ARAN QARABAĞDAKI QARABAĞ QAÇQINLARI

 

Əməkdaşımız Yevlax, Bərdə Ağdamda köçkünlərin həyat şəraitini öyrənib; erməni işğalı nəticəsində evlərini tərk edənlərdən rahat mənzillərə köçürülənlərvar, dözülməz şəraitdə yaşayanlar da

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz evlərindən, el-obalarından didərgin düşən yüz minlərlə azərbaycanlı uzun illər boyu ağır şərtlər altında - çadır şəhərciklərində, vaqonlarda, uçuq-sökük binalarda yaşayıb. Azərbaycan dövlətinin iqtisadi imkanlarının güclənməsi bu ağır humanitar vəziyyəti qismən də olsa aradan qaldıra bilib. İndi qaçqınlar istər Bakıda, istərsə də məskunlaşdıqları digər şəhər və rayonlarda rahat şəraitli evlərlə təmin edilirlər.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu günlərdə mətbuata verdiyi açıqlamasında deyib ki, hazırda Goranboy rayonunda 9 beşmərtəbəli binanın tikintisi gedir. Onun sözlərinə görə, bu il həmin binalar mütləq təhvil veriləcək. Baş nazirin müavini deyib ki, Naftalan şəhərinin perspektiv tikinti planı var: “Ona görə ilk növbədə qaçqın və məcburi köçkünlərin oradan çıxarılmasına çalışırıq. Onlar yeni tikilmiş beşmərtəbəli binalara köçürüləcəklər. Bir yenilik də ondan ibarətdir ki, cari ildə tikilən beşmərtəbəli binaların hamısı üzlənəcək”.

Ə.Həsənovun sözlərinə görə, Mingəçevir şəhərində köçkünlər üçün 9-10 mərtəbəli binanın tikintisi planlaşdırılır. Qeyd edək ki, artıq Mingəçevirdə salınacaq yeni şəhərcik üçün yer də ayrılıb. Həmin yerdə isə yaxın günlərdə tikinti işlərinə başlanacaq. Həmin binaların da bu il təhvil veriləcəyi gözlənilir.

“Qaçqınkom” sədri Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 500-dən çox fərdi evin tikildiyini və yaxın vaxtlarda ora fin qəsəbələrindən məcburi köçkünlərin köçürüləcəyini də deyib.

Öz evlərini tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın xeyli hissəsi də işğal altındakı ərazilərə yaxın bölgələrdə məskunlaşıb. Onların yaşayış şəraitini, arzularını öyrənmək üçün Ağdam, Bərdə və Yevlaxda olduq.

 

Yevlaxda müasir qəsəbə

 

Səfər etdiyimiz ilk rayon Yevlax oldu. Bakı-Gəncə magistral yolunun yaxınlığında köçkünlər üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət şəhərcik həqiqətən zahiri görünüşü ilə göz oxşayır. Şəhərcikdə hökm sürən abadlıq və təmizlik, insanların istirahət etməsi üçün salınmış park diqqəti cəlb edirdi. Şəhərciyə gedən yol boyu salınmış yaşıllıqlar ətrafa xüsusi yaraşıq verir. Sakinlərlə söhbət zamanı məlum oldu ki, buradakı binalar əsasən 2, 3 və 4 mənzilli evlərdən ibarətdir. Şəhərcikdə əsasən Ağdam, Kəlbəcər, Xocalı, Laçın rayonlarından didərgin düşmüş insanlar məskunlaşıb.

Ağdam köçkünü Musa Qədimov bizimlə söhbətində şəhərcikdə 10 beşmərtəbəli binanın tikildiyini dedi: “Gördüyünüz kimi, şəhərcikdə insanların yaşayışı üçün bütün şərait yaradılıb. Ərazidə böyük yaşıllıq zolağı salınıb. Mənzillər genişdir. İşıq, qaz və su problemi yoxdur. Evlərə isti su da verilir. Kanalizasiya sistemi normal işləyir. Bundan əlavə şəhərcikdə məktəb, idman meydançası var. Poliklinika yaxın olduğundan bu sahədə də çətinlik yoxdur. Amma bir məsələ var ki, insanlar işsizdirlər. İşlə bağlı ciddi çətinliklərimiz var. Axı nə qədər yardımla dolanmaq olar? Yaxşı olar ki, hökumət burada yaşayan əhalini işlə təmin etsin. Gənclərimiz işləmək üçün Bakı və Rusiyaya getməyə məcburdur”.

 

“Torpaqlarımızı döyüşməklə almaq istəyirik”

 

Şəhərcikdə olarkən onu da öyrəndik ki, buradakı 10 binada 612 ailə məskunlaşıb. Mənzillər geniş və yaraşıqlıdır. Şəhərcikdə hər cür şəraiti olan ikimərtəbəli məktəb binası, tibb məntəqəsi, uşaq bağçası fəaliyyət göstərməkdədir. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Şəhərciyə aparan yolların ətrafındakı səkilər yaraşıqlı daşlarla bəzədilib. Şəhərciyə əsasən yol kənarında fərdi evlərdə və çətin şəraitdə yaşayan köçkünlər yerləşdirilib.

Amma Yevlaxda heç də bütün qaçqınlar bu cür abad binalarda yaşamır, hələ də daxmalarda, uçuq-sökük binalarda yaşayanlar qalır. Onlar mənzil ala bilməməsindən narazı idilər. Lakin qəsəbədəki yerli nümayəndəlik yaxın zamanlarda onlar üçün də hündür mərtəbəli evlərin tikiləcəyini dedi: “Yevlaxda xeyli köçkün ailəsi var ki, onlar müəyyən səbəbdən mənzil ala bilməyiblər. Amma yaxın zamanlarda rayonda 70 ailəlik bina tikiləcək və həmin ailələr mənzillə təmin olunacaq”.

Qeyd edək ki, şəhərcikdə yaşayan köçkünlər yaşadıqları mənzillərdə müvəqqəti məskunlaşdıqlarını deyirdilər. Kəlbəcər qaçqını Sahib Nuriyev belə deyir: “Burada bizim üçün hər cür şərait yaradılsa da biz torpaqlarımıza qayıtmaq istəyirik. Elə bu səbəbdən də cəbhə bölgəsində məskunlaşmışıq. İnanmırıq ki, danışıqla erməni o torpaqları bizə qaytarsın. Biz o yerləri döyüşməklə almaq istəyirik”.

 

Palçıq daxmalarda yaşayan qaçqınlar nə istəyir?

 

Yevlaxdan fərqli olaraq Bərdədə qaçqınlar bu cür rahatlığı ancaq arzu edə bilərlər. Bu rayonda yüzlərlə qaçqın ailəsi hələ də olduqca ağır şəraitdə yaşamaqdadır. Yevlax-Bərdə yolunun kənarındakı daxmada məskunlaşmış köçkün Ələkbər Qasımovun sözlərinə görə, onlar 1992-ci ildən bura sığınıb yaşayırlar: “18 ildir qamış və palçıqdan tikilmiş evdə yaşayıram. Yağış yağanda ev tamam suyun içində qalır. Deyirlər ki, bizi də köçürəcəklər. Amma tikinti işlərinin nə vaxt başlanacağı barədə məlumatımız yoxdur. Yaşadığımız bu evlərdə demək olar ki, heç bir şərait yoxdur. Qışda isə vəziyyət daha dözülməz olur. Burada məskunlaşdığımız illər ərzində revmatizm xəstəliyi tapmışıq. İşsizlik də bizə bir dərd olub. İş olmadığından gənclərin çoxu Bakıya getməli olub”.

 

İşsizlik, dəmir vaqondakı sinif otaqları və...

 

Ərazidə yaşayanlar bizimlə söhbətində bildirdilər ki, artıq onları siyahıya alıblar: “Deyirlər ki, yaxın illərdə bizi də köçürəcəklər. Bununla bağlı artıq Bərdədə ərazi də ayrılıb”.

Bərdədəki beton zavodun inzibati binasında yaşayan köçkünlərin də həyat şəraiti ağırdır. Bu binada insan yaşayışı üçün demək olar ki, heç bir şərait yoxdur. İnsanlar neçə illərdir beton döşəmələrdə yatmalı olurlar. Söhbətləşdiyimiz köçkünlər köçürüləcəkləri günləri səbirsizliklə gözləməkdədirlər. Burada da qaçqınların əsas problemi işsizlikdir. Bərdədə olarkən köçkün uşaqların təhsillə bağlı ciddi problemlərinin olduğunun da şahidi olduq. Belə ki, Ağdamdan məcburi köçkün düşmüş uşaqlar hələ də dəmir vaqonlarda dərs keçir. Onlar qışın soyuğunda, yayın istisində dəmir vaqonlarda təhsil alır. Elə bunun nəticəsidir ki, bu massivdə yaşayanlar arasında ali məktəbə daxil olanların sayı sıfıra bərabərdir. Bu nəticə köçkünləri narahat edir və onlar təhsil probleminin tezliklə həll olunmasını istəyirlər.

 

Quzanlıda köçhaköç...

 

Yolumuz Quzanlıyadır. Bərdədən Ağdama, əsas hissəsi erməni işğalı altında olan bu rayonun müvəqqəti inzibati mərkəzi hesab edilən Quzanlı kəndinə yollanırıq. Bərdədən Ağdama aparan yol bərbad olsa da Ağdamın girəcəyində yollar yeni salınıb. Xüsusən də Ağdamın girəcəyində şəhidlərin xatirəsinə salınmış park və təpənin üzərində ucaldılmış dövlət bayrağı diqqəti cəlb edirdi. Quzanlı qəsəbəsi isə xeyli abadlaşdırılıb.

Son illər Ağdam ərazisində köçkünlər üçün xeyli qəsəbə salınıb. Bu günlərdə isə Quzanlı yaxınlığında məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilib. Bununla da Quzanlı qəsəbəsindəki fin evlərində yaşayanlar daha rahat və şəraitli yeni evlərə köçürülüblər. Lakin bu qəsəbədə evlərin paylanması zamanı narazılıq da olub. Belə ki, vaxtilə fin evləri şəhərciyində qeydiyyatda olmuş, amma sonradan başqa yerlərdə yaşamış köçkünlərin evlə təmin olunmaması narazılıq yaranıb. Amma sonradan onların da problemi öz həllini tapıb.

Sakinlərin dediyinə görə, qəsəbəyə 689 ailə köçürülüb. Amma bununla da yekunlaşmır. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində, cəbhə xəttinin yaxınlığında məcburi köçkünlər üçün yeni qəsəbənin inşası davam etdirilir. Xatırladaq ki, Quzanlı qəsəbəsinin ətrafında dövlət proqramına uyğun olaraq salınan yeni yaşayış massivi cəbhə xəttinin təxminən 5 km- yerləşir. Bu qəsəbələrdə insanlara evlə yanaşı 6 sot torpaq sahəsi ayrılıb. Bundan əlavə, onlara təsərrüfatla məşğul olmaları üçün torpaqlar da verilib. Buradakı evlər əsasən 2, 3 4 mənzildən ibarətdir. Qəsəbə demək olar ki, qazlaşdırılıb. İşıq su problemi yoxdur.

Qəsəbə sakini Afilə xanımın sözlərinə görə, burada məskunlaşanlar əsasən kənd təsərrüfatı işləri ilə məşğuldur. Amma işsizlik problemi buradan da yan keçməyib. Xatırladaq ki, qəsəbə Ağdamın cəbhə xəttinə yaxın ərazisində salınan sayca 17-ci yaşayış massividir. Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumata görə, gələcəkdə rayon ərazisində daha iki qəsəbənin salınması planlaşdırılır. Həmin yaşayış massivlərinə Ağdam-Bərdə magistral yolunun kənarında, həmçinin Tərtər rayonununDörd yoladlanan ərazisində yaşayan 987 ailənin köçürülməsi nəzərdə tutulub.

 

 

Məhəbbət ORUCOV,

Bakı-Yevlax-Bərdə-Ağdam-Bakı

 

Yeni Müsavat.- 2011.- 15 may.- S. 11.