HAQQIN YANINDA OLMAQ
VƏZİFƏSİ
Bismilləhir-Rahmənir-Rahim!
Ötən
bəhslərimizdə bu mövzuya toxunaraq qeyd etdik ki, insanda
elm və məsuliyyət yanaşı olmalıdır. Yəni
insan elmləndikcə, onun məsuliyyəti də
artmalıdır. O elm ki, məsuliyyətlə
müşayiət olunmur, insanı nicata çatdırmaz. Belə elm insanı zahirdə gözəl
görünə bilən, amma əslində zülmani
mahiyyəti olan pərdələrlə haqdan
uzaqlaşdıracaq. İnsan ömrü boyu nələrsə
edəcək, amma etdikləri bir qarış belə onu
kamilliyə çatdırmayacaq, onun aqibətinə
müsbət təsir etməyəcək.
Toplumlar da
belədir. Görürük ki, dünyada cəmiyyətlər
var ki, elmdə və texnologiyada böyük-böyük
nailiyyətlər əldə ediblər. Okeanın dibinə
gedir insan, Aya uçur, başqa planetlərə zond
göndərir. Amma xoşbəxtdirmi bəşər
övladı? Nə üçün boşanmaların,
intiharların sayı artır? Nə üçün diri
valideynli yetimlərini sayı həndəsi silsilə ilə
artır? Nə üçün insanların
əksəriyyəti “xoşbəxtsinizmi” sualına mənfi
cavab verir? Cavab aydındır: elmlənmək, öz
ardınca avtomatik olaraq digər müsbətlikləri
çəkib gətirmir. Elmlənmək
məsuliyyətlə yanaşı olduqda, insan öz elmi
nailiyyətlərinin İlahi dərgahda məsuliyyətini
dərk etdikdə, o, quruculuğa yönəlir, elminin,
elmliyinin nəticələri haqqında qayğılanır.
Şanlı silsilənin parlaq
nümunəsi
Bugünkü
bəhsimizdə, inşallah, zəmanəsinin
məsuliyyətli insanlarından biri haqqında söhbət
açacağıq. Niyyət budur ki, konkret tarixi
şəxsiyyətlərin öz məsuliyyətlərini
necə dərk etməsini, məsuliyyətlilik fenomenini
şəxsi nümunələri ilə toplumda necə
yaşatmalarını tədqiq edək. Bugünkü
qəhrəmanımız - Həzrət Peyğəmbərin
(s) xas səhabələrindəndir. Hər zaman Salman, Miqdad,
Meysər Təmmar, Həbib ibni Məzahir və digər nurlu
şəxsiyyətlərlə yanaşı adı
çəkilən, bu şanlı silsilənin ən parlaq
simalarından olan Əbazər Ğəffaridən
söhbət edəcəyik.
Əbazər saleh, sadiq, enerji ilə dolu bir
səhabə idi və İslamı qəbul etdiyi ilk
gündən ömrünün axırına qədər
haqqı deməkdən, zülmlə mübarizə
etməkdən və vilayət və nübuvvətə kömək
etməkdən əl çəkməyib. O,
besətdən üç il əvvəl Allaha
pərəstiş edirdi. Həzrət
Peyğəmbərin (s) risalətindən sonra iman
gətirənlərin dördüncüsü və ya
beşincisi olub. Əbazər ilk insan olub ki, Məkkədə
öz imanını acıqca bildirib və
özünəməxsus səpki ilə tövhid imanını
Kəbənin kənarında insanlara çatdırıb.
Həzrət
Peyğəmbər (s) onu həmişə
tərifləyər və buyurardı: “Allahın
rəhməti sənə olsun, ey Əbazər!
Həqiqətən sən tənha yaşayırsan, tək
öləcəksən və tək
seçiləcəksən. Behiştə də tək
girəcəksən. Sənə qüsl verən,
kəfənləyən və səni dəfn edən insanlar
xoşbəxt olmalıdırlar. Ey Əbazər!
Həqiqətən sən bizim Əhli-beytimizdənsən. Ona
görə mənim Əhli-beytimi sevənlərdən ol”.
Əbazərin Peyğəmbərin (s) pak
nəslinə böyük məhəbbəti vardı.
Mədinə və Şam hökumətinin
başçıları ona gizli olaraq qızıl və gümüş
sikkələr göndərərdilər, ancaq o, bir
cümlə ilə cavab verərdi: “Bir parça
çörəyim var ki, onunla bir neçə günü
keçirə bilərəm. Mən Əli ibni Əbi Talibin
(ə) vilayəti və onun pak nəsli ilə,
başqalarına ehtiyaclı olmadığımı hiss
edirəm”.
Əbazər
Əhli-beytin ən çətin anlarında deyərdi:
“Həqiqətən mən Əli (ə) vilayəti və onun
haqq və həqiqətə dəvət edən
ailəsinə qarşı ki, özləri də hidayət
və ədalət əhlidirlər, başqalarından daha
çox iman hiss edirəm. Mən Əlinin (ə) bu
xüsusiyyətlərini Peyğəmbərin (s)
özündən eşitmişəm. Həqiqətən,
Əli (ə) Peyğəmbərdən (s) sonra doğrunu
deyən, haqqı batildən ayıran və dində
olanların rəhbəridir”. Əbazər həmişə
haqq ilə idi, hər zaman haqqın yanında idi.
Rəsulullah (s) məktəbinin
yetirməsi
Rəsulullah
(s) məktəbinin bolluca yetirməsi var idi. Əbazər
onlardan biri idi. Bəli, Əbazər üçün asan
olardı ki, danışmasın, haqqı müdafiə
etməsin, Təlhə, Zübeyr və digərləri kimi
olsun. Amma Əbazər onu etsəydi, daha Əbazər
olmazdı. Əbazər öz seçimini edir, ona görə
də Əbazər olaraq tarixdə qalır. Rəsulullahın
(s) digər layiqli yetirmələri kimi.
Nəql
edirlər ki, Əbazərin haqq sədaları zamanın
xəlifəsinin yanında olan korrupsion ünsürləri
yaman narahat edirdi. Onlar daim müxtəlif planlar cızır,
Əbazəri susdurmağa çalışırdılar. Amma
Əbazəri susdurmaq mümkün olmurdu. Günlərin
birində zəmanə xəlifəsi tərəfindən ona
200 dinar pul “hədiyyə” göndərirlər. Bu, o
zamanın pulu ilə çox böyük məbləğ
idi. Bir çox insanlar daha az məbləğlə
əqidələrindən döndərilmişdi. Pulu
gətirən qulamlara tapşırırlar ki, xəlifənin
salamını çatdırın Əbazərə və
deyin ki, 200 dinar ona hədiyyə göndərir ki,
xərclərinə sərf etsin.
Gəlib bu
sözü Əbazərə çatdırırlar. Baxaq
görək Rəsulallah (s) dövrünün həqiqi
müsəlmanları nə halda idi. Günümüzdə
ki, biz istəyirik Əhli-beyt (ə) yolunu gedək,
gərək bu yolu gedənlərin nümunəsindən
ibrət götürək. Ona görə baxaq
bu konkret situasiyada Əhli-beyt (ə) yolunu gedən həqiqi
Əbazərlər və şəxsən Əbazərin
özü nə edirdi. Əbazərin birinci sualı bu olur, deyir,
bu miqdar pul ki, mənə verilir və mənim
üçün göndərilib, bütün
müsəlmanlaramı bu cür kömək edilir? Cavab
gəlir ki, yox göndərilməyib, bu, sənə aid olan
məsələdir. Əbazər deyir ki, mən
müsəlmanlardan biriyəm. Deməli, o miqdar ki, başqa
müsəlmanlara verilir, mənə də verilə bilər.
Cavabda deyilir ki, bəs bizə tapşırıblar deyək
ki, sən narahat olmayasan, bu pul betyül-maldan -
müsəlmanların ümumi malından deyil. Bu, xəlifəyə
aid puldandır və and içiblər Allaha ki, bu pulda
heç bir haramın qarışacağı yoxdur və halaldan
başqa sənin üçün heç nə
göndərilməyib.
Əbazər
gözəl başa düşürdü ki, bu pullar onu
susdurmaq üçün göndərilib. Bu
pullar onu xilafət sarayına yaxınlaşdırmaq
üçün gəlib. Əbazər cavabında deyir
mənim bu pula ehtiyacım yoxdur və bu gün sübh etdim
bir halda ki, insanların ən dövlətlisiyəm,
insanların ən imkanlısıyam. İndi bu iki
nəfər qulam baxırlar Əbazərin evinə,
görürlər onun evində demək olar ki, heç nə
yoxdur. Heyrətlə Əbazərə
deyirlər ki, biz ki, sənin otağındayıq, burada nə
az, nə də çox - qətiyyən bir şey
görmürük ki, sən ondan istifadə edə
biləsən, onunla gününü-güzəranını
keçirmiş olasan. Əbazər cavabında deyir niyə?
Mənim ukafımın altında bir az çörək var
ki, neçə gündür qalıb və
yeməmişəm (“ukaf” - parça adıdır). Bu
cəhətdən də mənə verəcəyiniz pulu
sərf etməyə yerim yoxdur. Yəni başa salır ki, ac
qalmamaq üçün bir miqdar çörəyim var və
o pul ki, ona təklif edirlər - ona ehtiyacı yoxdur. Bax
belə qaytarırı Əbazər onu susdurmaq
istəyənlərin rüşvətini.
Özü dəyişmədi,
ətrafı dəyişdirdi
Az keçmir ki, bu cür rəftarlardan sonra
Əbazəri gözdən uzaqlaşdırmaq qərarına
gəlirlər. Öz biliyindən, öz maarifindən
irəli gələn İlahi məsuliyyətini, öhdəsinə
düşən insani vəzifələrini yerinə
yetirdiyindən Əbazəri Mədinədən Şama
göndərirlər. Bizim zəmanənin dili ilə
desək, sürgün edirlər. Belə
edirlər ki, orada Əbazər peşman olsun, bir qədər
“özünə gəlsin”, bir qədər özünü
cəzalanmış, məhrumiyyətlərə məruz
qoyulmuş hiss etsin. Əbazər Şama gedir. Əbazər
Şama gələndə buralar bir başqa halda idi,
Əbazər buranı tərk edəndə Şam bir
başqa hala gəlir. Bir müddət keçir
Əbazər həmən o işi ki, Mədinədə
görürdü, bu işi artıq Şamda görür.
Əbazərin işi, məsuliyyəti, insani vəzifəsi
yalnız Mədinəyə aid deyildi. Əbazər harada
olmağından asılı olmayaraq, özünün o
vəzifələrini, insani məsuliyyətlərini dərk
edərək müvafiq işini görürdü.
Əbazər insanları toplayırdı və onları Allaha
itaətə, günahdan çəkinməyə dəvət
edirdi. Əbazər Əhli-beytin (ə) haqqını
tanıtdırırdı insanlara. O, xilafətin qeyri-legitim
yolla ələ alındığını da insanlara bəyan
edir. Bunu da tanıtdırırdı ki, insanların
üzərinə ədaləti bərpa etməklə
bağlı vəzifə düşür.
Yavaş-yavaş iş o yerə çatır ki,
Şam artıq əvvəlki halından çıxır.
Şamın hakimi olan Müaviyə lənətlik tez bu
vəziyyəti çatdırır xəlifəyə ki,
bəs siz Əbazəri göndərmisiniz Şama,
bəlkə Şam Əbazərə təsir edə. Amma
vəziyyət əksinədir, Əbazər Şama
təsir edir. Əbazər Şama gəlib “ağlını
başına yığa”, bəlkə susa. Əbazər
Şama gəlib ki, Müaviyələşə, o lənətlik
kimi beytül-malı dağıdanlardan,
çalıb-çapanlardan, bunun müqabilində susanlardan
ola.
İllərlə Şam əhli mənfi
nümunələrdən başqa bir şey
görmürdü. Amma Əbazərin müsbət
cəzzabiyyəti, xarizması, onun Peyğəmbər (s) məktəbinin
layiqli şagirdi olması Şam əhlini 180 dərəcə
dəyişir. Əbazər, öz İlahi
vəzifəsindən irəli gələn
missiyasını yerinə yetirirdi. Zalımlar bir də
ayılırlar ki, Şam camaatı artıq tam başqa
əhval-ruhiyyədədir. Əbazəri yenidən
Mədinəyə qaytarmaq qərarına gəlirlər. Camaat
yığılır Əbazərin ətrafına,
deyirlər, ey Əbazər, sən indi nə
edəcəksən? Əbazər cavab verir ki, mən sizin
şəhərinizə öz xoşumla gəlməmişdim.
Məni bura sürgün etmişdilər. Məni bura
cəzalandırmaq üçün göndərmişdilər.
Mənim işlərimdən Mədinədə
qəzəblənmişdilər, ona görə buraya
göndərmişdilər. İndi görürlər burada da
boş oturmamışam, əsassız yerə məni
yenidən Mədinəyə qaytaracaqlar. Bu cür ki,
görürəm, ölənə qədər bu halım
davam edəcək.
Yəni
çatdırır ki, mən bilirəm ki,
Əbazərəm, hara getsəm Əbazərliyimdən
kənara çıxmayacağam. O baxımdan,
görünür, mənim hansısa yerdə olmağım
heç nəyi dəyişməyəcək.
Əbazərin şam
dərsləri
Camaat
Əbazəri yola salmağa çıxır. Əbazər
gedir bir yerə gəlib çatır ki, orada namaz vaxtı
olur. Düşür miniyindən aşağı, camaat
namazını qılır. Camaat namazı
qılınandan sonra artıq xudahafizləşmək
vaxtıdır. Əbazərin artıq yetişdirdiyi o Şam
əhli, indi Əbazərdən ayrılmalıdır.
İş o yerə çatır ki, namazdan sonra Əbazər
bir xütbə söyləyir və buyurur, ey camaat sizin
üçün çox xeyirli bir tövsiyəm və nəsihətim
var.
Əlbəttə
ki, Əbazərin söylədiyi bu xütbə bütün
zamanlar və bütün insanlar üçün idi. Hansı
yerdə yaşamalarından asılı olmayaraq,
Əbazərin xitabı bütün insanlar üçün
idi. Demək, Əbazər buyurur, ey camaat xeyirli tövsiyəm
və nəsihətim var sizə. Allaha sitayiş edin. Allaha
tabe olun, Allaha itaət edin. Allahın təkliyinə və
Rəsulun (s) elçiliyinə şəhadət verin. Sonra
deyir, mən şəhadət verirəm ki, ölümdən
sonra həyat var. Başa salır camaatı ki, mən bu
şəhadətləri verirəm sizi ayıltmaqdan
ötrü. Buyurur ki, bura ilə bitmir həyat. Burada
yaşayırıq, birtəhər günümüz
keçir, amma bilək ki, buradan sonra da həyat var. Behişt
haqdır, cəhənnəm haqdır. Allah
tərəfindən gələn hər şey düzdür -
mən etiraf edirəm, mən iqrar edirəm.
Ondan sonra
bununla gələn camaata müraciətlə deyir: “Mənim
dediklərimə siz də şəhadət verin”. Hamı
şəhadət verir. Ondan sonra ayrılan anda
Əbazər Şam dərslərinin xülasəsini tezis
halında, konkretləşdirilmiş halda yada salır
şagirdlərinə. Əbazər deyir, sizlərdən o kəs
ilahi rəhmət müjdəsinə və kərəminə
layiqdir ki, bu əqidə ilə öləcək. Yəni sizin aranızda yalnız o kəslər
Allahın rəhmət müjdəsinə layiqdir və
Allahın kərəminə layiqdir ki, bax bu iqrar etdiyiniz
əqidə ilə ölə - “La ilahə illəllah”
əqidəsində gerçəkdən qala, Rəsula
inanmış ola, Allahın Rəsuli-Əkrəmlə (s)
göndərdiyinin hamısının
əqidəsində qala. O əqidədə ola ki, behişt
haqdır, cəhənnəm haqdır, sorğu-sual haqdır.
Deyir, amma sizin aranızda o kəslər ki, buna əqidəsi
var, bu məsələlərə layiqdir bir şərt müqabilində.
Və çox ciddi bir şərt söyləyir. Deyir, bir
şərtlə ki, zülmün ardınca getməyəsiniz,
zalımların əməllərinə məsləhət
donu geyindirməyəsiniz. Onlara kömək etməyəsiniz.
Əbazər
özünün Dəməşq dərslərini bir
neçə cümlə ilə xülasələşdirir.
Deyir, siz o zaman layiq olacaqsınız bütün bu
məsələlərə ki, əqidəniz ola,
üstəgəl məsuliyyətiniz ola. Necə
təzahür tapır bu məsuliyyət? Zalımların
əməllərinə məsləhət donu
geyindirməməklə, onlara yardımçı olmamaqla.
Cənab Əbazərin təqdimatında olan bu cümlələr
hər zaman vicdanlı bəşəriyyətin çox
dəqiq dərslər götürməsi üçün
əməli tövsiyələrdir. Buyurur, o vaxt ki,
gördünüz İslamdan kənar hərəkət edir,
haqq-ədaləti tapdalayırlar, izzəti-nəfsi kənarda
qoyurlar, belə vəziyyətdə onlarla olmayın. Onlardan
kənarlaşın. Allah sizdən razı qalar bu halda.
Əbazər
Ğəffari insanlara başa salır ki, Allah Təaladır
həqiqi ali, həqiqi qüdrət sahibi, əzəmət
sahibi. Yəni dəyməz bu beşgünlük
dünyanızda gedib ədalətsizliyin, haqbasmanın,
yalanın, böhtanın, zülmün yanında
olasınız. Bu yaraşmır sizə. Bu
yaraşmır yaradılmışa ki, ədalətsiz
insanları sevindirmək üçün gedib onların
qarşısında vicdanın xilafına əməl edə.
Məzlumu zalımın ayağına verə. Bununla Allahı
qəzəbləndirmiş olar. Əbazər deyir, bu
müvəqqəti həyatınız dəyməz ona
ki, gedib bu cür nalayiq işlər görəsiniz.
Zülmü yaşadasınız, zalımları
sevindirəsiniz. Haqqı basılanların qəlblərini
incitmiş olasınız. Deyir, dəyməz buna ki, bu
işləri görəsiniz və Allahın
qəzəbinə düçar olasınız.
Axırda
Əbazər bəhsini yekunlaşdıraraq Dəməşq
əhlinə bir söz deyir. Deyir, sizi Allaha
tapşırıram. Yəni mən Əbazər
sözümü söylədim. Allahın salamı və
rəhməti sizlərə olsun. Bu, Əbazərin 14 əsr
bundan qabaq Rəsul (s) məktəbinin, Əli (ə)
məktəbinin, Zəhra (s.ə.) məktəbinin,
Həsən (ə) məktəbinin, Hüseyn (ə)
məktəbinin bərəkətini insanlara
çatdırması idi.
Amma əfsuslar ki, Əbazər kimilərin bir
çoxu Əbazər kimi ola bilmədilər. Əbazərin
dediyi həqiqətləri yox, başqa “həqiqətlər”
dedilər. Əfsus ki, Əbazəri eşidənlərdən
də bu dərslərdən lazımi nəticə
çıxaran çox az oldu. Ona görə də
Kərbəla baş verdi. Ona görə də zamanın
İmamını (ə), Rəsuli-Əkrəmin (s) əziz
nəvəsini Aşura günü şəhid etdilər,
əhli-beytini (ə) əsir etdilər.
Bəli,
çox işlər baş verdi Peyğəmbərimizdən
(s) sonra. Müxtəlif imtahanlar oldu. Bu imtahanlardan
çıxmayanlar da çox oldu. Amma tarixdə kimlər
qaldı? Tarixdə Əbazər qaldı. Niyə?
Çünki Əbazərlər əbədi olaraq öz
adlarını ədalət məktəbinin siyahısına
daxil ediblər. Əbazərdən bir qiymətli deyimlə
bəhsi təbərrükləndirək. Əbazər buyurur:
“Dünyada iki kəlmə var: birincisi, bütün
sahələrdə halal tələb edən söz
danışmaq, ikincisi axirət tələb edən söz
danışmaq, üçüncü söz ziyan
gətirən və faydasızdır, ona daxil olma”.
Yəni,
insan hər zaman haqqı deməli, haqqın yanında
olmalıdır. Ziyan gətirən, zəlalət
gətirən sözlərdən uzaq olmalıdır.
Allah
Təala bizləri bu həqiqətləri anlayıb,
gündəlik həyatda yaşadanlardan qərar versin,
inşallah!
Hacı İlqar İBRAHİMOĞLU
Yeni müsavat.- 2011.- 28 yanvar.- S. 14.