“ERMƏNİLƏR ŞUŞADAKI BÜLBÜL MUZEYİNİ ONA GÖRƏ DAĞITDILAR Kİ...”

 

Ölməz sənətkarın həyat yoldaşı Adeliada Məmmədova: “İndi oradan əsər-əlamət qalmayıb, bunlar insanı o qədər ağrıdır ki...”

 

Ermənistanın işğalı nəticəsində Azərbaycan təkcə torpaq və maddi sərvətlərin dağıdılıb talan edilməsi ilə yox, həm də misilsiz mədəniyyət nümunələrinin itkisi ilə üzləşib. Azərbaycan incəsənətinin beşiyi sayılan Şuşa 19 ildir düşmən işğalı altındadır və 19 ildir ki, Şuşa ölkəmizə mədəniyyət, incəsənət xadimləri bəxş etmir. Bu itkini Üzeyir, Cabbar, Niyazi, Bülbül kimi dahilərin xatirələrini anmaqla təsəlli tapmağa çalışırıq. Bugünlərdə vəfatından 50 il ötən görkəmli vokalçı, misilsiz səsinə görə “Bülbül” ləqəbi qazanmış Murtuza Məşədi Rza oğlu Məmmədovu da onun ev muzeyində xatırlayıb şuşalı günlərə qayıtmağa çalışırıq.

“400 eksponat Şuşadakı muzeydə itdi. Oğlum Polad (Polad Bülbüloğlunu nəzərdə tutur - S.T.) işğaldan sonra düz iki dəfə orada olub. Muzeydən əsər-əlamət qalmayıb. Qapı-pəncərələr sındırılıb, Bülbülün büstü dağıdılıb. Bunlar insanı o qədər ağrıdır ki...” Ölməz sənətkar Bülbülün ev muzeyində həyat yoldaşı, eyni zamanda muzeyin direktoru Adeliada Məmmədova ilə söhbətləşirik. Sentyabrın 26-da ölümünün 50-ci ildönümü qeyd edilən dahi vokalçının keçmişi, yaşadığı ömür yolu, sənəti ilə bağlı danışmaq üçün Şuşanın düşmən işğalı altında olduğu bir vaxtda yəqin ki, onun Bakıdakı ev muzeyindən ideal məkan tapılmazdı.

Bülbülün xatirə muzeyi içəriyə ayaq basan dəqiqədən etibarən böyük sənətkarın həyatını özündə əks etdirirdi. 4 otaqdan ibarət muzeyin hər otağı onun ömür yolunun bir hissəsinə işıq salırdı.

 

Orda bir muzey var, uzaqda - Şuşada görmədiyimiz Bülbül muzeyində nələr var idi?

 

Amma müsahibimlə Bakıdakı ev muzeyini gəzmədən öncə bizim, eləcə də çoxlarının görmədiyi, bələd olmadığı Şuşadakı ev muzeyindən danışırıq. Erməni işğalı nəticəsində məhv olan muzeyin təsvirini Adeliada xanımın dilindən dinləyirik: “Onu deyim ki, 1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuşdu. Uşaqlıq illərini burada keçirmişdi, ilk dəfə də burada musiqi aləminə qədəm qoymuşdu. Həmin muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər saxlanılırdı. Bundan başqa, şəxsi əşyalarından bəziləri, o cümlədən qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Ekspozisiyada Bülbülün Azərbaycanda 1920-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı ”Arte Nostra"da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi. İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdi".

A.Məmmədovanın sözlərinə görə, muzeyin ikinci otağında Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri nümayiş etdirilirdi. Bundan başqa, burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkillər, məruzələr... də göstərilmişdi: “Muzeyə gələnlərin diqqətini dərhal divarda Bülbülün heykəltəraş Arif Qazıyev tərəfindən yaradılmış bürünc barelyefi cəlb edərdi. Bülbülün Elmi-Tədqiqat Kabinetindəki ”Bakşteyn" royalı da elə bu otaqda yerləşərdi. Otağın mərkəzindəki şüşə vitrində Bülbülün 1928-ci ildəki frakı asılmışdı. Həmin muzeydə xalq şairi Süleyman Rüstəmin və şair Tofiq Bayramın Bülbülə həsr etdiyi şeirlərinin foto əksi də var idi".

 

“Şuşa alınanda o muzey əvvəlkindən də gözəl olacaq”

 

Müsahibim deyir ki, Şuşa vaxtilə beynəlxalq kurort olduğu üçün muzeyə də hər zaman xarici qonaqlar, turistlər gəlib. Bülbülün sənətkarlığı haqda eşidənlər onun barəsində daha çox bilmək üçün bu muzeyə üz tutublar: “Biz Bülbülün muzeyi ilə üzbəüz ev tikmişdik. İnanın ki, heç bir gün də yaşamadıq orada. Azərbaycanın incilərindən biri idi Şuşa. Görməyənlər bilməz - amma Şuşaya cəmi bir yol var. Onu satmasaydılar, almaq mümkün olmazdı. Biz Şuşa ilə birgə çox şey itirdik. Eləcə də böyük bir sənətkarın sənət arxivini. Ermənilər hər zaman maraqlı olublar ki, bizim böyük insanlar barədə dünyada daha az bilsinlər. Bizim böyük sənətkarlara kölgə salmağa, onların əsərlərini mənimsəməyə çalışıblar. Bülbülün Şuşadakı ev muzeyini dağıtmaqla onlar həm də buna nail olmaq istəyiblər”.

Amma A.Məmmədova inanır ki, gec-tez Şuşa geri alınacaq və oradakı bir çox əmanətlərimiz kimi Bülbülün ev muzeyi də xalqa geri qaytarılacaq: “Bəlkə də mən həmin günü görməyəcəyəm. Amma tarixdə qalacaq. İnanıram ki, muzey əvvəlkindən də gözəl olacaq”.

 

Muzeyin 4 otağı - biri sərgi, üçü xatirə...

 

İndi isə Bakıdakı muzeydə kiçik bir gəzintiyə çıxırıq. Ekskursiyaçı Lalə Həsənovanın müşayiəti ilə 4 otaqlı muzey barədə bilmədiklərimizi də elə burada öyrənirik. Məlum olur ki, otaqlardan üçünü xatirə kimi saxlanılıb, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaradıb. Muzeyə gələnləri vestibüldə Bülbülün büstü qarşılayır. Sol divarda respublika rəhbərlərinin, SSRİ Böyük Teatrı ustalarının iştirakı ilə Bülbülün memorial muzeyinin təntənəli açılışının fotoşəkilləri və görkəmli mədəniyyət və incəsənət xadimlərinin böyük müğənni haqda fikirləri yazılmış lövhələr asılıb. Yadigar əşyalardan ibarət sağdakı divarda haşiyəli güzgü asılıb. İkinci otaqda - 1914-cü ildə indiki Gəncə şəhərində Bülbülə verilmiş pasport ekspozisiya olunub. Otağın sol divarında Bülbülün xaricdə yaşadığı müddətdə çəkdirdiyi şəkillər asılıb. Vitrində isə nadir və maraqlı materiallar nümayiş etdirilir: Bülbülün İtaliyaya qastrol səfərini əks etdirən rəsmi sənədləri, xarici pasportu, Milan şəhərinin məlumat kitabçası...

Otaqda Bülbül ömrünün yadigarları - servant, royal, saat, mebel, əlvan metaldan dolçalar, büllur vazlar qoyulub.

Bülbülün elmi və pedaqoji fəaliyyətinə aid bir çox materiallar üçüncü otaqda - kabinetində ekspozisiya edilib.

Diqqəti cəlb edən daha bir divar vitrini. Bülbülün sovet ordusu döyüşçüləri ilə dostluğunu, eləcə sovet ordusu hissələrinə səfərini əks etdirən sənədlər gözə dəyir. Ekskursiyaçı danışır ki, həmin günlərdə Bülbül tank hissələrinə döyüşçülərin uşaqlarına kömək məqsədilə Dövlət Müdafiə Fonduna öz şəxsi hesabından 200 min manat pul keçirib.

 

İki tarixi məktub - biri Stalindən, o biri Nazim Hikmətdən

 

Maraqlı məktublar... Bir tərəfdə İosif Stalinin, o biri tərəfdə isə yaralı döyüşçülərin Bülbülə ünvanladığı təşəkkür məktubları. Bu da ölməz Nazim Hikmətin öz xətti ilə yazdığı namə: “Sovet insanlarına böyük insanlığa gözəl şarkılarını uzun illər boyu şakı Bülbülüm şakı...”

Bülbülün royalı, olduğu kimi saxlanan yataq otağı, qurultaylardakı fotoları, 8 mindən çox sənəd materialın əsli...Muzey sözün birbaşa mənasında Bülbülün ruhunu yaşadır.

Amma direktorun müəyyən narazılıqları da var. Deyir, Azərbaycana gəlib bu gözəlliklərlə tanış olmaq istəyən insanların işi çətinləşib. Çünki biletlər bahadır onlar da bu cür gözəlliklərdən məhrum olublar. Amma müsahibimiz ümid edir ki, “Eurovision 2012" Bakıda keçiriləcəyi üçün ölkəmizə gələn qonaqların da sayı artacaq:Bu müsabiqə mədəniyyətimizi dünyaya yenidən tanıtmaq üçün bir fürsətdir. O zamana qədər Mədəniyyət Turizm Nazirliyi yəqin ki, tədbirlər planı hazırlayacaq, xarici qonaqların gəzməsi üçün muzeylərin siyahısını tərtib edəcək. Ümid edirik ki, Bülbülün Ev Muzeyi həmin siyahıda olacaq gələnlər bütün bu sənət nümunələri, Azərbaycan sənətinin bir hissəsi olan Bülbül sənəti ilə tanış ola biləcəklər".

 

Rəssamlar İttifaqı bizə mane olurhəyətdən muzeyə giriş olar?”

 

Adeliada xanımla söhbət zamanı mətbuatda tez-tez hallandırılan mövzuya, muzeyə girişin Rəssamlar İttifaqından keçməsinə toxunduq. Müsahibimiz dedi ki, həqiqətən muzeyə giriş Rəssamlar İttifaqının içərisindəndir. Rəssamlar İttifaqının bəzi üzvləri isə bu qapını bağlamağa çalışırlar: “Təsəvvür edin ki, muzeyə giriş binanınpodyezd"indəndir. Yəni insanlar muzeyə həyətdən girirlər. Həyətdən muzeyə giriş olar? Kimin pulu var, istədiyini edir. İndi bu adamlar istədikləri vaxt qapını açırlar, istəmədikləri vaxt bağlayırlar. Bülbüllə yanaşı, Məmməd Səid Ordubadi, Süleyman Rüstəm bu binada yaşayıb. Bu insanların ruhuna, sənətinə hörmət əlaməti olaraq bu əməlləri aradan qaldırmaq lazımdır".

Müsahibimiz məhz bu problem sayəsində 4 ildir ki, muzeyin tanıtım lövhəsinin olmadığını dedi. Onun sözlərinə görə, ziyarətçilərin azlığı da çox vaxt buna görə olur: Ümid edək ki, gələn ilə qədər bütün problemlər həll olunacaq. Vaxtilə YUNESKO heç bizimlə maraqlanmırdı. Amma indi dövlətin qayğısı nəticəsində bu qurum Azərbaycandakı mədəni proseslərlə yaxından maraqlanır. Gərək biz buna uyğun olaraq işləyək”.

 

 

Sevinc TELMANQIZI

 

Yeni Müsavat.- 2011.- 30 sentyabr.- S.10.