“ÖLÜM CƏZASINI BƏRPA ETMƏKLƏ HEÇ NƏYƏ NAİL OLA BİLMƏRİK”

 

İlham Rəhimov: “Bu, bizi dünyanın gözü qarşısında çox pis vəziyyətdə qoya bilər

 

Parlamentin ötən iclaslarından birində Azərbaycanda ölüm cəzasının bərpası ilə bağlı təkliflər səsləndirildi. Bundan sonra hüquq aləmində bu məsələ ətrafında müzakirələr başlayıb. Belə bir vaxtda mübahisələrə aydınlıq gətirməsi üçün əməkdar hüquqşünas, dünyaca məşhur azərbaycanlı iş adamı, professor İlham Rəhimovdan müsahibə götürdük

 

- İlham müəllim, öncə sizi bir daha əməkdar hüquqşünas adı almağınız münasibəti ilə təbrik edirik.

- Çox sağ olun.

- Söhbətimiz də daha çox hüquqla bağlı olacaq. Sizdən öncə bir xahişim var, mümkünsə hüquqi terminlərdən mümkün qədər az istifadə edilsin, çünki hər bir insan bu müsahibəni oxuduqda məsələnin mahiyyəti ona aydın şəkildə çatsın.

- Çalışaram.

- Bu yaxınlarda Azərbaycan parlamentində ölüm cəzasının bərpası ilə bağlı təşəbbüs qaldırıldı və bunun ətrafında müəyyən diskussiyalar var. Təcrübəli hüquqşünas kimi, necə hesab edirsiniz, Azərbaycanda ölüm hökmünün bərpası doğru olarmı? Bu cəzanın tətbiqi doğrudanmı insanları cəzadan uzaqlaşdırar, yaxud da cinayətkarlığın qarşısının alınmasında hansısa müsbət təsiri ola bilərmi?

- Bu diskussiya yeni deyil. Ölüm cəzası ümumiyyətlə hər zaman mübahisə predmeti olub. Cəza cinayətə cavab kimi ortaya çıxandan - qədim filosoflardan tutmuş indiyə qədər bu məsələ mübahisəlidir. Bunun hər zaman tərəfdarları da olub, əleyhidarları da. Məsələnin indiki vaxtda ortaya atılması isə həm təəccüblüdür, həm də adi görünür. Çünki dediyim kimi, bunun ətrafında həmişə dartışma gedib, araşdırması olub. Cəza haqqında fikirləşəndə ilk öncə ağıla bu gəlir ki, bu lazımdır, ya yox? Bu cəmiyyətə hansı faydanı verə bilər, əhəmiyyəti nədir? Əgər faydası varsa, bu başqa məsələ. Yox, əgər sübut olunubsa ki, bunun heç bir xeyri yoxdur, onda bunun təkrar müzakirəsinə ehtiyac da yoxdur. Ölüm cəzasının bərpası məsələsinin ortaya atılması mənim üçün təəccüblüdür. Ona görə ki, prinsip etibarı ilə Azərbaycanda bu indiki halda mümkün olası deyil. Çünki bunun həm siyasi, həm hüquqi, həm də müəyyən qədər mənəvi-fəlsəfi səbəbləri var. Siyasi səbəb odur ki, biz konvensiyaya qol çəkmişik. Düzdür, orada iki halda - ölkə müharibə vəziyyətindədirsə və müharibə başlanması təhlükəsi olduqda ölüm hökmünün bərpası mümkün hesab olunur. Amma faktiki olaraq hazırda bizdə bu iki səbəbin heç biri yoxdur. Ona görə bunun ortaya atılması məntiqsizdir. Prinsipcə, ölüm cəzasının tərəfdarları hər zaman belə bir əsas gətirirlər ki, bu, müəyyən qədər ağır cinayətlərin qarşısını ala bilər. Yəni insan həyatını itirəcəyini bildiyi üçün psixoloji baxımdan ağır cinayəti törətməkdən çəkinir. Amma bunun başqa bir tərəfi var, indiyə qədər heç bir dövlətdə sübut olunmayıb ki, ölüm cəzası qüvvədə olduğu vaxtla, onun ləğvindən sonrakı müddətdə həmin tip cinayətlərin statistikasında dəyişiklik olsun. Müqayisə üçün, 1996-cı ildən Azərbaycanda ölüm cəzası ləğv olunub. Düzdür, 1992-ci ildən buna moratorium qoyulmuşdu, amma de-yure 96-cı ildən tətbiq olunmur. 15 ildir bizdə ölüm cəzası yoxdur, amma onun mövcud olduğu dövrlə bu 15 ili müqayisə etdikdə görürük ki, ağır cinayətlərin baş vermə tempində heç bir dəyişiklik yoxdur. Bu rəsmi statistikadır. Biz bu gün ölüm cəzasını geri qaytarsaq, statistikada heç bir dəyişiklik olmayacaq. Kimsə hansısa bir dövlətin praktikasından sübut eləsə ki, filan ölkədə ölüm hökmü yox idi, sonra onu bərpa elədilər, bundan sonra orada ağır cinayətlər azalıb, onda əlimi qaldırıb təslim olardım. Amma heç yerdə belə bir statistika yoxdur. İndiki vaxtda ölüm cəzasını tələb edənlər bilirsiniz kimə bənzəyir? Bu saat hamı bilir ki, Günəş yox, Yer öz oxu ətrafında fırlanır. Elm bunu sübut edib, bunun əleyhinə çıxmaq ağılsızlıq olardı. Amma elə adamlar var ki, deyir Yer fırlanmır, sübut mənim öz gözlərimdir, görürəm ki, mən yerimdə durmuşam, Günəş fırlanır. Ölüm hökmü məsələsində höcətlik edənlərionlara bənzədirəm. Ölüm cəzasının tərəfdarları fikirlərini həm də belə əsaslandırırlar ki, bunu əhali istəyir. Doğrudur, bu gün küçəyə çıxıb insanlardan soruşsaq, əksəriyyət deyəcək ki, istəyirik.

- Sizcə, insanlar niyə belə düşünür?

- Ona görə ki, əhalinin istədiyi odur ki, ağır cinayətlər baş verməsin. Sadə insanlar hesab edirlər ki, ölüm cəzası ilə buna nail ola bilərik. Lakin fakt, elm, statistika ayrı şeydir. Tarixdə elə olub ki, kimisə ölüm hökmünə məhkum ediblər, sonra başqa problemlər üzə çıxıb. Ümumiyyətlə, tarix boyu ölüm cəzası ən müxtəlif formalarda tətbiq olunub. Bir vaxtlar Avropa ölkələrində oğrunu meydana çıxarıb başını kəsirdilər, əhalini də tamaşaya çıxarırdılar, məqsəd qorxu yaratmaq, oğurluğa meylləri azaltmaq idi. Hamını yığırdılar tamaşaya, camaat qətlə baxanda, başqa oğrular elə oradaca qarmaqarışıqlıqda insanların ciblərini soyurdular. Buyurun, bu da baş kəsməyin təsiri. Qorxu yaratmaq üçün ölüm cəzasını bərpa etməklə heç nəyə nail ola bilmərik. Cəza həm də müəyyən bir məna kəsb etməlidir. İnsanı cəzalandırmaqla onun hansısa hüquqlarını məhdudlaşdırırsan. Məsələn, adamı 5 il müddətinə azadlıqdan məhrum edirsən. Bu müddət başa çatandan sonra o bilir ki, hüquqları özünə qaytarılacaq, bu bir psixoloji məqamdır. İndi deyin görüm, ölüm cəzasında sonra nəyi geri qaytarırıq? Heç nəyi, ölür hər şey bitir. Amma cəza mahiyyətinə görə hər zaman nəyisə qaytarıb geli almaq anlamını daşımalıdır, yəni nəyisə alırsan, sonra geri qaytarılır. Ölüm cəzasında bu yoxdur. Bundan başqa, insana ölüm cəzasına məhkum olunub, hökm icra olunub, bir müddət sonra bəlli olub ki, bu cinayəti o törətməyibmiş, artıq insan da yoxdur. 1986-cı ildə Özbəkistanın daxili işlər naziri Uzmanova ölüm hökmü kəsildi. Bir neçə ildən sonra bəlli oldu ki, o, bu cinayəti ümumiyyətlə törətməyibmiş. Amerikada 1900-1985-ci illər ərzində çıxarılan ölüm cəzalarından 350-si yanlış olub. Hətta lap yuxarı instansiya da hələ həqiqət deyil. İnsan faktoru var, insan səhv edə bilər. Lakin bu səhvə görə hansısa bir insan günahı olmadan həyatını itirir. Tomas Mor hələ 16-cı əsrin əvvəllərində deyib ki, insan həyatı heç nəylə qiymətləndirilə bilməz. Bu da var axı. Əgər ölüm cəzasına alternativ kimi ömürlük cəza varsa, birincini bərpa etməyə nə ehtiyac var? Tutaq ki, biri günahsız ömürlük cəza alıb, 20 il sonra günahsızlığı üzə çıxıb. Bu zaman heç olmasa ondan üzr istəyib, kompensasiya vermək mümkündür. Bu da var. Ömürlük cəzanın üstünlüyü bundan ibarətdir.

- İlham müəllim, belə rəylər də var ki, ölüm cəzası ömürlüklə müqayisədə yüngül cəzadır...

- Mənim doktorluq dissertasiyam cəza ilə bağlıdır. Mən ölümə məhkum olunanlarla da söhbət eləmişəm, ömürlük cəza alanlarla da. Onlara bu sualı vermişəm. Həqiqətən də ömürlük cəzaya məhkum olanlar deyirlər ki, ölüm cəzası bundan yüngüldür. Hər gün beynində olan budur ki, ömrünü burada keçirməlisən. Özü də ömürlüklərin cəzaçəkmə şəraiti daha ağır olur axı. Hər gün eyni cür ağır həyat keçirirsən. Amma burada bir məqam da var ki, ömürlük cəzanı nə zamansa bir az yüngülləşdirmək, 20 ilə endirmək olar. Elə dövlətlər var ki, orada ömürlük cəza almış şəxslər ağır xəstəliyə düşərsə, tutaq ki, həkimlər onun ömrünün sonuna 6 ay qaldığına dair rəy verərlərsə, həmin müddətdə onu azad edirlər. Burada başqa, müqayisələr də var, məsələn, kimsə düşünür ki, azadlığa çıxmaq, əfv olunmaq şansı var və sair. Prinsip etibarı ilə isə törətdiyi cinayətə görə heç zaman əfv olunmayacağını, heç bir şansı qalmadığını bildikdə, bəli, deyirlər ki, öldürsəydilər, canım qurtarardı. Bu tendensiya var.

- Yeri gəlmişkən, Macarıstanda ömürlük həbs cəzası alan zabitimiz Ramil Səfərovla bir müddət öncə görüşünüz olub. Siz onun cəzasını Azərbaycanda çəkməsi üçün çalışırsınız. Bir şans varmı?

 

(ardı növbəti sayımızda)

 

 

Elşad MƏMMƏDLİ

 

Yeni Müsavat.- 2011.- 10 may.- S. 5.