QARABAĞ HƏQİQƏTLƏRİNİ DÜNYA İNDİ ÖYRƏNİR

 

Azərbaycan hakimiyyəti son illər Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində bir çox layihələr həyata keçirir. Müxtəlif səpkili bu layihələrin əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya duyurmaq, xüsusən də torpaqlarımızın işğalı zamanı soyqırıma məruz qalan xalqımızın faciələrini dünya ictimaiyyətinə çatdırmaqdır.

Artıq dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanın özündə analoji layihələr davam etdirilir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə çoxsaylı layihələrin heç də hamısı uğurlu olmasa da, müəyyən nəzərəçarpacaq işlər də ortaya qoyulub. Ekspertlər hesab edir ki, Azərbaycanın təbliğat kampaniyasına yeni başladığını nəzərə alanda müəyyən uğurların olduğunu demək olar. Ancaq təbii ki, görüləcək çox işlər hələ qalır.

Qeyd edək ki, Azərbaycan QHT-lərindən biri - İnam Plüralizm Mərkəzi artıq bir ildir QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” layihəsi həyata keçirir. Layihə çərçivəsində keçirilən sərgilərdə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto, 8 dəqiqəlik “Qafqaz Xirosiması” filmi təqdim olunur.

İnam Plüralizm Mərkəzi ötən il oktyabrın 28-də Almaniya paytaxtı Berlində və Bakıda, bu günlərdə isə Ağdamın Quzanlı qəsəbəsində sərgi keçirib. Qeyd edək ki, “Qafqaz Xirosiması” layihəsi həm ölkə daxilində, həm də xaricdə böyük maraqla qarşılanıb.

İnam Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi həyata keçirilən layihənin məqsədinin Qarabağ həqiqətlərini daha sadə yolla və erməni vandalizmini əks etdirən fotofaktlarla dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu deyir. V.Qazinin sözlərinə görə, baş tutan sərgilərdə Ağdamın indiki durumu haqda xarici jurnalistlərin, mətbuat orqanlarının yazılarından istifadə olunur. İnam rəhbəri layihənin adının da təsadüfi seçilmədiyini dedi: “Britaniyalı və çexiyalı jurnalistlər Ağdamı Yaponiyanın atom bombası ilə yer üzündən silinmiş şəhəri Xirosimaya bənzədiblər. Layihəyə verilən bu ad insanlarda təəssürat oyadır ki, belə bir şəhər olub. Sərgidə fotoşəkillərlə yanaşı 8 dəqiqəlik ”Qafqaz Xirosiması" adlı film də var. Sonuncu dəfə Quzanlıda keçirilən sərgiyə çox böyük maraq oldu. İki gün ərzində iki min insan gəldi sərgiyə. Böyük əksəriyyəti şagirdlər idi. Hansı ki, onların böyük əksəriyyəti Ağdamı görməyiblər. İşğaldan sonra dünyaya gəlmiş uşaqlar idi.

Bundan qabaq Almaniyanın paytaxtı Berlində sərgi keçirdik. Biz istəyirik ki, dünyanın bir çox ölkələrində bu sərgini keçirək. Bununla bağlı səfirliklərə, Diaspor Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Biz istəyirik ki, bu sərgi dünyanın müxtəlif ölkələrində keçirilsin".

Vahid Qazi bildirdi ki, sərginin xarici ölkələrdə keçirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə ünvanladıqları məktub Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə göndərilib. Ancaq Vahid Qazinin sözlərinə görə, bir sıra səfirliklər sərgini təşkil etməyə maraqlı olsalar da, maddi imkanların olmadığını bildiriblər. Hindistan, Ukrayna, Macarıstanda yerləşən Azərbaycan səfirlikləri sərgini təşkil etməyə maraqlı olduqlarını bildiriblər. Ancaq hələlik maddi imkanların əlverişli olmaması səbəbindən layihəni xaricdə reallaşdırmaq mümkün olmur. V.Qazinin sözlərinə görə, sərgi xarici ölkə vətəndaşlarında Qarabağın işğalı ilə bağlı dolğun fikir formalaşdırır: “Bizim əsas məqsədimiz odur ki, xarici vətəndaşlara - biz onlara beynəlxalq ictimaiyyət deyirik - daha sadə dildə Qarabağ problemini, yaşanan faciəni anladaq. Biz artıq bu sərginin kataloqunu hazırlamışıq, 3 dildə - ingilis, rus və Azərbaycan dillərində. Eyni zamanda kataloqa ingilis, rus, alman və Azərbaycan dillərində tərcümə olunmuş DVD formatında film əlavə olunub. Biz Ağdamda sərgi keçirəndə BMT-nin qaçqınlar üzrə ali komissarı da gəlmişdi. Biz onu da dəvət etmişdik, hətta onun içərisində olduğu vertolyot sərginin keçirildiyi olimpiya kompleksinin stadionuna eniş etdi. Ancaq təəssüf ki, ali komissar sərgiyə gəlmədi. Lakin buna baxmayaraq biz kataloqu ona göndərdik. Ümidvaram ki, BMT komissarı kataloqa baxa bildi”.

V.Qazi sərgi materiallarından ibarət kataloqun daha böyük tirajla çapını planlaşdırdıqlarını, maddi imkanlar yetərli olarsa, kataloqu çap edib yaymaq istədiklərini bildirdi.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün çoxlu sayda layihələri maliyyələşdirdiyini bildirdi. A.Quliyevin sözlərinə görə, dövlət bu istiqamətdə yeni və daha orijinal təkliflər gözləyir. Belə bir təkliflər olarsa, onları maliyyələşdirə bilər: “Biz Şuşa ilə bağlı ayrıca film hazırladıq. Bu film bu ay, Şuşanın işğal günündə təqdim olundu. Bundan başqa Fond Qarabağın işğalı ilə bağlı bir çox sənədli filmləri maliyyələşdirib. Əgər bundan sonra da Qarabağla bağlı bu cür layihə təklifləri gələrsə, biz məmnuniyyətlə, bu layihəni maliyyələşdirməyə hazırıq”.

İnsanlara fotoların dili ilə Qarabağ həqiqətlərini çatdıran “Qafqaz Xirosiması” layihəsini yüksək qiymətləndirdiyini deyən A.Quliyev oxşar layihənin bütövlükdə Qarabağ bölgəsi üzrə aparılmasının mümkün olduğunu qeyd etdi: “”Qafqaz Xirosiması" Ağdamın işğalını demək olar ki, ən sadə dildə, yığcam, yaddaqalan və effektiv şəkildə təsvir edir. Hazırda bu filmin xarici ölkələrdə yayılmasını təşkil etməyə hazırlaşırıq. Filmin xarici ölkələrdə təqdimatı üçün ayrıca vəsait ayırmışıq. Artıq müxtəlif xarici ölkələrdə siyasətçilərin, QHT nümayəndələrinin iştirakı ilə bu film-sərginin təqdimatını təşkil edəcəyik. Şuranın əsas məqsədlərindən biri də bu tip layihələri dəstəkləməkdir. Bizim üçün ən vacib istiqamətlərdən biri də Qarabağ məsələsidir".

A.Quliyev QHT-lərdən layihələr gözlədiklərini dedi, daha orijinal layihələri olanları əməkdaşlığa dəvət etdi: “Biz artıq bu istiqamətdə işlər görürük. Ancaq oxşar mövzularda layihələr olsa biz onları da dəstəkləyəcəyik. Ona görə də QHT-lər daha effektiv layihələr təqdim etməlidirlər ki, bu layihələr vasitəsi ilə həm işğal dövründə, həm də işğaldan sonra Azərbaycan yaşayış məskənlərinin hansı vəziyyətdə olduğunu əks etdirə bilək. Bu, çox önəmli məsələdir, ancaq biz QHT-lərdən təkliflər gözləyirik. QHT-lərə dövlət dəstəyi konsepsiyasında yerli QHT-lərə maliyyə yardımlarının ayrılması istiqamətləri göstərilib. 15 ümumi istiqamətdən ilk beşi Qarabağ münaqişəsi ilə bağlıdır. Bura Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğalın nəticələrinin aradan qaldırılması kimi prioritet istiqamətlər daxildir”.

Politoloq Arif Yunus bu mövzuya bir qədər fərqli yanaşır. Ekspert hökumətin gec də olsa Qarabağ kampaniyası başlatmasını müsbət qiymətləndirir: “Ermənilər bu müddətdə çox kitablar buraxıblar, geniş miqyasda təbliğat aparıblar. Ona görə də, gec də olsa, təbliğatın başlanması müsbət haldır.

Bu məsələnin ikinci əsas tərəfi isə kampaniyanın, yəni Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının hansı formada, kimlər tərəfindən və ən əsası hansı səviyyədə keçirilməsidir. Əsas məsələ ondan ibarətdir ki, bu kampaniya necə həyata keçirilsin ki, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın. Bu kampaniya bizə və ya ermənilərə deyil, dünyanın başqa xalqlarına ünvanlanmış kampaniya olmalıdır. Son zamanlar internetdə hökumət tərəfindən Qarabağla bağlı müxtəlif saytlar açılır. Amma saytdakı bütün materiallar ingilis dilində olmalıdır. Çünki dünya ingilis dilində oxuyur. Azərbaycan dilində olan saytları yalnız azərbaycanlılar oxuya bilir. Əlbəttə, azərbaycanca da olmalıdır, ancaq biz düşünməliyik ki, bu təbliğatın əsas obyekti dünya xalqlarıdır. Onlara hər hansı məlumatı çatdırmaq üçün isə əsas dil ingiliscə MDB ölkələri üçün rus dilidir".

Arif Yunusun fikrincə, Azərbaycan da buna qədər eyni taleni yaşamış xalqların təcrübəsindən istifadə etməlidir: “Dünyada təkcə Qarabağ münaqişəsi baş verməyib. Bu günə qədər bir çox xalqların taleyində oxşar hadisələr baş verib bizdən əvvəl bir çox xalqlar dünyaya öz həqiqətlərini çatdırıblar. Müharibələr, münaqişələr hər zaman olub təəssüf ki, bundan sonra da olacaq. Bizim əsas işimiz o olmalıdır ki, dünya təcrübəsini təhlil edib bizim xeyrimizə olan tərəflərindən istifadə etməliyik.

Hazırda bir sıra QHT-lər Qarabağ Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində layihələr həyata keçirirlər. QHT-lərə Dövlət Dəstəyi Şurası Qarabağ savaşı, qaçqınlar mövzusu ilə bağlı layihələri dəstəkləyir, maliyyə vəsaiti ayırır.

Müharibə həmişə iki hissədən ibarət olub: döyüş cəbhəsində davam edən real müharibə ideoloji təbliğat. Təbliğat müharibəsi öz əhəmiyyətinə görə hərbi qarşıdurmadan heç geri qalmır. Bəzi hallarda döyüş cəbhəsində uduzan tərəf təbliğat savaşında məğlubiyyətin müəyyən əvəzini çıxır, tam da olmasa. Yəni qələbə çalan tərəfə öz qələbəsindən hərtərəfli faydalanmaq imkanı verməyib. Bu, çox vacib amildir".

 

 

KƏNAN

 

Yeni Müsavat.- 2011.- 23 may.- S. 9.