ŞAHİN AĞABƏYLİNİN
35 YAŞI QEYD EDİLDİ
Anım törənində
jurnalistin ailəsinə
mənzil verilməsi və “Şahin Ağabəyli mükafatı”nın təsis edilməsi müzakirə mövzusu oldu
Bu gün mərhum
jurnalist, “Milli Yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin
(pia.az) baş redaktoru Şahin Ağabəylinin 35 yaşı
tamam oldu. Ölümündən düz 3 ay sonraya təsadüf
edən bu günü qeyd etmək üçün düzənlənən
tədbirə aparıcı qəzetlərin rəhbərləri,
mərhumun digər jurnalist həmkarları
qatılmışdı. Tədbirdə çıxış
edənlər Şahini xoş xatirələrlə andılar,
onun ölümünün böyük itki olduğunu qeyd etdilər.
Öncə mərhumun
ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri
açıq elan edən “Xural” qəzetinin baş redaktoru Əvəz
Zeynallı Şahinin keçdiyi şərəfli ömür
yolundan danışdı: “O, bizim hamımız
üçün əziz dost və qardaş idi. Amma eyni zamanda
işini bilən, jurnalistikaya hörmət edən və etdirən
qələm adamı idi. Təbii ki, mən qarışıq,
heç kim Şahinin dünyasını dəyişməsinə
inana bilmir. Biz Şahinin adının yaşaması
üçün əlimizdən gələni əsirgəməməliyik.
Bunu üçün bir araya gəlib Şahin Ağabəyli
mükafatı təsis edə bilərik. Onun ailəsinə
KİVDF-nin inşa edəcəyi binadan ev almaq
üçün müraciət edə bilərik. Şahinin
adını əbədiləşdirmək bizim borcumuzdur”.
Daha sonra söz alan “Yeni
Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Şahinin
ad günündə cəmi bir dəfə iştirak etdiyini
deyir: “Şahinlə çox yaxın olmağıma baxmayaraq,
cəmi bir dəfə onun ad günündə iştirak
etmişəm. 2003-cü ildə biz aclıq aksiyası
keçirirdik; yanvarın 27-də, doğum günündə
Şahin gəldi və bizə qoşuldu...
Azərbaycanlılar
itkilərə öyrəşiblər; bizim hamımız
müharibədən çıxmışıq,
ölüm-itim görmüşük və ön
hazırlığımız var... Amma belə görürəm
ki, mən Şahinin ölümünə heç hazır
deyiləmmiş... Biz özümüzdən gənc olan
dostlarımıza bu cür baxırıq: bizdən sonra onlar
barəmizdə xatirə yazıb, danışacaqlar...Lakin
budur, mən Şahin barədə xatirə
danışıram... Yaxşı ki, bu gün o doğuldu,
bizim dostumuz olaraq yaşadı... Yerində, yolunda və
yurdunda qalanlara Allah səbr və güc versin...” Rauf
Arifoğlu da “Şahin Ağabəyli mükafatı” təsis
etmək ideyasını dəstəklədi: “Hesab edirəm
ki, hər il yanvarın 27-də bu mükafat sahiblərinə
verilə bilər”.
“Azadlıq” qəzetinin
baş redaktoru Qənimət Zahid də Şahinin
ölümünə inanmayanlardandır: “Qara xəbərini eşidəndə
inanmadım, yenə zarafat edirlər sandım. Amma xəbər
dəqiqləşəndə düşündüm ki, həyatda
neçə adam var ki, “öldü” xəbərinə inana
bilmirsən, inanmaq istəmirsən. Şahin barəsində
düşünəndə həmişə elə bilirdim ki,
o məndən sonra dünyasını dəyişəcək.
10 il əslində o qədər də böyük zaman deyil,
amma biz Şahinə bu zaman ərzində o qədər
isinişmişdik ki, şəxsən mən onun yoxluğuna
özümü inandırmadım. Mənim onun ruhu
qarşısında borcum var. Bu borcu necə ödəyəcəyimi
bilmirəm. Lakin çalışacağam, ödəyəm.
Şahin çox maraqlı və enerjili adam idi, hətta onun
yorğunluğunda da enerji vardı. Bu, çox az adamda ola bilər.
Mən də o fikrə qatılıram ki, biz Şahinin
adını əbədiləşdirməliyik”.
Jurnalistlərdən Eldəniz
Elgün, Razi Abbasbəyli, Fikrət Fərəməzoğlu,
Anar Niftəliyev, Sərdar Əlibəyli də səslənən
fikirlərə qoşuldular, Şahin haqqında öz xatirələrindən
danışdılar. Yazıçılardan Seymur Baycan və
Qan Turalı Şahin Ağabəylinin ən müstəqil,
demokrat redaktorlardan olduğunu bildirdilər.
Sonra
çıxış edən “Milli Yol” qəzeti və pia.az saytının
redaktoru Anar Gəraylı ölümün başqa bir həyatın
başlanğıcı olduğunu dedi: “Bizə elə gəlir
ki, Şahin 35 yaşında dünyasını dəyişdiyinə
görə, onu bu qədər çox sevirik. Amma bu hadisə
65 yaşında da olsaydı yenə bu qədər
üzüləcəkdik. Şahinin bu gün bura
yığdığı adamları heç bir siyasətçi
yığa bilməzdi. Bu baxımdan Şahin çox önəmli
idi...”
Mərhumun
qardaşı Azər Qaramanlı deyilən fikirlərə
qatılaraq tədbirdə iştirak edən jurnalistlərə
öz təşəkkürünü bildirdi. Sonda
KİVDF-nin jurnalistlər üçün tikdirdiyi binadan mərhumun
ailəsinə də mənzil verilməsi ilə bağlı
müzakirələr oldu. Bu məsələ ilə Rauf
Arifoğlunun məşğul olacağı bildirildi.
“Şahin Ağabəyli mükafatı”nın təsis edilməsi
üçün isə işçi qrupunun yaradılması
qərara alındı.
Elmin BƏDƏLOV
Yeni musavat.- 2011.- 28 yanvar.- S. 6.