NƏRƏ BALIQLARINI NECƏ XİLAS ETMƏLİ

 

Planetin ən nadir balıq növlərindən biri təhlükədədir; Xəzərin statusunun qeyri-müəyyənliyi ekoloji böhranı dərinləşdirir

 

Alimlər tərəfindən bəzən dünyanın “8-ci möcüzəsiadlandırılan, planetin ən nadir balıq növlərindən olan nərə balıqları tükənmək təhlükəsi qarşısındadır. Qlobal əhəmiyyət kəsb edən, lakin bilavasitə Xəzər sahilində yerləşən beş ölkəni, o cümlədən Azərbaycanı əhatə edən bu problem uzun müddətdir gündəmdədir. Belə ki, dünya üzrə nərə ehtiyatlarının 80-90 faizi, bəzi məlumatlara görə isə hətta 95 faizi Xəzər dənizində cəmləşib.

Uzun illər boyu bu nadir fauna növünün amansız istismarı, dənizin çirklənməsi onların ehtiyatlarını kəskin azaldıb. Hesablamalara görə, Xəzərin nərə ehtiyatlarının həcmi 1970-ci ildən bu yana 90 dəfə azalıb. Mütəxəssislər xəbərdarlıq edir ki, vəziyyət bu cür davam etsə, 2020-ci ilə qədər dənizdə nərə balıqlarının bəzi növlərinin nəsli tam kəsilə bilər.

Sözsüz ki, bu ciddi ekoloji problemin yaranmasının səbəbləri və onun həlli tək Azərbaycandan asılı deyil. Lakin Xəzərdə ərazi sularına malik 5 ölkədən biri kimi Azərbaycan da bu ekoloji problemin fəsadları ilə üz-üzədir.

Xəzərdə nərə ehtiyatlarının sürətlə tükənməsinin əsas səbəbləri kimi dənizin karbohidrogen tullantıları və kanalizasiya suları ilə çirklənməsi və brakonyerlik hesab edilir. Lakin dənizin hüquqi statusunun qeyri-müəyyən olaraq qalması digər ekoloji problemlər kimi nərə ehtiyatlarının tükənməsi təhlükəsinə qarşı da yetərli mübarizə aparılmasına imkan vermir. Belə görünür ki, sahilyanı ölkələr problemin ciddiliyini nəhayət dərk edərək bu balıq növünün ovlanmasından imtina etməyə başlayır. Ötən ilin sonlarında Bakıda keçirilən Xəzər sammitində sahilyanı ölkələrin dövlət başçıları nərə balıqlarının ovlanmasına moratorium qoymaq barədə razılığa gəlib. Razılaşmaya görə, moratorium 2016-cı ilədək davam edəcək. Nəticədə sahilyanı ölkələrdən heç biri bu il üçün nərə balıqlarının sənaye məqsədli ovu üçün yeni kvota açdırmayıb. Nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin ticarətini tənzimləyən beynəlxalq CİTES təşkilatı bunu nəzərə alaraq Xəzəryanı ölkələr üçün kvotanı sıfır həddində müəyyən edib. Bəs bu addım nərə balıqlarının xilası üçün şans sayıla bilərmi?

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirildiyinə görə, kvotanın uzadılmaması həm də onunla bağlıdır ki, indi xaricə qara kürü ixrac etmək iqtisadi baxımdan sərfəli deyil. Avropa bazarlarında qiymət hazırda Azərbaycan bazarındakı qiymətlərlə eynidir. Avropada qara kürüyə ehtiyacı ödəmək üçün nərə balıqlarının akvakultura (süni balıq artırma) yolu ilə artırılması və ondan qara kürü alınması geniş yayılıb. Nəticədə indi qitədə qara kürünün kiloqramı 1000 avroya satılır. Bu səbəbdən Azərbaycan ötən ilki 70 tona yaxın nərə balığı ovlamaq kvotasından istifadə etməyib.

ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin müşaviri Tariyel Məmmədli bizimlə söhbətində deyir ki, Xəzərin bioloji resurslarının mühafizəsi, eləcə də nərə balıqlarının qorunması 1992-cü ildən 5 sahilyanı ölkə arasında yaradılan Xəzərin Su Bioresursları Komissiyasında müzakirə olunur. T.Məmmədli də bu komissiyanın daimi üzvüdür.

“Bu komissiya ildə bir-iki dəfə toplanır, balıqartırma üzrə görülən işlər, digər məsələlər müzakirə edilirdi. Hər ölkənin kvotası müəyyən olunurdu. Kvota müəyyən edilərkən nəzərə alınır ki, hansı ölkə nərə balıqlarının artırılmasına, qorunmasına nə qədər töhfə verib, ətraf mühitin mühafizəsində, suyun çirklənməsinin qarşısının alınmasında hansı tədbirlər görüb” - deyə mütəxəssis bildirir.

T.Məmmədli deyir ki, komissiyaya həmsədrlik rotasiya qaydası ilə dəyişir və hazırda sədrlik İrandadır. Lakin İran tərəfi komissiyanın iclaslarını toplaya bilmir. Ona görə də iki ilə yaxındır bu məsələ müzakirə olunmur. Müsahibimiz deyir ki, Azərbaycan öz tərəfindən nərə növlərinin qorunması üçün mümkün olan tədbirləri görür. Rəsmi Bakı hələ 2002-ci ildə belə təşəbbüslə çıxış edib ki, nərəkimilərin iki növünün (kələmo və bölgə) ovuna qadağa qoyulsun. Lakin bu təşəbbüs digər sahilyanı ölkələr tərəfindən dəstəklənməyib. Nəhayət, iki il əvvəl Qazaxıstan təşəbbüsə dəstək verib. T.Məmmədli bildirir ki, Xəzəryanı ölkələrin sammitində nərə ovuna moratorium qoyulması barədə əldə olunan razılaşmanın da təşəbbüskarı Azərbaycan idi: “Lakin razılaşdırılan 5 illik müddət nərə balıqları üçün kifayət deyil. Məsələn, nərə növlərindən olan uzunburunun yetkinlik dövrünə çatması, nəsil artıra bilməsi üçün azı 8-12 il lazımdır. Ona görə biz təklif etmişdik ki, moratorium azı 10 il olsun. Əks halda görülən tədbirlərin əhəmiyyəti olmayacaq”.

ETSN rəsmisinin sözlərinə görə, nərə balıqlarının süni yolla artırılması üçün dünyada ilk dəfə Azərbaycanda 1954-cü ildə zavod tikilib. Sonradan Rusiya İran da bu texnologiya əsasında zavodlar tikib. Lakin Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması nərə balıqlarının qorunması üçün yetərli tədbirlər görməyə imkan vermir: “Status müəyyən deyil deyə dənizdə hərc-mərclik hökm sürür. Hər ölkə ancaq 10 mil məsafədə sahil sularına cavabdehdir, ora nəzarət edə bilir, açıq dənizdə isə heç bir qayda-qanun yoxdur. Ona görə hər ölkənin ayrıca olaraq nərə növlərinin mühafizəsinə dair gördüyü tədbirlər yetərli deyil, birgə fəaliyyət, qayda-qanun olmalıdır. Məsələ ondadır ki, nərə balıqları transmiqrant balıqlar sinfinə aiddir, yəni daim bir yerdə məskunlaşmırlar. Tutaq ki, bu gün Xəzərin Azərbaycan sektorundadır, sabah üzüb gedəcək Dağıstan sahillərinə, Volqa çayının deltasına, digər yerlərə. Yəni Azərbaycan istəsə birtərəfli tədbirlər həyata keçirməklə öz sularında bu balıqları qoruya bilməz. Tutaq ki, biz bu işə lap 1 milyard yatırdıq, yaxşı yem bazası yaratdıq, çirkab sularını təmizlədik, başqa işlər gördük, bunun heç bir xeyri olmayacaq, pulu suya atmaq kimi bir şey olacaq”.

T.Məmmədli deyir ki, Azərbaycan təşəbbüsü ələ alaraq Xəzərin Su Bioresursları Komissiyasına sədrliyi üzərinə götürməyə, status müəyyən edilənədək bu komissiya çərçivəsində nərə balıqlarının mühafizəsinə dair birgə fəaliyyəti nəzərdə tutan saziş bağlamaq məsələsini qaldırmağa hazırlaşır: “Gözlənilir ki, bu ilin payızında komissiyanı Bakıda toplamaq mümkün olacaq”.

Müsahibimiz deyir ki, nərə balıqlarının süni yolla artırılmasında əsas ümid Xıllı Nərə Balıqartırma zavodunadır. Hazırda bu zavod bütün imkanları ilə işləyir, lakin nəsil artıra bilmək üçün ana balıqların tədarükü çox çətinləşib: “Biz bu balıqları böyük əziyyətlə əldə edə bilirik, balıqçılardan onları alıb zavoda təhvil vermək çətinləşib, tükəndiyi üçün qiyməti çox bahadır. Şirvan, Neftçala Kür balıqartırma zavodları da işləyir, ancaq əvvəlki gücü ilə yox. Əsas problem ana balıqların qıtlığıdır, qədər tapa bilsələr, o çərçivədə işləyə bilirlər”.

Qeyd edək ki, Xıllı Nərə Balıqartırma zavodu Dünya Bankı tərəfindən maliyyələşdirilənTəxirəsalınmaz ekoloji investisiyalarlayihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə 2003-cü ildə istifadəyə verilib. Zavod əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Müəssisədən bildirildiyinə görə, fəaliyyət göstərdiyi müddətdə zavod tərəfindən ümumilikdə 34,7 milyon ədəd müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü kütləyə malik olduqdan sonra (1,0-1,2 qr) Kürün mənsəbinə buraxılıb.

T.Məmmədli təsdiq edir ki, Xəzərdə nərə ehtiyatlarının vəziyyəti təhlükəli həddədir: “Biz bu barədə rəqəmləri gizlətmirik, ictimaiyyətə çatdırırıq. Hazırda vəziyyət belədir ki, 1992-ci ildən bu yana nərə balıqlarının sənaye ovu 20 dəfə azalıb. Dörd növdən ikisinin ehtiyatları isə o dərəcədə məhdudlaşıb ki, onları sənaye məqsədli ovlamaq mümkün deyil. Brakonyerlik ciddi problem olaraq qalır. Mühafizə ilə hansı orqanın məşğul olması müəyyən deyil. Digər əsas problem Xəzər sularının çirklənməsi nəticəsində balıqların yem bazasının tükənməsidir. Xəzərin şirin su ehtiyatlarının böyük hissəsini verən Volqa çayı indi az qala kanalizasiya xəttinə çevrilib. Bu çay boyu iri şəhərlərdə kanalizasiya suları təmizlənmədən Volqaya axıdılır, nəticədə nərə balıqları üçün yem bazası tükənir”.

Digər tərəfdən, nərə balıqlarının süni yolla artırılmasını əngəlləyən ciddi problem - brakonyerlik var. Ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırov da bir müddət əvvəl təsdiqləmişdi ki, Xıllı Balıqartırma Zavodu öz imkanları çərçivəsində işləsə nərə balıqları böyüyənədək buraxıldığı yerdən uzağa gedə bilmir bu səbəbdən brakonyerlərin toruna düşür. Azərbaycanda qanunsuz nərə ovunun qaldığını etiraf edən nazir deyib ki, bu problem digər sahilyanı ölkələrdə daha qabarıqdır.

Qeyd edək ki, Azərbaycan öz tərəfindən son illər Xəzərin çirklənməsinə qarşı da irimiqyaslı tədbirlər görür, bu məqsədlə infrastruktur layihələri həyata keçirilir. Təkcə son illərdə Hövsan aerasiya stansiyasının yenidən qurulmasına 50 milyon avro xərclənib. Mütəxəssis təsdiq edir ki, bu kimi tədbirlər digər balıq növlərinin mühafizəsi üçün effektli ola bilər. Lakin söhbət nərə növlərindən gedirsə, bütün sahilyanı ölkələrin kollektiv səyləri olmadan ekoloji fəlakət təhlükəsi qalacaq.

P.S. Yazı Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

 

 

Fərhad MƏMMƏDOV

 

Yeni Müsavat.- 2011.- 22 may.- S. 10.