QARABAĞ CƏBHƏSİNDƏ
TƏHLÜKƏLİ VƏZİYYƏT
Ermənistan ordusu bütün cəbhə
boyu fəallaşıb, xarici və yerli ekspertlər müxtəlif
fikirlər səsləndirir
Ermənistan-Azərbaycan
münaqişəsi bölgəsində hərbi gərginliyin
yenidən yüksəlməsi müşahidə edilir. Cəbhədən
alınan xəbərlərə əsasən, Ermənistan
silahlı qüvvələri bütün istiqamətlərdə
fəallaşıblar və Azərbaycan ordusunun mövqelərini
atəşə tuturlar. Təbii ki, düşmən adekvat
cavab alır və son bir neçə gündə azı
üç əsgərini itirib. Erməni mənbələri
ötən həftə Azərbaycan ordusunun snayperləri tərəfindən
açılan atəşlərlə üç əsgər
itirdiklərini təsdiq edirlər. Azərbaycan Müdafiə
Nazirliyinin rəsmisi Eldar Sabiroğlu isə bildirir ki, aprelin
29-da iki erməni əsgərinin Ermənistan vətəndaşı
olan əsgər tərəfindən güllələndiyi barədə
onların əlində məlumat var.
E.Sabiroğlu
bu insidentin Ermənistan ordusunda Qarabağdan və Ermənistandan
olan çağırışçılar arasında tez-tez
baş verən qarşıdurmalarla bağlı olduğunu
açıqlayıb. Müdafiə Nazirliyinin rəsmisi deyir
ki, Ermənistan tərəfi bu qarşıdurma nəticəsində
öldürülən əsgərlərinə görə məsuliyyəti
Azərbaycan tərəfinin üzərinə atmağa
çalışır.
***
Ermənistan təbliğatı da boş dayanmır və düşmən ölkənin KİV-ləri guya Azərbaycan ordusunun da itkilər verdiyini, lakin bu itkilərin gizlədildiyini iddia edir. Məsələn, bildirilir ki, Facebook sosial şəbəkəsində dolaşan məlumatlara əsasən, Astara rayonunda bazar günü cəbhədə həlak olmuş əsgərin dəfn mərasimi olub. İddiaya görə, həmin məlumatı yayan istifadəçi daha 3 əsgərin həlak olduğunu bildirir. Lakin bu təbliğatın erməni ordusundakı son itkilərə cavab olaraq aparıldığını təxmin etmək çətin deyil. “NEWS.am” saytına açıqlama verən rusiyalı hərbi ekspert, Siyasi və Hərbi Araşdırmalar İnstitutunun analitiki Aleksandr Xramçixin isə deyir ki, Azərbaycan ordusu erməni əsgərlərini daim bu cür öldürəcək. Çünki Azərbaycan Qarabağın işğalı ilə barışmaq niyyətində deyil. Ekspertə görə, təmas xəttində intensiv xarakter alan toqquşmalar hərbi əməliyyatların başlanmasına aparır. O qeyd edib ki, hərbi əməliyyatlar başlasa, heç kim kimin birinci silaha əl atdığını ayrıd etməyəcək. “Qarşılıqlı olaraq baş verən atışmalar istər-istəməz böyük müharibəyə aparır. Bu, danışıqlar prosesinin nəticəsiz qalmasının əlamətidir. Vəziyyət heç vaxt olmayan qədər gərgindir” deyə, ekspert vurğulayıb.
***
Cəbhə xəttində atəşkəsin pozulması hallarının artması bu dəfə Minsk Qrupunun həmsədrlərindən ABŞ-ın fəallaşması ilə eyni vaxta təsadüf edib. Belə ki, ötən həftə Minsk Qrupunun həmsədrləri Vaşinqtonda dövlət katibinin siyasi işlər üzrə müavini Nikolas Bernslə görüşərək Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Danışıqlar son üç ildə Rusiyanın vasitəçiliyi altında aparılırdı və ABŞ prosesdə fəal rola malik deyildi. Lakin Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi gözlənilən nəticələri verməyib. Artıq Kremlin vasitəçilik missiyasının uğursuzluğa düçar olması barədə fikirlər səslənir. Digər tərəfdən, Rusiyanın özündə vəziyyət qeyri-müəyyəndir. Gələnilki prezident seçkilərində Putin-Medvedyev tandemindən kimin namizəd olacağı məlum deyil, onların arasında rəqabət getdikcə daha açıq və sərt forma alır. Belə bir vaxtda Rusiya rəhbərliyinin Cənubi Qafqazdakı proseslərin axarını dəyişdirə biləcək addımlar atmaq imkanları məhdud görünür. Nəzəri olaraq Medvedyev Qarabağ münaqişəsinin nizamlanması üçün hərəkətə keçə bilər, ancaq Putinin də bunu dəstəkləməsi tələb olunacaq. Belə ziddiyyətli siyasi proseslərin yaşandığı bir vaxtda Minsk Qrupu həmsədrləri Qarabağ nizamlanması ətrafında vəziyyətin dalana dirəndiyini görərək uzun müddətdən bəri ilk dəfə Vaşinqtonda məsləhətləşmələr aparıblar. Eyni vaxtda ABŞ dövlət katibinin köməkçisi, Qarabağ danışıqlarını kurasiya edən diplomat Tina Kaydenau regiona səfər edib. O, əvvəlcə Bakıda prezident və xarici işlər naziri ilə görüşlər keçirib, daha sonra ABŞ-ın üç Cənubi Qafqaz ölkəsindəki səfirlərini Tiflisə toplayıb və ardınca İrəvanda danışıqlar aparıb. Hər üç halda müzakirələrin mərkəzi mövzusu Qarabağdır.
***
Bütün bunlar Birləşmiş Ştatların nəhayət münaqişə ilə daha yaxından məşğul olmaq səyləri ilə izah edilə bilərdi. Lakin olduqca ilgincdir ki, məhz bu günlərdə təmas xəttində atışmalar çoxaldı, erməni qüvvələri Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutmağa başladılar və itki verdilər. Rəsmi İrəvan dərhal Azərbaycanı atəşkəsin qorunmasına dair razılaşmanı pozmaqda günahlandırdı. Sanki bütün bunlar ABŞ-ın səylərinə mane olmaq üçün planlaşdırılmışdı. Prezidentlərin Soçi görüşündən dərhal sonra cəbhə xəttində erməni qüvvələrinin törətdiyi təxribatları da nəzərə alsaq, o zaman belə qənaət formalaşar ki, hansısa qüvvələr nizamlama prosesində canlanma müşahidə edən kimi gərginliyi artırmaq planlarını işə salır. Bütün bunların fonunda Azərbaycan ordusunun işğal edilmiş əraziləri azad etməyə yönələn hərbi əməliyyatlar üçün hazırlıqları yüksəltdiyi haqda xəbərlər gəlir. Belə görünür ki, beynəlxalq güclər-ABŞ, Rusiya və digərləri Ermənistanı müzakirə edilən sülh prinsiplərinə razılaşmağa məcbur etməsələr müharibə doğrudan da qaçılmaz olacaq.
***
Politoloq İlqar Məmmədov isə hesab edir ki, gərginliyin bu cür artdığı bir vaxtda ermənilərin Xocalı yaxınlığında aeroportu işə salmaq üçün göstərdikləri cəhd mülki xarakterli olmayıb hərbi təxribat cəhdi idi. Politoloq 1news.az saytına açıqlamasında deyir ki, ermənilər üçün Xocalı aeroportunun açılması ilk növbədə hərbi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı separatçı erməni rejimi hava qüvvələrindən məhrumdur, o, Azərbaycanın hazırda malik olduğu hərbi təyyarələrin heç yüzdə birinə də malik deyil. “Azərbaycan hazırda havada erməni ordusu üzərində tam üstünlüyə malikdir. 200-ə qədər təyyarənin müqabilində separatçı rejimin əlində sınıq-salxaq bir-iki təyyarə var. Bunu hamı bilir. Ona görə də ermənilər aeroportu açmaqla çalışırdılar ki, ora Ermənistandan bir neçə döyüş təyyarəsi gətirsinlər, onları ”DQR" hava qüvvələri adı altında rəngləsinlər və Qarabağda hərbi əməliyyatların başlanması zamanı istifadə etsinlər" deyə, İ.Məmmədov bildirir. Onun sözlərinə görə, beynəlxalq hərbi analitiklər də təsdiq edir ki, erməni tərəfində döyüş aviasiyasının zəif olması mümkün müharibədə onların ən zəif tərəfidir. Doğrudur, Ermənistanın özündə döyüş təyyarələri var, lakin politoloqa görə, əgər onlar Azərbaycan hava məkanına daxil olub hərbi əməliyyata qatılsalar Ermənistanı cavab zərbələrinin hədəfinə çevirəcəklər. Bu halda heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da Ermənistanın müdafiəsi üçün qərar çıxarmağa ixtiyarı olmayacaq. “Ona görə də aeroportu açmaq cəhdi hərbi təxribat idi. Azərbaycan bunu heç cür sakit qarşılaya bilməz və hətta aeroportun açılması hərbi əməliyyatların başlanması üçün əsas ola bilər” deyə, politoloq bildirir.
***
Münaqişə ətrafında gərginliyin artması, Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərlərin yayıldığı bir vaxtda Gürcüstanın Ermənistandakı Rusiya bazası üçün təchizat kanalını kəsməsi də geniş müzakirə edilir. Bu hərbi baza mümkün müharibə zamanı Ermənistan üçün əsas “kozır” sayılır. Hərbi bazaya yüklərin daşınması adı altında Rusiya Qarabağda mümkün müharibə zamanı Ermənistanı silah-sursatla təchiz edə bilərdi. İndi isə yüklərin haradan daşınacağı barədə müzakirələr gedir. Rusiyalı hərbi ekspert, Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri, istefada olan polkovnik Anatoli Tsıqanyok Gümrü bazasına yüklərin daşına biləcəyi marşrutları təhlil edir. Onun fikrincə, birinci marşrut Türkiyənin hava sahəsindən və quru ərazisindən keçə bilər. “Tamamilə mümkündür ki, Gürcüstanı Rusiya ilə münasibətləri kəskinləşdirməyə sövq edən Türkiyə öz ərazisindən hərbi yüklərin Ermənistana daşınmasına icazə verəcək. Bu, Ankaraya imkan verərdi ki, həmin tranzit üzərində nəzarət əldə etsin, istədiyi vaxt yüklərin qarşısını alsın” deyə, ekspert bildirir.
***
İkinci
variant isə nə qədər qeyri-real olsa da Azərbaycan
göstərilir. Tsıqanyoka
görə, bu daha çox ağlabatan variantdır. Lakin bunun baş
tutması üçün
Rusiya gərək Azərbaycana güzəştə
getsin, söhbət həm siyasi, həm hərb-texniki, iqtisadi və digər güzəştlərdən
gedir. Ekspertə görə, üçüncü
variant Həştərxan-Ənzəli-Mehri
marşrutudur. Bu, ən
real, ancaq ən uzun marşrutdur. Tsıqanyok deyir ki, Qarabağda müharibə gedəndə
bu variant uğurla fəaliyyət göstərib,
lakin məhdud müddətdə. Yəni
Rusiya Ermənistana silahları İran üzərindən çatdırıb.
Ekspert qeyd edir ki, bu
marşrut uzun olmaqla bərabər həm də çox xərc aparır. Rusiyalı ekspert daha sonra
təklif edir ki, Gümrü bazasında ehtiyatları artırmaq, həm də oradakı hərbçiləri müqaviləyə
keçirmək olar. Yəni baza Rusiyadan yüklərin uzun müddət gəlməməsinə hazır
ola bilər və oradakı canlı qüvvə Ermənistan vətəndaşları
hesabına formalaşar.
Nəhayət, ekspertə
görə, bazaya yükləri Ermənistanın
hərbi-nəqliyyat təyyarələri
Gürcüstan üzərindən
daşıya bilər.
Bu zaman yüklərin
Gümrü bazası
üçün deyil,
Ermənistan ordusu üçün nəzərdə
tutulduğunu göstərmək
olar. Tsıqanyoka görə, hazırda əsas məsələ bazanın təchizatı yox, Rusiyanın regiondakı müttəfiqi
Ermənistanla nəqliyyat-kommunikasiya
əlaqələrinin məhdudlaşmasıdır.
Belə görünür
ki, hərbi əməliyyatlar başlasa,
Ermənistan üçün
bu dəfə də əsas təchizat mənbəyi İran olacaq.
Yeni Müsavat.- 2011.- 4 may.- S. 15.