“EUROVİSİON” QALİBİNİN
ATASI “YENİ MÜSAVAT”a DANIŞDI
Pərviz Qasımov: “Allah özü əmr
edir ki, Eldar musiqi karyerasını davam etdirsin”
“Eurovision-2011”
müsabiqəsinin qaliblərindən olan Eldar Qasımov barədə
mətbuat az-çox məlumatlıdır. Amma qalibi bir dəfə
də atasının dilindən tanımaq istədik. Dünya
üçün, Azərbaycan üçün o, sadəcə
bir qalibdir. Bəs atası Pərviz Qasımov
üçün necə?
Buyurun, Pərviz bəyin
suallarımıza təvazökar və səmimi cavabları
ilə özünüz
- Təbii
ki, sevincimiz hələ də davam edir. Təkcə mənimçün
yox, ümumən bütün ölkə üçün. Bu
qələbənin masştabı çox genişdir. Bunu qəbul
etmək lazımdır.
- Qələbəni gözləyirdinizmi?
- Təbii,
ümid edirdim ki, o qalib gələcək. Bunu özünə
də deyirdim. Müsabiqədən əvvəl danışanda
deyirdim sənin qalib gəlməni arzulayıram, ləyaqətlə
çıxış edəcəyinə inanıram. Eldar
çox qətiyyətli oğlandır. Qarşısına məqsəd
qoyanda ona mütləq çatır. Məktəbi əla qiymətlərlə,
Bakı Slavyan Universitetini qırmızı diplomla qurtarıb,
magistraturaya qəbul olub. Xarici dil mənimsəmə qabiliyyəti
yüksəkdir. Bir neçə dil bilir. Gözəl musiqi
duyma qabiliyyəti var. Ona görə də bilirdim ki, bu
işin öhdəsindən layiqincə gələcək. Amma
birinci yer... Düzü, çox gözəl xəbər oldu.
- Müsabiqəni evdə izləyirdiniz?
- Bəli,
evimizdə televizordan izləyirdik. Ailədən heç kim
onu müsabiqədə müşayiət etməmişdi. Mən
gedə bilmirdim. Evdə təmir gedirdi, başqa işlər də
vardı. Sona 3 ölkə qalanda artıq bilirdim ki, biz qalibik.
Amma yenə də həyəcanlı idim. Öncə azərbaycanlı,
ikinci də ata kimi.
- Qələbə xəbərini
televizordan aldınız, sonra dərhal özü ilə
danışdınız, eləmi?
- Dərhal
danışa bilmədik. Çünki orda mətbuat
konfransı oldu. Müəyyən təşkilati məsələlər
yoluna qoyulandan sonra telefonla danışdıq. Bir neçə
saat keçdi. Danışanda da ilk sözü bu oldu ki, “biz
bunun öhdəsindən gələ bildik”. Mən sevincimdən
ağlayırdım.
- Bəs Eldar bu müsabiqəyə
qatılma barədə necə qərara gəldi? Sizinlə məsləhətləşdimi?
-
Özü qərar verdi. O, uşaqlıqdan oxuyub. Evdə o qədər
tərifnamələri var ki. Hər il hansısa beynəlxalq
müsabiqədə iştirak edirdi. Düzdür, professional
musiqi müsabiqələri deyildi, amma həmişə birinci
yeri tuturdu. Uşaq xorunda da iştirak edirdi. Ötən ilsə
“Eurovision” üçün seçim turları başlayanda sənədlərini
verdi və seçildi. Məncə, elə ilk gündən o,
bir çoxlarının xoşuna gəlməyə də
başlamışdı.
- Yəni müstəqil qərar
verdi, tura qatıldı və seçildi. Ailəsinin bu məsələdə
hər hansı iştirakı olmadı?
- Xeyr, o,
bu qərarı verdi, bizə də dedi. Sonra da dediyim kimi,
turdan keçdi. Eldar həmişə müstəqil qərarları,
qətiyyətli, əzmkar hərəkətləri ilə
seçilib. İstəyib, çalışıb, sonra da məqsədinə
çatıb.
- Dediniz ki, məktəbdə
yaxşı oxuyub. Bəs necə uşaq olub? Sakit,
dalaşqan, yoxsa...?
-
Çox sözəbaxan, yaxşı uşaq olub. Heç vaxt
məni incitdiyini deyə bilmərəm. Özündən
kiçik bir qardaşı da var. Balaca olanda anam Firəngiz
xanım üçün tamaşalar hazırlayardı.
2-3-cü sinifdə oxuyurdu. Anama deyirdi, sən bu otaqdakı
kresloda otur. Özü o biri otaqda hazırlaşırdı, hər
iki divardan pərdə asırdı. Bəzən pərdənin
bir ucunu mən, o biri ucunu qardaşı tuturdu.
Çıxıb tamaşasını oynayır,
alqışdan sonra da baş əyib gedirdi. Balaca tikiş
maşını vardı, orda özü üçün səhnə
paltarları tikirdi. Çox maraqlı uşaq idi...
- Oğlunuzun həyatı,
karyerası ilə bağlı gələcək
üçün nə kimi planlarınız var? Yəqin ki,
artıq bu barədə oturub danışmaq imkanınız
olub...
- Təbii
ki. Eldar musiqi karyerasını davam etdirmək istəyir. Əgər
Eldar Avropadakı musiqi yarışmasında birinci yer tutubsa,
Allah özü əmr edir ki, o, bu işin arxasınca getsin.
İxtisasına görə Bakı Slavyan Universitetinin beynəlxalq
əlaqələr fakültəsini bitirib. Amma hər halda, qərar
özünündür.
- Oğlunuzun musiqi karyerasını
Azərbaycanda davam etdirməsini istəyərdinizmi?
- Əlbəttə,
öz doğma vətənində davam etdirməsini istəyərəm.
O, artıq Avropadakı yarışmada qalibdirsə, deməli,
Azərbaycanda da bu sahədə uğurlu bir yolla davam edə
bilər.
- Oğlunuz dövlət
başçısı İlham Əliyevlə artıq
görüşüb. Təəssüratları necədir?
-
Çox isti təəssüratları var idi. Onun
yaşındakı bir insan üçün böyük bir
hadisə baş verib. O da hazırda bu qələbənin
sevinci ilə yaşayır. Amma düzünü deyim ki, gələndən
sonra mən onunla çox da uzun müddət görüşə
bilməmişəm. Çünki indi işləri,
görüşləri çoxdur. Məsuliyyətli bir
işin öhdəsindən gəlib, bunun da yükünü
çəkməlidir.
- Eldar üçün dövlət
səviyyəsində nələr ediləcək? Ev, fəxri
ad... verilməsi nəzərdə tutulubmu?
-
Düzü, mən məsələnin bu cür qoyuluşunu qəbul
etmirəm. O, bu qələbəni qazanıb. Birincisi,
özü üçün, özünün musiqi
zövqü üçün edib. Çünki Eldar musiqi ilə
yaşayır. İkincisi də bunu bizim hamımız
üçün edib. Ürəyindən gələn şeyi
edib. Siz bizim ailəni, nəsli yəqin ki,
tanıyırsınız. Bizim nəsildəki məşhurlar
bu işi nəyə görə görüblər, bu sənəti
niyə icra ediblər? Kimsə onları tərifləsin, kimsə
onlara nəsə versin deyə? Yox. Onlar bu sənətlə nəfəs
alıb. Eldar da onlar kimi. Bu sənəti seçib, icra edib, gənc
yaşında bu cür uğura imza atıb. Onun fikirlərində,
arzularında da belə şey yoxdur ki, kimsə ona nəsə
versin, hansısa formada mükafatlandırsın. O, ən
böyük mükafatını artıq alıb. Müğənni
olmaq istəyirdi və oldu.
- Sizin nəsil haqqında bilənlər
bilir. Amma bilməyənlər üçün mümkünsə
bir az daha detallı məlumat verin. Eldar kimin nəvəsi,
kimin nəticəsidir?
- Eldar Firəngiz
Şərifovanın nəvəsidir. Firəngiz xanım da xalq
artistidir, özü də xalq artistləri Abbasmirzə Şərifzadə
və Mərziyyə Davudovanın qızıdır.
Eldarın babası, yəni mənim atam, Firəngiz
xanımın da yoldaşı Balağa Qasımov ötən
il rəhmətə gedib. O da bütün həyatı boyu
Musiqili Komediya Teatrının direktoru olub, Gənc
Tamaşaçılar Teatrına da rəhbərlik edib. Eldar
belə bir ailədən gəlib.
- Eldarın son üç ildə
xaricdə təhsil alması ilə bağlı məlumatlar
da vardı yanılmasaq...
- Yox, o,
xaricdə yaşamayıb son 3 il. Sadəcə olaraq, DRT
adlı alman təşkilatı var. Eldar alman dilini öyrənmişdi,
amma bu təşkilatın filialı onun alman dilini daha da
inkişaf etdirməsi üçün bir müddət
Almaniyaya göndərdi. Siz onun ingilis dilində necə
danışdığını eşitdiniz. Eldar almanca ingilis
dilindəkindən də yaxşı danışır.
- Pərviz bəy, oğlunuz
müsabiqədə El adı ilə təqdim edildi. Atası
olaraq buna münasibətinizi bilmək istərdik. Sizin
qoyduğunuz adla - Eldarla çıxış etsəydi, daha
doğru olardımı, sizcə?
- Buna mən
qərar vermirəm. Əgər bu müsabiqəyə gedirsənsə,
onu da bilməlisən ki, orada qaydaları diktə edəcəklər.
Futbolda necədir? Konkret qaydalar var və hamı ona tabe olur. Məncə,
bu ad məsələsində də
düşünülmüş bir qərar verilib. Hər
şeydən əsas odur ki, ortada nəticə var. Fərqi nədir,
onu Eldar adı ilə qazanıb, yoxsa El adı ilə? Onlar bu
qələbəni Azərbaycana gətirib. Nigar da, Eldar da qəlbən,
ruhən azərbaycanlıdır, Azərbaycanı təmsil
edib, onun adını yüksəldiblər. Məncə, əsas
məsələ budur.
- Gələn il bu müsabiqə Azərbaycanda
keçiriləcək. Eldarın atası olaraq sizin üzərinizə
hansı funksiya düşəcək?
-
Düzü, mənə heç bir tapşırıq və
ya təklif gəlməyib. Amma məndən asılı nə
varsa, etməyə hazıram. Nigarı da Eldardan
ayırmıram, ikisi də mənim balalarımdır. Dövlət
məndən nə kömək istəsə, məmnuniyyətlə
əlimdən gələni edərəm.
- Pərviz bəy, bayaq valideynlərinizdən
danışdıq, amma sizin məsləyi soruşmadıq. Siz
də incəsənət adamısınız?
- Xeyr, mən
həkiməm. Həmişə də idarəetmə sahəsində
çalışmışam. Amma bunun detallarına varmaq istəmirəm.
Bacım da mənim kimi həkimdir. Bir məsəl var ki, təbiət
övladlarda dincəlir. Mən gen informasiyalarının
daşıyıcısı olmuşam (gülür).
- Eldar hələ gənc olsa da
artıq fanatları yaranıb, onu sevən qızlar da yəqin
ki, çoxdur. Evlənmək planı varmı yaxın
vaxtlarda? Ailəsi bununla bağlı nə fikirləşir?
- Məncə,
bu barədə Eldar özü fikirləşməlidir, ailəsi
yox (gülür). Amma hesab edirəm ki, hələ o barədə
düşünməsi üçün tezdir. Yenə də
deyirəm, onun qərarlarına hörmətlə
yanaşıram. Kimi sevsə, evlənəcəyi qız kimi gətirib
bizimlə tanış etsə, biz ona can-başla
razılıq verəcəyik. Biz valideyn olsaq da yalnız
müəyyən məsələlərdə məsləhətlər
verə bilərik, diktə etmək olmaz nəyisə.
Sevinc TELMANQIZI
Yeni Müsavat.- 2011.- 18 may.- S. 3.