“ÖLÜM
HÖKMÜ ƏN UCUZ CƏZADIR”
(əvvəli ötən
sayımızda)
İlham Rəhimov: “Bir ölkənin
mədəniyyətini, mənəviyyatını öyrənmək
üçün həm də orada tətbiq olunan cəzalara
baxmaq lazımdır”
Parlamentin
ötən iclaslarından birində Azərbaycanda ölüm
cəzasının bərpası ilə bağlı təkliflər
səsləndirildi. Bundan sonra hüquq aləmində bu məsələ
ətrafında müzakirələr başlayıb. Belə
bir vaxtda mübahisələrə aydınlıq gətirməsi
üçün əməkdar hüquqşünas, dünyaca
məşhur azərbaycanlı iş adamı, professor
İlham Rəhimovdan müsahibə götürdük.
- İlham müəllim,
Macarıstanda ömürlük həbs cəzası alan
zabitimiz Ramil Səfərovla bir müddət öncə
görüşünüz olub. Siz onun cəzasını Azərbaycanda
çəkməsi üçün
çalışırsınız. Bir şans varmı?
- Mən
buna çox ümid bəsləyirəm. Ona görə ki, bununla çox ciddi
məşğulam, müəyyən bir proses gedir. Çox
şeyi açmaq istəmirəm, sadəcə deyim ki, proses
gedir. Çox istəyirəm ki, Ramil Səfərov cəzasını
burada çəksin. Düzdür, o, cinayətkardır, cinayət
törədib, heç kim onun hərəkətinə bəraət
qazandıra bilməz. Amma hüquqi nöqteyi-nəzərdən
onun haqqı var ki, cəzasını gəlib öz vətənində
çəksin.
- Bəzən belə arqumentlərə
də rast gəlinir ki, bütün ölkələrdən tələb
edildiyi halda, Amerikada da ölüm hökmü var.
- Səhv
etmirəmsə, orada cəmi 3 ştatda ölüm
hökmü qalır. Bir qədər əvvəl əgər
37 ştatda var idisə, indi bir neçə ştatda
qalıb. Bu da birbaşa ştatın özündəki
ağır cinayətlərin xarakteri ilə
bağlıdır. Amerikada hər ştat ölüm cəzasının
qalıb-qalmamasını özü müəyyən edir.
Hesab edirəm ki, qısa müddətdə onlarda da
götürüləcək.
Bilirsiniz,
sovet dövründə ən çox ölüm cəzası
məhkumluğu say etibarı ilə SSRİ-də olub. Amerika
yaranandan - 1776-cı ildən 1985-ci ilə qədər 14 min
cinayətkar haqqında ölüm cəzası
çıxıb. Keçmiş SSRİ-də isə 1962-ci
ildən 1990-cı ilə qədər 25 min insan haqqında ölüm
cəzası çıxarılıb. O dövrdə iqtisadi
cinayətlərə görə də ölüm cəzası
var idi. 10 min rubldan yuxarı məbləğdə mənimsəməyə
görə ölüm cəzası verilirdi. Özü də
nə qədər günahsız adamlar bu cəzaya məhkum
olunublar. Amerikada çox az cinayətlərə görə
ölüm hökmü mövcud olub. Xüsusi
amansızlıqla adam öldürməyə, yaxud bir neçə
nəfəri öldürməyə görə və digər
bu kimi xüsusi ilə ağır cinayətlər
üçün. SSRİ-də isə 10 min rubla görə də
ölüm hökmü var idi. Amma bu, yenə də cinayətləri
azaltmırdı. Təsiri yoxdursa, bunu tətbiq etməyin nə
mənası var idi? Ölüm cəzasının yalnız
bir üstünlüyü var ki, insanı həyatdan məhrum
edirsən, bununla da bitir, yəni o adam daha heç vaxt cinayət
törədə bilməyəcək və çox ucuz cəzadır.
Yəni bir var insana ömürlük cəza verirsən,
axı onu yedizdirməlisən, digər xərclərini
çəkməlisən. Ölüm cəzası ilə hər
şey bitir.
- Professor, sizcə cinayət baş
verdikdən sonra şəxsi cəzalandırmaqla və bununla
digərləri üçün qorxu yaratmaqla deyil, hansısa
başqa metodlar ola bilərmi ki, ümumiyyətlə
insanları bununla cinayətdən yayındırmaq
mümkün olsun, heç cəzaya da ehtiyac qalmasın və
ya daha az olsun?
- Bu sual
ömür boyu hamını maraqlandırıb. Əgər
siz istəyirsinizsə ki, Avropanın, yaxud da ayrıca
hansısa bir ölkənin tarixini biləsiniz, onların mədəniyyətini,
mənəviyyatını öyrənəsiniz, bunun
üçün həm də orada tətbiq olunan cəzalara
baxmaq lazımdır. Yəni hansısa dövrdə tətbiq
olunan cəzalarla həmin cəmiyyətin mədəniyyətini,
mənəviyyatını, inkişafını da bilmək
olur. O nöqteyi-nəzərdən Çezari Bekkarianın bir
sözü var idi ki, hansısa bir millətdə vəhşilik
daha çox qalıbsa, onlara daha güclü cəza tətbiq
eləmək lazımdır. Amma getdikcə inkişaf edirsə,
mənəviyyatı zənginləşirsə, cəza da
yüngülləşməlidir. Ona görə də indi biz
ölüm cəzasını bərpa etməklə faktiki
olaraq demiş olarıq ki, geriyə qayıdırıq, mənəviyyatımız,
tariximiz irəliyə getmir. Bu, bizi dünyanın
gözünün qarşısında çox pis vəziyyətdə
qoya bilər. O ki qaldı cəzaya, elə dövr olub ki,
çalışıblar cəzanın heç bir rolu,
funksiyası olmadığını, heç nəyin
qarşısını almadığını sübut etsinlər
və yeni yol - cəzaya alternativ axtarsınlar. Cəzaya
alternativ nə tapmaq olar? Həmişə bu sualı qoyan kimi,
digər bir sual ortaya çıxıb: yaxşı, biz cinayətin
qarşısını almaq istəyiriksə nə etməliyik?
Həkimlər xəstəyə öncə diaqnoz qoyur, xəstəliyin
səbəbini tapandan sonra dərman verilir, müalicə
olunur. Cinayətkarlığa qarşı mübarizə də
belədir. Cinayətkarlıq da sosial xəstəlikdir. Əgər
onunla mübarizə aparmaq istəyirsənsə, öncə səbəbi
tapmalısan ki, bu haradan gəlir, haradan qaynaqlanır? Ömür
boyu hamı bu suala cavab axtarıb. Səbəbi tapandan sonra
qarşısını almaq çox asan olacaq. Bəlkə
cinayət törətmək heç insanın özündən
asılı deyil, bunun bioloji, genetik bir səbəbləri var?
Əgər genetik səbəb varsa, bu mənim öz
ağlımdan, hərəkətimdən asılı deyilsə,
hərəkətimə nəzarət edə bilmirəmsə,
onda məni niyə cəzalandırırsan? Nə
günahım var, axı bu mənlik deyil, özümə
kontrol edə bilmirəm. Bu sual həmişə ortada olub. Yəni
özüm özümə nəzarət edə bilirəm, ya
yox. Bir italiyalı psixiatr alim var idi - Çezare Lombrzo, “Cinayət
adamı” adlı bir kitab yazmışdı. Araşdırma
aparmışdı, məsələyə
hüquqşünas kimi yanaşmamışdı. Türməyə
cinayətkarların içinə girib onları bioloji
nöqteyi-nəzərdən öyrənməyə, normal
insanlarla fərqlərini müəyyənləşdirməyə
çalışmışdı. İlk olaraq belə qənaətə
gəlib ki, fərq var. Sonra isə şok bir kitab yazıb. İddia
qoyub ki, mən insana baxıb deyərəm, bu, cinayətkar ola
bilər, ya yox. Düzdür, sonra başa düşüblər
ki, bu məsələlərə çox dərin gedib, o
öz mövqeyindən kənara çəkilib deyib ki, insan
cinayət törədəndə bunun ondan asılı
olmadığını sübuta yetirib. Yəni cinayətkarın
içərisində elə bir bioloji elementlər var ki, onu bu
hərəkətə məcbur edir. Ona görə də deyir
ki, gəlin axtaraq ki, bunun atası, babası cinayətkar olub,
ya yox, əgər olubsa, hansısa bir cinayəti törədəcək.
Belə bir reaksiya da var idi. Düzdür, bu, qəbul
olunmadı, indiyədək də hüquq aləmində
hamı üçün qəbul olunub ki, cinayətin törənməsinin
başlıca səbəbi sosioloji səbəblərdir. Yəni
hansı cəmiyyətdə yaşayırsansa, o cəmiyyətə
xarakterik olan sosial, iqtisadi, siyasi səbəblər cinayət
törətməyə səbəb olur. Ən çox cinayətlər
haradadır? O ölkələrdədir ki, orada yoxsulluq,
işsizlik çoxdur, kasıbla zənginin arasında
böyük bir məsafə var. Amma təkcə sosial səbəblər
deyil, insanın özündə də nəsə var. Necə
ola bilər eyni şəraitdə olasan, eyni sosial problemlər
hər ikimizdə olsun, amma ayrı-ayrı münasibətlər
göstərilsin. Elə fakt da var ki, əkiz qardaş olub,
eyni ailədə böyüyüblər, biri gedib qatı
cinayətkar olub, biri akademik. İnsanın özündə
olan bəzi xüsusiyyətlər, üstəgəl şəraitin
özü insanı cinayət törətməyə sövq
edir. Eləsi var törədir, eləsi də var törətmir,
özünə yox deməyi bacarır. Amma eləsi də var
ki, özü ilə bacara bilmir. Cinayətkarlığın səbəbləri
həddən artıq çoxdur. Ona görə də cinayətkarlıqla
mübarizə aparanda bunları nəzərə almaq
lazımdır. Cəza sosial problemləri həll edə bilməz
ki. Halbuki əsas səbəb sosial problemlərdir. Biz cəza
ilə təkcə ona nail ola bilirik ki, digərlərinin hərəkətinə
müəyyən qədər nəzarət eləyək. O cümlədən
qorxu ilə. Cəza insanın davranışına müəyyən
qədər nəzarət etmək imkanına malikdir. Bu,
müəyyən qədər qorxu yaratmaqdır ki, olmaz,
baş versə cavabı bu olacaq. Bəziləri risk edir buna
gedir. Ona görə nə qədər ağır cəzalar
olsa da, cinayətkarlıq yenə var. Məşhur sosioloq Dyu
Geym deyirdi ki, cəmiyyətdə cinayətkarlıq normal bir
hadisədir. Yəni cəmiyyət varsa, mütləq cinayət
olacaq. O demək istəyirdi ki, nə qədər mübarizə
aparırsınız aparın, hər bir cəmiyyətdə
özünə xas cinayət olacaq. Görürük ki, bu doğrudan
da belədir. Hər bir cəmiyyətin özünə xas
olan cinayətkarlığı var. Orta əsrlərdə olan
cinayətkarlıqla indiki dövrün cinayətkarlıqları
arasında da təbii ki, böyük fərq var. Məsələn,
kompüterlə bağlı cinayətkarlıq yox idi, indi var.
Ortaya elə hərəkətlər çıxır ki,
dövlət onu cinayət elan eləməyə məcburdur. Buna
qadağa qoyur. Cinayətkarlıqla mübarizənin, cəzanın
məqsədi o deyil ki, bunu kökündən ləğv eləsin.
Bu, mümkün olan iş deyil. Cəza ilə heç zaman
buna nail ola bilmərik. Cəzanın funksiyası ondan ibarətdir
ki, imkan verməyək bunlar artsın, vəssalam. Buna nail ola
bilsək, böyük işdir.
- Ola bilirmi ki, cinayət edən adam
tutulmayacağını, cəzadan yayına biləcəyini düşünüb
də buna gedir?
- Əlbəttə.
Cəzanın effektliyi onda deyil ki, bu nə qədər
ağır və ya yüngüldür. Cəzanın
effektliyi ondadır ki, cinayət etmək istəyən adam bilməlidir
ki, mütləq tutulacaq, ifşa olunacaq. Amma heç də
hamı belə düşünmür. Çünki imkanlar
var ki, cəzadan qaçasan, kənarda qalasan. Birincisi, cinayəti
törətməmişdən qabaq fikirləşir ki,
tutulacam, ya yox? Baxırsan ki, tutulmamaq imkanı çoxdur. Bu
bir. İkincisi, tutulacağı variantda istintaqda müəyyən
qədər aradan çıxa və ya cəzasını nə
cürsə yüngülləşdirə bilər. Məhkəmədə
də həmin şey. Son variant kimi də
düşünür ki, cəzaçəkmə müəssisəsində
2-3 il yataram, sonra özümü yaxşı apararam,
vaxtından tez çıxaram. Bundan sonra
düşünür ki, prezident əfv, Milli Məclis amnistiya
verə bilər. Bu, planlaşdırılmış cinayətlərə
aiddir. Biri də var ki, heç zaman beynində bu cinayəti
törətmək düşüncəsi olmayıb, amma bir
anın içərisində cinayət törədirsən.
- Müsahibə üçün
vaxt ayırdığınıza görə minnətdaram.
-
Buyurun.
Elşad MƏMMƏDLİ
Yeni Müsavat.- 2011.- 11 may.- S. 5.