QARABAĞA DAİR “XALQ DİPLOMATİYASI” YENİDƏN GÜNDƏMDƏ

 

Səfir Polad Bülbüloğlunun açıqlaması fərqli reaksiyalara səbəb olub, təşəbbüsü dəstəkləyən də var, qarşı çıxan da

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə jurnalistlərə açıqlamasında Ermənistanla “xalq diplomatiyası”na dair yeni təşəbbüslərin ola biləcəyini deyib. Səfir bildirib ki, bu istiqamətdə səylər davam edir. Qeyd edək ki, 2007-ci ilin yayında P.Bülbüloğlunun və onun Moskvadakı erməni həmkarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan ziyalılarının bir qrupu Qarabağa və hər iki ölkənin paytaxtına səfər etmiş, görüşlər keçirmişdilər. İki il sonra analoji səfər növbəti dəfə həyata keçirildi. Bu dəfə situasiyanın fərqli olması səbəbindən səfirin açıqlaması mübahisələrə səbəb olub. Çünki P.Bülbüloğlunun son açıqlaması Azərbaycan hakimiyyətinin müharibəyə hazırlaşdığı barədə məlumatların yayıldığı dövrə təsadüf edir.

Belə çıxır ki, Bakı münaqişənin nizamlanmasında bütün mümkün dinc vasitələrdən istifadə etməyə çalışır. Son illərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımlar sırasında ayrı-ayrı qeyri-hökumət təşkilatları nümayəndələri üçüncü ölkələrdə erməni həmkarları ilə görüşlər keçirib, həmçinin internet forumları təşkil edilib. Hələ 2007-ci ildə İrəvanda “Azərbaycan günləri” keçirildi və hər iki ölkənin politoloq və QHT təmsilçiləri Ermənistanla Azərbaycanın birgə yaşama formulu üzərində də fikir mübadiləsi apardılar. Erməni məktəblərində isə “Azərbaycanı necə təsəvvür edirəm?”, “Ermənistanla Azərbaycanın gələcəyini necə görürəm?” mövzularında inşalar yazılırdı. Amma daha çox ziyalıların Qarabağa və Ermənistana səfərləri ciddi reaksiyalar doğurub, təpkilərə səbəb olub. Bu get-gəllər isə Ermənistan rəhbərliyinin və Qarabağ separatçılarının mövqeyində dəyişikliyə səbəb olmadı. Düşmən tərəf bu gün də Azərbaycanla müharibə dilində danışır, torpaqları azad etməyəcəyini bəyan edir.

 “Azərbaycan ziyalılarının ermənilərlə işğal olunmuş torpaqlara birgə səfəri heç bir şey vermir. Xalq diplomatiyası məsələni həll edə bilməz”. Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Xocalı rayonunun keçmiş icra başçısı Elman Məmmədov deyib. Onun sözlərinə görə, prezidentlər səviyyəsində hər hansı bir nəticə əldə olunsaydı ictimaiyyət nümayəndələrinin görüşünü bəlkə də məqsədəuyğun saymaq olardı: “Bu gün nə beynəlxalq çərçivədə, nə də prezidentlər səviyyəsində aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Cinayətkar Sərkisyan və onun rejimi ”Qarabağı heç vaxt verməyəcəyik" kimi sərsəmləmələrlə çıxış edirsə, burada nə “xalq diplomatiyası?” Təşkil olunun bu səfərləri mənasız iş hesab edirəm".

Ancaq Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu cür yanaşma ilə razılaşmır. Onun sözlərinə görə, ziyalıların Dağlıq Qarabağa getməsi faydalı prosesdir və “xalq diplomatiyası” olmalıdır. B.Səfərovun sözlərinə görə, Polad Bülbüloğluna bacarıqlı siyasətçi kimi hörmət edir və səfirin təşkilatçılığı ilə əvvəlki səfərlər zamanı erməni vandalizminin sifəti ilə tanış olmaq mümkün olub.

“Polad Bülbüloğlu ora kefə getmir ki? İşğal olunmuş torpaqlara, ata-baba yurduna gedəndə qan ağlayır. Belə bir imkan olarsa, mən də gedərəm” deyə, B.Səfərov bildirib. İcma rəhbəri qeyd edib ki, belə ikitərəfli səfərlər məsələnin sülh yolu ilə həlli üçün kömək ola bilər.

Əslən Ağdam rayonundan olan xalq artisti Arif Babayev deyir ki, münaqişə yeni başlayan illərdə bu kimi təmaslar bəlkə də müsbət nəticə verərdi: “Ancaq bu saat ermənilər öz işlərindədir, iddialarından əl çəkmirlər. Amma yenə də görüşlərin olması, müzakirələrin aparılmasının ziyanı yoxdur”. Xalq artisti özü də Qarabağa getməyə hazırdır: “Onlarla üzbəüz görüşdə sözümüzü deyə bilərik. Vaxtilə qapımızda işlətdiyimiz adamlar indi torpaqlarımıza yiyə durub. Bir qarabağlı kimi, bir ağdamlı kimi öz sözümü deməyə həmişə hazıram. Dəvət alsam, niyə getmirəm ki? O qədər cavanlarımız gedib vətən yolunda şəhid olublar. Mən bu yaşımda hara desən gedərəm və şəhid olmağa da hazıram”.

A.Babayev deyir ki, ilk olaraq Ağdamı ziyarət etmək istəyir: “Oradan bizi Şuşaya aparsalar, daha yaxşı olar. Mən məmnuniyyətlə Qarabağa gedərəm. Mənə nə olur-olsun, o torpaqlara getməyə hazıram. Heç olmasa ermənilərlə bir masa arxasında oturub sözümü deyərəm, ürəyimi boşaldaram. Bir dəfə tanıdığım ermənilərlə İranda rastlaşdım. Salam verməsəm də, özləri yaxınlaşdılar. Mənə dedilər ki, biz nə edək, biz belə olmasını istəməzdik. Dedim ki, istədiniz-istəmədiniz fakt budur ki, torpaqlarımız sizin ayaqlarınızın altındadır. Onlara sözümü də dedim”.

Sülh və Demokratiya İnstitutunun sədr müavini, konfliktoloq Arif Yunus isə deyir ki, “xalq diplomatiyası”ndan bir çox münaqişələrdə istifadə olunub: “Məsələn, 1990-cı illərdə Polşada azsaylı alman xalqı ilə problem var idi. Orda polyaklarla yanaşı, 3 milyona yaxın alman yaşayırdı. Hətta münasibətlər erməni-azərbaycanlı münasibətindən də pis idi, toqquşmalar var idi. Həmin vaxt ”xalq diplomatiyası"ndan istifadə etdilər. Polyaklarla almanlar görüşürdülər, ən gərgin məsələlərlə bağlı diskussiyalar aparırdılar. Hazırda hər şey normaldır.

Rumıniyada azsaylı xalqlardan biri olan macarlarla bağlı problem də bu şəkildə çözülüb. Yenə də “xalq diplomatiyası” rumın və macarlar arasındakı münaqişənin aradan qalxmasına töhfəsini verib". A.Yunus deyir ki, Avropada “xalq diplomatiyası”ndan ayrıca istifadə olunmur: “Orda rəhbərlər səviyyəsində də danışıqlar aparılır. ”Xalq diplomatiyası"nın əsas məqsədi vasitəçilikdən ibarət olur. Hamı başa düşür ki, hər şey dövlətin əlindədir. Çünki müharibəni başlayan da dövlətdir, danışıqları aparan da, hansısa bir sazişə qol çəkməklə münaqişəni yekunlaşdıran da. “Xalq diplomatiyası”nın isə belə imkanları yoxdur və tərəflər münaqişəni həll etmir. Kimsə düşünürsə ki, “xalq diplomatiyası” ilə Qarabağ məsələsini həll etmək olar, bu, düzgün deyil. “Xalq diplomatiyası” sadəcə vasitəçilik rolunu oynayır. Qarabağla bağlı hər iki ölkənin rəhbərliyi arasında danışıqlar getsə də, nəticə yoxdur. Çünki hər iki xalq bir-birinə inanmır. Azərbaycan tərəfi Qarabağ ermənilərinə geniş muxtariyyət verəcəyini deyir, ermənilər isə buna inanmadığını deyir. Biz də ermənilərin arqumentlərinə inanmırıq. Bu inamsızlıq effektli danışıqlar aparmağımıza imkan vermir. Bu mənada o inamsızlığı götürmək üçün “xalq diplomatiyası”ndan istifadə olunmalıdır. “Xalq diplomatiyası”nın öz imkanları var, ancaq geniş deyil".

Konfliktoloqun sözlərinə görə, Azərbaycana baxanda Ermənistanda “xalq diplomatiyası”nın tərəfdarları artıqdır: “Ona görə ki, biz uduzan tərəfik. Bütün dünya ölkələrinin praktikasında belə olub ki, uduzan tərəf daha radikal olur. Çünki torpaqlarını qaytarmaq istəyir. Deməli, uduzmuş normal millət elə radikal olmalıdır. Ermənilər isə istədiklərinə nail olduqları üçün ”xalq diplomatiyası"na müsbət yanaşırlar. Deməzdim ki, bununla erməni xalqının münaqişə ilə bağlı rəyini yüz faiz dəyişmək mümkündür. Amma xeyli təsir göstərəcək. Düzdür, nəticə bir az gec olacaq. Bununla belə, biz başa düşməliyik ki, “xalq diplomatiyası” ilə problemi həll edə, hakimiyyəti əvəz edə bilmərik".

A.Yunus hesab edir ki, Türkiyə-Ermənistan əlaqələri işə salınandan sonra erməni cəmiyyətində Türkiyəyə münasibət xeyli dəyişib: “Düzdür, bu, çətin prosesdir. Çünki 200 ildən çoxdur Türkiyəyə qarşı təbliğat aparılıb. Birdən-birə vəziyyəti dəyişmək olmaz. Türkiyə ilə Ermənistana baxanda azərbaycanlılarla ermənilər arasında ”xalq diplomatiyası" daha zəifdir. Vaxtilə qondarma “soyqırım”la bağlı nəsə deyəndə ermənilər məni kəskin şəkildə söyürdülər. İndi isə görürəm ki, yox, vəziyyət dəyişir. Çünki görüşlər keçirilir və fərq var".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının internet resurslarındakı mövqeyindən bəlli olur ki, o, birmənalı şəkildə bu cür təmasların əleyhinədir. Onun fikrincə, ermənilər danışıqlarda barışmaz mövqe nümayiş etdirir və Qarabağı heç vaxt Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməyəcəklər. Üstəlik, işğal olunmuş ərazilər kütləvi şəkildə yandırılır, talan edilir, nümayişkaranə şəkildə Qarabağda hərbi təlimlər keçirilirsə, “xalq diplomatiyası” bizə uğur gətirməyəcək. Onun fikrincə, Rusiyanın siyasətindən irəli gələn bu məsələ Azərbaycan hökumətinin maraqlarına uyğun gəlmir. Sadəcə, rəsmi Moskva dünyaya Qarabağ münaqişəsi ilə bağlı bütün rıçaqların onun əlində olduğunu nümayiş etdirmək istəyir.

Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri arasında növbəti görüş planlaşdırılıb. Ancaq bu görüşdə hansısa nəticənin əldə olunmayacağı əvvəlcədən məlumdur. Fakt budur ki, hazırkı şəraitdə münaqişənin həlli dalana dirənib və müharibə riski artmaqdadır. Belə şəraitdə bəzi müşahidəçilər “xalq diplomatiyası”nı dalandan çıxmaq üçün ən optimal yol hesab edirlər. Düzdür, “xalq diplomatiyası”ndan xüsusilə II Dünya müharibəsindən sonrakı dövrlərdə geniş istifadə olunmağa başlanılıb. Finlandiya ilə İsveç arasında Aland adaları ilə bağlı münaqişədə də bu metod özünü doğruldub. Ekspertlərə görə, təcrübə sübut edir ki, ermənilərlə danışıq yolu ilə heç bir anlaşma əldə etmək mümkün deyil. Qardaş Türkiyə hökumətinin son illər Ermənistana yönəlik siyasətinin qarşı tərəfdə necə qarşılandığı hər kəsə məlumdur. Ankara “soyqırım” iddiaları ilə çıxış edən Ermənistana arxivlərini açdı, bu ölkə ilə sərhədlərin açılması istiqamətində sənədlər imzaladı, barışa hazır olduğunu hər an nümayiş etdirdi. Ancaq erməni iddiaları azalmaq əvəzinə o qədər artdı ki, sonda ölkənin baş naziri Qars şəhərindəki erməni-türk dostluq abidəsinin sökülməsi barədə qərar verdi.

 

 

E.PAŞASOY

 

Yeni Müsavat.- 2011.- 25 yanvar.- S. 11.