“MÜHARİBƏ QIZI”nın ACI
HƏYAT HEKAYƏTİ
19 il əvvəl Xocalı faciəsində
xəsarət alan Günay Novruz bayramında
dünyasını dəyişdi
“Sizə bəd xəbərim
var...” Səhər saat 07:30 idi o zəng edəndə. Həmin
gün görüşməli idik. Amma dəstəyin o biri tərəfindəki
səs sahibi çətinliklə danışır,
“Günayım getdi... Balam daha yoxdu” sözlərini aramsız
təkrarlayaraq hönkürürdü. İtkinin ilk
saatları idi şübhəsiz, şok öz
sözünü deyirdi. Dərdli anaya təskinlik sözləri,
toxtaqlıq da fayda etmirdi. O, itkinin ağrısını
çətin yaddan çıxaraydı...
Heç bir ay
olmazdı. Rusiyanın “Novaya qazeta” nəşri Qarabağda 19
il əvvəl baş verənlərə dair acı hekayət
dərc etmişdi. Qəzetin 19 il əvvəl
Qarabağ müharibəsini izləmək üçün
bölgəyə ezam edilən, erməni qüvvələrinin
nəzarəti altında olan ərazilərdə fəaliyyət
göstərən əməkdaşı, jurnalist Viktoriya
İvleva erməni əsirliyində gördüyü təzə
doğulmuş körpənin izinə düşərək
onu tapmışdı. 1992-ci il, fevralın 26-da törədilən
Xocalı qətliamı ilə eyni günlərdə bu şəhərdə
doğulmuş, anası və bacı-qardaşları ilə
birlikdə ermənilər tərəfindən əsir
götürülmüş qız sağ olsa da
danışıq qabiliyyətini itirmişdi. Goranboy
rayonunun Ağcakənd kəndində tapılan ailənin
dramı elə həmin qəzetdə “Müharibə
qızı” başlıqlı hekayətdə çap
olunmuşdu.
“Ermənilər pulemyotdan atanda mən
qızımı zirzəmidə dünyaya gətirirdim”
...Dəstəyin digər ucundakı ana da o qıza ağlayırdı. Həmin “Müharibə qızı”na. Rusiyalı jurnalistin çap etdiyi məqalədən sonra biz də həmin qızın izinə düşdük, anasını, qardaşlarını tapdıq və görüş üçün vədələşdik. Novruz bayramı münasibətilə şəhərə gəlməyə hazırlaşan ailə ilə hətta görüş yeri və saatı da qərarlaşdırdıq. Amma sən saydığını say, gör fələk nə sayır...
Anası Mehriban Bəkirova qızı Günayın 19 yaşını fevralın 23-də qeyd etdiklərini deyir. Qeyd etmək deyəndə ki... Sadəcə bir təqvim səhifəsi kimi çeviriblər. Yoxsa ki, bu qaçqınlıqda, kasıbçılıqda ad günü keçirmək lüks sayılarmış onlar üçün: “Onun bəxti elə doğulandan qara gəlmişdi. 1992-ci il, fevralın 23-də dünyaya gəlmişdi yazıq balam. Bütün qonum-qonşu, yaxınlar həmin gün zirzəmiyə yığılmışdıq. Ermənilər güclü hücuma başlamışdı həmin vaxt. Xocalı hər tərəfdən atəşə tutulmuşdu. Mən də ayıb olmasın, elə uşağı o zirzəmidə dünyaya gətirdim. Arvadlar araya bir adyal çəkdilər, sancılarım başladı, sonra uşaq doğuldu. Sonra erməni əsgərlər zirzəmidəki səsi eşitdilər, çünki təpəmizin üstündə yeriyirdilər. Məhsəti türklərindən olan bir kişi dedi ki, gəlin əlimizə ağ bayraq alıb çıxaq. Ermənilər qapını açan kimi kişini vurub öldürdülər, sonra yaralanan yaralandı, öldürülən öldürüldü. Oğlumun başı, qolu yaralandı. Bizi döyə-döyə Stepanakertə apardılar”.
Rusiyalı jurnalist: “Mən yeni
doğulmuş o körpəni qorumalı idim”
STOP: Jurnalist V.İvleva da məqaləsində bu məqamı belə xatırlayır: “1992-ci il, fevralın 26-da Xankəndi yaxınlığında erməni əsgərlərinin əhatəsində müharibədən reportaj hazırlayarkən duman və çovğunun arasından erməni silahlılarının müşayiəti altında bizə tərəf hərəkət edən, çoxu ayaqyalın, başı açıq olan dəstəni gördüm. Onların arasında bir qadın da dayanmışdı, yanında iki azyaşlı uşağı var idi. Qadının qucağında təxminən yaş yarımlıq, başından və ayağından qəlpə yarası almış oğlan uşağı, bir də təzə doğulmuş körpə gördüm. Onların necə əsir götürüldüyünün şahidi olmamışdım, çünki mən cəbhənin ikinci eşelonunda, həkimlərlə bir sırada idim. Erməni əsgərlərinin hamısının qollarında bir-birini tanımaq üçün ağ sarğı var idi, mənim də qoluma belə sarğı bağlamışdılar ki, tanısınlar və atəş açmasınlar. Ancaq həmin gün sarğı haradasa itmişdi, əsirləri gətirən erməni əsgərlərindən biri gözlənilmədən avtomatın qundağı ilə kürəyimə iki zərbə endirib anlamadığım dildə nəsə dedi. Bu zərbələrin ağrısını bütün həyatım boyu hiss edəcəyəm. Sivilizasiyanın yoxa çıxdığı bir vaxtda əsgər çəkmələrinin tozunda mən heç kimə çevrilmişdim. Yanımda bir də təzə doğulmuş körpə var idi və mən onu qorumalı idim”.
Jurnalist yazır ki, həmin qadın və uşaqlar da daxil olmaqla Xocalı əsirlərindən bir hissəsi iki gün sonra qaytarıldı. V.İvleva əsirlikdə olarkən qadına və körpələrə bir az pal-paltar tapıb verdiyini də yazır. Qaytarılmaq üçün aparılanda isə jurnalist körpənin anasına bir az pul verməyə imkan tapır: “Onları köhnə avtobusa doldurub dəyişmək üçün apardılar, mən qadının ancaq adını və Xocalıda məskunlaşan Məhsəti türklərindən olduğunu öyrənə bilmişdim”.
“Günay üç günlük
olanda xəsarət alıb epilepsiya xəstəsi oldu”
Hekayət bununla bitmir. Mehriban xanımın mənə danışdıqları ilə davam edirəm. Həmin hadisə baş verəndə, yəni 26 fevralda cəmi 3 günlük körpə olan Günay da anasından ayrı düşür. Qadın o hücumda başını itirir, bir də dönüb geri baxanda görür ki, körpə bələkdən qarın üstünə düşüb: “Uşağı sonra mənə həmin jurnalist qız gətirdi. Əsirlikdə isə ermənilər bizi döyürdü. Məndən tələb edirdilər ki, ərin polisdir, onun adını, yerini de, səni buraxaq. Yoldaşımla da elə 22 fevralda sağollaşmışdıq. Uşağın dünyaya gəlməsinə bircə gün qalmış. O, döyüşə getdi, sonra da ölüm xəbərini aldıq. Körpəsini görmədi. 3 uşaqla təkbaşına qaldım. Bizim öldü-qaldımızdan xəbər tutmadı. Sonra da Günayımın müalicəsi, həkimlər... Sağalda bilmədim balamı. Həkimlər dedi ki, xəstəliyinin səbəbi 3 günlük olanda başına gələnlərdir. Qarın üstünə düşüb, soyuq vurub, xəsarət alıb. Axırda da epilepsiya xəstəliyinə tutuldu”.
Ana xəstəliyin adını belə tələffüz edə bilmir. “Epil... epile...” deyib dayanır. Ağlaya-ağlaya davam edir ki, bu zəhrimarın adı hər nədirsə, gül kimi balasını hər gün daha da əridirmiş. Həkimlər bir dəfə balaca Günayın müalicəsi üçün beyin əməliyyatının vacib olduğunu deyiblər: “2003-cü ildən uşağın xəstəliyi böyüdü. Bakıdakı bir neçə xəstəxanaya, Beyləqana apardıq. Respublika Klinik Xəstəxanasında dedilər ki, yazılı icazə verin, uşağın beynini əməliyyat edək. Amma tam sağalmasına qarantiya vermədilər. 3 il boyunca uşaq sağlam olacaqdı, amma 3 ildən sonra xəstəlik yenə də baş qaldıracaqdı. Qohumlarla məsləhətləşdik, hamı dedi, təhlükəlidir. Mən də qorxdum, əməliyyata qoymadım. Amma 6 aydan bir müalicəsini dəyişirdik. Yetim balam dava-dərmandan elə iyrənmişdi ki... Sonra nitq qabiliyyətini itirdi. Hamı deyirdi, imkan varsa, Türkiyəyə, İrana müalicə üçün apar. Amma imkan nə gəzirdi?!”
“İmkansızlıqdan bədbəxt
balama heç ehsan da verə bilmirəm...”
Günay məktəbə 2003-cü ilə qədər gedə bilib. 5-ci sinfə qədər oxuyub. Anası deyir, elmə, təhsilə o qədər marağı olub ki, hamı onunla fəxr edib: “Onda deyirdi ki, həkim olacağam, özüm-özümü müalicə edəcəyəm. Beyləqanda atasının adına olan Həmzəyev Abdulla adına məktəbdə oxuyurdu. Xəstəliyi şiddətlənəndə beynində nə vardısa, hamısı uçub gedirdi. Onda dəli olurduq biz də. O inandığınız Allah haqqı, uşağa baxsanız, heç demək olmazdı ki, xəstədir. O qədər yaraşıqlı, gözəgəlimli idi ki, balam. Allah erməninin evini yıxsın, ocağını söndürsün. Uşağımı xəstə eləyib ömrünü kəsdi. Gözümün yaşı qurumur, heç qurumayacaq da...”
Söhbət çatır Günayın son günlərinə. Mehriban xanım deyir ki, oğlu Günayı bayrama görə öz evlərinə aparır ki, oradan da Mirmövsüm ağanın ocağına getsinlər: “Onu tez-tez Mirmövsüm ağanın ocağına aparırdıq. Hər dəfə ora gedəndə də xeyri dəyirdi uşağa. Qardaşıgil bir dəfə aparıblar ocağa. İstəyiblər ikinci dəfə də aparsınlar. Xəstəliyi tutub. Böyük qızım bilirdi onun xəstəliyini. Xəstəlik tutanda neyləmək lazım olduğunu da. Amma qardaşıgil bilməyib. Uşağın vəziyyəti gərginləşib, başlayıb xırıldamağa. Dava-dərman ediblər, sonra qardaşı hay-küy salıb. Oxumuş adamlar gəliblər, görüblər ki, uşaq əldən gedib”.
O gündən
bəri ana özünü suçlayır. “Kaş
ki gözdən qoymasaydım”, “Kaş ki özüm də
onunla getsəydim”lə başlayan cümlələr doldurub
dil-dodağını. Maddi imkansızlıqdan müalicəsini
apara bilmədiyi qızının ruhu
qarşısındakı suçluluq duyğusu da heç
aman vermir. Gələn həftənin çərşənbə
axşamı Günayın yeddi mərasimidir. Ana
imkansızlıqdan qızına yas mərasimi verə bilməyəcək:
“Sağlığında ona heç nə edə bilmədim.
Allaha yalvarıram, heç olmasa həmin günə qədər
bir köməklik olsun, barı qızımın
qabağındakı son borcumu yerinə yetirə bilim. Onun da ruhu şad olsun, desin,
anam adıma qazan asdı, ehsan verdi. Çox şeymi istəyirəm Allahın
altında?”
“Ərim müharibədə ölməsəydi, indi
heç kimə möhtac olmazdıq”
Həyatı
boyu heç bir məmurun, deputatın qapısını
döyməyib Mehriban xanım. Deyir, buna üzü gəlməyib:
“Deyirdilər, televiziyalara çıx, dərdini de, qəzetlərə
danış. Fikirləşirdim, ayıbdı.
Bu günə qədər heç kəs bizim vəziyyətimizlə
dərindən maraqlanmayıb. Baxıram,
elə şəhid ailələri var ki, bütün dərd-sərləri
həll olunub. Amma mənim bir balam xəstə
yatağında, o biri oğlumun ayağında qəlpə ilə
heç kim dərdimizə hayan durmadı.
Oğlum da hadisə günü ayağından
qəlpə yarası almışdı. Sonradan
ayağındakı qəlpəsini çıxardılar.
Amma yazığın ağrıları,
müalicəsi yenə də davam edir”.
Heç vaxt, heç kimə
ağız açmayan ana indi bizdən xahiş edir:
“Yazın, dərdimi deyin, qoyun köməklik etsinlər. Ərimi və bir balamı itirdim, o birilərini
imkansızlığa, xəstəliyə, yoxsulluğa qurban
vermək istəmirəm. Yetim
böyümüş uşaqlardır, onsuz da bir gözləri
ac, ehtiyac içində yaşayıblar. Heç
olmasa indi hökumət onlara yiyə dursun, hökumət onlara
atalıq etsin. Mən bundan sonra bala itirmək istəmirəm...”
Acılı
ana yenə də ümidini itirmir. Deyir, əgər dövlət
başçısı, onun xanımı bu ailənin
başına gələnlərdən xəbər tutsaydı,
mütləq yardım edərdi: “Sizin qəzetinizin köməkliyi
ilə bir daha hamıdan xahiş edirəm. Ailəmizin
başçısını müharibədə, sonbeşiyi
isə o müharibənin yaratdığı xəstəliyə
görə bu günlərdə itirdik. Bir
şəhid ailəsinin göz görə-görə,
kasıblıq, xəstəlik içində yox olmasına
imkan verməyin. Ərim müharibədə
ölməsəydi, biz indi heç kimə möhtac
olmazdıq. Amma həyatın üzü
qara olsun, bizi möhtac qoydu. Heç olmasa
kömək etsinlər ki, bundan sonrakı
ömrümüzü səfalət içində keçirməyək.
Biz də bu torpağın balalarıyıq...”
Sonda... Dərdli
ananın sözlərindən sonra deyiləsi heç nə
qalmır. Sadəcə bu ailə
dramını oxuyub da ürəyi tərpənən insanlara
yardımçı olmaq üçün Mehriban
xanımın telefon nömrəsini yazırıq. Zəng vurub kiçik də olsa bir yardım etmək
sizin əlinizdədir. “Müharibə qızı”nı itirdik, amma müharibə ailəsini
yaşatmaq bizim əlimizdədir. Onun telefonu belədir: (050)
722 33 02, Mehriban Bəkirova...
Sevinc TELMANQIZI
Yeni müsavat.- 2011.- 27 mart.- S. 11.