“MİRZƏ CƏLİL AZƏRBAYCAN
ÜÇÜN QARANLIQDAN DOĞAN İŞIQDIR”
Azərbaycanın dilini,
coğrafiyasını əsərlərində təbliğ
edən, cəmiyyətdəki nadanlığı
qamçılayan ədibin ev muzeyindən reportaj
Azərbaycanda söz sahibi olaraq
yaşayıb, yaradıb bu dünyadan gedən şəxsiyyətlərin
mənəvi irsi onların ev muzeylərində qorunub
saxlanır. Bəs bu irs cəmiyyətə necə təqdim
olunur? Dünya fikir üzərində mövcuddur. Azərbaycanın
fikir adamlarının ev muzeylərinə gələnlər
özləri ilə nə aparırlar? Bu məqsədlə
növbəti dəfə yolumuzu Azərbaycan xalqının
böyük oğlu, yazıçı- dramaturq, xalq müəllimi,
ictimai xadim, publisist, fədakar jurnalist, Şərqdə ilk
şəkilli - satirik “Molla Nəsrəddin» jurnalının
yaradıcısı Cəlil Məmmədquluzadənin
ev-muzeyindən saldıq.
Qeyd edək ki, C.Məmmədquluzadə
1869-cu il fevralın 22-də Naxçıvan şəhərində
anadan olub. İlk təhsilini
mollaxanada alıb. 1887-ci ildə Qori Müəllimlər
Seminariyasını bitirib. 1903-cü ilədək müəllimlik
edib. 1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus”
qəzetində işləyib. Onun yazıçı və
jurnalist kimi püxtələşməsində qəzetin
redaktoru M.A.Şahtaxtlının mühüm rolu olub.
“Poçt qutusu” adlı ilk mətbu əsəri bu qəzetdə
dərc olunub. 1906-cı il “Molla Nəsrəddin” satirik
jurnalı çapa başlayıb. 1920-ci ildə o, ailəsi
ilə birlikdə Təbrizə köçüb. 1921-ci ildə
Təbrizdə jurnalın 8 nömrəsini nəşr etdirir.
İrandan qayıtdıqdan sonra Bakıda yaşayıb
yaratdığı (1921-1932) bu mənzil ədibə Nəriman
Nərimanov tərəfindən verilib. 1978-ci ildə Azərbaycan
SSR-nin rəhbəri Heydər Əliyevin qərarı ilə
ev muzeyi açılıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir.
Muzey əməkdaşları indiyədək ədiblə
bağlı oraya 5 minədək eksponat toplayıblar.
Muzeyin fəaliyyəti və Mirzə Cəlillə
bağlı digər məlumatları bizə, muzeyin
böyük elmi işçisi Yeganə Məmmədova verdi. Y.Məmmədovanın dediyinə görə,
Mirzə Cəlil 1932-ci ildə dünyasını dəyişdikdən
sonra həyat yoldaşı Həmidə xanım 1955-ci ilədək
bu mənzildə yaşayıb. Muzey açılanadək isə
başqa adamlar yaşayıblar. Odur ki, vaxtilə onun tələbəsi
olan Əziz Şərif ədibin əşyalarını
qorumaq üçün bir çoxunu özü ilə Moskvaya
aparıb. Bəzi eksponatlar isə Nizami adına Ədəbiyyat
Muzeyindən götürülüb. 1981-ci ildən muzeyə Pərixanım
Mahmudova rəhbərlik edib. Muzey əməkdaşı onu da
vurğuladı ki, sovet hökuməti dövründə mənzil
uzun müddət təmirsiz qalıb, P.Mahmudova bir çox yerlərə
müraciətlərdən sonra muzeyin təmirinə nail olub:
“Bizi bura Mirzə Cəlilə olan sevgimiz toplayıb. Təəssüf
ki, yaşayan doğmalarından heç kimlə əlaqə
saxlamaq mümkün deyil”.
Mirzə Cəlil ədib olaraq
dünyanın əksər ölkələrində
tanınır. Yeganə
xanım bildirdi ki, yaxın günlərdə “Molla Nəsrəddin”in
jurnalının redaksiya otağındakı xəritədə
onun tanındığı ölkələrin adları da qeyd
olunacaq. Y.Məmmədova: “Bizim 150, 190 saylı, Nərimanov
rayon 45 saylı orta məktəblərlə daim əlaqələrimiz
var. Bu il respublika Mərkəzi Turizm İdarəsində Mirzə
Cəlillə bağlı tədbirlərimiz keçirilir. Gənc
turist və diyarşünaslıq mərkəzi ilə daim əlaqə
saxlayırıq. Paralel olaraq Mirzə Cəlillə
yanaşı, Mirzə Ələkbər Sabir və o
dövrün digər klassikləri haqda məlumatlar veririk, tədqiqatçı
alimləri dəvət edirik. Yazda səyyar sərgi ilə
Bibiheybət Mədəniyyət Mərkəzinə getdik və
”Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin"
adlı sərgi keçirdik. Sanki Bibiheybətdə toy-bayram
oldu. Biz qəzetiniz vasitəsilə müəllimlərə səslənirik
ki, Mirzə Cəlildən dərs keçəndə buyurub
muzeyimizə gəlsinlər".
Muzeyin əməkdaşı deyir ki, ora əsasən
yay aylarında daha çox qonaqlar gəlir: “İran, Türkiyə, yaxud hər
hansı Avropa ölkəsindən, Azərbaycanın hər
bir bölgəsindən bura gələnlər var. Xalq sevəni
xalq da sevir. Burada həftədə ən azı 2-3 ekskursiya
aparılır”.
C.Məmmədquluzadənin
xidmətlərindən danışanda onun ana dilimizin
qorunmasında, cəmiyyətdəki nadanlığın,
xurafatın qamçılanmasında, cəmiyyətin maariflənməsində
olan xüsusi rolundan bəhs etmək də yerinə
düşər. Y.Məmmədova ədibi “Qaranlıqdan
doğan işıq” adlandırdı: “Onun dövründə ən
çox Axundovdan, Zərdabidən gələn bir
maarifçilik hərəkatı vardı. Eyni zamanda cəmiyyətdə
cahillik, nadanlıq, savadsızlıq hökm
sürürdü. Bu dövrdə ”Molla Nəsrəddin" zəruri
olaraq meydana çıxdı . Mirzə Cəlilin
ideyalarını jurnaldakı karikaturalarda ilk olaraq alman
karikaturaçılar Rotter və Şmerlinq canlandırıb.
Sonra bizim sevimli rəssamımız Əzim Əzimzadə
davam etdirib. Onun şagirdi olan mərhum salnaməçimiz
Qulam Məmmədli deyirdi ki, Mirzə Cəlil şəkillərə
ona görə çox üstünlük verirdi ki, cəmiyyəti
ayıltsın. Karikaturaların birində bir azərbaycanlı
oturub, rus, fars, ingilis hərəsi kənardan onun ağzına
bir dil soxur. O da öz dilini çıxarıb göstərir
və deyir ki, mənim öz dilim var.
Mirzə Cəlil çox sadə,
axıcı, xalqın başa düşdüyü dildə
yazan nasir olub.
“Anamın kitabı” sözsüz ki, dilə aiddir. Azərbaycan
ədəbiyyatında ilk dəfə olaraq Mirzə Cəlil
öz əsərlərində Azərbaycanın çox
geniş xəritəsini Naxçıvan, Ərdəbil, Dərbənd,
Xoy, Bakı və sair əraziləri təqdim etməklə
göstərib".
Mirzə Cəlil sovet dövründə
bəzi hallarda dinsiz, inamsız kimi də təqdim olunub. Amma
Y.Məmmədova bununla qətiyyən razılaşmır: “Bu tamam səhv fikirdir. Onun saf
inamı, Allaha böyük sevgisi olub. Sadəcə,
xurafatın, Şeyx Nəsrullahların əleyhinə
çıxıb. Sovetlər dövründə ”Molla Nəsrəddin"i
Allahsız elan etmək istəyiblər. Amma o buna yol verməyib.
Hətta onu zorla bir rus qadınla evləndirmək istəyiblər,
razılaşmayıb".
Y.Məmmədova bir arzusunun qəzetimizdə
dərc olunmasını xüsusilə xahiş etdi. O, Mirzə
Cəlilin əsərlərinin, xüsusən “Ölülər”in
fəlsəfi baxımdan tam açılması
üçün tədqiq olunmasını arzulayır: “Bu əsər böyük bir
mübarizə yolu oldu. ”Ölülər"in fəlsəfəsini
açmaq üçün həm də görünür,
filosof olmaq lazımdır. Çox arzu edərdim ki, tədqiqatçılar
Mirzə Cəlilin əsərlərinin mahiyyətini bizlərə
açsınlar".
Qeyd edək ki, bu il Mədəniyyət
və Turizm Nazirliyinin əmri və YUNESKO-nun Azərbaycan Komitəsinin
qərarı ilə Molla Nəsrəddinin 105 illiyi
keçirilib. Y.Məmmədova
hesab edir ki, “Molla Nəsrəddin” ciddi obrazdır: “Molla Nəsrəddin
Ömər Faiq Nemınzadə , Ordubadi, Sabir, Şahtaxtı, Əli
Qəmküsar, Firudin Köçərli kimi ziyalıların
obrazıdır. Tarixi Molla Nəsrəddinlə bunu eyniləşdirmək
olmaz. Həqiqətən Mirzə Cəlilin yumoru
düşündürəndir. Jurnalı çap etdirəndə
nə qədər çətinliklərlə üzləşib.
Tiflisdə onun öldürülməsi üçün
başına pul da qoyulub. Təbrizdə nəşr etdirdiyi 8
nömrəyə görə, İranda o vaxtın mətbu
orqanları yazıb ki, böyük bir odunun görmədiyi
işi felyetonlar görüb. Qələminin gücü o qədər
böyük idi ki, Mirzə Cəlilin bir felyetonu çap olunan
günün sabahısı Təbrizdə vaxtilə
açılan fahişəxanalar
yığışdırılıb”.
C.Məmmədquluzadənin əsərləri
bir çox dillərə tərcümə edilib. Onun xatirəsini
əbədiləşdirmək üçün adına rayon,
kənd, küçə, məktəb, xatirə muzeyləri,
abidələr var. Bu il həyat yoldaşı Həmidə
xanımın da doğulduğu Ağcabədi rayonunda ev muzeyi
açılıb. Bütün bunlar təqdirəlayiq olsa da,
Mirzə Cəlilin dərk olunması üçün təbliğinə
ehtiyac çoxdur.
Sevil HİLALQIZI
Yeni Müsavat.- 2011.- 13 noyabr.- S.13.