Rəsulzadənin iki nadir fotosu tapıldı

 

Azərbaycanlı jurnalist bu şəkilləri Türkiyədəki auksiondan alaraq ölkəmizə gətirib

 

  Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ulu öndər Məhəmməd Əmin Rəsulzadəyə dair iki nadir foto üzə çıxıb. Həmin fotolar bir neçə gün əvvəl Türkiyədə keçirilən bir auksiondan alınaraq Azərbaycana gətirilib. Fotoları jurnalist və kolleksiyaçı Ruslan Rəhimov əldə edib.

R.Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, türkiyəli bir kolleksiyaçı ona həmin fotoların İstanbulda təşkil olunan “Əntiq foto və açıqcalar” auksionunda satışa çıxarıldığı xəbərini verib: “Auksion günü həmin tədbirin təşkilatçıları ilə telefon əlaqəsi yaradaraq telefonla auksiona qatıldım və fotoları aldım”.

R.Rəhimov fotoları auksiondan çox baha qiymətə aldığını söylədi. Kolleksiyasında Azərbaycan Xalq Cümhuriyyətinə aid pul vahidləri və poçt markalarının da olduğunu söyləyən R.Rəhimov əldə etdiyi bu fotoları bir müddət kolleksiyasında saxlayacağını, daha sonra isə dəyərini biləcək bir muzeyə bağışlayacağını və ya Azərbaycanda qalması şərti ilə satacağını bildirdi.

Qeyd edək ki, nadir fotoların ikisi də Rəsulzadənin Türkiyədə mühacirətdə olduğu dövrdə, İstanbulda çəkilib. Fotoların birində Rəsulzadə ilə birlikdə 10 nəfər var. Onların kim olduğu indilik müəyyənləşməsə də sadəcə birinin - Rəsulzadənin solunda oturan şəxsin Mirzəbala Məmmədzadə olduğu aşkarlanıb. Bu foto İstanbul Divanyolundakı “Turan” fotostudiyasında çəkilib.

İkinci foto daha maraqlı və nadir sənəddir. Həmin foto 1927-ci il, mayın 28-də İstanbulda Azəri-Türk Gənclər Birliyinin keçirdiyi və Xalq Cümhuriyyətinin qurulmasının 9-cu ildönümünə həsr edilmiş tədbirdə çəkilib. Fotonun karton çərçivəsində əski əlifba ilə yazılmış yazı bu fotonun məhz Rəsulzadənin şəxsi arxivindən çıxmış olma ehtimalını göstərir.

Yazıda bunlar deyilir: “İstiqlal ələmdarı (bayraqdarı-red.), möhtərəm və müəzzəz (əziz-red.) rəisimiz Məhəmməd Əmin Bəyəfəndiyə təqdim”.

Çərçivənin aşağısında isə bunlar yazılıb: “İstanbulda Azərbaycan istiqlalının 9-cu ildönümü 28 Mayıs (1927) günü tayid (bayram-red.) münasibətilə Azəri-Türk Gənclər Birliyi nəşriyyatından”.

Fotonun arxa üzünə də əl yazısı ilə bənzər bilgilər yazılıb. Hər iki üzündə də Azəri-Türk Gənclər Birliyinin möhürü var. Bu möhürdən həmin cəmiyyətin 1926-cı ildə təsis edildiyi görünür.

 

 

Fərahim İlqaroğlu

 

Yeni Müsavat.- 2013.- 11 aprel.- S.7.