Müstəqilliyin
21 yaşı möhtəşəm tədbirlə qeyd edildi
Bu
gün Dövlət Müstəqilliyi Günüdür
İSTİQLALA,
AZADLIĞA SƏS VERMİŞ “KÖHNƏ KOMANDA” BİR
ARAYA GƏLDİ
“Bu
mübarizədə hədsiz fədakarlıqlar göstərən
adsız qəhrəmanlar da vardı”
Bu
gün Azərbaycanın Dövlət Müstəqilliyi
Günüdür. 1991-ci il, oktyabrın 18-də Ali Sovetdə
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul edilib. Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə
Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar
sessiyaya qatılmayıblar. Konstitusiya Aktında göstərilir
ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə
mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
18 Oktyabr Dövlət Müstəqilliyi
Gününün 21 illiyi münasibətilə dünən
Beynəlxalq Mətbuat Mərkəzində
İstiqlalçı Deputatlar Məclisinin təşkilatçılığı
ilə möhtəşəm bayram mərasimi keçirildi. Tədbirdə
istiqlalçı deputatlar, partiya sədrləri, ziyalılar,
vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər
iştirak edirdi.
Tədbirə
“Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının mətninin müəllifi,
istiqlalçı deputat, VAMBP sədri Hacıbaba Əzimov
aparıcılıq edirdi. Mərasim
dövlət himninin ifası və Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olmuş
insanların xatirəsinin yad edilməsi ilə
başladı. H.Əzimov istiqlalçı deputatları və
bütün xalqı bayram
münasibətilə təbrik etdi və
müstəqilliyin əldə olunması yolunda
gedən mübarizədən, 18 oktyabra
bugünkü münasibətdən
danışdı: “Müstəqilliyin əldə edilməsi asan başa gəlməyib.
Xalqımızın uzun mübarizəsi
sayəsində əldə edilib. Xalq hərəkatının
təzyiqi və o zamankı deputatlar arasında cəmi 43 nəfərin
parlamentdə mübarizəsi sonda müstəqilliyimizin
əldə olunması ilə nəticələndi. 1991-ci il, martın 7-də SSRİ-nin
saxlanması ilə bağlı Azərbaycanda referendum
keçirilməsi Ali Sovetdə səs qoyulanda cəmi 43 nəfər deputat özünün və
ailəsinin həyatını təhlükəyə ataraq müstəqilliyin tərəfdarı kimi çıxış etdi
və SSRİ-nin saxlanması əleyhinə
səs verdi. O 43 nəfərin 29-u
hazırda sağdır və onlardan
ölkədə olanların əksəriyyəti bu tədbirdə iştirak
edir. 43 nəfərin 25-i o
zaman Ali Sovetdə
yaradılan müstəqil Azərbaycan deputat
blokunun - ”Demblok"un üzvü idi. Məhz Ali Sovetdə o səsvermədən sonra
müstəqillik uğrunda mübarizə
daha da böyüdü
və 1991-ci il, oktyabrın 18-də
dövlət müstəqilliyinə nail olduq. O ildən başlayaraq
18 oktyabr dövlət bayramı statusu aldı və qeyri-iş
günü elan olundu. 2006-cı ildə isə deputat
Hadı Rəcəblinin təklifi ilə Milli
Məclis 18 Oktyabr Dövlət Müstəqilliyi
Gününü qeyri-iş
günü olan bayramlar sırasından çıxardı. Bu, müstəqillik gününü gözdən salmaq və
xalqın yaddaşından silməyə xidmət edən antimilli addım idi. Başqa heç bir ölkədə dövlət müstəqilliyi
gününə belə sayğısızlıq yoxdur. Biz bu
antimilli qərarın dəyişməsi üçün ciddi
addımlar atmalıyıq".
Ən gənc
istiqlalçı deputat Arif
Hacılı təbrik çıxışında bildirdi ki, öz
əhəmiyyətinə görə 18 oktyabrı yalnız 28
May Respublika Günü ilə müqayisə etmək mümkündür: “Biz Azərbaycanın
istiqlaliyyəti haqda danışarkən ilk növbədə Rəsulzadə başda olmaqla, ötən
əsrin əvvəllərində Azərbaycana istiqlaliyyət
gətirmiş şəxsləri yad etməliyik.
Şübhəsiz ki, istiqlaliyyətin bərpa
olunmasında ən böyük rol ilk növbədə Azərbaycan
xalqına, xalq hərəkatının
iştirakçılarına məxsusdur. Əbülfəz
Elçibəy başda olmaqla,
xalq hərəkatına
başçılıq etmiş insanlara məxsusdur. Bəzən deyirlər ki, Azərbaycan SSRİ-nin
avtomatik olaraq
dağılması nəticəsində müstəqillik əldə
edib. Bu, tamamilə
yanlış fikirdir. Əksinə, xalq hərəkatı nəinki Azərbaycanın,
hətta istiqlaliyyət uğrunda
mübarizə aparmayan bir
çox xalqların da
azadlığa çıxmasında həlledici rol oynayıb. Məhz 20 Yanvar
hadisəsindən sonra SSRİ-dən
ayrılmaq və müstəqil olmaq Azərbaycanda
ümummilli ideyaya çevrildi. Ona görə
biz Azərbaycanın istiqlaliyyətindən
danışanda ilk növbədə həm
də 20 Yanvar şəhidlərini
xatırlamalıyıq”.
A.Hacılı təəssüflə
dedi ki, müstəqilliyin
ilk illərində milli
hakimiyyətin başlatdığı demokratik
dövlətə çevrilmək prosesini
1993-cü ildə irticaçı qüvvələrin hakimiyyətə
gəlməsi dayandırıb: “Ona görə də
xalq öz
missiyasını bitmiş hesab
etməməlidir. Çünki biz Rəsulzadənin yaratdığı demokratik dövləti bərpa etmişiksə,
həmin dövlətin azadlığını, demokratikliyini də Azərbaycana
qaytarmalıyıq”.
Yeganə xanım
istiqlalçı deputat Məryəm Həsənzadə
çıxışında bildirdi ki, xalqın mübarizliyi
məhz 18 oktyabr, 1991-ci ildə öz sözünü dedi:
“Azərbaycan xalqı, Azərbaycan dili özünü bütün
dünyaya həmin gün
tanıtdı. O günün qiymətini,
qədrini hər kəs bilməlidir”.
İstiqlalçı deputat, dövlət himnini
hazırlayan komissiyanın sədri olmuş
professor Firudin Cəlilov
18 oktyabrın Azərbaycan üçün
ən əziz bir neçə bayramdan biri olduğunu bildirdi. O, çıxışında müstəqillik
mübarizəsi günlərinin ən şərəfli
günlər olduğundan və dövlət
himnimizin qəbulu ilə bağlı
maraqlı xatirələr danışdı. F.Cəlilov
müstəqillik əldə olunandan sonra buraxılan səhvlərdən də söz açdı: “Azərbaycan
Respublikasını Xalq Cümhuriyyətinin
varisi elan etdik, lakin Xalq
Cümhuriyyətində olan parlamentli respublika quruluşunu qəbul etmədik. Prezidentlik institutu tətbiq
etdik. Biz ölkəmizi
mütləq parlamentli respublika
quruluşlu ölkəyə çevirməliyik.
Bir səhvimiz də dövlətin
adını Quzey Azərbaycan kimi rəsmiləşdirməməyimiz oldu. Biz Güney
Azərbaycanın istiqlal qazanması üçün də mübarizəni
gücləndirməliyik”.
İstiqlalçı deputat, Müsavat
başqanı İsa Qəmbər
istiqlalçı deputatları nəzərdə tutaraq bildirdi ki, bu insanlar
unikal insanlardır: “O
ağır vəziyyətdə Azərbaycanın müstəqilliyinə
səs vermək və imperiyanın hər cür
təzyiqinə, repressiyasına qarşı dayanıb mövqeyini sonadək müdafiə eləmək
hər kişinin və hər
xanımın işi deyildi.
Bu insanlar onu etdilər. Ona görə
bu insanlar mənim üçün çox əzizdir.
Bu gün biz müxtəlif mövqelərdə ola bilərik, mövqelərimiz üst-üstə
düşməyə bilər, ayrı-ayrı məsələlər
üzrə mübahisə edə bilərik. Ancaq Etibar
Məmmədov, Sabir Rüstəmxanlı,
Vahid Əhmədov, İsgəndər Həmidov
və digər dostlarımız,- hamısının
adını çəkə bilərəm, İxtiyar
Şirin əyləşib burda,
digər hörmətli istiqlalçı deputatlarımız əyləşib,
bunların hər biri,- unikal
şəxsiyyətlərdir. Mən həmişə xalq sözü ilə
deyirəm ki, bir-birimizin
ətini yesək də sümüyünü
atmarıq. Çünki bu
insanlar ən ağır şəraitdə
Azərbaycanın müstəqilliyi üçün
həyatlarını riskə qoymuş
insanlardır. Bu insanlar
hər cür hörmətə layiqdir, tarixdə adları qızıl hərflərlə
yazılmağa layiqdir. Bu
gün də, sabah da sayğı görməlidirlər.
İnanıram ki, görəcəklər.
İstiqlalçı deputat Məryəm
Həsənzadənin adını xüsusi
çəkmək istəyirəm. Məryəm xanımın
qədrini bilməyə çağırıram hər bir Azərbaycan vətəndaşını.
Dilarə Əliyevanı, Aydın Məmmədovu, digər
dünyasını dəyişmiş dostları
xatırlayıram. Eyni zamanda
istiqlal sadəcə bu
43 adamın xidməti deyil. Bu istiqlal
xalqımızın xidmətidir. İstiqlal
hərəkatının başında liderimiz
Əbülfəz Elçibəy dayanmışdı. Gənclər
bilməlidir ki, SSRİ-nin
dağılmasında 6 respublikanın, 6 xalqın mübarizəsinin
həlledici təsiri olub. Azərbaycan
onların arasında bəlkə də birincisidir.
İstiqlal bütün
xalqın qələbəsi idi. Burda Pənah Hüseyn əyləşib.
Onun xidməti heç
də biz istiqlalçı deputatlardan az deyildi. Burda zalda baxıram, hər biriniz haqda bu
sözləri deyə bilərəm. Əli Kərimli, Qüdrət
Həsənquliyev, Fazil Mustafa,
o zamankı gənc fəallar gənclər
hərəkatında çox fəal rol oynayırdı. Adlar
çəkilməlidir bilinsin ki, bu, bütün
xalqın qələbəsi idi.
Xanımların həlledici rolu vardı o hərəkatda. Bu
mübarizədə adsız qəhrəmanlar da
var ki, hədsiz fədakarlıqlar
göstəriblər və onların hamısını şəxsən
tanıya bilmirik. Ona
görə bu uğuru
ümumxalq uğuru kimi qiymətləndirməyi
bacarmalıyıq. Bu gün
də hər bir vətəndaşın,
cəmiyyətin azadlığı uğrunda
mübarizədə xalqın 90 faizi eyni fikirdədir, bu
azadlığı istəyir. Biz bu prosesi apara bilsək və xalqda əminlik
yaransa ki, müstəqillik
uğrunda mübarizəmiz qələbə
ilə başa çatdığı kimi, demokratiya uğrunda mübarizənin də qələbə
ilə bitməsi görünür, o 90 faiz xalq
yenə bir yerdə olacaq.
10 faiz də 90 faizin
iradəsinə tabe olmağa
məcbur olacaq. Bu gün 18 oktyabrı müstəqillik kimi tanımaq istəməyən qüvvələr
var və bunu 28 mayla bağlayıb bəhanə gətirirlər
özlərinin mövqeyi üçün.
Guya 28 maya, Xalq Cümhuriyyətinə, Rəsulzadəyə
sayğı duyurlar? Bu
möhtəşəm tarixin yüksək
səviyyədə qeyd olunmasına imkan verirlər? Sadəcə, 28 may bu adamlar
üçün bəhanədir. Ancaq bu qüvvələr
məğlubiyyətə məhkumdur. Azərbaycan cəmiyyəti
isə yenə də qələbəyə qadirdir.
Biz bu gün
də millətimizə liderlik etməyə
də, əsgərlik, fəhləlik etməyə də
hazırıq”.
İstiqlalçı deputat, AMİP lideri Etibar Məmmədov bildirdi
ki, Azərbaycanın müstəqilliyinin əldən
getməsi ehtimalı artıq sıfıra bərabərdir: “Bu, heç vaxt olmayacaq. Azərbaycan xalqı öz
müstəqilliyini əldə edib və bundan sonra onun
qarşısında başqa vəzifələr
durur. Həmin vəzifələri yerinə
yetirmək üçün də hər
kəs bilməlidir ki, Azərbaycanın ümumi milli ideyası nədən
ibarətdir. Məncə, bizim ən böyük milli hədəfimiz,
ideyamız Bütöv Azərbaycan
olmalıdır”.
İstiqlalçı deputat, VHP sədri Sabir
Rüstəmxanlı
da xalq hərəkatından,
hərəkatın liderlərindən, fəallarından o cümlədən xalq şairi Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun, Xəlil Rzanın,
digər qələm adamlarının, ziyalıların xidmətindən
danışdı. S.Rüstəmxanlı dünyada
Güney Azərbaycan məsələsinin
artıq gündəmə gəlməsindən və müstəqil
Azərbaycanın gözlənilən prosesdə necə
iştirakından söz açdı. Milli Məclisdə Güney
Azərbaycan məsələsindən danışmaq olmaz çağırışlarını
sərt tənqid etdi.
İstiqlalçı deputat, Milli Məclisin üzvü Vahid Əhmədov
çıxışından öncə Elçibəyi
sayğı duruşu ilə yad etməyi təklif elədi. Təklifi həyata
keçdikdən sonra V.Əhmədov bildirdi ki, vaxtilə indi bu zalda
əyləşən insanlar Elçibəyin
liderliyi ətrafında birləşmişdi.
Sonradan müəyyən proseslər nəticəsində
həmin birlik dağıldı: “Mən arzu
edirəm o birlik bir daha təkrarlansın və
vahid siyasi liderin ətrafında birləşmə
qabiliyyəti bizim siyasətçilərdə
bir daha üzə
çıxsın. Azərbaycanın müstəqilliyinin bərpasında
milli-azadlıq hərəkatının xüsusi
rolu var. Azərbaycan
müstəqilliyini asan əldə etməyib.
Çoxlu sayda insanlar həyatlarını qurban
verib bu yolda. Bunu unutmaq
olmaz. Eyni zamanda müstəqillikdə rolu
olan 43 istiqlalçı deputatın
addımını da unutmaq
olmaz. Mən o zaman kommunist
idim və böyük bir zavoda da rəhbərlik
edirdim. Amma hər bir insanın
həyat prinsipi var. Mən də prinsimə sadiq qalaraq müstəqilliyə
səs verdim. 1992-ci ildə cəbhəçilər
kommunistlərlə 50-nin 50-yə hakimiyyətə gəldi.
O vaxt Cəbhənin ən böyük səhvi kommunistlərlə
dil tapmamaları oldu. Müəyyən vaxtdan sonra kommunistləri kənarlaşdırdılar
və dedilər Xalq Cəbhəsi hakimiyyəti idarə edə bilər. Amma dövləti idarə eləmək asan məsələ deyil.
Bunun üçün müəyyən
prinsiplər var ki, ona əməl
etmək lazımdır.
Heç
olmasa, Allah köməyiniz
olsa, bu dəfə hakimiyyətə
gələndə belə
şeyləri yaddan çıxarmayın. Bizim istədiyimiz
odur ki, Azərbaycanın müstəqilliyi
əbədi olsun və bizim balalarımız,
nəvələrimiz daha
demokratik cəmiyyət
quruculuğunda yaxından
iştirak etsin. Biz parlamentdə bir
neçə dəfə
cənab prezidentə müraciət etmişik ki, istiqlalçı deputatların əməyinə
qiymət vermək lazımdır. Müəyyən qüvvələr var ki, qiymət vermək istəmirlər.
Vaxt gələcək istiqlalçı
deputatlar Azərbaycan ictimai siyasi həyatında öz yerlərini özlərinə
layiq tutacaqlar”.
İstiqlalçı deputat, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin təbrik
çıxışında Xalq Cəbhəsi üzvlərinin 1990-cı illərin
əvvəlində fədakarlığından,
müstəqilliyi məhrumiyyətlərə
düçar ola-ola əldə etmələrindən
danışdı.
Həmçinin rayon prokuroru kimi
xalq hərəkatına
riskə gedərək
köməkliklər göstərdiyindən
söz açdı.
İstiqlalçı deputat, KXCP sədri Mirmahmud Mirəlioğlu isə Elçibəyin müstəqilliyimizin bərpası
mübarizəsində müstəsna
xidmətlərindən və
Güney Azərbaycanın
gələcəyi ilə
bağlı vaxtilə
Elçibəyin verdiyi
nikbin proqnozların reallaşmağa doğru getdiyindən geniş danışdı.
İstiqlalçı deputat, ACP sədri Sülhəddin Əkbər dedi ki, müstəqillik
əldə edilsə də natamam dövlət qurulub, torpaqlarımız işğal
altındadır. Bu dövlət müasir tələblərə cavab
vermir. Demokratik inkişaf yoluna
çıxıb bu işi də qələbə ilə başa çatdırmaq zəruridir. İstiqlalçı deputatların üzərinə
bu işdə üzərinə ciddi görəv düşür.
İstiqlalçı deputat İsgəndər
Həmidov isə dövlət müstəqilliyini
tələb etdikləri
üçün parlamentdən
zorla bayıra çıxarıldıqları və desantlara döydürüldüklərindən danışdı: “Mənim ən böyük şərəfli
vəzifəm Xalq Cəbhəsinin sıravi üzvlüyü olub. Nə qədər ki bu rejim
iş başındadır,
Azərbaycanda heç
bir irəliləyiş
olmayacaq. Biz bu
rejimdən xilas olsaq, hər bir şey öz
yerini alacaq. Gəlin mübarizəmizi davam etdirək. Hərəkat özü lider
çıxaracaq ortaya”.
İstiqlalçı deputat İbrahim İbrahimli də
bildirdi ki, istiqlalçı deputatların
missiyası hələ
sona çatmayıb.
Demokratiyanı bərpa
eləmək lazımdır.
AXCP sədri Əli Kərimli nitqində hakimiyyətin
18 Oktyabr Müstəqillik Gününə
ögey yanaşmasını sərt tənqid
etdi və bu ögey yanaşmanın kökündə dayanan məsələlərdən söz açdı. Əli Kərimli bəyan
etdi ki, istiqlalı gətirdikləri
kimi, demokratiyanı da Azərbaycana gətirəcəklər.
AXP sədri Pənah Hüseyn, BAXCP sədri, deputat
Qüdrət Həsənquliyev, BQP sədri deputat
Fazil Mustafa da çıxış edərək
istiqlalçı deputatları və xalqı təbrik elədilər.
Sonda qərara gəlindi ki,
İstiqlalçı Deputatların Məclisi vaxtaşırı
toplantılar keçirsin.
Etibar SEYİDAĞA
Yeni
Müsavat.- 2012.- 18 oktyabr.- S.4.