NECƏDİR DÜŞMƏNSİZ YAŞAMAQ

 

Cəhənnəmdən qalxan duman

 

Tanrım! Yaratdığın cəhənnəmdən qalxan duman səni görməyə qoymadı. Kimdi günahkar?

 

Allahım, kimdi günahkar;

Bəndən günahdan doymadı?!

Cəhənnəmdən qalxan duman,

Səni görməyə qoymadı.

 

***

 

Tanrım, söndür cəhənnəmi,

Aydınlat hər şeyi, Tanrım!

Yerdəsən yeri, göydəsən,

Aydınlat göyü, Tanrım.

 

***

 

Barışdır mənnən şeytanı,

Bax, gör kim kimdən böyükdü.

Barışdır, qoy görüm sevgin

Nifrətdən, kindən böyükdü.

 

***

 

Gecənin oğludu gündüz,

Qəhqəhə dərdin-ahın.

Səndən özgə kim soyar

Savabımdan günahı.

 

***

 

Tanrım, gözəldi çarmıxda

İsa tək bir an yaşamaq.

Bir axar su tək sənnən də

Heç nə ummadan yaşamaq.

 

***

 

Mələklər səni görəcək,

Bir gün içimi yaranda.

Məni araçı qıl, Tanrım,

Şeytanla sənin aranda.

 

***

 

Barışdır yeri göy ilə,

Bir mənə, bir şeytana bax.

Barışdır hər şeyi, görüm-

Necədi düşmənsiz yaşamaq.

 

***

 

Heç nə sürməz sonsuzadək,

Barışdır xeyri şər ilə.

Tanrım, özün də dön barış,

Yaratdığın bəşər ilə.

 

***

 

Allahım, kimdi günahkar,

Bəndən günahdan doymadı.

Cəhənnəmdən qalxan duman

Səni görməyə qoymadı.

 

15.02.2012

 

 

ŞEYTANIN DOĞUM GÜNÜ

 

Dostum Abdulla üçün

 

Mənə elə gəlir ki, qiyamət günü bəndələrin Allaha qiyam günüdü. Həmin gün İblis kimin tərəfində olacaq, görəsən?

 

Adəm cənnətdən çıxdı bu gün,

Daha onun da canı, qanı var.

...Şeytanın doğum günüdü,

Olsun; mələkdi ad-sanı var.

 

***

 

Bu ziyafətdə ilk qonaq,

Adəmdi, sən Həvvaya bax;

Cəhənnəmə o od vuracaq,

Atəşdən nam-nişanı var.

 

***

 

Birdi-bir kimsə bilməsin,

Ad günü Adəmlə İblisin.

Mən bilirəm ki, hər kəsin

Şeytanla ortaq bir yanı var.

 

***

 

Cənnətdən nə üçün, nə olub,

Adəm çıxıb, Şeytan qovulub.

Adəm də, Şeytan da yorulub,

Bu davanın də bir sonu var.

 

***

 

Açılıbdı mənə sarı,

Cəhənnəmin qapıları.

Burax, Tanrım görüm barı-

Kimin kimə yalanı var.

 

***

 

Dərdimə bax, gülür ahı,

Gir könlümə gör Allahı.

Hamının tək bir Allahı,

Hər kəsin öz şeytanı var.

Məzarlıqda bitən yovşan

 

Çox qəribədi... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir.

 

***

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

***

 

Əlim qoynumda gəlmişəm,

Əfv et, hönkürüb ağlasam;

Öz qəbrim üstə qoyacam,

Sənnən bir dəstə bağlasam,

Məzarlıqda bitən yovşan.

 

***

 

Sən arxasız, mən kimsəsiz,

Sənnən axır göz yaşlarım;

Burda daşlar daş deyil ki,

Bacılarım, qardaşlarım,

Məzarlıqda bitən yovşan.

 

***

 

Bu son bahar da ölmədim,

ölmədim, yaz, yaz günaha.

Mən öz tabutundan tutub,

Dünən bir ölüyəm daha

Məzarlıqda bitən yovşan.

 

***

 

Məni dərd deyil, adamlar,

Adamlar öldürdü; Sən, sən...

Baş daşıma qoyulacaq

Çiçəklərdən də gözəlsən,

Məzarlıqda bitən yovşan.

 

***

 

Vədə tamamdı, dönəcəm,

Gəlim qarışım tüstünə.

Gələcəm dua oxuyaq,

Ölən bir şairin üstünə,

Məzarlıqda bitən yovşan.

 

***

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

07.02.2012

 

 

 AZADLIQ, İSANIN KƏFƏNİ VƏ ZƏVVARLAR

Azadlıq bu şirin sözdə nələr var, Azadlıq yoxdursa, viranələr var.

 

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm ...

...İstanbulda Kadıköydə

Çamlıca xəstəxanasının

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm...

Və elə bu an;

xatırlayıram -

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

 

II

 

Azadlıq!

Ah, mənim azadlığım!

- Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana...

Tanrım! Ölüm yatağında

Ölüm də çox zor görünür

azadlığı olmayana.

 

III

 

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənən

Ən uzun bir küçənin adıdır...

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.

 

***

 

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi...

Azadlıq - Bakıda soyunan bir qadın heykəlidi...

 

IV

 

Azadlıq Sinqapurda

arxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yatıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kül oluram tüstünə...

Azadlıq Sayqonda

Düşmən qərargahına uzanan

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

 

V

 

Qərbdə Azadlıq!

- Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi...

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,

dumandı azadlıq.

 

VI

 

Şərqdə Azadlıq -

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;

Qərbdə Azadlıq -

Kələkbaz Leonardo Da Vinçinin

İsanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.

Şərqdə Azadlıq -

Çində Çİn səddidi,

Təbrizdə Ərk qalasıdı

Tehranda Evin həbsxanası,

Qüdsdə ağlayan divarlar.

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

 

VII

 

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqında

Çe Gevara adlı mahnı oxuyur

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası - Kuba...

Kuba azadlığın köksündə bir yara.

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,

Mahnımın adı - Çe Qevara.

 

VIII

 

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;

çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü...

 

IX

 

Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

İmansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

 

X

 

Bu nə cür şəhərdi, Tanrım?!

Şairləri yox,

küləkləri dəlidi

Sevənləri yox

çiçəkləri dəlidi.

“Azadlıq”!, Azadlıq

Bakıda soyunan bir qadın

heykəlidi.

Nə yaxşı ki, Allah var

 

Hərdən mənə elə gəlir ki, insanın bütün canatmaları İblis istəyindən başqa bir şey deyil. Və hər şey boş və mənasızdır... Və bir də bu yaşımda anladım ki, çox ucada olanlar aşağıda olanları görmürlər. Allah istisnadı...

 

***

 

Söz Tanrı fərmanıdı,

Hər bir sözdə min ah var.

Hər yan zülmət içində,

Nə yaxşı ki, sabah var.

 

***

 

Tanrısı, Allahı yox,

Millətə bax, xalqa bax.

Taxtı viran olacaq,

Gör nə qədər Allah var.

 

***

 

Bir dağam - qurdu ölən,

Bir eləm - yurdu ölən.

Bilir ki, məni bilən, -

İman adlı silah var.

 

***

 

Sən bilirsən, yol gedən,

Bədəni bu can nədən.

Qurtarmır bəhanədən

Sonda nə qul, nə şah var.

 

***

 

Sonda bircə haqq-hesab,

Nəyə lazım dörd kitab?

Hər günahda bir savab,

Hər savabda günah var.

 

***

 

Alçaldıb dizi-dizi,

Sürüyür şeytan bizi...

Nə yaxşı ki, göy üzü,

Nə yaxşı ki, Allah var.

Ordubad, Behrud kəndi

 

09.07.2011

 

 

 BU DA HƏBSXANA

 

... Gecələrin birində rus əsgərləri işlədiyim “Azərbaycan” qəzetinin binasının lap yaxınlığında məni həbc elədilər. Gecə saat 3-də, 26-lar rayonu (indiki Səbayel) təhlükəsizlik şöbəsinin zirzəmisinə atıb getdilər. Sabah-sabah qapalı bir maşında uzun-uzadı bir yol getdim. Maşından düşəndə olduğum yerin hər tərəfdən tikanlı məftillərlə örtüldüyünü gördüm. Bu da həbsxana...

İlk gecə kameranın şüşələri sınmış bacasından səhərə qədər üstümə qar yağdı...

Dünən rus əsgərlərinin üstümə tuşladığı “Kalaşnikov”ları soyuq, buz kimi parıltısından doğan qorxu hissi artıq keçib getmişdi. Mən yenidən “Dar ağacına salam” verən, “ölümə xoş gəldin” deyən adama çevrilmişdim.

Qarşıda tək adamlıq kamerada keçirəcəyim qışın uzun və soyuq gecələri dayanırdı...

Bu da mənim həbsxanadan dostlarıma yazıb, çap elətdirməyi unutduğum məktublar:

 

 

XXIX məktub

 

Dünən səhər-səhər

Həbsxanaya bir dəli dustaq

gətirdilər.

Atdılar qonşu kameraya

tənha tək.

Bütün gecəni döyəcləyib barmaqlıqları

Titrəyən əlləriynən

“Yaşasın” .........,

“Məhv olsun” .......

qışqırıb səhərədək.

 

 

XXX məktub

 

Əlçatmaz olduğunu billə-bilə

Ən gözəl şey - iman gətirməkdi

bir şeyə.

İman gətirməkdi Ən gözəl şey; -

Onda dua kimi səslənir

deyilmiş ən adi sözlər belə.

Ağaca inansan,

Qışın oğlan çağında

açacaq çiçək-çiçək.

Daşa inansan,

üstündə gül bitəcək.

Gül bitəcək, ruhum mənim!

Millət də belədi, xalq da belədi.

Mələklər tək gözəgörünməz

Döyülən, əzilən haqq da belədi.

İnsan da belədi, ruhum mənim.

Qəm yemə.

İnan adamlara,

İnana bilmirəm demə.

İman gətir bir şeyə

Sonra dünya dağılsa belə

Əllərinə xına qoy,

İstəsən al-yaşıl gey

Ancaq yadında saxla -

Ən gözəl şey iman gətirməkdi,

İman gətirməkdi ən gözəl şey.

 

 

XXXI məktub

 

İrəliyə doğru yol yoxdu,

Yol yoxdu üç addımdan sonra.

Üç addımdan sonra

Ya divara çırpılmalısan

Geriyə dönməlisən ya da.

Tək adamlıq kamerada.

Bir azdan kameradakı

Əl boyda nəfəslik

örtüləcək yenə

Nəzarətçi fərman verəcək

gündüzün ölümünə.

Olsun, üzü olsun!

Bir də əyilmədən yerə düşən

başlar sağ olsun.

 

 

XXVII məktub

 

Bu gecə

Yuxuma girmişdi kənd

Yuxuda bu cür xatırlamamışdım

Əvvəllər heç nəyi;

Yuxuma girmişdi

Cırıq ayaqqabılarım,

Yamaqlı şalvarım,

Bir də Rəhimin-qardaşımın

Əynimə dar gələn köynəyi...

Yuxuma girmişdi kənd,

Yuxuma girmişdi məzarlıq,

Və məzarlıqdakı

yovşan kolları.

Yuxuma girmişdi bir də

Anamın mənə sarı

uzanan qolları.

 

 

XXXIII məktub

 

Bir qara kölgə gəzir -

Ürəyimdə əks-səda verir

addımlarının səsi.

Bu qara kölgə

hopur arzularımıza,

Çıxıb kameralardan

Düşür ümidlərimizin üstünə.

Bir zəhərli ilan kimi sürünə-sürünə

Həbsxana divarlarını

aşıb gəzir.

İçimizdə kömülmüş

Sözlərin üstündən keçib

Şəhər-şəhər, küçə-küçə, ev-ev

dolaşıb gəzir...

Sevgilər, ümidlər-ayrılıq, həsrət,

Ağaclar, yarpaqlar, çiçəklər, otlar,

Köləlik qoxuyan sözlər, nəğmələr

Uçulan ocaqlar, kül altda odlar,

İlahi, hər bir şey bu kölgə altda...

Şəhərlər, küçələr, evlər kölgədə,

Yüz ildir zülmətdə yeyib səbrini

Gözləyən əzabkeş devlər kölgədə.

Bu kölgə altında görünmür heç nə

Görünmür qurulan dar ağacları

Görünmür nə cürə ölür, ruhumuz.

Bir qara kölgə - ölən ümid,

doğmayacaq günəş,

sökülməyəcək dan.

Bu qara kölgədə doğulan

Qara bayraqlar altında

qara günlər yaşayırıq, dostlar!

Günlər yaşayırıq - qara.

Bu qış nə uzun çəkdi,

Nə uzun çəkdi bu qış?

Bahara çoxmu qalır,

çoxmu qalır bahara?!

 

 

Sonuncu məktub

 

Ruhum mənim,

Bu məktub sonuncudu,

sonuncudu bəlkə...

Son məktub - son ümiddi,

ruhum mənim!

Son ümid - sonra kölgə...

Son döyüşdən özgə

Heç nəyə yoxdur andım.

Bu kölgədən əvvəl

Sabahların aydınlığına,

Gecələrin zülmətinə,

Dərdlərimizin böyüklüyünə

Ruhumuzun ölməzliyinə,

bir də sənə inandım.

İnanıb da çağırdım:

- Son döyüş, hardasan?!

vaxtdı, vaxtdı, gəl...gəl...gə...

Bizi kor eylədi bu qara kölgə.

 

1990-cı il

 

 

Rüstəm BEHRUDİ

 

Yeni müsavat.- 2012.- 17 aprel.- S.13.