XİLASKAR

 

Turaninformasiya agentliyinin direktoru Mehman Əliyev heç kimə danışmadıqlarını Həmid Herisçiyə söylədi

 

Abşeronun füsünkar, təkrarsız, əncilli-üzümlü, qayalı-qumsallı şimal sahilləri... Hələ sovet vaxtlarında abadlaşdırılmış bu istirahət zolağına diqqətlə fakir versən... əgər diqqətlə fakir versən, hə, barmağını dişləyib qəribə sirlərin şahidinə çevrilərsən. Mərdəkan pioner düşərgələrindən başlayaraq, Bilgəh Kordioloji sanatoriyasınadək uzanan bu gözəl coğrafi ərazidə deyimmi nə əks olunur? Deyimmi? Deyirəm, eşidin-sovet insanının karyera pilləkanı...

Hə, sovet insanının karyerası, bəli, başlardı Mərdəkan pioner düşərgələrindən. Hə, burda özünü doğrultdunsa, qırmızı qalstukunu hər gün yuyub-ütülədinsə, pioner dəstə rəhbərinin qulağına hərdən nəsə pıçıldadınsa əgər, bəli, demək, sənin karyeran başladı... Sahil zolağında növbəti dayanacağın bəllidi - olursan komsomolçu, gedirsən Zuğulbadakı Beynəlxalq “Gənclik” düşərgəsinə. Orda dincələn Avropa gözəlləri, ərəb kommunistləriylə cur gəldinsə, necə deyərlər “sən atlı oldun, çörək piyada”-yəni karyeran vurdu çıxdı lap kəlləçarxa. Dönüb olursan partiyaçı. Növbəti yay istirahətinin yeri indidən təmindi - elə həmin sahil zolağındakı partiya sanatoriyalarında şellənəcəksən gələn yay. Siyahı sonra lap qəlizləşir - növbə gəlir çatır KQB-nin sanatoriyasına. Ordakı “Göbələk” kafesində çay içdinmi, şam ağacları budaqlarında qaçışan dələlərə öz ovcundan yem verdinmi, qayalıqlardakı gizli kahalara təsadüfən çaşıb daxil oldunmu, hə, işlərin lap düzəldi. Görərsən, Mərkəzi Komitənin üzvü kimi, ayrıca bağ eviylə təmin ediləcəksən elə həmin sahil zolağında...

Axırın isə faciəlidir-birinci infarkt, ikinci... İnsult zərbəsi... nəhayət, bu uzun karyera siyahısını qapayan Bilgəhdəki Kordioloji sanatoriya...

Vəssəlam...

 

***

 

İxtiraçı

 

Mehman Əliyev - tanınmış jurnalist, məşhur “Turan” informasiya agentliyinin sahibi, bax bu coğrafi səyahəti sözün tam mənasında yaşadı... Kurort qəsəbəsi Zuğulbada dünyaya göz açdığından, ordakı pioner düşərgələrini bir-bir gəzib dolaşdı, “Gənclik” bazasında, Buzovnanın “Lalə” Mədəniyyət Evində, KQB-nin sanatoriyasında o vaxtlar bas-gitaraçı kimi tanındı hətta... Buzovnadakı 55 saylı peşə məktəbini 1976-cı ildə fərqlənmə diplomu ilə bitirincə, yaxınlıqdakı hərbi zavodda 3-cü dərəcəli çilingər kimi əmək fəaliyyətinə başladı. 1980-ci ildə ömrünün 22-ci baharını yaşayarkən bu 3-cü dərəcəli çilingər, sovet hərbi raketlərinin istehsalında bağışlanmaz qüsurlar aşkarlayır... Dinc durmur, onları aradan qaldırmaq barədə öz əmək kollektivinin iclasında ciddi təşəbbüslə çıxış edir. Təklifləri qəbul olunur... Öz tabeçiliyinə ayrıca briqadanı qəbul edən gənc çilingər o vaxt iş yerində əmək məhsuldarlığını birə üç dəfə artırır... Nəticədə, “Hava-hava, hava-torpaq” növlü sovet raketlərinin ağır qanadları yüngülləşir xeylax. NATO raketlərinin “atəş” düyməsi üzərində donmuş qara əllər bunu görüncə bərk hürkürlər. NATO Baş Hərbi Qərargahında söhbətlər qızışır-"SSRİ-də misilsiz ixtiraçı peyda olub!!!"

Mehman bəyin indi tez-tez iştirak etdiyi NATO iclaslarında bunu indi kimsə bilirmi, görəsən?

Bilər... bəziləri bilər, məncə.

 

***

 

Xilaskar

 

Mehman bəyləTuraninformasiya agentliyinin kiçicik bufetində oturub həmin hadisələri bittə-bittə xatirələrimizdə bərpa edirik indi. Ətrafda kimsə yoxdu, elə özümüzük təkcə. İçdiyimiz yaşıl çayın acısı hərdən Mehman bəyin xoş simasını turşutsa da, gözlərindəki, üzündəki saflığı pozacaq bir başqa qüvvə görmürəm ətrafımızda. Bütün diqqətimlə Mehmanın sifətindəki lal ifadələri öyrəndiyim vaxt bir an söhbətlərimiz sanki mənimçün eşidilməz olur... Mehmanın xoş sifətində qəribə bir ziddiyyət aşkarlayıram özümçün. Qəribədir, söhbətdə sifətinin ancaq bir hissəsi ilə iştirak edir Mehman Əliyev... Sifətinin digər əzaları, üzvləri isə elə bil qeyb aləmində, tam donuq vəziyyətdədir. “Bəs orda nə barədə fikirləşir Mehman bəy?” sualını öz daxilimdə səsləndirməyə vaxtım çatmır. Mehman bəy başlayır öz şirin xatirələrini xırdalamağa:

- Jurnalistika fakultəsində gah qiyabi oxudum, gah axşam... O vaxtlar, inanmazsan desəm, KQB sanatoriyasında qış aylarında gözətçi, yayda isə çimərlikdə xilasedici işləmişəm düz üç il. Sezon başlayardı 15 maydan, bitərdi 15 oktyabrda. Hə, bir gün, 85-ci ilin uyulunda uzanmışdım sahildə, yamanca istiydi hava. Zuğulba tərəfdən motorlu katerin tanış uğultusunu eşidincə göz qapağımın biri öz-özünə qalxdı. Aramızda xeyli məsafə olsa da qayıqdakıların Heydər Əliyevlə Kamran Bağırov olduğunu seçdim. Hə, gəldilər sahilə, ətrafdakılar ilə salamlaşdılar. Sonra geri qayıtdılar. Qayıqda ayaq üstə durmuş Heydər Əliyev əlini yuxarı qaldırdı ki, bəs qaza bas, Kamran, tam sürətlə irəli... Qəfil, sahildən xeyli aralı motor söndü... İti su axarları qoynunda köməksiz qalmış balaca qayıq yırğalana-yırğalana başladı sürətlə İran tərəfə axmağa... Özü də bunu məndən başqa kimsə görmürdü... Xilasedicilərin gözü, qulağı iti olur, adətən... Hə, nə başını ağrıdım, amanabənd köhnə qayığımı dənizə itələyib birtəhər gəlib yetişdim qəza yerinə. Qayıqdakılar özlərini itirmişdilər yaman...

Bu vaxt dəmə qoyduğumuz çaydanın qapağı titrəyir-çayımız hazırdı artıq. Pürrəngi çayı “armudu”ya süzə-süzə:

- Demək, bir dəfə siz respublika rəhbərliyini çox acı vəziyyətdə görübsünüz, -deyib, süfrənin üstündən sifətimi Mehman bəyə lap yaxınlaşdırır, onun donuq göz bəbəklərinə zillənirəm. Yooxxx... yamanca təcrübəlidir həmsöhbətim... Göz bəbəklərini tərpətmədən mövzunun əhatə dairəsini genişləndirməyi bacarır:

- 1994-cü ilin iyunda vəziyyət ölkə rəhbərliyi üçün bundan da ağır idi... Bu dəfə ölkəmizin özü o kiçik qayıq kimi Xəzər sahillərində öz-özünə axıb gedirdi bir Allah bilir hansı naməlum ünvanlara doğru.

Mehmanın göz bəbəklərində ancaq indi azacıq titrəyiş hiss olunur. Hissiyyatını sezilməyən bircə cəhdlə cilovlamağı bacaran Mehman bəy davam edir:

- Həmin ilin 9 iyun tarixi hələ də yadımdadı. İstanbulda ATƏT xarici işlər nazirləri səviyyəsində zirvə görüşü keçirilirdi o vaxt. Hə... Heydər Əliyevlə ora getdik. “Çırağan” sarayında Amerikanın dövlət katibi Uerren Kristoferlə görüşdüyü vaxt Heydər Əliyev xahiş etdi ki, aparılan məxfi danışıqlar mənim diktofonuma yazılsın... Əlbəttə, bu istək mənə bir başqası vasitəsilə çatdırıldı. Mən də bu söhbətləri ictimailəşdirim. 11 uyunda Rusiya hərbi naziri Pavel Qraçov Bakıya ultimatumla gələcəkdi... Cəmi ikicə günümüz vardı ehtiyatda. Ruslar istəyirdilər ki, Dağlıq Qarabağda öz sülhməramlı qüvvələrini yerləşdirib, Gəncədə onların bazasını təşkil etsinlər.

Uerren Kristoferlə danışıqlar zamanı ölkə başçımız Rusiyaya qarşı Qərbdən dəstək istədi. Neft kontraktlarının Qərbi qane edən variantları da həmin görüşdə təsdiqləndi. Hadisələr ildırım sürəti aldı - bizdən ayrılan cənab Uerren fürsəti əldən buraxmayaraq, tez gedib Rusiya diplomatiyasının başçısı Kozırevlə mövzunu davam etdirdi. Qələbə artıq bizimləydi... Mövzunu anında mətbuata çıxardım.

- 11 iyunda Rusiya hərbi makinasının rəhbəri Bakıya gələrkən vəziyyət artıq başqaydı, hə? -sualımı tələsik səsləndirirəm. - Bu hadisələr zamanı Heydər Əliyev aranızdakı o dəniz sərgüzəştinə azacıq eyham vurdumu görəsən?

- Hərdən danışıq zamanı aramızda uzun sükut fasilələri olurdu bəzən... O vaxtlar prezidentin mətbuat katibi vəzifəsi də mənə təklif edildi hətta. Razılaşmadım. Şərtlər qane edici deyildi mənimçün. Bircə onu qeyd edim ki, o hadisələrdən sonra tale məni müəmmalı şəkildə müqəddəs Məkkəyə apardı, bəli.

- Tale... yoxsa, ölkə rəhbərliyi? Cavabınızı dəqiqləşdirəsiniz bəlkə? - hiss edirəm ki, söhbətimiz artıq öz əsas istinad nöqtəsinə doğru səmtlənir.

- Çətin sual verdiniz... - Media kapitanımız bu dəfə gəmi kapitanına da oxşayır. Sanki indicə sükanı tez sağa əyərək gəmimizin sol gövdəsini sualtı qayalardan qaçırdacaq...

- Bəlkə o Məkkə səfərinizi ayrıca təsvir edəsiz? - media kapitanımızın üzərinə təzyiqimi daha da artırıram.

- ... o taleyüklü hadisələrdən sonra, görünür, biz mütləq Müqəddəs Hərəmi ziyarət etməliydik... İstanbul sərgüzəştlərimizdən az sonra baş tutdu bu ziyarətimiz. “Əsrin kontraktı” bu ziyarətdən az sonra imzalandı, biləsiz.

Təcrübəli kapitan artıq sualtı qayaları arxada buraxdığını hiss edir. Sanki əlinə qələm götürüb gəmi dəftərinə səfər barədə sırf peşəkar qeydlər edir indi...

- Bu hadisələr arasında gizli əlaqələr vardı bəlkə?- söhbətimizin psixoloji-mistik ovqatını yenə də artırmaq mənə xüsusi zövq verir.

- Məncə, psixoloji, mistik əlaqə vardı... - verdiyi cavabdan Mehman bəy sanki özü də təəccüblənir.

- Danışın da bu barədə... - hiss edirəm ki, səsim necə yoğunlayıb polislərə məxsus ahəng qazanır.

- Bəli. Dinləyin, çox maraqlıydı bizim bu Məkkə səfərimiz. -Mehmanın gözləri bircə anlığa örtülür.- Nənəm Maral xanım uşaqlıqda mənə buna oxşar nağıllar da danışardı...

 

***

 

Ziyarət

 

Söhbətimizin qəfil dini axara düşməsi məni də sevindirdi... Mehman bəyin üzündəki ifadələr də tam başqaydı bu dəfə. Beyni, iti hafizəsi tam açılışmışdı, təfəkkürü-zehni tam çalxalanmış, necə deyərlər “şirəyə düşmüşdü” sanki.

- O vaxt bədənimdə sarsıdıcı ağrılar hiss etməyə başlayınca özümü qətiyyən itirmədim. Bir ara hətta az qalmışdı ayaqlarım da iflic ola. Dözdüm buna birtəhər. Tanış ekstrasenslərdən biri köməyimə gəldi. Üzü qibləyə oturub zikirlərə qapılırdım... Həm də özümü müalicə edirdim.

- Möcüzələr gördünüzmü?

- Bəli. Zikirlərimin birində qəfil divarda bir nurani kişinin kölgəsini, cizgilərini gördüm. Bu kölgə tərpəndikcə mənimlə danışmağa başladı... Çiyinlərimə iki göyərçinin qonduğunu da gördüm o vaxtlar. Məhəmməd peyğəmbər barədə bir kitab da o vaxtlar əlimdən yerə düşmürdü əsla. Bax, o zaman əsl möcüzə də başladı mənim həyatımda.

Qorxuram söhbətimizin bu yerində həmsöhbətimi ayağı şapşaplı bir kənd mollası ilə səhv salasız. Yoooox... sakın o səhvə yuvarlanmayın. Qarşınızdakı insana bir də diqqətlə baxın- necə deyərlər “Diqqət! Diqqət! DanışırTuran" informasiya agentliyinin rəhbəri Mehman Əliyev"...

- Mücərrəd danışmayaq, bəlkə mövzunu lap dəqiqləşdirəsiniz?- arada suallarımı bir azacıq cilalayıram.

- Razıyam. Buyurun. Bax, o vaxt da zəng gəldi mənə prezident aparatından. Dedilər ki, bəs Prezident Məkkəyə, kiçik Həcc ziyarətinə (Ümrəyə) gedir, göstəriş var sizi də bu səfərə daxil edək. Bircə xahişim oldu ki, jurnalist Elçin Xəlilovu da,- o indi BBC-də çalışır,- bu siyahıya əlavə edin. Təklifim qəbul olundu. Bir də gözlərimi açıb gördüm ki, 70-80 nəfərlik bir dəstənin tərkibində artıq həmin ünvanda, Müqəddəs Hərəmin ərazisindəyəm. Elçin Xəlilovla tafaf edirəm - Həcər daşının başına dolanıram...

Mehman bəyin ala gözləri mənə tərəf deyil, harasa başqa ünvanlara tuşlanıb indi. Ona qətiyyən mane olmaq istəmirəm. Heç istəsəm də bu, alınmaz. Mehman bəyin sifətində daş heykəllərə xas olan bir sərt müqəddəslik hiss olunur. O, sakitcə davam edir:

- Bu dəm gördüm ki, Həcər daşına pilləkan dirənib... Day heç kim mənə “dur, olmaz” əmrini verə bilməzdi. Qalxdım bu pilləkanla yuxarı. Ordakı kiçik qapının ağzında Məkkənin xədivi, yəni qoruyucusu ilə üz-üzə gəldim. Əvvəl, o istədi ki, məni içəri buraxmasın. Ancaq üzümdəki ifadədənmi, yaxud bir başqa səbəbdənmi, bilmirəm, fikrini tezcənə dəyişdi o. İçəri daxil olunca, orda bizimkiləri gördüm... Nemət Pənahov bir kənara çəkilib namaz qılırdı. İlham Əliyev, prezident də ordaydı... Otaqdan güclü üzərlik qoxusu gəlirdi... Ətraf qatı zülmətə bürünsə də, mən bu mənzərələri orda görməyə müəssər oldum...

- Sonra nələr oldu bəs?- sualımı bu dəfə lap astaca səsləndirdim. Artıq mən də özümü həmin mənzərə tərkibində hiss etməyə başlamışdım.

- Axşam çağı kral qvardiyasının mühafizəçiləri məni qəribə bir məclisə dəvət etdilər... Ərəbcə bilməsəm də, sanki bu dili tam anlayırdım. Bir sözlə möcüzəli günlər idi. Bakıya döndükdən sonra Səudiyyə kralından düz iki dəfə şəxsi dəvətnamə gəldi mənə ki, Məkkəni ziyarət edim...

- Sonraəsrin kontraktıimzalandı, hə? Qəribədir... belə çıxır ki, Uerren Kristoferlə o İstanbul görüşünüzdən sonra qəribə bir əsrarəngiz süjet xətti sizin də, elə ölkəmizin taleyini təyin edib. Onu yönləndirib, idarə edib bəlkə də...

- Bəlkə .

Bu vaxt Mehman bəy başını azcana silkələyib özünə gəlir. Qeyb aləmindən qayıdıb gəlir birbaş “Turan” informasiya agentliyinin kiçik bufetinə.

Ruhi səyahətimiz uğurla başa çatır deyəsən.

- Bəlkə seyidlik var nəslinizdə, Mehman bəy?

- Ərdəbildə, dədə-baba yurdumuzda, eşitmişəm, ayrıca ocağımız varmış. Nənəm Maral xanım Zabratda yaşayardı, bizə gələndə yaxşı “Min bir gecə” nağılları danışardı həmişə... O nağıllar hərdən indi də qulaqlarımı qıdıqlayar mənim...

Yalnız bütün bunlardan sonra Mehman bəy nəhayət ki, məna dolu baxışlarını mənə tuşlayır.

Ancaq mən də bu lal sualın cavabını yalnız öz baxışlarımla cavablandırıram.

Vəziyyətin lap qəlizləşdiyini görən Mehman bəy:

- Gəl sənə əsgərlik günlərim barədə danışım, yoxsa deyəsən yamanca yordum səni -deyərək, azca gülümsəyir.

Mən də tam razılaşıram media kapitanımızın bu son təklifiynən.

 

***

 

Atıcı

 

- Mən şeirlər yazardım lap əvvəllər. Rusca. Puşkinin müəllimi Jukovskiyə nəzirələr yazmışdım xeyli... Musiqi bəstələrim də xeyli vardı... Hərbçi olmaq, Suvorov məktəbində təhsil almaq istəyirdim... Hə, əsgərlikdə bu arzumu bir azacıq daddım. 1976-78-ci illərdə bir çavuş kimi Axalkalakidə hərbi xidmətimi yerinə yetirdim. O vaxt Tiflis ətrafında keçirilən hərbi təlimlərə qatılardım. 100-cü Qvardiya Topçu Diviziyası tərkibində çox böyük uğurlar qazanmışam. Təlimlərdə həmişə təyin olunmuş hədəfləri topla vurub dağıdardım. Zakavkazya Hərbi Dairəsinin raket-artilleriya üzrə rəis müavini general Maxno özü dəfələrlə bizim usta atəşləri müşahidə edərdi... Biz azərbaycanlıların belə yüksək döyüş qabiliyyəti əvvəl onunçün bir sirr olaraq qalardı... Sonra öyrəşdik biz bir-birimizə... Bizə görə o hətta komandirimiz Sidnikova polkovnik rütbəsi də verdi... Görürsən, biz həmişə tək özümüzə deyil, həm də başqalarına nəsə qazandırmışıq.

, Mehman Əliyev həqiqətən xilaskardı-bir vaxt sovet hərbi raketlərini labüd iflasdan xilas edib, o. Əsgərlikdə öz komandirinə polkovnik adını qazandırıb. Çimərlikdə xilasedici işlərkən Siyasi Büro üzvünü vəhşi dalğalar qoynundan dartıb qurtarıb. Neft kontraktları ətrafındakı dedektiv süjeti bütün nöqtə-vergülüynən yaşayıb.

Qalib gəlib. Xeyir-duasını Müqəddəs Hərəmdə alıb...

Bir , bizim millətçilərin mücərrəd Turanından başqa, onun öz həqiqi Turanı var.

 

***

 

Əfsanələri gerçəkləşdirənlərə isə tale həmişə öz keçici qızıl bayrağını... bir öz canlı nağıllarını hədiyyə edir...

 

 

Həmid HERİSÇİ

 

Yeni müsavat.- 2012.- 15 aprel.- S.8-9.