Danışan daşlar şəhərində bir gün

 

Əməkdaşımız Qobustan tarixi qoruğunda gördüklərindən yazır...

 

Bakıdan 56 kilometr uzaqlıqda yerləşən tarixi məkan-Qobustan. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqda açıq səma altında qapalı muzeylər fəaliyyət göstərir. BeləcəŞəhər turuavtobusu ilə yolumuzu Qobustan tarixi qoruğundan salırıq.

Qeyd edək ki, qoruqda əsasən Mezolit dövrünün abidələri sərgilənir. Kassaya yaxınlaşıb biletimizi alırıq. Bələdçimiz deyir ki, biletə daş dövrünün canlandırıldığı, həmin dövrün eksponatlarının sərgiləndiyi, eləcə də açıq səma altındakı muzeyi gəzmək daxildir. Qoruqla tanışlığa ərazidə qazıntılar zamanı tapılan, o dövrün insanlarına məxsus əşyaların sərgiləndiyi otaqları gəzməklə  başlayırıq. Burada eyni zamanda o dövrün insanının hansı quruluşa malik olduğu və hansı vərdişlərinin olması barədə “3D” formatlı animasyon film nümayiş olunur. Eyni zamanda Qobustanda məskunlaşmış insanın maketiburada sərgilənir. 

Bələdçimiz Aliyə xanım bizə bəzi mühüm tarixi məlumatları verir. Bizimlə birgə turda xarici turistlər də iştirak etdiyindən həmin bilgilər eyni zamanda ingilis dilində səsləndirilir. Aliyə xanım deyir ki, o dövrün insanlarının bu qayalıqlarda məskunlaşmasının yeganə səbəbi Xəzər dənizindən gələn soyuq küləkdən qorunmaq olub: “12 min il bundan əvvəl Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürürmüş. İnsanlar nazik paltarlarla keçinirmiş, kişilər bellərinə kəmərçin bağlayır, qadınlar isə dəridən qısa don geyinirmişlər. Hava həmişə isti, yaşıllıq və su bol olduğundan bu yerlər ot yeyən heyvanların örüşü olub. Qobustanda saysız-hesabsız çöl heyvanı, öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşayıb. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zəmanə əldə edilən tapıntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olub. Ərzini tədqiq edən alimlər iddia ediblər ki, buralarda fil də yaşayıb. Ancaq onun təsvirinə qayaüstü rəsmlərdə rast gəlinmir. Alimlər onu da bu şəkildə əsaslandırılar ki,  bu yerlərdə bizə məlum insan həyatı 10- 15 min illə ölçülür, fil isə milyon illər bundan əvvəl yaşayıb. Sonralar Qobustanda fil sümüklərinin aşkarlanması tamamilə təsadüfi olub. 1968-ci ilin yaxınlığında burda Atbulaq adlı yerin yaxınlığındakı daş karxanasında mişar təxminən 3 metr dərinlikdəki daş qatını kəsərkən layla birlikdə naməlum heyvanın iri sümüklərini də kəsib. Fəhlələr bunun nə sümüyü olduğunu bilməyərək Azərbaycan SSR-in Mədəniyyət Nazirliyinə xəbər veriblər. Aşkarlanmış sümüklərin tədqiqindən sonra müəyyən edilib ki, bu sümük vaxtilə Qobustanda yaşamış cənub filinin boyun fəqərəsinin sümüyüdür”.

Açıq səma altındakı muzeyə keçib, qədim insanların yaşayış yerləri ilə tanış oluruq. Bələdçimiz deyir ki, qədim qobustanlılar əsasən açıq havada yaşayıblar. Bu ərazilərdə qış çox sərt keçib. Hələlik məlum olan qayaaltı sığınacaqların ən yaxşı nümunələri Böyükdaş və Kiçikdaş düşərgələridir. Onlardan biri  “Çardaq zağa”, digərini isə “Feyruz ” adlandırılır. Düşərgələrin hər ikisinin tavanını qərbdən torpağa oturmuş iri yastı qaya təşkil edir. Güman edilir ki, bu sığınacaqlarda yaşayanlar ev işlərinin bir hissəsini düşərgələrin yastı tavanı üstündə edirlərmiş. Onlardan biri də Böyükdaş dağının cənub enəcəyindəki “Yeddi Gözəl” mağarasıdır. Olduqca əsrarəngiz görünüşə malik olan bu mağara bu günümüzə qədər qorunub saxlanılıb".

Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danışıb-danışmamaları barədə sual verilir. Bələdçimiz deyir ki, bu  mübahisəli məsələdir: “Bu ərazidə 1000-ə qədər qayada bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri var. Bu həmin insanların rəssamlıq qabiliyyətinin olmasından xəbər verir”.

Aliyə xanımın sözlərinə görə, Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunub, onların başları nisbətən kiçildilib və surət cizgiləri-burun, ağız, göz, qulaqları verilməyib". 

Səbəbini soruşuruq, Aliyə xanım deyir ki, rəsm çəkənlər bu insan bədəninin bəzi hissələrini  düzgün çəkməyi bacarmayıblar. 

Ekskursiyamızı sehrli səsə sahib “Qavaldaş”ının sərgiləndiyi əraziyə getməklə tamamlayırıq. Bələdçimiz deyir ki, indiyə kimi alimlər hələ də daşı daşa vuran zaman yaranan akustik səsi tədqiq edirlər: “”Qavaldaş"ın yaradılması da musiqi zövqlərini  təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılırmış. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulurmuş".

Turistlərlə birlikdə kiçik bir daş götürüb “Qavaldaş”ını döyəcləyirik.  Mis kimi cingiltili bir səs verir. Beləcə əsrarəngizliyi və gözəlliyi ilə göz oxşayan Qobustan tarixi muzeyində gəzintimizi tamamlayırıq.

 

Fərahim İLQAROĞLU

 

Yeni Müsavat.- 2013.- 2 dekabr.- S. 14.