ERMƏNİ SƏHRA KOMANDİRLƏRİ
QORXUYA DÜŞÜB
Şuşanın işğalına
başçılıq edən
general Ter-Tadevosyan: “Müharibə başlasa, Azərbaycan ordusu tankların hərəkət
edə bildiyi əraziləri qaytaracaq”
Xocalı qətliamında
xüsusi vəhşilik edən “Arabo” batalyonunun komandiri Manvel
Yegizaryan: “Kim təminat verir ki, bu alınan silahlar mənim
başımda partlamayacaq?”
Azərbaycanın öz hərbi potensialını gücləndirməsi və durmadan ordunu ən müasir, güclü silahlarla təchiz etməsi düşmən ölkədə qorxu atmosferi yaradıb. Bu, istər başda prezident Serj Sərkisyan olmaqla Ermənistan rəhbərliyinin, istərsə də erməni ictimaiyyətinin nümayəndələrinin, o cümlədən Qarabağ müharibəsinin iştirakçılarının çıxışlarında özünü göstərir. Yanvarın 26-da S.Sərkisyan “Exo Moskva” radiostansiyası ilə yayımlanan müsahibəsində deyib ki, Azərbaycanın hərbi əməliyyatlara başlaması təhlükəsi var. Ermənistan prezidenti məşhur filmin personajı stilində danışaraq deyib ki, onun ölkəsi müharibəni istəmir, ancaq müharibədən də qorxmur (“Ya ne trus, no ya boyus”). Sərkisyan növbəti dəfə müharibənin başlamasına Ermənistanın cavabının nə olacağı barədə danışıb: “Azərbaycan hərbi əməliyyatlara başlayan kimi biz Dağlıq Qarabağı tanıyacağıq”.
Vaxtilə Azərbaycan ərazilərinin işğal edilməsində xüsusi fərqlənən erməni səhra komandirləri isə Sərkisyandan fərqli olaraq qorxduqlarını açıq büruzə verirlər. “Komandos” ləqəbli erməni generalı, Şuşanın işğalı əməliyyatına rəhbərlik edən Arkadi Ter-Tadevosyan dünən İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürür. O, ordudakı problemlər barədə açıq danışmağın və bu problemləri aradan qaldırmağın vaxtı çatdığını deyib. “Komandos” bildirib ki, ordudakı problemlər hökmən onun döyüş qabiliyyətinə təsir edir. Azərbaycanın isə öz ordusunu gücləndirdiyi bir vaxtda bu, təhlükəli nəticələrə səbəb ola bilər. İstefada olan erməni generalı deyib ki, hazırda Azərbaycan hərbi baxımdan kifayət qədər güclüdür. Lakin erməni ordusunun üstünlüyü Qarabağda döyüş əməliyyatlarının aparılması strategiyası ilə yaxşı tanış olmasındadır. “Qarabağda müharibə başlasa, Ermənistan ordusu itkilər verə bilər. Ərazilərin bir hissəsinin itirilməsi mümkündür. Söhbət elə ərazilərdən gedir ki, orada tankların hərəkəti asandır, düz yollar var və döyüş əməliyyatlarının aparılmasında əsas rolu zirehli texnika oynayır” deyə, Ter-Tadevosyan bildirib.
O qeyd edib ki, müharibənin ikinci mərhələsində-yəni döyüş əməliyyatları meydanının Qarabağın içərilərinə doğru dəyişdiyi zaman əsas rolu insan amili oynayacaq. Məhz bu baxımdan Ermənistan ordusu öz içərisindəki problemləri həll etməli və insan amilinə xüsusi əhəmiyyət verməlidir. Erməni generala görə, bu, mümkün olsa erməni ordusu müharibə meydanında qüvvələr balansını təmin edib “irəli gedə” bilər. “Bu gün orduda baş verən qətllər və qəddarlıqlar döyüş qabiliyyətini zəiflədir. Bu, erməni ordusunun əsas problemidir. Zabitlər anlamır ki, bu ordu onlara dinc dövr üçün yox, müharibədə lazımdır. Döyüş qabiliyyəti olmayan, təhqir edilən, döyülən əsgər isə müharibədə döyüşə bilməz” deyə, Ter-Tadevosyan bildirib. Erməni general hesab edir ki, müharibə başlasa Türkiyə hərbi əməliyyatlara birbaşa müdaxilə etməyəcək. Çünki Türkiyənin müdaxiləsi NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin üz-üzə gəlməsi demək olardı. “Komandos” Ermənistan rəhbərliyinə məsləhət görür ki, Azərbaycanın gücünü aşağı qiymətləndirməsin və mövcud reallıqlara uyğun hərəkət etsin.
Qarabağ müharibəsinin digər iştirakçısı, ermənilərin xüsusi vəhşiliyi ilə ad çıxarmış “Arabo” batalyonunun komandiri Manvel Yegizaryan isə Azərbaycanın durmadan silahlandığına, xaricdən böyük miqdarda silah-texnika almasına diqqəti cəlb edib. “Mən necə əmin ola bilərəm ki, bu silahlar mənim başımda partlamayacaq?” deyə, o bildirib. Qarabağ müharibəsinin iştirakçılarına “Arabo” batalyonu və Yegizaryan yaxşı tanışdır. Həmin batalyon əsasən xaricdən gətirilmiş erməni muzdlularından təşkil olunmuşdu, lakin sıralarında digər slavyan millətlərindən olan muzdlular da yer alırdı. “Arabo” batalyonu 1992-ci ilin fevralında Xocalıda törədilən vəhşiliklərdə əsas rol oynayanlardan olub. Batalyonda cəmləşən erməni muzdluları azərbaycanlı dinc əhaliyə qarşı xüsusi amansızlıq edib. Batalyon həmçinin Şuşa və Laçının işğal edilməsində iştirak edib. Lakin sonradan “Arabo” batalyonu Azərbaycan ordusunun könüllülərdən ibarət Gəncə batalyonu tərəfindən Goranboy ətrafında pusquya salınaraq darmadağın edilib, batalyonda cəmləşən erməni cəlladlarının böyük əksəriyyəti məhv edilib, Yegizaryan və bir neçə erməni isə cəsədləri döyüş meydanında qoyaraq qaça bilib. “Arabo” batalyonunun məhv edilməsinə dair çəkilmiş videokadrlara hazırda internetdə də rast gəlmək mümkündür. Kadrlardan görünür ki, Azərbaycan döyüşçüləri peşəkar düşmən qruplaşmasına qarşı heç bir zirehli texnikadan və ağır silahlardan istifadə etmirlər, onları ancaq atıcı silahların köməyi ilə məhv edirlər və bir nəfər belə olsun itki vermirlər.
Azərbaycan döyüşçülərinin gücünə yaxşı bələd olan Yegizaryan deyib ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Onun sözlərinə görə, bu il ərzində Azərbaycan ordusu bütün cəbhə boyu erməni ordusuna psixoloji təzyiqləri artıracaq. “Azərbaycan durmadan silahlanır, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Azərbaycan tərəfi cəbhə xəttində daim təxribatlara əl ataraq erməni xalqını gərginlik altında saxlayır” deyə, o bildirib. Yegizaryana görə, Ermənistan hazırda kifayət qədər zəifdir, buna görə də Qarabağ məsələsində ona istər siyasi, istərsə hərbi təzyiq göstərmək asanlaşıb: “Azərbaycan da bundan istifadə edir və öz ordusunu silahlandırır”. Manvel deyib ki, o və keçmiş döyüş yoldaşları müharibə başlasa, yenə ön sıralarda olacaqlar, baxmayaraq ki, Ermənistan hakimiyyətinin siyasətindən narazıdırlar: “Lakin Allah eləməsin ki, müharibə başlasın”.
Keçmiş batalyon komandirinə görə, Minsk Qrupunun fəaliyyəti də tamamilə yarıtmazdır. Vasitəçilər sadəcə olaraq mövcud situasiyanı nəzarətdə saxlamağa çalışır, gözləyir ki, ya Ermənistan torpaqları qaytarmağa razılaşacaq, ya da Azərbaycan yorulub Qarabağdan əl çəkdiyini deyəcək. Manvel Yegizaryana görə, Ermənistanda müharibənin başlayacağı təqdirdə KTMT-nin köməyə gələcəyini düşünənlər eyforiya içərisindədirlər. Çünki müharibə Ermənistanda yox, Qarabağda başlayacaq, Qarabağ isə KTMT-nin üzvü deyil. O, Ermənistan ordusundakı ciddi problemlər barədə danışaraq deyib ki, yüksək döyüş qabiliyyətli ordu yaratmaq üçün iş düzgün qurulmayıb. Peşəkar ordudan isə söhbət gedə bilməz: “Ermənistan dövləti pensiyaçıya pul tapa bilmir, peşəkar ordunu necə saxlayacaq?”
Bu arada Ermənistan Dövlət Statistika Komitəsinin ölkə iqtisadiyyatının durumu ilə bağlı açıqladığı son rəqəmlər də düşmən ölkənin Qarabağda başlayacaq mümkün müharibədə uzun müddət duruş gətirə bilməyəcəyini göstərir. Bu rəqəmlərə görə, ölkədə ərzaq malları kəskin bahalaşır, iqtisadi artım isə gözlənilən səviyyədə olmayacaq.
F.MƏMMƏDOV
Yeni müsavat.- 2011.- 28 yanvar.- S. 13.