“Mənim bir xalqım, bir dövlətim, bir prezidentim var”

 

”Zeynəb Xanlarova:

“DÜZ SÖZÜ DEYƏNİN NƏ İQTİDARI, NƏ MÜXALİFƏTİ...

 

 “Büdcəmiz ilbəil artır, ancaq problemlərimiz həllini tapmır”

 

“Rəsulzadənin adı çəkiləndə ayağa durmamaq olmaz...”; “Bəzi oliqarxlar camaatı qızışdırıb küçələrə salmasınlar”; “Axı İranda olanlar bizim qardaşlarımızdır, qardaşı qardaşdan ayırmaq olar?”; “Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaq?..”

Bunlar böyük sənətkarımız, xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın son illərdə Milli Məclisdə müşahidə etdiyim çıxışlarından seçmələrdir. Bu müddətdə imkan düşən kimi söz alıb parlament tribunasından xalqın ürəyindən keçənləri dedi, hər çıxışı da böyük rezonansa səbəb oldu. Kim nə deyir-desin, necə yozur-yozsun, o, heç vaxt milli məsələlərə, Azərbaycanın adına xələl gətirən hallara laqeyd qalmayıb. İstiqlalçı deputat Arif Hacılı həbsdə olanda da “Xalq uğrunda, millət uğrunda danışan heç kəsin həbsdə qalmasını istəmirəm” deyib ölkə başçısına müraciət etdi, aksiyalarda iştirakçı olan qadınlara qarşı zorakılıqlara etirazını bildirdi. Elə bu günlərdə gənc fəal Nigar Yaqublunun barəsində seçilən həbs tədbirinin dəyişdirilməsi üçün də səsini ucaltdı.

Bu mənada şöhrəti dünyanı dolaşan sənətkarla hər görüşün özü böyük zövq-səfa, həm də tarixi hadisədir. Budəfəki görüşümüz onun növbəti ad günü ərəfəsinə təsadüf etdi deyə, elə ordan başladıq. Öyrəndik ki, ad günündə vətəndən uzaqlarda olacaq: “Mən adətən ad günlərimi, yeni ili Bakıda olmuram. Amma sağ olsunlar, xaricdə olanda da məni unutmurlar, arayıb təbrik edirlər, buna görə də xalqıma minnətdaram”. Sözarası yaşın ağırlığını qəti şəkildə hiss etmədiyini söyləyir: “Özümü 17 yaşımda hesab edirəm”. Budəfəki ad gününə isə ən qiymətli hədiyyəsi Süleyman nəvəsinin dünyaya göz açmasıdır və buna görə özünü xoşbəxt nənə sayır. Amma “özüm demişəm ki, mənə nənə deməyin” deməyi də unutmur.

- Zeynəb xanım, il başa çatmaqdadır, 2013-cü ildən nə gözləyirsiniz?

- Bilmirəm bu sözü yazmaq olar, ya yox. Amma mən 3 rəqəmindən çox qorxuram. Ola bilər bu, 13, 23, ya 33 olsun, 3 rəqəmini heç xoşlamıram. Bunun da səbəbi var. Anam 1993-cü ildə rəhmətə getdi, Səlim (həyat yoldaşı-E.P.) 2003-də, mənim əzizim Heydər müəllim 2003-də rəhmətə getdi. Buna görə də rəqəmlərin içərisində 3-dən çox qorxuram. Hətta mən evdə idman edirəm e...

- Siz hətta idman edirsiniz?

- Hə, 12 kilo arıqlamışam da. Qaçış xalçasında rəqəmlər ki, gedir e, orda 13 rəqəmi gələndə tez gözlərimi yumuram. Ümumiyyətlə, üçləri görməyə gözüm yoxdur. Odur ki, 2013-cü il gəlir, deyirəm ki, ay Allah, xalqıma sağlamlıq, uğurlu il gətir, xalqım ağ günə çıxsın, didərgin olan millətim yurd-yuvasına, Qarabağımıza qayıtsın. Hərənin öz yuvası özünə şirindir. Təsəvvür edin ki, mən öz oğlumgilə gedirəm, ürəyim partlayır ki, tez evə qayıdım. Oğlumun evi də mənimdir. Ancaq mən öz evimə can atıram, çünki oranı yuva bilirəm. Görün indi qaçqınlar neçə illərdir öz yurd-yuvası üçün nə qədər həsrət çəkirlər. Odur ki, bütün xalqımıza xoşbəxtlik, öz yurd-yuvalarına dönmələrini arzulayıram. Torpağımızda bolluq olsun, camaat “neyləyim” deməsin.

- Milli Məclisdəki büdcə müzakirələrində “bu büdcənin müəllimlərə, həkimlərə bir xeyri olacaqmı” soruşmuşdunuz. Aldığınız cavab sizi qane etdi?

- Deyirlər dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Mən çox istərdim ki, bizim müəllim ordumuz, həkimlərimiz, alimlərimiz normal yaşasın. Bizim elm adamlarımız var ki, ciddi ehtiyac içində yaşayırlar. Professor tanıyıram, heç kim inciməsin, ürəyimdən gələn sözü deyirəm, 10 ildir eyni kostyumdadır, pencəyi köhnəlib, rəngi dəyişib, imkanı yoxdur geyimini təzələsin. Televizora baxırdım, bir yaşlı tərcüməçi danışırdı. Mənə çox təsir elədi onun danışdıqları. Deyirdi tərcümə edirəm, amma mənim param yoxdur bunları çap etdirim. Tariximizin tərcüməsi ilə məşğuldur. Bu, gələcəyimiz üçün vacibdir. Dövlət gərək bu məsələlərə daim diqqət yetirsin. Nəsiman Yaqublu da eyni sözləri dedi. Yaxşı, bu tərcümələr bizim üçün lazımdır axı, balalarımız böyüyür, onlar oxumalıdır, tariximizdən xəbərdar olmalıdırlar. Mən hesab edirəm ki, alimlərimizə, müəllimlərimizə, həkimlərimizə qayğı göstərilsə, bu həm də bizim prezidentimizə kömək olar. Biz hər tərəfdən prezidentimizə kömək etməliyik. Hərdən mən bilirsiniz nəyə əsəbiləşirəm? Deyirəm ki, ay sponsor, beləsinə deməyə söz tapmıram, yaxşı sən oxuyana bu qədər pul verib toyuna gətirirsən, bu təm-təraqı kimə göstərirsən? Düzdür, mən məclislərə getmirəm. Amma hətta yasa gedəndə baxırsan ki, masanın üstündə şəkərburadan tutmuş banana qədər var. Elə bil bu adamlar sevinirlər ki, nə yaxşı oldu, öldü, stolumuzu bəzədik. Stolu şad gündə bəzəyərlər axı. Bunlar hamısı nədəndir, pulun çoxluğundan, harınlıqdan. Müəllim, alim, professor gedib alver etməməlidir. Gədəbəydən gələn müəllim gedib bazarda kartof satır. Axı hamımızın müəllimi olub. Ya da bir yerimiz ağrıyan kimi tez həkimə müraciət edirik. Sonra da deyirlər ki, müəllim, ya həkim rüşvət aldı. Amma bu adamlar rüşvət almır e. Biz azərbaycanlılarda adət var, həkim ona baxır, cibinə 5 manat salır ki, ehtiyacı var. Bir həkim dostumuz var, danışır ki, qabaqlar evin yanından bir avtobusa minirdim, gedib iş yerimin yanında düşürdüm. Amma deyir Zeynəb xanım, indi mən işə getmək üçün gərək bir neçə avtobus dəyişim, gedim ora çıxım. Görün indi bu adam nə qədər maaş almalıdır ki, xərcini ödəsin. Ona görə də Milli Məclisdə o sözləri dedim. Mən millət üçün ağlayanlardan biriyəm. İldən-ilə büdcəmiz artır, ancaq bu, o demək deyil ki, problemlərimiz də həllini tapır. Əvvəllər işləməyən adamları axtarırdılar ki, niyə işləmirsən. Məhbus cəzasını çəkib qayıdan kimi onu işlə təmin edirdilər ki, təkrar cinayət törətməsin. Ancaq indi adamlar iş axtarır, di gəl, tapa bilmirlər.

- Zeynəb xanım, 21 dekabra az qalır. Qorxmursunuz?

- Yox, qorxmuram. Mən Allahıma inanan adamam. Bu vaxta qədər dünyanı gəzmişəm, heç vaxt qorxmamışam. Demişəm ki, alnımda nə yazılıbsa, Allah hara qədər yazıbsa, o da olacaq. Bir dənə sudan qorxuram. Mənə deyirlər ki, sən təyyarədən qorxmursan. Hansı ki, təyyarə də qəzaya uğrayır, adamlar məhv olur. Sudan isə çox qorxuram. Hələ indiyədək dənizə getməmişəm, baxmayaraq ki, dəniz mənim bağımın yanındadır.

- Qiyamət gününə şamdan, çıraqdan bir şey almısınız?

- Yox, heç bir hazırlıq görmürəm. Mənə elə gəlir heç nə olmayacaq. Bəlkə bir-iki saatlıq qaranlıq oldu. Deyirlər ki, İzmirdə bir kənd var, hamı ora yığılacaq. Bir kəndə məgər dünyanı sığışdırmaq olar? Ay balam, Allah nə yazıb, o da olacaq. Mənim bir dənə körpələrə yazığım gəlir, biz ömrümüzü yaşamışıq. Körpələrin həyatı bundan sonradır. Bir məsələni də deyim. Əvvəlcə sən mənə sual ver ki, bu fəlakətlər nədən olur?

- Sual verirəm, Zeynəb xanım, nədən olur?

- Evdə də oturub fikirləşirəm ki, göyə nə qədər daş atarlar, mərmi yağdırarlar, raket uçurarlar. Mən bunu Allaha daş atmaq hesab edirəm. Çünki göy də, ay-günəş də Allahındır, onun yaratdıqlarıdır. Göy üzünü deşirlər, xarab edirlər, sonra da deyirlər ki, ozon qatı deşilib. Allah deyir, yaxşı, siz mənə daş atırsınız, indi mən sizə elə daş ataram ki, hamınız qalarsınız altında.

- Siz az-az məşhur simalardansınız ki, həm iqtidar, həm də müxalifətə eyni münasibət bəsləyirsiniz...

- Mən həmişə demişəm ki, kim düz söz deyirsə, onu müxalifət hesab etmirəm. Düz sözü deyənin nə iqtidarı, nə müxalifəti. Müxalifətdə də elə oğullarımız var ki, o pul yığanlar var ha, onlardan milyon dəfə yüksəkdə dayanırlar. Kaş ki, bizim prezidentin yan-yörəsində ancaq belə adamlar olaydı. Mən bunu həmişə demişəm. Mənim prezidentim tək qalmamalıdır, onun yan-yörəsində belə oğullar, kişilər lazımdır. Özü də təkcə iqtidardakılardan yox. Müxalifətdə elə mərd oğullar var ki, qoy elə onlar da prezidentimizlə bir komandada işləsinlər.

- Gələnilki prezident seçkiləri ilə bağlı nə deyə bilərsiniz?

- Mənim bir xalqım, bir dövlətim, bir prezidentim var, vəssalam. Xalq özü ağla qaraya qiymət verməyi bacarır. Açığı, mən bu seçkidə prezidentimdən başqa heç kimi görmürəm. Əminəm ki, o seçiləcək.

- Necə bilirsiniz, Rusiyanın Azərbaycana təzyiqləri nələrə gətirib çıxara bilər?

- Biz artıq müstəqil dövlətik. Mənim xalqım olan yerdə o qüvvələr heç kimdir. Rusiyanın nə ixtiyarı var mənim qazanıma başını soxsun? Heç kim heç kimin qazanına əl uzatmamalı, baş soxmamalıdır. Mən gedib Putinin işinə qarışıram ki, o gəlib mənim işimə qarışır? Mən gedib onun qazanına baxıram ki, görüm nə bişirir. Qonaq olmaq istəyirsə, buyurub gəlsin, ancaq başını hər yerə soxmasın.

- Bəs Rusiyadakı azərbaycanlı milyarderlərin bir araya gəlib təşkilat yaratması barədə nə deyə bilərsiniz?

- Mən bu haqda danışmaq istəmirəm. Tək bir söz deyə bilərəm. Milyonçu tarixdə iz qoyub gedən və xalqı, torpağı uğrunda qanını, canını qurban edən insanlara, şəxsiyyətlərə deyərəm. Çünki tarixdə elə insanlar olub ki, onların adlarını milyonlara, milyardlara dəyişmərəm.

- Efirdən Türkan Şorayla görüşünüzü izlədik. İki böyük türk sənətçisini baş-başa görmək gözəl duyğular yaradırdı...

- Türkiyə mənim ikinci vətənimdir. Özü də tək Türkan deyil, orda mənim Emel Sayınım, Ajda Pekkanım, Tatlısəsim, Zəki Mürenim var. Zirvədə olan bu insanlar hamısı mənim dostlarımdır. Dostlarımın içərində Ərdoğanım, Süleyman Dəmirəlim var. Türk xalqı elə mənim xalqım, mənim millətimdir. Türkan xanım isə mənim sevdiklərimdən biridir, onun evində də qonaq olmuşam. Zəng elədilər ki, Türkan xanım təyyarədən enəndən “Zeynəb” deyir. Mən də onunla görüşdüm.

Səmimi bir görüşümüz oldu.

- Deyirlər ki, çox qiymətli bir hədiyyə bağışlamısınız...

- Adam verdiyini deməz.

- Övladlarınızdan razısınız?

- Çox. Mənim övladlarım namaz qılır, oruc tutur, həm Ramin, həm də Ramal.

- Ad gününüzə necə hazırlaşırsınız?

- Elə xüsusi hazırlığım yoxdur. Sadəcə, ad günümdə burda olmayacağam. (Gülərək) Əgər 21-də bir şey olmasa... Bir məsələni də sizə deyim, dekabrın 24-ü prezidentimizin, 28-i isə mənim ad günümdür. Gör mən prezidentimi nə qədər çox istəyirəm ki, hətta eyni ayda dünyaya gəlmişik. Fürsətdən istifadə edib qəzet vasitəsilə mən prezidentimi qabaqcadan ad günü münasibətilə təbrik edirəm. Allah onu xalqımıza çox görməsin.

- Az öncə erməni ziyalılardan biri Armen Cigərxanyan sizin İrəvan stadionundakı konsertinizdən danışmışdı...

- Doğrudan? Mənim xəbərim yoxdur. Amma mən orda 70 min adam tutan stadionda konsert vermişəm. Ondan sonra (1978-ci ildə-E.P.) mənə Ermənistan xalq artisti adını da verdilər. Amma başımıza ki, bu müsibətləri gətirdilər, mən o addan imtina etdim.

- Zeynəb xanım, yeri düşmüşkən, fəxri adların ləğvinin tərəfdarlarındansınız. Bu günlərdə məsələ yenə gündəmə gəlib...

- Dəfələrlə adlar barədə söhbətlər olub. Ancaq düzələn iş deyil. Dəyirman məsələsi burda da yerinə düşür. Mən dünyanı gəzmişəm, bir Zeynəb Xanlarova adı ilə. Çox gülməli çıxır ki, desinlər “oxuyur xalq artisti Maykl Cekson”. Yaxud “xalq artisti Zəki Müren”. Vallah gülməlidir. Mənə ad veriləndə heç xəbərim də olmayıb. SSRİ Xalq Artisti, Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatları Laureatı... “Qızıl Val” mükafatı milyonlarla plastinkası satılan adam kimi Qafqazda ancaq mənə verilib. Başqa dövlətlərdən aldığım mükafatlar, fəxri diplomlar da var, heç onlardan da xəbərim olmayıb. Bunları mənim sənətimə veriblər. Mən ona görə oxumamışam ki, mükafat alım. Bu mükafatları mənim istedadıma veriblər. Ancaq indiki ad alanlar görürsən deyirlər ki, “axşam baxarsınız, mənə ad verəcəklər”. 80-ci ildə rəhmətlik Heydər müəllim Macarıstandan zəng edib məni təbrik edəndə soruşdum ki, Heydər müəllim, məni nə münasibətilə təbrik edirsiniz. Qayıtdı ki, “ay Zeynab, sevin, sənə SSRİ Xalq Artisti adını veriblər”. Mənə həmişə “Zeynab” deyərdi. Dedim çox sağ olun, Heydər müəllim. Dedi “ay qız, çox sağ olu özünə de. Çünki sən buna layiqsən”.

 

Elşad PAŞASOY

 

Yeni Müsavat.- 2012.- 17 dekabr.- S.7.