“BELƏ GETSƏ,
SƏNGƏRDƏ ERMƏNİ ƏSGƏRİ QALMAYACAQ”
Ermənistanda Azərbaycan
əsgərinin nəyə qadir olduğuna yaxşı bələd
olan “Arabo” batalyonunun komandiri belə deyir
Ermənistan ictimaiyyəti son günlərdə
cəbhə xəttində artan atışmaları
və
erməni ordusunun itkilərini müzakirə
edir.
Qarabağ münaqişəsinə dair danışıqların
nəticəsiz qaldığı, Azərbaycanın
isə sürətlə öz hərbi potensialını
gücləndirdiyi bir vaxtda
düşmən ölkədə ciddi təşviş hökm sürməkdədir. Hakimiyyət
ictimaiyyəti əmin etməyə çalışır ki, Ermənistan Azərbaycanın işğal
edilmiş əraziləri
geri qaytarmaq üçün hərbi əməliyyatlara
başlamasından qorxmur, Azərbaycanın
hərbi xərclərinin rekord
həcmdə artması, güclü
silah sistemlərinin əldə
edilməsi erməni ordusu üçün
təhlükə deyil.
Lakin Ermənistan
işğalçı qüvvələrinin artan
itkiləri hakimiyyətin
bu təbliğatının
effektini azaldır. Digər tərəfdən,
Qarabağ müharibəsinin
veteranları olan keçmiş səhra
komandirləri yaranmış vəziyyətin erməni ordusu üçün kifayət qədər təhlükəli olduğunu deyirlər. Xəbər verildiyi kimi, erməni ordusu son bir
neçə gündə cəbhədə azı 3 əsgər
itirib, bir əsgər yaralanıb.
***
Vaxtilə Azərbaycan torpaqlarının işğalında iştirak edən, Xocalı və Qaradağlı qətliamlarını törədən, muzdlulardan ibarət “Arabo” batalyonunun komandiri Manvel Yegizaryan dünən İrəvanda mətbuat konfransı keçirərək cəbhə xəttində yaranmış vəziyyət barədə danışıb. O deyib ki, Qarabağda müharibə artıq bir ildir gedir, sadəcə olaraq, irimiqyaslı hərbi əməliyyatlar aparılmır. Yegizaryana görə, Ermənistan rəhbərliyi təslimçi mövqe tutub, Azərbaycana ərazi güzəştlərini nəzərdə tutan Madrid prinsipləri əsasında danışıqlar aparır. Bunun nəticəsində indi Ermənistanın qarşısında bir sual dayanır: torpaqları Azərbaycana qaytaraq, ya yox? Keçmiş səhra komandiri deyib ki, indi beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir, xarici ölkə siyasətçiləri, mətbuatı bir ağızdan Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmalı olduğunu bildirir. “Biz indi elə vəziyyətlə üzləşmişik ki, beynəlxalq qüvvələrin müdafiəsi və Türkiyənin dəstəyi ilə Azərbaycan silah almağa böyük vəsaitlər xərcləyərək müharibəyə hazırlaşır. Bizə isə ancaq o qalır ki, ya əsir düşək, ya da Ermənistanı tərk edək” deyə, M.Yegizaryan bildirib.
***
Qarabağ cəbhəsində yaranmış gərgin vəziyyətə toxunan “Arabo” komandiri deyib ki, hərbçilərdən ona daxil olan məlumatlar heç də nikbin deyil. Yegizaryana görə, Azərbaycan ordusunun snayper atəşləri nəticəsində erməni ordusu itkilər verir: “Əgər vəziyyət bu cür davam etsə səngərdə tezliklə əsgər qalmayacaq. Ona görə də cavab zərbəsi zəruridir. Əgər biz qazanılmış qələbəni əldə saxlaya bilməsək Zəngəzuru da verəcəyik, ermənilərə ancaq kiçik İrəvan qalacaq, türklərin planı yerinə yetəcək”. Qeyd edək ki, Yegizaryan Azərbaycan əsgərinin nəyə qadir olduğunu öz təcrübəsindən bilir. 1993-cü ildə onun muzdlulardan ibarət batalyonu Azərbaycan ordusunun könüllülərdən ibarət Gəncə batalyonu tərəfindən Goranboy-Tərtər istiqamətində pusquya salınıb və demək olar ki, bütün döyüşçüləri məhv edilib. Yegizaryan özü isə qaça bilib. Hazırda o və Qarabağ müharibəsinin digər məşhur erməni veteranları Azərbaycan ordusunun gücləndiyini etiraf edərək deyirlər ki, hərbi əməliyyatlar başlasa, erməni ordusu indiki mövqelərdən geri çəkilməli olacaq.
***
Ermənistan prezidenti Serj Sərkisyan da Azərbaycanın müharibəyə başlamağa çalışdığını deyir. O, İrəvanda ATƏT-ə sədrlik edən Litvanın prezidenti Dalya Qribauskayte ilə görüşündən sonra keçirdiyi brifinqdə deyib ki, Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün əlverişli məqam gözləyir. Serj Sərkisyan Azərbaycanın ləngitmə siyasəti taktikası seçdiyini vurğulayıb: “Azərbaycan yeni hərbi avantüraya başlamaq üçün sərfəli məqam axtarır. Biz sülh danışıqlarını davam etdirməyə hazırıq, lakin bunu Azərbaycan da istəməlidir”.
Sərkisyanın bəyanatlarını cavablandıran Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov 1news.az portalına açıqlamasında deyib ki, Ermənistan prezidentinin bu açıqlamaları ölkənin problemlərindən diqqəti yayındırmaq cəhdidir: “Litva prezidentinin İrəvana səfəri zamanı əsas müzakirə mövzusu Metsamor AES-lə bağlı təhlükə olub. Sərkisyan Ermənistanı və bütün regionu təhdid edən bu problem barədə danışmaq əvəzinə, Azərbaycanın müharibəyə hazırlaşdığını deyir. Bu təxribatdır və göstərir ki, Ermənistan rəhbərliyi öz xalqının taleyinə biganədir. Ermənistan rəhbərinin Qarabağ danışıqlarını bu dəfə də uzatmağa çalışdığına məndə heç bir şübhə yoxdur. Biz artıq erməni tərəfinin bu cür destruktiv addımlarının sayını-hesabını itirmişik. Bu haqda beynəlxalq vasitəçilər, Minsk Qrupu da bilir. Açıq aydın görünür ki, rəsmi İrəvan bu dəfə də danışıqları uzatmaq üçün bəhanələr axtarır”. N.Məmmədov deyib ki, Azərbaycanın Qarabağ probleminə dair aydın mövqeyi var. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında kifayət qədər aydın şəkildə deyib ki, Azərbaycanın işğal edilmiş əraziləri istənilən yolla qaytarılacaq. “Biz buna dinc danışıqlar yolu ilə nail olmaq istəyirik, lakin eyni zamanda haqqımız var, ki öz ərazilərimizi qaytarmaq üçün digər varianta əl ataq. Beynəlxalq ictimaiyyət də bunu bilməlidir, münaqişənin nizamlanmasına dair danışıqları uzatmağa yönələn müxtəlif bəhanələrə son qoyulmalıdır, konkret addımlar atılmalıdır” deyə, N.Məmmədov bildirib.
***
Erməni mənbələrinin xəbərlərinə görə, düşmən ordusu Şuşanın işğalının növbəti ildönümü ilə bağlı cəbhədə gərginliyin yenidən artacağını gözləyir. Belə ki, işğalçı tərəf Azərbaycanın bu ildönümü ilə bağlı erməni mövqelərini güclü atəş altında saxlayacağından narahatdır. Bu səbəbdən təmas xəttinə muzdlu snayperlər yerləşdirilir, postlar gücləndirilir. Şuşanın işğalı günündə Xocalı yaxınlığında yenidən inşa edilmiş aeroportun açılması isə baş tutmayacaq. Erməni tərəfi bu məsələ ətrafında beynəlxalq xarakter alan mübahisələrin ardınca aeroportun açılışını növbəti dəfə təxirə salıb. Rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, Ermənistan ordusunun ön cəbhəyə muzdlu snayperlər cəmləşdirməsi və istənilən canlı hədəfin vurulması əmri iki ölkə prezidentlərinin gələn ay baş tutması gözlənilən görüşünü pozmağa hesablanıb: “Mənim Rusiya XİN-dən aldığım məlumatlara görə, hazırda Qarabağ münaqişəsinin nizamlanması üçün münbit şərtlər yaranıb, qarşıduran tərəflər razılaşmaya meyl edirlər. Tərəflər razılaşmaya xeyli yaxınlaşıblar. Bu razılaşma Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılmasını, kommunikasiyaların açılmasını və digər məsələləri nəzərdə tutur. Əgər Moskva bu prosesi irəli aparsa tərəflər Qərbin vasitəçiliyindən imtina edəcəklər. Lakin müəyyən qüvvələr var ki, münaqişənin həllində maraqlı deyil”.
***
Ermənistanda müharibə narahatlıqlarının atmaqda olduğu bir vaxtda İrəvan İranın köməyinə müraciət edir. Xəbərlərə görə, İranla Ermənistan arasında hərbi əməkdaşlığın yeni mərhələsini başlatmaq barədə danışıqlar başlayıb. İran müdafiə nazirinin müavini Rza Muzəffəri mayın 3-də İrəvanda səfərdə olub, Ermənistan müdafiə naziri Seyran Ohanyan və onun müavini David Tonoyanla müzakirələr aparıb. Bildirilir ki, müzakirələrdə müdafiə sahəsində İran-Ermənistan əməkdaşlığını genişləndirmək barədə söhbət gedib. Ermənistan Müdafiə Nazirliyindəki mənbələrdən mətbuata məlum olub ki, səfər Seyran Ohanyanın bu ilin iyul ayında Tehrana planlaşdırılan səfəri ilə bağlıdır. “Azadlıq” radiosunun erməni xidməti bildirir ki, bu səfər zamanı Ermənistanla İran arasında hərbi sahədə bir sıra mühüm razılaşmaların imzalanacağı gözlənilir. Ohanyan Tehranda prezident Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vahidi və digər yüksək rütbəli rəsmilərlə görüşəcək. İran və Ermənistan rəsmi qaynaqları bu səfərin “regionda sülhün təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini” deyirlər. Ermənistan müdafiə naziri deyib ki, İranla hərbi əməkdaşlıq regionda sülhün təmin edilməsi üçün mühüm amildir. Ermənistan müdafiə nazirinin müavini Ara Nəzəryan isə ötən ay demişdi ki, İranla ikitərəfli hərbi əməkdaşlıq “ən yüksək səviyyəyə” çatıb. O, həmçinin İranın regional təhlükəsizlikdə mühüm rolunu da qeyd edib.
***
İranla Ermənistan arasında hərbi əməkdaşlıq yeni deyil. Lakin belə məlum olur ki, tərəflər Qarabağda hərbi əməliyyatların başlanması riskinin artdığı bir vaxtda əməkdaşlığın yeni mərhələsinə keçirlər. Çox güman ki, bu, İran tərəfindən Ermənistana yeni silahların satılmasından, o cümlədən Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə erməni ordusunun İran üzərindən təchizatından ibarət ola bilər. Belə ki, bu günlərdə Gürcüstan öz ərazisindən Ermənistana Rusiya hərbi yüklərinin daşınmasını dayandırıb, bununla da Gümrü bazasının təchizatı üçün problem yaranıb. Mümkün variantlardan biri kimi yüklərin İran üzərindən çatdırılması müzakirə edilir. İran 90-cı illərin əvvəllərində Qarabağda müharibə gedərkən Ermənistan ordusunun ərzaq və yanacaqla təchizatında əsas mənbə idi. Bu səbəbdən İranın Azərbaycan ərazilərinin işğalında Ermənistana verdiyi bu dolayı dəstəyi İrəvanda unutmurlar. Belə görünür ki, Azərbaycanın öz hərbi potensialını gücləndirməsi Ermənistanla yanaşı İranı da narahat edir. Xüsusən ona görə də ki, Azərbaycan öz ordusunu gücləndirmək üçün son illərdə İsraillə sıx əməkdaşlıq etməkdədir. Buna cavab olaraq Tehran İrəvana hərbi dəstəyi artırmaq qərarına gəlib və erməni rəsmiləri hesab edirlər ki, bu dəstək Azərbaycanı Qarabağda hərbi əməliyyatlara başlamaqdan çəkindirən amil ola bilər.
F.MƏMMƏDOV
Yeni Müsavat.-
2011.- 6 may.- S. 11.