“YAZIÇILAR
BİRLİYİNİN TÖVBƏ QAPISI AÇIQDIR”
Anar: “25 ildir başa düşmürəm, bunlar
Yazıçılar Birliyindən nə istəyirlər”
“Uzun illər ittifaq sədri olan təkcə
mən deyiləm”
Yazı masasının üstündə
latın əlifbası yazılan cədvəl gözümə
sataşır. “Bu, nə üçün lazımdır sizə”
deyə soruşuram, yaşlı nəsildən eşitməyə
öyrəşdiyimiz cavab gəlir: “Bu əlifbanı
qarışdırıram. Əllə yazanda çox
savadsız olur yazım. Kiril, latın əlifbalarını
qatıram bir-birinə. Amma kompyuterdə işim daha
asandır. Bunu gözümün qabağına qoymuşam ki,
çaşanda baxım”.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla
ədəbiyyat, qurultay, intriqalar,
planlarla... bağlı geniş
müsahibəmizdə isə bütün
cavablar səlis, dəqiq idi.
İrəliləyən yaşına rəğmən hər bir hadisəni dəqiqliklə xatırlayır,
heç nəyi qarışdırmır,
tarixləri, insanların adlarını səlis
söyləyir. Söhbət isə təkcə bununla yaddaşda qalmayacaq. Çünki bu günə qədər etmədiyi etiraflar, çoxları üçün
gizli qalan mətləblər
elə bu söhbətdə
açıldı. Amma mətləblər
açılana qədər...
Müsahibə üçün
ay yarımlıq müddətdə
danışıqlar getdi. Öncə
Anarın səhhəti, sonra səfərləri,
ardınca tədbirlər... imkan vermədi
görüşə. Ən sonuncu söhbətdə
isə “səfərim var, gedib
qayıdandan sonra danışarıq” deyib, yenə təxirə salmaq
istədi. Amma alınmadı.
Noyabrın ilk günü
Yazıçılar Birliyinin, özünün dili ilə
desək, Yazıçılar İttifaqının
qapısını döydük. Otaqdan, pilləkənlərdən əvvəlki
kimi qəlyan qoxusu gəlmirdi.
73 yaşlı yazıçı isə gümrah
görünürdü. Məsələn,
3 il əvvəlki müsahibə zamanı
necə görünürdüsə, eləcə...
- Anar müəllim, sizinlə söhbət hər
zaman çox çətinliklə
baş tutur. Bəzən
danışıqlar zamanı günlər həftələri,
həftələr isə ayları əvəz edir.
Nədir mətbuatla münasibətdə bu
qədər çəkingənliyin səbəbi?
-
Əvvəla, çəkingən deyiləm. Məndən çox mətbuata müsahibə verən az yazıçı tapılar. Televiziyanı da mən bura daxil edirəm. Amma mətbuata
müsahibələr verərkən göstərdiyim həssas
münasibətin, seçimin bir səbəbi var, bu, sizə aid deyil. Bəzən elə primitiv suallar verirlər ki, adam heç
buna cavab da vermək istəmir. Görürsən, gəlirlər, heç
bir şeydən xəbərləri yoxdur.
Mənim
yazılarımdan, əsərlərimdən
heç nə bilmirlər və deyirlər ki, danışın da, siz axır vaxtlar
nə yazmısız,
əvvəllər nə
yazıbsınız? Məsələn, Moskvadan gələn jurnalistlər bəzən
mənim yaradıcılığıma
bizimkilərdən daha
çox bələd olur. İnternet, qəzet-jurnal vasitəsilə
maraqlanır, oxuyur, sonra müsahibəyə gəlirlər. Daha o sualı
vermir ki, neçənci ildə doğulmusuz, hansı əsərləriniz var. İkinci
səbəb də odur ki, xüsusilə
müxalifətyönlü mətbuata müsahibə verəndən sonra bunun altını çəkirəm. O saat
bunu tərs yozurlar, işin içindən cürbəcür
məsələlər qurdalayıb
çıxarırlar. Bir sözlə,
mənə bunun ancaq zərəri var.
- Kim yozur dediklərinizi?
- Elə jurnalistlər. Təhrif də edirlər, tərs də yozurlar. Bir müddət keçəndən
sonra elə bilirlər müsahibə unudulub və mənim demədiyim şeyləri adıma yazırlar. Ona görə məsafə
saxlayıram. Digər tərəfdən,
mənim o qədər
ayrı işlərim
olur ki, müsahibələrə vaxt
tapa bilmirəm. Mətbuatla münasibətlərimə gəlincə
isə mətbuatın
azadlığına hər
zaman hörmət edirəm, tərəfdaram.
Mətbuatın azğınlığına isə etiraz edirəm.
- Amma maraqlıdır
ki, barəsində mətbuatda yazılan bütün yazılardan xəbərdar olan birisisiniz. Yəni belə bir həssaslığınız
da var mətbuata
münasibətdə...
- Yox, bütün yazılardan xəbərdar
deyiləm. Birincisi, mən internetə
daxil olmuram, orada nə yazıldığından
xəbərim olmur.
Bəzən gəlib deyirlər,
filan saytda barəmdə nəsə yazıblar. İkincisi də mən
qəzetlərdən ancaq
“Yeni Müsavat” və “Azadlıq”ı alıram. O biri qəzetlərdə nə
yazılması barədə
isə bəzən gəlib deyirlər. Bu iki qəzeti
oxumaq da kifayət edir ki, mənzərəni görəsən. “Yeni
Müsavat” axır vaxtlar mənim barəmdə az
yazır, amma “Azadlıq”ın hər nömrəsində bilirsiz
ki, mənə qarşı nəsə olur.
- Daha çox
hakimiyyətyönlü mediaya
müsahibələr versəniz
də müxalif mətbuata müsahibələriniz
rezonans, reaksiya doğurur. Sizcə, müsahibədən sonra çeşidli reaksiyaların
ortaya çıxması
normaldır, yoxsa o müsahibənin heç bir rezonans doğurmaması?
- Yox, müsahibənin rezonans doğurması yaxşıdır, amma qərəz, yalan olmasın. Mənim ən çox
əziyyət çəkdiyim
şey böhtan və yalandır. Haqqımda o qədər böhtan yazıblar ki. Xüsusən də “Azadlıq”
qəzetində. Əvvəllər orda anarşünaslar daha çox idi, indi bir
nəfər qalıb.
Hər yazısında, ifadəmə
görə üzr istəyirəm, barəmdə
yekəbaşlıq edir.
- Amma son vaxtlar üçün bunu demək olmaz. Çünki artıq barənizdə
tənqid yazanların
sayı azalıb.
- Bəli, azalıb. Mən bunu belə izah edirəm ki, belələri sifarişlə yazdıqları
kimi sifarişlə də susurlar.
- Kimin sifarişi
ilə?
- Bilmirəm. Yəqin yiyələri
var. Onlar qısqırdanda ki, yaz, yazırlar. İplərini çəkib, “yazma” deyəndə isə
yazmırlar.
- Nə dəyişib ki, indi belə sifarişlər azalıb?
- Bunu sahiblərindən soruşmaq lazımdır
(gülür). Çünki bütün bu yay
bir nəfər mənim barəmdə böhtan yazdı,
adını da çəkmək istəmirəm onun. Başqaları məni müdafiə elədi. Bunların hamısı əsəbdir, vaxtdır.
Ayrı bir faydalı işə sərf edəcəyin
vaxtı buna sərf edirsən.
- Barənizdə ən sərt məqalələrin
müəllifi Qan Turalı da artıq sizinlə oturub
danışmaq, bir çay süfrəsi arxasında
görüşməyi təklif edir. Mətbuatda
belə bir çağırışla çıxış
etmişdi.
- Çay süfrəsini eşitməmişəm, amma
mənə dedilər ki, onlar barışıq istəyirlər.
Dedim, mən onlardan küsməmişəm ki,
barışım. İkincisi, onlar mənim
tayım-tuşum deyillər ki, onlardan küsüm, ya
barışım. Mənim haqqımda
çox haqsız şeylər yazıblar. Əgər indi o yazdıqlarından
peşmandılarsa, mən buna ancaq sevinirəm. Həmişə demişəm ki,
Yazıçılar Birliyinin tövbə qapısı da
açıqdır, ümumiyyətlə, qapıları da
açıqdır. Kim bura xoş niyyətlə
gəlirsə, xoş gəlsin, biz onları qəbul etməyə
həmişə hazırıq.
- Uzun illər
davam edən
qarşılıqlı ittihamlardan, davalardan hansı tərəf
nə qazandı, nə itirdi? Bizim
razılaşıb-razılaşmamağımızdan
asılı olmayaraq, müxtəlif iddialar var ki, bəzi şəxslər
ədəbi karyeralarını, maddi təminatlarını
yaşlı yazıçılar, tanınmış şəxslərlə
mübarizədən qazandılar. Bununla
bağlı nə fikirləşirsiz?
- Mən bunu mübarizə
saymıram. Mübarizə o
vaxt sayılardı ki, bu, ikitərəfli olsun. Mən heç kimlə mübarizə aparmıram.
Ancaq böhtan, yalan yazılar olanda ya öz
adımızdan, ya da mətbuat xidməti adından cavab
veririk. Onu gizlətmirəm ki, mətbuat
xidməti adından verilən yazılar mənim, katiblərin,
Yazıçılar Birliyinin mövqeyidir. Biz heç kimə hücum etməmişik. Ancaq cavab verməklə, yalanları təkzib etməklə,
böhtanları ifşa etməklə məşğul
olmuşuq. Kim bundan nə qazanır, bilmirəm.
Açığı, heç inanmıram ki,
onlar da nəsə qazanır. Hesab edirəm
ki, get-gedə onlar da başa düşürlər ki, illər
boyu mənasız işlə məşğul olublar,
Yazıçılar Birliyi ilə mübarizədən
heç nə qazanmayıblar.
- Bəlkə də onların mübarizədən əl çəkməsinə
səbəb heç nəyin dəyişməməsidir. Məsələn,
Yazıçılar Birliyində heç nə dəyişmir,
həmçinin onlar da burada istədikləri vəzifəyə
gələ bilmirlər.
- Yazıçılar İttifaqında
tutaq ki, beş vəzifə var. 30-40 adamı o beş vəzifəylə
necə təmin edək? Deyirlər ki, maddi vəziyyətimiz
pisdir. Siz Yazıçılar Birliyinin
üzvü olsanız, onda bizim təqaüdlərdən sizə
də düşə bilər. Neçəsi
olub ki, bizə qarşı çıxışlar edib, sonra
da gəlib ki, peşman olmuşam. Yenidən
qayıdıb, biz də ona layiqdirsə, təqaüd
vermişik. O da bir il ərzində
heç olmasa o təqaüdlə yaşayıb. Məşhur məsəl var ki, bir nəfər Allaha
yalvarır ki, lotereya udsun. Allah da deyir ki,
heç olmasa bir bilet al də. Sən
heç olmasa, birliyin üzvü ol, sonra nəsə imtiyaz tələb
elə də. Bir tərəfdən deyirlər
ki, biz Yazıçılar Birliyinə qarşıyıq,
oranı zəbt edəcəyik, bayrağımızı ora
sancacağıq. Sonra da oradan nəsə
umurlar. Bu iki fikir bir-birinə ziddir axı.
- Anar müəllim,
doğrudanmı bu
çəkişmə Azərbaycan ədəbiyyatına,
Yazıçılar Birliyinə bir faiz də olsa, fayda vermədi?
Tutaq ki, birliyin rəhbərliyində olanlar başqa vaxt
hansısa addımı atardılarsa, bu fəaliyyətdən
sonra növbəti qarşılıqlı ittihamların
olmaması üçün müəyyən korrektələr
etdilər?
- Yox, mən deyə
bilmərəm müsbət təsirini. Gələn
il Allah qoysa, 25 il olacaq
Yazıçılar Birliyinin rəhbəriyəm. Neçə ildir, birliyə qarşı müxtəlif
iradlar var. Amma mən hələ də başa
düşmürəm ki, nə istəyirlər. Bir onu başa düşürəm ki, yəqin mənim
getməyimi, əvəzimə başqasının gəlməsini
istəyirlər. Bundan başqa, onların
mənə iradı nədir, anlamıram.
- Siz özünüzü
həmin narazıların
yerinə qoyub, mənzərəyə baxanda nə
görürsüz? Tutaq ki, 25 ildir bir nəfərin sədr
olması sizdə də narazılıq doğurmazdı? O
iradlarda haqlılıq payı heçmi
yoxdur?
- Bilmirəm, vallah. Mən, hər halda, 25 ildə 3 qurultayda yekdilliklə
seçilmişəmsə, deməli, işimdən razı
olublar. Özü də mən tək deyiləm
ki. Kinematoqrafçılar İttifaqına
Rüstəm İbrahimbəyov məndən əvvəl sədr
seçilib, indiyə qədər sədrdir. Rəssamlar İttifaqına Fərhad Xəlilov məndən
əvvəl sədr seçilib, hələ də fəaliyyətini
davam etdirir. Onlardan heç birinə
şükür ki, heç kimin iradı yoxdur. Hamının problemi ancaq Yazıçılar Birliyi
ilədir (gülür).
- Yəqin ki, bu, Azərbaycanda
bir ənənədir. İttifaq sədrlərinin
ömürlük sədr olması...
- Yox, məndən çox sədr olan
olmayıb. Mirzə müəllim 23 il sədr
olub, amma dalbadal yox. 3 il sədr olub, sonra
gedib, yenidən qayıdıb 4 il sədrlik edib. Amma dalbadal 25 il, özü də belə çətin
dövrdə sədrlik edən olmayıb. Mən
faktiki iki quruluşda sədrəm - sovet quruluşunda 1987-ci
ildə seçilmişəm. Sovet
dövrünün bütün şərtləri içində
işləmişəm, aradakı qarışıqlıq
dövründə də, müstəqillik dövründə
də.
- Və neçə-neçə prezidentlə
işləmisiz. Hamısı
ilə də yola getmisiz.
- 4 prezident olub. Bir dəfə sən mənə bu sualı vermisən,
mən də cavab vermişəm (gülür).
- Yox, mən
o sualı verəndə hələ
İlham Əliyev hakimiyyətə gəlməmişdi.
- Mən sənin həmin müsahibəni “Əsrin
əsiri” adlı kitabıma da salmışam. Orada
da demişəm ki, mənə kimin münasibəti
yaxşıdırsa, mənim də ona münasibətim normal
olub. Sən təsəvvür elə ki, bu
prezidentlər bir-birinin əleyhinə olub. Sənin dediyin kimi, onların hamısı məni qəbul
ediblərsə, deməli, mən onların heç birinin
adamı olmamışam. Mən dörd
prezidentə də hörmət etmişəm və edirəm.
Amma onların içində ən çox
hörmət etdiyim Heydər Əliyevdi. Onun barəsində
yazdığım kitaba da nəzər salsaz, görərsiz
ki, onun mənim haqqımda dediyi xoş sözlər mənim
onun haqqında dediklərimdən az deyil. Məni qiymətləndirib, dəfələrlə
bunu deyib, mən də təşəkkür etmişəm.
- 25 illik sədrlik məsələsindən
danışdıq. Dünən
(31 oktyabr-S.T.) açıqlandı ki, qurultay gələn ilə
qaldı. Bu gecikmənin səbəblərini bilmək
maraqlı olardı...
(davamı növbəti sayımızda)
Sevinc TELMANQIZI,
Zabil MÜQABİLOĞLU
Yeni Müsavat.- 2011.- 3 noyabr.- S.7.