“Nakişi
papaq qoysa da ondan kişi olmaz” - MÜSAHİBƏ
Məşhurlara
papaq tikən “Ən böyük milli papaq” rekordçusu “Yeni
Müsavat”a danışdı
Kişinin tüfəngi olar, atı olar,
bir də papağı. Ancaq bu deyim o vaxt üçün idi.
Hətta o vaxtlar deyərdilər ki, papaq namus-qeyrətdir. Bunu
milli kinolarımızın əksəriyyətində də
görürük. Ancaq indiki kişilərdə bunların hər
üçünü tapmaq çətin məsələdir.
Tüfəngli, atlı kişilər qalsa da papaqlı
kişilər çox az saydadır. Belə desək, indi
çoxu başıaçıq gəzir. Amma Kamil kişi illərdir
ki, həm papaqsız başlar üçün papaq tikir, həm
özü geyinir, həm də bu sənəti yaşadır.
Gəlin, bu sənətdəki bütün incəlikləri,
fərqliliyi və sairəni elə papaqçının
dilindən eşidək.
“Papaqçı olduğum
üçün ailəm utanırdı, mən isə...”
Kamil Əlağa
oğlu Məlikov 1955-ci ildən bu sənətlə məşğuldur.
1932-ci il təvəllüdlü usta bu sənətə 23
yaşında gəlib. Kamil dayıdan öncə bu sənətə
necə gəlməyi barədə soruşduq. O deyir ki, məhz
böyük Nizami Gəncəvinin “Kamil bir palançı olsa
da insan, yaxşıdır yarımçıq
papaqçılıqdan” kəlamına görə bu sənəti
atmayıb: “Hərbi xidmətimi yerinə yetirib gələndən
sonra bu peşənin sirlərini öyrənməyə
başladım. O zamanlar azərbaycanlıları bu peşəyə
yiyələnməyə qoymurdular. Amma ermənilərlə yəhudilərə
mane olan yox idi. Çünki bu peşədə yaxşı
qazanc var idi. Bir müddət keçdi, papaq sexində işləməyə
başladım. Bu peşənin dərinliyini öyrənəndən
sonra təkbaşına sifariş qəbul etməyə
başladım. Artıq 1955-ci ildən papaqçıyam. 56
ildir yəni”.
Papaqçının
bu işə hədsiz marağı və istəyi onu bu sənətdən
uzaqlaşdıra bilmir: “Ailəmizdə həmişə məni
tənqid edirdilər ki, bu sənətdən bir şey
çıxmaz, get oxu. Hətta papaqçı olduğum
üçün ailəm utanırdı da. Ancaq mən bu sənəti
atmadım. Yəni sənəti seçmisənsə, onu
heç vaxt yarımçıq qoymaq olmaz”.
Kamil kişi
daha köhnə, peşəkar papaqçıların
qalmadığını, çoxunun ölüb getdiyini
söyləyir: “Cavanların da bu sənətə gəlməyə
marağı yoxdur. Xaricdən də o qədər mal gətirib
töküblər ki, sənətkarın malları işləmir,
ona görə də bu sənətə maraq getdikcə
azalır. Ancaq bu sənəti kimsə yaşatmalı, gələcək
nəsillərə ötürməlidir. Axı papaq bizim milli
rəmzlərimizdən, atributlarımızdan, maddi mədəniyyət
nümunələrimizdən biridir. Onu qorumaq lazımdır”.
Onu da deyək
ki, Kamil kişi “Ən böyük milli papaq” nominasiyası
üzrə rekord qazandığı üçün Azərbaycan
rekordçusudur. Divardan asdığı mükafatı fəxrlə
göstərən papaqçı ona verilən qiymətə
görə çox sevindiyi söylədi.
Bakı mollaları milli
papaqlarımızdan xəbərsizdir?
Hər
adamın başında papaq gəzdirə bilmədiyini deyən
Kamil kişi də təsdiqləyir ki, keçmişdə hər
kişinin başında papaq olması əsas şərt idi:
“Kişidə papaq, qadınlarda isə şal, yaylıq, ləçək
şərafət nişanəsi sayılırdı. Buna
görə də heç vaxt kişinin papağı
başından əskik olmazdı. Bunları istər milli
kinolarımızda, istərsə də o dövrkü məşhurların,
şair və yazıçıların fotolarında görmək
mümkündür”.
Ancaq Kamil
dayı indiki papaqlardan və papaq qoymayan adamlardan şikayət
edir: “Təəssüf ki, bu gün papaq qoyanların sayı
çox azdır. İndi elə papaqlar moda düşüb
ki, adamın gülməyi gəlir. Mənə 100 manat da versələr,
o papağın eynisini tikmərəm. Kişinin kişi
papağı olmalıdır. Ancaq bir şey də var ki,
kişiliyi olmayan nakişi insan papaq da qoysa, ondan kişi olmaz”.
Papaqçının
sözlərinə görə, hər bölgənin öz
papağı və bu papağın başa qoyulma tərzi var:
“Tikdiyim papaqlar mənim deyil, millətimin papağıdır.
Bütün xalqların öz milli papaqları var. Ancaq iki millətdən
başqa. Rusiya qaraçıları və ermənilərin
özlərinə məxsus olan papaqları yoxdur. Dövlətlər
arasında Özbəkistan və Əfqanıstanın özünəməxsus
milli papaq növləri var. Yəhudilər də adi adamlardan
prezidentə kimi başlarına girdə araqçın
qoyurlar”.
“Bizim nəyimiz
onlardan əskikdir” sualını verən papaq xiridarı onu da
vurğulayır ki, indiki gənclər gündəlik
başlarına papaq qoymurlar, heç olmasa öz toylarında
papaq geysinlər: “Mən başa düşə bilmirəm ki,
niyə bizim millət gedib xaricdən pis-pis şeylər
öyrənirlər. Şapka nədir axı? Gənclərə
məsləhətim o olardı ki, şapka yerinə kişi
papağı qoysunlar başlarına. Milli papağı
başına qoyan kişinin qəlbində millətçilik
olar”.
Kamil
kişinin başqa bir şikayəti isə gənclərin
milli papaqlarımızı digər xalqların papaqlarından
ayıra bilməməsi ilə bağlıdır: “Hətta
milli papaq kimi uzun illərdi başqa xalqların papaqlarından
istifadə olunur. Bəzi rəqs oynayanların başında
türkmən və digər xalqların papaqlarını
görmək olar. Bundan başqa, din xadimlərimizin, xüsusilə
mollaların istifadə etdiyi papaqlar bizimki deyil. Əksər
adamların milli papaqlarımızdan xəbəri yoxdur”.
Papaqçı
deyir milli papağımızın adı “Süleymani”dir. Onu
kinolarımızın əksəriyyətində aktyorlar
başına qoyub: “İndi adlarını xatırlaya bilmirəm,
amma məşhur aktyorların və bir çox
tanınmış aşıqların papaqlarını mən
tikmişəm”.
"Rus papağını tülkü,
dovşan dərisindən hazırlayırlar"
Dükanda
Atatürkün və Hacı Zeynalabdin Tağıyevin şəkilləri
diqqətimi çəkir. Hər ikisinin başında papaq
var. Kamil kişi deyir ki, Hacının başındakı papaq
daqqa papaq, Atatürkün papağı isə general
papağıdır. Sonra papağın növlərindən
söz açır, deyir ki, çərkəzi papağı ən
çox Gürcüstan azərbaycanlıları
xoşlayır: “Bir də var, hacı papağı, yarma papaq,
onu da ruhanilər başına qoyurlar. Elə adam var ki, deyir
hacı papağı rus papağıdır. Ruslar heç vaxt
Buxara dərisindən papaq qoymur. Rus papağını
tülkü, dovşan dərisindən hazırlayırlar. Kənarları
tüklü, ortası dərinin tərs üzündən
hazırlanır”.
Tikdiyi
papaqları elə-belə yox, ürəklə tikdiyini
söyləyən Kamil dayı deyir ki, papaq tikmək
üçün qayçı, iynə, sap, metr, qəlib, bir
də astar üçün parça gərəkdir. O,
papağı tikiş maşını ilə tikir. Dərinin
balacalığından, böyüklüyündən
asılı olaraq hərdən 3-4 saata, hərdən də
bir-iki günə bir papağı tikib başa gətirir: “54-dən
58 qədər olan baş ölçülərini standart
hesab etmək olar. Nadir hallarda isə 65 ölçülü
başa rast gəlir. Papaqlar zərif tikilişi, dəqiq
ölçüsü, xoş görünüşü ilə
seçilməlidir”.
Peşəkar
papaqçının dediyinə görə, papaq sifarişi
olsa da dəri məsələsi çox çətindir. Gərək
hansısa ölkədən dəri gətirəsən, bu da
ucuz başa gəlmir: “Dərinin başa xeyri var. Papaq başa
yaraşıq verir, həm də deyirlər papaq qoyan adamın
qan təzyiqi olmur. Qaragül dərisini ancaq Türkmənistan,
Özbəkistan, bir də Əfqanıstandan gətirirlər.
Biz də papaqları adətən bu dəridən
hazırlayırıq. Kasıb adamlar adətən ucuz papaq istəyir.
Yaxşı dəridən olan papaqlar isə baha olur. Mənə
əsasən 40-50 yaş arası və ondan yuxarı
yaşı olanlar sifariş verir. Bir də daha çox
kiçik toy üçün uşaqlara papaq tikdirirlər”.
“Bəs
papağı necə qorumaq olar” sualına Kamil kişinin
cavabı belə oldu: “Sellofan torbanın içinə naftalin
atıb papağı da qoyursan içinə, torbanın
ağzını möhkəm bağlayıb asırsan. Onda
papaq nə korlanmaz, nə də xarab olmaz. Papağı əgər
istifadə etmirsənsə, mütləq asmaq lazımdır.
Onda xarab olmur”.
Qiymətlərə
gəlincə isə bu o qədər də ucuz deyil. Usta bunu dərinin
qiymətinin baha olması ilə əlaqələndirir. Belə
ki, bir dəri 250-300 manata başa gəlir: “Papaqların qiyməti
onun ölçüsündən və istifadə olunan dəri
materialının keyfiyyətindən asılıdır. Qiymət
10 manatdan 150 manata qədərdir. Dəri papaqlar 60-70 manatdan
başlayır”.
Ayda neçə
papaq satdığını deyə bilməyən ustanın
sözlərinə görə, elə olur ki, beş gün
heç nə satılmır, elə vaxt da olur ki, bir gündə
iki papaq satılır. Ancaq yayda bazarı
ölürmüş. Onun özündən sonra
davamçısı yoxdur. Övladları olsa da onlar bu sənətə
yiyələnməyi istəməyib. Hərdən yorulub bezsə
də papaqçılıq sənətini seçdiyinə
görə peşman deyil Kamil kişi.
Atalar deyib ki,
papağını qarşına qoy, yaxşı-yaxşı
fikirləş. Amma kamil bir papaqçı olan Kamil dayı
deyir, indi hansı kişiyə deyə bilərsən ki,
papağını qoy qarşına fikirləş,
hamısı papaqsızdır. Papaq qoyan kişilərə isə
onun sözü bu oldu: “Papağınız boş qalmasın,
papaqlı kişilər...”
Günay MUSAYEVA
Yeni Müsavat.- 2011.- 8 oktyabr.- S.13.