“DOLU” NƏ ZAMAN “YAĞACAQ”?

 

Aqil Abbas: “İnanırıq ki, Avropa bu filmin mənasını anlayacaq”

 

Bir müddətdir “Azərbaycanfilm” kinostudiyasının Qarabağ savaşı haqqında çəkdiyi filmin vəsait çatışmazlığı üzündən dayandığı haqda xəbərlər dolaşır. Söhbət Aqil Abbasın “Dolu” romanı əsasında rejissor Elxan Cəfərovun çəkdiyi filmdən gedir. Deyilənlərə görə, çəkilişlər 5 ay öncə başa çatsa da, montaj və səsləndirmə prosesi vəsait bitdiyi üçün yubanır.

 

Yada salaq ki, çəkilişlərə 2011-ci ilin yayında başlanıb. 2012-ci ilin yayının astanasında həm film, həm də çəkiliş haqqında suallarımızı ssenari müəllifi Aqil Abbasa ünvanladıq:

- Aqil bəy, “Dolu”nu iqtisadi problemlərin “vurması” haqqında xəbərlər nə qədər əsaslıdır?

- Çəkilişlər başlanandan heç bir dəfə də dayanmamışıq. Çəkilişlər, demək olar, bitib. Son 2-3 gündə Şəmkirdə, belə demək mümkünsə, son kadrları çəkmişik. Montaj da bitib, səsləndirmə də. Bircə musiqi qalıb. Filmin bəstəkarı Polad Bülbüloğludur. O, musiqini Rusiyada möhtəşəm bir orkestrə yazmaq istəyir. Hələlik tamamlanmayan məsələ ancaq musiqidir. Yəqin, iyunda film tamamlanar.

- Bəlkə elə bu “möhtəşəm” orkestrə görə vəsait məsələsi gündəmə gəlib?

- Pulumuz hələ bitməyib. Sabir Rüstəmxanlının ssenarisi əsasında “Cavad xan” filminin çəkilişləri üçün vəsait lazım olanda Sabir bəy prezidentə məktub yazdı, vəsait ayrıldı. Ancaq buna ehtiyac yoxdu. Vəsait var. Həm də Aqil Abbasın da dostları var - birdən pul çatmasa, qaynaq taparıq.

- Axı film dövlət sifarişidir...

- Bir məsələ var da, filmin sonunda yazırlar ki, Əliyə də təşəkkür edirik, Vəliyə də təşəkkür edirik, nə bilim “Bağçılıq zavoduna”, “Atçılıq birliyinə”... Amma buna ehtiyac yoxdur. Pul qurtarsa, dövlət ayıracaq. Heç prezidentə müraciət etməyə ehtiyac olmayacaq. Mədəniyyət və Turizm Nazirliyi qaynaq tapacaq. Ancaq onu da deyim ki, çəkilişlər başlayandan biz xalqdan dəstək görmüşük. Harada çəkiliş olubsa, məmurundan tutmuş sadə vətəndaşına qədər hamı bizim yanımızda olub.

- Çəkilişlərin bir hissəsi Ağdamda olub. Heç atəşkəs pozuldumu?

- Ermənilər, deyəsən, bərk qorxmuşdurlar. Təsəvvür edin, 500 min adam təhlükəsizlik zonasını keçmişdi.

- Amma güllədən olmasa da, yaralanmışdız deyəsən.

- , camaat elə eyforiyaya qapılmışdı ki... Təsəvvür edin, Daxili Qoşunların 30 maşını dayanıb üzü Ağdama, əsgərlərin əlində bayraqlar, hamı elə bilirdi ki, doğrudan Ağdama gedirik. İnsanların qarşısını ala bilmirdik, axırda polisi çağırmağa məcbur olduq. Məni orda camaat möhkəm söydü. Deyirdilər ki, bu adam gündə çıxıb televiziyaya deyir ki, gedək Qarabağı alaq, hamı gəlib, bəs niyə getmirsiniz? Hamısı öz camaatımdı, yalvarırdım ki, qoyun filmi çəkək. Onda hərbi maşının üstündən yıxıldım. Ay yarım sol ayağımı yerə basa bilmədim.

- Rejissor Elxan Cəfərovun, kaskadyor Əlinin çəkilişlərdə sol ayağı zədələnib, sınıb. Allah axırınızı xeyir eləsin. Yeri gəlmişkən, filmlərdə həmişə rejissorla ssenari müəllifi arasında dartışmalar olur. Elxan bəylə anlaşırsız?

- Bütün heyətlə anlaşıram. Elxan çox istedadlı rejissordu. Ancaq film rejissorundu. Gözəl aktyor seçimi var, uğurlu tapıntıları var. Filmdə elə bütün kinolarda gördüyümüz simalar deyil. Məsələn, əsas rollardan birini Naxçıvanda jurnalistlik eləyən bir gənc oğlana verib. Biri hələ institutun üçüncü kurs tələbəsidir. Ancaq tanınmış aktyorları da çəkib - Fuad Poladov, Məmməd Səfa, Şamil Süleymanov...

- Aqil bəy, Elxan Cəfərov dövlət sifarişi ilə bir film çəkmişdi - “Əlavə təsir”. Ancaq premyeradan sonra onu sadəcə bir dəfə telekanallardan biri göstərdi. Sanki bu film rəfə qoyulmaq üçün çəkilmişdi. Sizə, “Dolu”nu da bu “tale” gözləmir ki?

- Bilirsiz, indi Azərbaycanda kinoteatr, demək olar, yoxdu.

- Bakının mərkəzindəAzərbaycanvar, bir neçə milyona təmir edilənNizamivar...

- Yəni barmaqla sayılacaq qədərdir. Ancaq rayonlarda mədəniyyət evləri var. Biz bununla bağlı ciddi aparırıq. Film kinoteatrlarda, mədəniyyət evlərində göstəriləndən il yarım sonra onu telekanallara verə bilərik. Bundan başqa biz Türkiyədə, İranda, Orta Asiya respublikalarında filmin yayımı ilə bağlı danışıqlar aparırıq. Çox böyük maraq var.

- Bəs Avropa ölkələrində yayım, ya da hansısa beynəlxalq festivala qatılmaqla bağlı planlar var?

- Əlbəttə var. Ancaq bu, Qarabağ savaşı haqqında filmdir. Ermənilərin Avropada necə dəstəkləndiyini hamımız bilirik. Biz humanistliyimizi, eyni zamanda torpaq uğrunda ölümə gedə bildiyimizi anlatmağa çalışırıq. Filmdə mövzu Qarabağ olsa da, biz bütünlükdə savaşın mahiyyətini açmaq istəmişik. Savaş İraqda da, Əfqanıstanda da, Suriyada da, Serbiyada da, Yuqoslaviyada da elə savaşdır. Məsələn, bu film Yuqoslaviyada bomba kimi partlayar. İnanırıq ki, Avropa bu filmin mənasını anlayacaq.

 

 

Aygün MURADXANLI

 

Yeni müsavat.- 2012.- 7 may.- S.13.