“Bizim
cəmiyyət barışığa
getməlidir”
RƏİS RƏSULZADƏ : “MƏHƏMMƏD
ƏMİNƏ QARŞI ÇIXAN ADAM DÖVLƏTƏ
QARŞI ÇIXIR”
Bu həftə
Azərbaycan Xalq Cümhuriyyətinin 93 yaşı tamam olacaq. Belə
bir ərəfədə Cümhuriyyətimizin ən
ünlü simalarından biri, böyük Məhəmməd Əmin
Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə
görüşməyə qərar verdik.
Özü
barəsində danışmağı
xoşlamadığı, olduqca təvazökar adam olduğu
üçün bir çoxları onun necə gözəl sənətkar
olmasından bixəbərdir. Hansı ki, Rəis bəy hələ
1978-ci ildən SSRİ Rəssamlar İttifaqının
üzvü olub. Sonradan isə bu qurum Beynəlxalq Rəssamlar
Konfederasiyasına çevrilib. Həmçinin Azərbaycan Rəssamlar
Federasiyasının üzvü, Əməkdar rəssamdır.
Mərhum Əşrəf Mehdiyevdən sonra Siyasi Repressiya
Qurbanları Assosiasiyasına rəhbərlik etmək təklifini
qəbul edib. Həmçinin DAK-ın digər
qanadının Londonda keçirilən qurultayında qurumun fəxri
sədri seçilib. Onunla görüş Xətai
rayonundakı emalatxanasında baş tutdu.
- Rəis bəy, böyük Məhəmməd
Əmin nəslinin və ideyalarının
daşıyıcısı olaraq Cümhuriyyət həftəsinə
hansı əhvalla adlayırsınız?
- Mən
ilk növbədə diqqət göstərdiyiniz
üçün çox minnətdaram. “Yeni Müsavat” qəzeti
olaraq, həmçinin şəxsən siz bizə hər zaman
diqqət yetirmisiniz, çox sağ olun. Cümhuriyyətimizin
adına olan bayram payından bütün xalqımıza pay
düşür. Nə qədər
çatışmazlıqlar olsa da, fakt odur ki, bizim müstəqil
dövlətimiz var, bu dövlət irəliləyir,
inkişaf edir və beynəlxalq aləmdə öz layiqli
yerini təsdiqləməyə çalışır. Məhəmməd
Əmin Rəsulzadənin yaratdığı respublikanın
konstitusion davamçısı olan müstəqil
respublikamızı inkişafda görmək çox
xoşdur. Amma təbii ki, bu respublikanın ölkə xaricində
düşmənləri çoxdur, onun inkişafını,
yüksəklərdə qərar tutmasını istəməyənlər
var. Ümumilikdə götürəndə əhval-ruhiyyə
pis deyil. Amma Qarabağ məsələsi hələ ki, bizi
çox ciddi narahat edir. Fakt budur ki, dünyada təbii proseslər
baş verməkdədir və bu dəyişikliklər Azərbaycandan
da yan keçmir. Prezident müşavirə zamanı da bir
çox məsələlərdən danışdı və
ölkədə korrupsiyanın, rüşvətxorluğun
aradan qaldırılması, islahatların sürətləndirilməsi
barədə göstərişlərini verdi. Bunun özü
çox təqdirəlayiq haldır.
- Amma bir çox ekspertlər hesab
edir ki, artıq bu kampaniya dayanıb və ölkə əvvəlki
vəziyyətinə qayıdıb. Sizin müşahidələriniz
necədir?
- Əgər
dövlət başçısı tərəfindən
göstəriş verilibsə, o zaman icraçılar
mübarizə tədbirlərini kampaniya səviyyəsində
aparmamalıdır. Müəyyən sahələrdə tədbirlər
davam etdirilir. Amma mətbuatın yazdığına görə,
artıq müəyyən sahələrdə yenidən
rüşvət alınmasına başlanılıb. Bunu
araşdırmaq inzibati orqanların işidir. Ancaq ümumilikdə
kurs düzgündür. Kiminsə bu kursa zidd addımları, əlbəttə
ki, dövlətə ləkə gətirir. Elə bu
yaxınlarda prezident rayonlardan birində sakinlərlə
görüşürdü. Ancaq məmurlardan biri irəli
çıxıb sözünü demək istəyən bir
qadına mane oldu. Ancaq dövlət başçısı
“buraxın onu, qoyun sözünü desin, mən bura
camaatı dinləməyə gəlmişəm” söylədi.
Yəni yerli orqanlarda həqiqətin ortaya
çıxmasına mane olan məmurlar çoxdur.
- Ölkədə milli
barışığa nail olmaq, iqtidar və müxalifət
arasında hökm sürən ziddiyyətləri aradan
qaldırmaq üçün milli barışın elan
olunması, həbsdəki siyasi məhbusların azad
olunması, yaxud böyük amnistiya ilə bağlı təkliflər
səslənir. Siz nə təklif edərdiniz?
-
Barış əhval-ruhiyyəsi strateji kursdur. Ona görə
də elə siyasət aparılmalıdır ki, bu, cəmiyyəti
parçalamağa yox, birləşməyə vadar eləsin.
Yəni həm dövlət məmurlarının, həm də
müxalifət təmsilçilərinin radikal fikirlərinə,
“onlar kimdir ki, oturub danışaq” kimi mövqelərinə son
qoyulmalıdır. Xüsusilə də müharibə vəziyyətində
olan, Qarabağ probleminin həllinə çalışan
ölkə üçün belə vəziyyət yolverilməzdir.
Üstüörtülü şəkildə müsəlman
ölkələrinə hücum çəkildiyi bir dövrdə
mütləq bizim cəmiyyət barışığa getməlidir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki,
həm müxalifət, həm iqtidar, həm də cəmiyyət
Qarabağ məsələsində prinsipial mövqedədir. Sonadək
bu mövqedə dayanmaq lazımdır.
- Seçkiyə qatılsanız
da, İctimai Palatada təmsil olunmadınız. Bunun səbəbi nə idi?
- Ola
bilsin ki, İctimai Palatanın yaranması demokratik mübarizə
baxımından zərurətdən irəli gəlirdi. Mən
hərdən oxuyuram ki, İctimai Palatanın nümayəndələri
də dialoqun, barışın zəruriliyi ilə
bağlı məsələ qaldırıb. Əgər cəmiyyət
üçün çox vacib məsələlərdən
biri qaldırılırsa, ona diqqətlə yanaşmaq
lazımdır. Özümün bu qurumda təmsil
olunmamağıma gəldikdə isə, mən sənətkaram,
sənətlə məşğul oluram. Bir tərəfdən
ayrı-ayrı iclaslara qatılmağa vaxt tapa bilmirəm.
İkinci tərəfdən də peşəkar siyasətçi
deyiləm.
- Qəzetimizə müsahibələrinizin
birində demişdiniz ki, müstəqil Azərbaycanın
parlamentində təmsil olunmağı çox istəyirsiniz.
Ancaq imkan verilmədi...
- Mənim
belə bir istəkdə bulunmağımın bir səbəbi
var idi. Mən həm də Siyasi Repressiya Qurbanları
Assosiasiyasının sədriyəm və təşkilat
üzvləri də seçkilərdə iştirak etməyimlə
bağlı məsələ qaldırmışdılar. Onların
mövqeyi bundan ibarət idi ki, bəlkə siz deputat
seçilərsiniz və sovet dövründə repressiyaya məruz
qalmış insanların problemlərini
qaldırarsınız. Mən oturub düşündüm ki,
buna cəhd eləməsəm, sonradan vicdan əzabı
çəkərəm. Ona görə də dedim ki, eybi yox,
keçməsəm də, cəhd göstərim.
- Rəhbərlik etdiyiniz təşkilat
öz ətrafında nə qədər adamı birləşdirir?
-
Statistikaya görə, Stalin repressiyasının
qurbanlarının sayı əhalisinin sayına görə ən
çox Azərbaycandadır. Onların sayı 250 min nəfərdən
çox olub. Azərbaycanda repressiya hələ 20-ci illərdən,
11-ci “Qırmızı Ordu” bizim dövləti işğal edəndən
sonra başlamışdı. Düzdür, bolşeviklər vəd
vermişdilər ki, hökumət nümayəndələrindən
heç kimə toxunmayacağıq. Amma elə səhəri
gündən həbslərə, güllələmələrə,
sürgünlərə başladılar. 37-ci ildə isə
repressiyanın daha dəhşətli dalğası
başladı. Azərbaycanın güc strukturlarına qeyri-azərbaycanlılar
rəhbərlik etdiyindən əhali sayına görə ən
böyük zərbə Azərbaycana dəydi. Hələ
yalnız sürgün olunanların sayı 250 minə
çatırdı. Bir çoxları yollarda məhv oldu,
itkin düşdü. Başqa bir problem də var. İndiyədək
Qazaxıstanda bizim 100 mindən çox soydaşımız
yaşayır. Sibirdə, Qırğızıstanda,
Rusiyanın başqa vilayətlərində də
yaşayanlarımız çoxdur. Bir çoxları Azərbaycana
qayıtmaq istəyir. Ancaq qaydalara görə, vətəndaşlıq
almaq istəyən 50 min manatdan çox rüsum keçirməlidir.
Sonra isə digər prosedurlar tətbiq edilməklə ona vətəndaşlıq
verilir. Məsələ burasındadır ki, həmin qanun
qeyri-azərbaycanlılara tətbiq olunmalıdır, daha
repressiyaya məruz qalan azərbaycanlıların nəvə-nəticələrinə
yox. Stalin repressiyasına məruz qalan
soydaşlarımızın nəvə-nəticələri
bura qayıtmaq və vətənə qulluq etmək istəyir.
Çox adam gəlib bizə müraciət edirlər ki, biz
köçüb burda yaşamaq istəyirik. Təəssüf
ki, repressiyaya məruz qalan soydaşlarımızı get-gələ
salır, onlarla Konqo, ya Kiprdən gəlib vətəndaşlığı
qəbul etmək istəyən əcnəbinin arasında fərq
qoyulmur. Bu, düzgün münasibət deyil. İnsanlara
öz tarixi vətənlərinə qayıtmaq imkanı
yaradılmalıdır. Bunlar bizim tarixi vətəndaşlarımızdır,
onlar qayıtmaq istəyirlər. Ona görə də Milli Məclis
müvafiq qanunvericiliyə düzəliş etməlidir.
- Maraqlıdır, rəssam olaraq
müstəqilliyimizin 20-ci ildönümündə yaratmaq istədiyiniz
sənət əsəri nə olardı? Hansısa ideyanız
varmı?
-
Müstəqil dövlətimizin təntənəsini
yaradardım. Müəyyən məsələləri fikrimdə
canlandırmışam. Onu bir tabloda etmək çətindir,
bir neçə tablodan istifadə edib üç, dörd, ya
beş hissəli əsər yaradardım. Bura mübarizə
yollarını, çətinliklərimizi, qələbəmizi,
təntənəli anlarımızı aid edərdim.
- O təntənədə Məhəmməd
Əminin yeri varmı?
-
(Gülərək) Əlbəttə. Ən yüksəkliklərdə.
- Ona görə soruşdum ki, Rəsulzadəyə
abidə qoyulması məsələsi hələ də həll
olunmamış qalıb və vaxtaşırı gündəmə
gəlir.
- Hələ
çox məsələlər həll olunmamış
qalır. Ancaq bayramdan-bayrama, müəyyən məqamlarda, hərdənbir
yox, mütəmadi olaraq ziyalılar, cəmiyyətin
qaymaqları nə etmək olar sualına cavab
axtarmalıdır. Ümumiyyətlə, bu, bizim
xalqımızın problemidir. Qarabağ problemimiz olduğu
kimi, belə bir problemimiz də var. Düşünməliyik
ki, nə edə bilərik və etmək istəyirikmi?
- Necə bilirsiniz, Rəsulzadəyə
qarşı qısqanclığın səbəbi nədir?
Bir abidənin qoyulması doğrudanmı təhlükəli
məsələdir?
-
Yox. Məhəmməd Əminin heç kəsə zərəri
dəyə bilməz. Məhəmməd Əmin Azərbaycan
tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, istiqlal
ideologiyasının yaradıcısıdır. Məhəmməd
Əmin azadlıq hərəkatının təməlini
qoyan, həyata keçirən, respublikanı yaradan bir şəxsiyyətdir.
Bunun kimlərlə düşmənçiliyi ola bilər? Məhəmməd
Əminə qarşı çıxan adam məntiqlə həm
də dövlətə qarşı çıxır. Məncə,
dövlətini sevməyən adam olmamalıdır. Sadəcə,
zaman məsələsidir, məncə, bu problem də həll
olunacaq.
- Məhəmməd Əmin Rəsulzadənin
ata mülkü, vaxtilə yaşadığı evin ərəb
şirkətinə verildiyini yazmışdıq. Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov demişdi ki, məsələ ədalətli
şəkildə həll olunacaq. Bir yenilik varmı?
-
Yox. Bu da bir problemdir. Sadəcə, həmin ev qəzetdə
yazıldığı kimi satılmayıb. Sadəcə,
araşdırmaq lazımdır ki, necə olub əcnəbilərə
verilib. Həmin ev əslində Məhəmməd Əminin ev
muzeyi olmalıdır. Hər halda, Hacıbala müəllimlə
görüşməyə, məsələnin həllinə
nail olmağa çalışacağıq. Əslində bu,
tək mənim yox, cəmiyyətin problemidir. Xaricdən bura gələnlər
deyir, necə olur Məhəmməd Əmin Bakıda
yaşayıb, amma ev muzeyi yoxdur. Bakılı adamın
Bakıda evinin olmaması necə ola bilər?
- Bəzən belə iddialar da
eşidilir ki, Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin
digər yaradıcılarından ayırmaq düzgün
deyil...
-
Yox, bu, düzgün yanaşma deyil. Deyək ki, Heydər Əliyevin
komandası var, ancaq bu komandanın üzvləri Heydər Əliyevlə
bərabər tutulmur, fərqləndirilir. Fakt budur ki, Heydər
Əliyev komanda üzvlərindən qat-qat güclüdür.
Məhəmməd Əmini də silahdaşları həmişə
üstün tutublar. Elə bunun nəticəsidir ki, onu Milli
Şuranın sədri seçiblər. Həmçinin
yubileylərdə həmişə birinci Məhəmməd Əminin
portreti verilirdi, sonra digərlərinin. Məhəmməd Əmin
həm də böyük ideoloqdur, yazıçı-publisistdir.
O, çox böyük işlər görüb.
Sözarası
Rəis bəy Məhəmməd Əmin və Müsavat
irsinin araşdırıcılarından bəhs edir,
xüsusilə yorulmaz araşdırmaçı, professor
Şirməmməd Hüseynovun adını çəkir:
“Şirməmməd müəllimə uzun ömür,
cansağlığı, işlərində uğurlar
arzulayıram. O, Məhəmməd Əmin
yaradıcılığını, respublikamızın
tarixini araşdırmaqla misilsiz əsərlər ortaya qoyub. Yazdığı
kitabları şəxsi vəsaiti hesabına nəşr
etdirib, buna görə çox minnətdaram. Ümumiyyətlə,
müstəqil respublikamızın təbliğində zəhməti
olan tarixçilərimizin hamısına minnətdarlığımı
bildirirəm. Cəmil Həsənli, Nəsib Nəsibli, Nəsiman
Yaqublu, Ədalət Tahirzadə, Aydın Balayev, Ramiz
Abutalıbovun bu sahədə böyük zəhməti var. Rəhmətlik
Ziya Bünyadovun ruhu şad olsun, onun misilsiz xidmətləri
olub”.
Gündəmin
aparıcı mövzularından biri olan “Avrovision”
yarışmasından da bəhs etdi. Deyir yarışmanı
sonadək izləyib: “Gecəni yatmadım, çox
böyük fərəh hissi ilə izlədim. Qələbə
münasibətilə bütün Azərbaycan xalqını,
gəncləri, təşkilatçıları təbrik edirəm.
Bu yarışmanın 2012-ci ildə Azərbaycanda
keçirilməsi böyük hadisədir”.
Söhbətin
sonrakı hissəsi Rəis bəyin yaratdığı rəsm
əsərlərinin əhatəsində davam edir. Yağlı
boya ilə çəkilmiş göz oxşayan əsərlər
arasında füsunkar təbiət mənzərələri
üstünlük təşkil edir. Bəzi əsərlər
isə konkret hadisələrlə bağlıdır,
dağıdılmış quş yuvalarından bəhs edən
əsər kimi. Deyir ki, sərgi keçirməklə
bağlı artıq ciddi düşünməyə
başlayıb, sadəcə, bəzi texniki problemlərin həlli
lazımdır. Payızda isə Norveçdə əsərlərinin
sərgisini keçirməyi planlaşdırır. Sənət
əsərlərinin çoxluğu isə artıq rəssamı
çıxılmazda qoyub, normal şəraiti olan emalatxanaya
ciddi ehtiyac var. Azərbaycan mədəniyyətinin təbliği
baxımından bu əsərlərin təqdimatına
böyük ehtiyac var. Bu əsərlər həm də ona
görə çox qiymətlidir ki, onları 93 yaşlı
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əminin
nəvəsi, dahi insanın canlı yadigarı yaradıb.
Elşad PAŞASOY
Yeni Müsavat.- 2011.- 23 may.- S. 5.