“Pensiyamın miqdarını deməyə utanıram...”

 

Məryəm Həsənova: “Şəxsən mən İsa bəyi başqanlıqdan getməyə qoymaram”

 

 ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU”

 

Azərbaycanın müstəqilliyinə səs verən “43-lər”in, istiqlalçı deputatların yeganə xanım nümayəndəsidir həmsöhbətimiz - Məryəm Həsənova. 100 yaşlı Müsavatın qərargahında görüşdük. Çətinliklə olsa da, Siyəzəndən paytaxta, həyatını bağladığı partiyaya gəlmişdi istiqlalçı xanım.

 

Müstəqilliyimizin 20 illiyi ərəfəsində onu söhbətə çəkmək, fikirlərini, düşüncələrini bilmək, qayğıları ilə maraqlanmaq istədik. Məryəm xanımın uşaqlığı “Sovetski”də keçib. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Həyatının sonrakı hissəsi Siyəzəndə keçib.

Demblokun 25 üzvündən biri olan M.Həsənova vaxtilə Ali Sovetin iclaslarında az-az danışsa da, məşhur 4-cü mikrofonda ilk çıxış edən deputatdır. Dediyinə görə, indiki Siyəzən rayonunun yaradılmasında onun xüsusi rolu var. O zaman məhz onun təklifindən sonra rayon təşkil edilib.

Ancaq bütün bu xidmətləri nəinki nəzərə alınmadı, üstəlik, müstəqilliyə qarşı çıxanlara göstərilən diqqətin yüzdə birini ona göstərmədilər. 1991-1995-ci illərdə Milli Məclisin istiqlalçı deputatlarından biri olmuş M.Həsənova ötən il məcbur oldu ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Siyəzən rayon Şöbəsinə qarşı məhkəmə iddiası qaldırsın. Məryəm xanım istiqlalçı deputatlara “Əmək pensiyası haqqında” qanunla müəyyən olunan müavinətin verilməsindən imtina edilməsinə bu şəkildə etiraz etdi və haqqını istədi. Ancaq iddia təmin olunmadı. Budur, ömrünün ahıl vaxtlarını yaşayan M.Həsənova qayğılar içərisində yaşayır. Aldığı təqaüd isə dərmanına belə çatmır. Bunları sözgəlişi deyir, heç yazılmasını da istəmir. O, daha böyük amallarla yaşayan adamdır. 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, müstəqilliyə səs vermiş cəmi 43 nəfərdən biri olan Məryəm xanım bu gün Arif Hacılının həbsdə saxlanılmasını, vəfat etmiş istiqlalçıların adlarının əbədiləşdirilməməsini, onların layiqli qiymətinin verilməməsini də ədalətsizlik sayır.

Müsavat qərargahının qarşısındakı xatirə bulağının divarına vurulan Qarabağ şəhidlərinin şəkillərinə diqqətlə baxır, onların ruhuna dualar oxuyub dərindən köks ötürür. Sonra söhbətinə davam edir: “İlk dəfə müstəqilliyimizin tanınması xəbəri Türkiyədən gələndə hamımız ağladıq. Əgər bu proseslərdə iştirakım, ürək yanğım varsa, bu, mənim üçün böyük şərəfdir. Mənim aləmimdə xalqın özünü tanıması, dərk eləməsi ən böyük hissdir, bu hissi bir nəfər kimi yaşamağımız lazımdır”.

Deyir ki, nə vaxtsa müstəqil Azərbaycanda müstəqilliyə səs verənlərə belə münasibət olacağını gözləmirmiş: “Bu şəxslərə münasibətdə ədalət hissini unutmaq olmazdı. Hansı ki, həmin adamlara hərtərəfli, həm də mənən, ruhən dəstək olmalı idi. O əhval-ruhiyyənin ömrü uzadılmalı idi. Çünki o hadisələr adi məsələ deyildi”.

73 yaşın içindədir Məryəm xanım. Siyəzən şəhərində ana dili və ədəbiyyatdan dərs deyirmiş. Ötən ilin aprelində isə işdən çıxıb: “Müəyyən səbəbləri vardı. İmtinamı deyim, üsyanmı deyim...Hər halda etiraz etdim və məktəbdən çıxdım”. Gülərək deyir, yaş həddinə görə hələ bir az da artıq işləyib.

Pensiyasının miqdarını soruşanda “deməyə utanıram axı” söyləyir. Deyirəm, Məryəm xanım, siz utanmalı deyilsiniz. Cavabında bildirir ki, 161, ya da 162 manatdır: “Ondan əvvəl 117 manat idi. Arta-arta gəlib 160-ı keçib. Deyəsən, may ayı 2 manat 50 qəpik artım olmuşdu. Ona görə də adam bu mövzuda danışmağa utanır”.

- Sizi əhatə edən insanlar söhbət düşəndə nə deyirlər? Heç qınandığınız anlar olubmu?

- Fakt budur ki, camaatın özünün kifayət qədər ailəvi dərd-səri var. Əgər insan iqtisadi təminatdan məhrumdursa, onun yadına nə düşər? Ancaq bəziləri söhbət düşəndə deyirlər ki, “hə, nə oldu? Siz nə istəyirdiniz, hansı vəziyyətə düşdünüz. Gör bir nə gündəsən? Belə hallar az olmur. Elə bəzilərinin davranışlarından da bu cür nəticə çıxarmaq olur. Ancaq bir müəllim kimi fəxr edirəm ki, çox yetirmələrim var. Zarafat deyil, 50 ildir ali məktəbi bitirib dərs demişəm. Camaat da mənim əməyimi unutmur. Ancaq təəssüf ki, dərs dediyin şagird bu cəmiyyətin bir üzvünə çevrilirsə, daha onun günahı müəllimdə deyil, cəmiyyətin özündədir. Əsas müəllim cəmiyyətdir. Həyat, mühit insanın xarakterini dəyişirsə, nə etmək olar?

- 20 il əvvəli, həmin Müstəqillik Aktının qəbul olunduğu 18 oktyabrı necə xatırlayırsınız?

- Ən şərəfli gün kimi. Həmin gün sevincimdən hönkür-hönkür ağladım. O gün Milli Məclisin zalında şəkil çəkdirdilər. Digərləri kişilər idi deyə, mən getmək istəmirdim. Məni güclə dartıb apardılar. Ona görə də bir qolum düşüb, yumruğumu sıxdığım yerdə. Amma o anları mən həyatımın ən gözəl anları sayıram. Elə bilirdim ki, cənnətin qapısı ağzındayam. Bundan şərəfli, bundan gözəl gün ola bilməzdi.

Məryəm xanım bir neçə il öncə Allahın rəhmətinə qovuşan ömür-gün yoldaşını dərin hörmətlə xatırlayır: “Bağışlayın, gec ailə qurmuşduq. O da gözəl müəllim idi...Mənim siyasi fəaliyyətimə çox təbii baxırdı. Heç vaxt əks fikir deməzdi, əksinə, dəstəkləyirdi. Özü də mitinqlərdə iştirak edirdi. Elə 2003-cü ildə ”Qələbə" meydanında keçirilən mitinqə gəlmişdi. Çox məmnunluqla geri dönmüşdü".

Deputatlığa namizədliyinin irəli sürülməsindən bəhs edir. Maraqlıdır, rayon yerində yaşayan xanım necə oldu proseslərin gərgin çağında siyasətə qatılmağa, deputatlığa namizədliyini irəli sürməyə qərar verdi? Bildirir ki, bu, əslində camaatın münasibətinin nəticəsi idi: “Bəzən oturub düşünürsən ki, bəs, camaatın o vaxtkı əhval-ruhiyyəsi hara gedib. O zaman Zarat kənd məktəbində direktor işləyirdim. Maşın-maşın adamlar gəldi ki, bəs, biz bu işə qoşuluruq, sizin namizədliyinizi irəli sürürük. Çox ayıq cəbhəçilər vardı o vaxtı. Etiraf etmək lazımdır ki, o əhval-ruhiyyə indi yoxdur”.

Ancaq sonrakı seçkilərə qatılmaqdan vaz keçib: “Dedim bu, mənə lazım deyil. Əgər bu iqtidarın kursu budursa, mənim onlarla əlbəyaxa olmağa gücüm çatmaz. Parlamentin bugünkü tərkibi sizə də məlumdur. Hər tərkibin də tərkibi var. Əgər bunlar Azərbaycan naminə bütövlüyə qulluq eləmirsə, millətinin xüsusiyyətlərini, xalqın ayaq üstə durmağını düşünmürsə, mən o parlamentə getmərəm. Heç indiki situasiyada qoymazdılar ki, qutudan mənim adım çıxsın”.

Deyir ki, ən böyük arzu-istəyi, amalı Azərbaycanın bütövlüyünü görməkdir: “Cənubla Şimal nəyə görə parçalanmış vəziyyətdə qalmalıdır? Bir təcavüzkar o tərəfdən kəsib, biri bu tərəfdən. 200 ilə yaxındır parçalanmış haldayıq. İranda 35 milyondan çox bizim kimi qaşı qara, gözü qara Azərbaycan türkləri var. Şimal və Cənub türkləri birləşməlidir. İkinci ən böyük arzum Məhəmməd Əmin Rəsulzadənin üçrəngli bayrağını öpüb ona gerçəkdən qulluq etməkdir. O bayrağı çox adam öpür, amma öpüb bu dövlətə, bu xalqa qulluq etmək gərəkdir”.

- İstiqlalçı deputatların mükafatlandırılması ilə bağlı çoxlu təkliflər, müraciətlər var. Sizin təklifiniz nə olardı?

- O vaxt pensiya təminatı ilə bağlı məhkəməyə müraciət etmişdim. Ancaq alınmadı. Qoy alınmasın. Maddi təminat mənim üçün... demirəm sıfırdır. Alınsa, çox gözəl olardı. Ancaq bu, hər şey demək deyil. Qoy heç olmasa istiqlalçılığın mahiyyəti açıqlansın, hər kəs bunun mahiyyətini başa düşsün.

Qarabağ savaşı gedən zaman o da əlindən gələn köməyi etməyə, əsgərlərimizə mənəvi dayaq olmağa çalışıb. Biz az da bununla toxtaqlıq tapır:

- Mən cəbhəyə çox getmişəm. O zaman yardım aparırdıq, əsgərlərlə görüşlər keçirirdik. Halal xoşları olsun. Ağdam, Tovuza, Ağdərəyə getmişik, ordumuza yardım aparmışıq. Nəcməddin Sadıqov da bunu təsdiqləyə bilər. Hətta olub ki, gecə saat 11-də Tovuzun Çənlibel adlanan yüksəkliyinə qalxmışıq, hərbçilərimizin durumunu yoxlamışıq. Mən ağır yaralılarımızın daşındığı dəhşətli səhnələrin şahidi olmuşam. O zaman məndən soruşdular ki, yardımı niyə qərargaha aparmırsınız. Dedim apararam ora, ancaq eşitdiyimə görə, sonradan yardım satışa göndərilir.

Söhbət qara yaylıqdan düşür. Məryəm xanımın parlamentdə də hər zaman qara yaylıqla əyləşməsi 20 il öncədən bəri suallar doğururdu. Bir sıra hallarda bunun izahı da verilib. Ancaq yenə yaddaşları təzələmək xatirinə, ağrılı da olsa, bunun mahiyyətini açıqlayır:

- 30 sentyabrda mənim deputat seçildiyim elan olundu. Oktyabrın 6-da isə yol qəzasında dörd əzizim öldü - qardaşım, yoldaşı, bacım, oğlu. Buna kim dözərdi? Səbəbi hələ indiyədək məlum deyil ki, bu qəza təşkil olunmuşdu, yoxsa...Anam rəhmətlik o vaxt məsələnin üstünə getməyə qoymadı. Dedi bir bu qədər əzizim əlimdən çıxıb, qalanlarını da itirməyim. Görünür, nəsə məlumatı varmış. Mən də onun sözünə baxıb ardınca getmədim. Ancaq elə o vaxtdan qara yaylıq mənim sirdaşım oldu...

Bir xatirəsini bölüşür: “Biz aclıq edəndə rəhmətlik Elçibəy başda olmaqla böyük bir dəstə evimizə gəlmişdi. Referendum keçirilən zaman aclıq eləmişdik. O zaman rayona getmişdik, anam dedi ki, Əbülfəz bəyə çatdırarsan, onu and verirəm dörd balamın qəbrinə, aclığı dayandırsın. Hansı ki, Bəxtiyar Vahabzadə, Yusif Seyidov gedib xahiş eləmişdilər, ancaq onların xahişini qəbul eləməmişdi. Mən anamın sözünü rəhmətliyə dedim, ”baxarıq" dedi. Sonra eşitdim ki, anamın xahişini eşidib, aclığı dayandırıb".

M.Həsənova mənzilində tək-tənha yaşayır. Ancaq bunu da özünə dərd eləmir. “Bu da bir taledi” deyir və ümumiyyətlə, bu mövzuda danışmaq istəmir.

Müsavat Partiyasından, onun 100 yaşından söhbət düşəndə isə üzündəki kədərin yerini təbəssüm bəzəyir: “Mən bu partiyanı çox istəyirəm. Məhəmməd Əmin Rəsulzadə mənim nəzərimdə bir Peyğəmbər məzmunundadır”.

İsa Qəmbərin Müsavat başqanlığından getməsini isə qəti istəmir: “Şəxsən mən İsa bəyi başqanlıqdan getməyə qoymaram. Düzdür, Müsavatda başqanlığa layiq xeyli insan var. Amma İsa bəyin çəkisində bir adam təsəvvür etmirəm. İsa bəy Məhəmməd Əminin partiyasına rəhbərlik etməyə tam layiq olan adamdır. Ona görə istəmirəm ki, rəhbərlikdən getsin”.

- Məryəm xanım, Azərbaycanın sabahını necə təsəvvür edirsiniz?

- Azərbaycan özü ayaqda olmalı, sabahını qurmalıdır. Bütün xalq ayağa qalxmalıdır. Mən qanın, qırğının əleyhinəyəm. Amma başa düşmək lazımdır, vaxtadək bu cür sönüklük davam edəcək? Bütün xalqın mübarizləşməsinə ehtiyac var. Həm şəxsi, həm mənəvi cəhətdən. Bəzən söhbət düşəndə deyirəm ki, baş açıq, ayaq yalın bütün Azərbaycan anaları Xankəndinə tərəf yol almalıdır. O şəhidlərdən artıq deyilik ki...

 

 

Elşad PAŞASOY

 

YeniMüsavat.- 2011.- 10 oktyabr.- S.7.