıb. Ermənilər məni buraxanda fikirləşdilər ki, onsuz da bir az gedib elə ayaq üstdə öləcəm. Çünki vəziyyətim həddən artıq ağır idi. Əvəzində Suriya ermənisini diri almaq istəyirdilər. Həmin kadrı rəhmətlik Çingiz Mustafayev çəkmişdi. 20 metr gedib yıxılmışdım. Məni götürüb Ağdamda meyitxanaya qoydular. Öldüyümü zənn edirmişlər. Dayım gəlib üzümə verilmiş mələfəni qaldıranda görüb ki, ölməmişəm, tərpənirəm. Yoxlayanda görüblər ki, sağam. Məni dərhal Bakıya, Neyrocərrahiyyə Xəstəxanasına gətiriblər”.
Bu da Xocalı faciəsində müsibət görmüş minlərlə vətəndaşımızdan birinin hekayəti... İfadə etməyə söz qalmır, Allah bu taleyi heç kimə göstərməsin.
Emil SALAMOĞLU,
Məhəbbət ORUCOV
Yeni müsavat.- 2011.- 5 mart.- S. 11.