BÖYÜYÜB ƏSGƏR
OLMAQ İSTƏYİRDİ, ŞƏHİD OLDU
Fariz Bədəlovun həmkəndliləri
heç yerə köçməyəcəklərini bəyan
etdilər
“Qarvənddə
başıma bir iş gəlsə şəklimi 3-cü səhifədə
Eynulla Fətullayevin şəklinin yanına vurar, üstünə
də yazarsınız ki, qatillər tapılsın!” Bunu
Ağdamın Qarvənd kəndinə səfərdən bir
gün əvvəl redaksiyada zarafatla desəm də, içimdə
bir həyəcan vardı. Zarafat deyil, 9 yaşında
uşağın belə həyatına “uf” demədən
qıyan vəhşi canilərin bir neçə metrliyinə
gedirdik. Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü,
Demokratiya və İnsan Haqları Komitəsinin sədri, millət
vəkili Çingiz Qənizadənin dəstəyi ilə
reallaşan səfərdə məqsəd martın 8-i
günü erməni snayperçisi tərəfindən vəhşiliklə
qətlə yetirilən Qarvənd kənd sakini 9 yaşlı
Fariz Bədəlovun ailəsinə
başsağlığı vermək idi.
Həm də hər gün
ölüm təhlükəsi ilə üz-üzə olsalar
da, kəndlərini bir saat belə tərk etməyən Qarvənd
sakinlərinin güzəranı, faciənin kənddə
doğurduğu assosiasiya ilə bağlı bilgilər əldə
etmək, reportaj hazırlamaqdı niyyətimiz. Heyətimiz 5 nəfərdən
ibarət idi - “Xalq Cəbhəsi” qəzetindən Arzu
Şirinova, “Həftə içi” qəzetindən Sevda Məsimova,
JQA-nın rəhbəri Sevil Yusifova, Qarabağ
döyüşçüsü, Ağdamdan məcburi
köçkün Kənan Hacıəkbəroğlu və bu
sətirlərin müəllifi. Balaca canını qurban verməklə
Azərbaycan həqiqətlərini, erməni vəhşiliyini
bir daha dünya ictimaiyyətinə çatdırmağa vəsilə
olan Farizin həmkəndlilərini çox pəjmürdə
gördük. Baş verən hadisə onlara çox pis təsir
etmişdi. Əsasən əkin-biçinlə,
heyvandarlıqla dolanan kənd camaatı uzun illərdir ki, hər
an təhlükə ilə üz-üzə olduğundan bu fəaliyyətlə
də məşğul ola bilmir. O hadisədən sonra isə
sakinlərin qorxusu birə beş artıb.
Paxlava və “Hammer” - Farizin xəyalları...
Hadisə demişkən... Qətl
baş verəndən bir neçə gün əvvəl Fariz
anası Şirinnazla Ağdamdan olan məcburi
köçkünlərin məskunlaşdığı
Dördyol deyilən ərazidə yaşayan xalasıgilə
qonaq gedibmiş. Şirinnaz Bədəlovanın sözlərinə
görə, o, evə gəlmək istəməyib: “Dedi ki,
mama, xalamgildə qalmaq istəyirəm. Qoymadım, dedim gedək
evimizə, ayın 11-də gələr xalanla bayram
şirniyyatı bişirərik. Xalasına dedi ki, xala, onda
paxlavanı çox bişirərsiniz. Paxlava xoşlayan idi...
(ağlayır) Belə bişirdik şirniyyatı da...”
Hadisə olan gün isə
babası ilə oduna gedəcəkmişlər. Lakin hava
küləkli olduğundan təxirə salıblar. Gözləyiblər
ki, külək kəssin, səhəri gün getsinlər.
Görünür, anasının qərarı da, hava şəraiti
də qismətinə yaxınlaşdırırmış
balaca Farizi. Qısaca ömrünü şəhid kimi başa
vurmaq qismətinə...
Atası ilə anası
ayrıldığından Fariz ana nənəsigildə
böyüyüb. Ş.Bədəlova deyir ki, hər zaman
narahatlıq içində yaşayırmış: “Həmişə
deyirdi ki, mama, qaqa (dayısı) bizi bu evdən
çıxaracaq, amma narahat olma, mən sənə ev alacam,
özümə də ”Hammer" maşın. Bir də deyirdi
ki, böyüyüb dayım kimi əsgər olacam..."
Ümumi xarakteri ilə
maraqlanırıq. Anası, nənəsi, dayısı,
babası, qonşular-qohumlar hamı ağızdolusu
danışır. Sözəbaxan uşaq olub, amma eyni zamanda dəcəllik
edən vaxtları da olub. Martın 8-i günü də hava
çiskinli olduğundan günortaya qədər anası
qoymayıb evdən çıxmağa. Dayısı
Gündüz Səmədov: “Həmin gün atamgildə idim, xəngəl
bişirmişdilər. Yedik, mən getdim evə, bir az
uzandım, saat 4 olardı, qalxıb çıxdım
çölə. Birdən qəfildən bir güllə
atıldı, bədənimdən gizilti keçdi,
özümü pis hiss etdim. Tez bura gəlmək
üçün çıxdım, yarıyolda zəng gəldi
ki, Farizi vurublar. Mən gələnə qədər
qonşunun maşınına qoyub aparmışdılar həkimə,
arxalarınca getdim, iş işdən keçmişdi... Beyni
yerə dağılmışdı, papağının
içi ilə bir idi. Əlimlə yığıb tibbi
ekspertə verdim. Meyitini də özüm yudum, özüm kəfənlədim,
heç kimə vermədim. Güllə sol tərəf
qulağının dibindən dəyib, sağ tərəf
gicgahından çıxmışdı. Əlimdə
böyümüşdü, öz balam kimi sevirdim onu. Bu dəhşəti
heç vaxt unuda bilməyəcəm. Bizim ailəmiz
üçün artıq 8 Mart bayramı yoxdu”.
Anası Farizi yatağa
uzadıb çıxandan sonra paltarını büküb
yatağa qoyub, çıxıb qonşuya gedib: “Qonşunun
balaca qızı ilə oynayırmışlar, həm də
çırpı yığırmış axşama tonqal
qalamağa. Kolun dibindən çırpı
yığdığı yerdə...” Dayısını
ağlamaq tutur, sözünün davamını gətirə
bilmir. Nə demək istədiyini anladığımızdan
danışma deyirik.
Qonşu: “Güllə uşağın beyninin
qapağını götürmüşdü”
Söhbəti qonşu
Gözəl Zeynalova davam etdirir: “Necə nişan alıb, necə
atmışdılarsa, uşağın beyninin
qapağını götürmüşdü güllə...
Beyini papaqda qalmışdı. Həkimə çatdıra
bilmədik, çatdırsaydıq da xeyri yox idi”. Gözəl
xanım da erməni gülləsindən xeyli zərər
görüb: “Qapımda mal-heyvan qalmayıb, qırıblar
hamısını. Evim güllədən deşik-deşikdi.
Bunların (Farizin nənəsini göstərir) özlərinin
evini yanan güllə ilə yandırdılar, 4 otaqlı evləri
külə döndü. Onlarla kənd sakinini yaralayıblar,
İldırım, Vüqar adlı kəndlilərimiz
ölümdən döndülər”.
Maraqlıdır, Qarvənd
sakinləri bu qədər təhlükə ilə
üz-üzə yaşamaqdan bezməyibmi, köçmək
istəmirlərmi burdan? Sualı eşidəndə hamı bir
ağızdan cavab verir ki, elə bir fikirləri yoxdur.
G.Zeynalova isə ermənilərin köçməli
olduğunu deyir: “Biz niyə köçürük, erməni
bizim torpağımızda oturub bizə diş qıcayır,
onlar köçsünlər. Bura mənim doğma vətənimdir”.
“Bircə güllə atdılar o da Farizin imiş...”
Nənəsi Məlahət Bədəlova
deyir ki, Fariz vurulana qədər ermənilər hər gün,
hətta gündə bir neçə dəfə
atırmışlar, kəndi atəşə tuturmuşlar.
Amma Farizi vurandan bəri bircə dəfə də atəş
səsi eşidilməyib. “Bircə güllə varmış,
o da Farizin imiş” deyib ağlayır Məlahət xanım:
“Həyatda gördüyü çox şey olmadı
balamın, getdiyi ən yaxşı məclis toylar oldu,
özünə verilən ən böyük diqqət ad
günləri oldu”. Ən çox sevdiyi yemək dolma imiş.
Amma qoyun əti yemirmiş. Ən böyük marağı isə
maşın imiş: “Anası deyirdi səni əsgərliyə
qoymayacam, gedir dayısına yalvarırdı ki, böyüyəndə
məni əsgərliyə göndərərsən. Tez-tez
özünü anası ilə müqayisə edirdi. Boyum
anamın boyuna çatır, əsgər getməyimə az
qalıb deyirdi. Birinci arzusu ev tikmək, ikincisi isə
maşın almaq idi”.
Farizin son sualı: “Ana, mən ölsəm ağlayarsan?”
Bir neçə gün əvvəl
ailəlikcə oturub televizora baxdıqları zaman nənəsinə
sual verib ki, mən ölsəm neyniyərsən? Nənəsi
də deyib ki, elə demə, ağlayıb özümü
öldürərəm. Bir gün sonra isə anasına eyni
sualı verib: “Ana, mən ölsəm ağlayarsan?” Anası
hirslənib deyib ki, yox, çalıb-oynayaram. Sonra da təpinib
ki, belə söhbət eləmə. Nənəsi soruşub
ki, yuxumu görübsən, niyə belə
danışırsan? Deyib, yox, elə-belə soruşuram.
Nənəsi: “Güllə açıldı,
pəncərəni açıb Farizi
çağırdım, cavab vermədi. Gördüm
qaynım yerdə əyilib nəsə edir. Mən Farizi
çağıranda başını qaldırıb dedi ki,
uşağı vurdular. Yüyürüb gəldim, amma nə
qədər elədim qucağıma ala bilmədim, taqətim
itmişdi. Çığırtıma qonşu gəldi, tez
uşağı qucağına götürüb maşına
qoydu. Xəstəxanaya çatanda gec idi artıq. Yolda bir az
xırıldadı, heç nə deyə bilmədi”. Farizin
ölümünə səbəb olan güllə hələ
axtarılır. Güllənin yerinin əlamətləri isə
onun snayper gülləsi olduğunu şübhəsiz edir.
Babası Arif Bədəlov
da güllə yarası alıb. O da öz həyətindəcə
erməni vəhşiliyinin qurbanına çevrilib: “2000-ci ildə
öz həyətimdə heyvanlara ot verdiyim yerdə
atdılar, qıçımdan yaralandım. Elə ondan sonra
da evimizin qapısının yönünü dəyişdim.
Həmçinin içimizdə bir qorxu yarandı, daha ciddi
qorunmağa başladıq. Amma nə olsun ki, erməni elə
vəhşidi ki, harda olsaq zərər yetirir bizə. Deyirlər,
niyə köçmürsünüz burdan, niyə
köçək ki? Bura bizim vətənimizdir, ulu
babalarımız burda yaşayıblar, indi niyə yurdumuzu erməniyə
verməliyik?” Ailənin qaldığı ev erməni postundan
uzağı 300 metr məsafədə yerləşir. Evin arxa
divarı dəlik-deşikdi, 30-dan çox güllə yeri var
divarda.
“Əsgərlərimizə canımız qurban!”
“Əsgərlərimiz burda
olmasa biz heç yaşaya bilmərik. Ermənilər
qırıb çatar bizi. Onlara canımız qurban”.
G.Zeynalova deyir ki, evdə 3 nəvəsi var, onları bayıra
çıxmağa qoymur: “300 metrlik məsafə var onlarla
bizim aramızda, nəinki snayper, avtomatla da atəşə
tuta bilirlər bizi. Ermənilər bizim işğal etdikləri
kəndlərimizdə evləri söküb yeraltı
blindajlar tikiblər. Özləri də siçan kimidilər,
yerin altı ilə hərəkət edirlər. Amma bizim hərbçilərimiz
olmasa indi biz də burda olmazdıq. Bizim əsgərlər
onlara atəş açmırlar, çünki bizimkilər
onların hərbçisinə atanda, onlar bizim mülki əhalimizi
qırırlar. Heç inanmazdıq ki, körpə
uşağı vurarlar”.
Erməni kəşfiyyatçıları
dilimizi bilirlər. Düşmən hərbçiləri bir
neçə il əvvələ qədər gəlib qarvəndliləri
aldadıb yemək-içmək alıb
aparırmışlar: “O vaxt olurdu, hərbçilərimiz gəlirdi,
ərzaq verirdik, erməni kəşfiyyatçılar da
bizimkilərin adından istifadə edir gəlirdilər. Kəndlilərin
bəziləri tanıyırdı, bəziləri tanıya
bilmirdi. Şəxsən mənim evimə gələndə
müəyyən sözlər var ki, onları dedirdir, sonra
inanırdım ki, azərbaycanlıdır. Əvvəllər
barışıq söhbəti vardı, burda da postlarda yerli
ermənilər idi, bir az düzəlmişdi vəziyyət,
amma sonradan gətirib doldurdular ”nayomnik"ləri, onlar lap qəddardırlar,
Farizi də onlar vurublar".
Evin arxa tərəfinə hərlənib
vəziyyətlə tanış oluruq. Sözün
düzü, buna qədər situasiyanın ciddiliyi haqda belə
aydın təsəvvür yox idi bizdə, erməni
postlarının bu qədər yaxın olduğunu
gördükdə isə tamam başqa təəssürat
yaranır. Qarvənd camaatının gerçəkdən də
qorxmaz, igid olduğu aydın olur. Vəhşi, qaniçən
düşməndən cəmi 300 metrlik məsafədə
yaşamaq üçün həqiqətən də qəhrəman
olmaq lazımdır. Farizin böyüyüb boya-başa
çatdığı evin çəpərinə bitişik
olan səngərdə iki əsgərimizi görürük. Yaxınlaşıb
hal-əhval tutur, vəziyyətləri ilə
maraqlanırıq. Razılıq edirlər. “Farizin
ölümü sizə necə təsir edib” deyə sual
edirik. “Çox pis olmuşuq. Allah rəhmət etsin”
cavabını verirlər.
Və beləcə, artıq 8 gündür ki, balaca Farizin sadəcə ruhunun dolaşdığı evi, kəndi tərk edirik. Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın sözlərinə görə, baş verən hadisə ermənilərin kim olduğunu, insan adına yaraşmayan hər cür cinayəti həyata keçirməsinə qadir olduğunu bir daha sübut edir: “Rusların dəstəyindən istifadə edərək başdan-ayağa silahlanmış erməni əsgərinin gücü 9 yaşlı məsum körpəyə çatır. Bunu sıradan bir erməni etməyib. Bunu əyninə erməni ordusunun mundirini geyinən, hərbi and içən bir şəxs edib. Hərbçi vuruşda və döyüş zamanı qarşısındakı hərbçiyə silah qaldırmalıdır. Bu, dünyada hərbçilərə məxsus etik normadır. Amma 8 mart hadisəsi bütün dünyaya sübut etdi ki, erməni hərbçisinin hərbçi şərəfi yoxdur. O bir qatildir. O bir cinayətkardır. O, insan qanına susamış bir yaraqlıdır. Mən bütün dünya ictimaiyyətinə, erməni havadarlarına səslənmək istəyirəm: bir anlıq özünüzü Farizin doğmalarının yerinə qoyun. Əgər bacararsınızsa...”
Həbibə ABDULLA
Yeni müsavat.- 2011.- 18 mart.- S. 11.