Bizim Sabir
(Dostum
Sabir Rüstəmxanlı haqqında söz)
Beyvəfadan,
müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?!
Aşıq Ələsgər
Ürək sözlərimi qələmə
aldığım bu yazıda nə “Rüstəmxanlı”
sözünü, nə “müəllim” kəlməsini, nə
də “Xalq şairi”, “millət vəkili” təyinlərini
işlətməməyə çalışacağam.
Sabir Bəyin siyasi fəaliyyətindən
də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat
isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim
üçün mən özümü birləşdirən
tərəfə aid edirəm. Dünyanın
elə tərəfləri var ki, biz Sabirlə bir yerdə
olmamışıq.
Birləşmək, ayrılmaq, yenidən
birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var
ki, biz Sabirlə bir olmuşuq. Desəm ki,
Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə
inanın.
Mən 1965-ci ildə Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III
kursda oxuyurdu. III kursun simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi.
IV kursun simvolu Azər Abdulla, V kursun simvolu
İsmayıl Məmmədov.
Biz daxil olan ildə universiteti bitirənlərin
simvolu isə rəhmətlik Aydın Məmmədov idi.
Simvol, yəni "mən Sabirin kursunda oxumuşam"
deyəndə ağıla gələn ilk adam
Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət
Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o
kursda simvol adam Sabir idi.
Bu bəlirgənlik yalnız şöhrətlə
bağlı deyil. Burada şöhrət də var,
mehribanlıq da, xarizma da...
Əgər mənim oxuduğum bu 5 ilə
gedib- gələnləri də daxil etsək, o dövrün ən
məşhur tələbəsi şübhəsiz ki, Sabir idi.
Sabirin o gözəl və əzab- əziyyət
dolu tələbəlik illərində komsomol
iclasındakı "nitqini" heç unuda bilmirəm. Kənddən
gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin
baxışlı və hamımıza qarşı ciddi olan bu
oğlan gənc kommunist əxlaqına yaraşmayan və
yaşlı kommunist əxlaqının
daşıyıcılarını da heyrətdə qoyan bu
"nitqi" ilə "komsomol təşkilatı"
adlı məşhur təşkilatın daşını
daş üstə qoymadı. Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi
yavaşca salonu tərk etdi, müəllimlər
pıçhapıça başladı. Sabirsə
"Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə
artistlikdir", deyib qızışdıqca salon da
qızışır, hərəsi bir dərədən, bir
obadan gələn tələbələr "mən Sabirin
oxuduğu universitetin tələbəsiyəm" qürurunu
yaşayırdı.
Bu qüruru, yəni dissident qürurunu biz tələbələrə
cəmi üç adam yaşatdı desəm,
məni qınamayın, böyük sözmü? Bəxtiyar
Vahabzadə, böyük tarixçi Lətif Əsgərov və
Sabir Bəy.
Yox, bu o demək deyil ki, universitetdə
gözəl alimlər, müəllimlər yox idi. Əsla. Universitet auditoriyalarında
görüb sevdiklərimiz, ömrümüz boyu çörəyini
yediyimiz Muxtar Hüseynzadəni, Səlim Cəfərovu,
Əkbər Ağayevi, Əlövsət Abdullayevi, Xədicə
Ağalarovanı, Ağaməli Həsənovu, Mir Cəlalı,
Əli Fəhmini, Abdulla Vəliyevi, Abbas Zamanovu, Mehdi Məmmədovu...
(Allah hamısına qəni - qəni rəhmət
eləsin) unutmaq mümkün deyil. Onlar
indi də bizim yuxularımızda, yazdıqlarımızda,
dediyimiz dərslərdə yaşayır.
Sabirin də daxil olduğu o
üçlük isə, razılaşmayanlar, başqa cür
düşünənlər ən kəsəsi, ayrı -
ayrı miqyasda dissident düşüncəli insanlar idi.
Sabir
universiteti bitirib Mirzə İbrahimovun və Bəxtiyar müəllimin
səyləri ilə "Ədəbiyyat qəzeti"ndə
işə başladı. Bu da bizim
üçün olduqca qürurverici idi.
Sonra Sabir əsgər getdi və təsadüfən
mənim o zaman üçün gələcək qaynım
olacaq Məhfuz Səlimovun "soldatı" və dostu oldu. Bizim xanımının ilk şeirlərini də dəyərləndirib
şair deyil, müəllimə olmağı məsləhət
görən də (Allah atasına rəhmət eləsin) Sabir
olub.
Sonra Sabir müxtəlif vəzifələrdə işləməyə
başladı: "Yazıçı" nəşriyyatının
baş redaktoru, “Azərnəşr”in direktoru, Mətbuat Komitəsinin
sədri və s.
Mən onun bütün vəzifələrini
xatırlamıram. Ancaq Sabir harda olubsa qabiliyyəti olan tələbə
dostlarını, ona dərs deyən müəllimlərini,
qələm dostlarını unutmayıb. Bu mənada
o, bizim nəslin "dayısı" olub.
Bizim nəslin ilk ailə quranı, ilk
övlad atası, ilk xalq hərəkatçısı və
ilk naziri, ilk millət vəkili də Sabir olub.
Amma bütün bu "ilk"lərlə
bərabər Sabir yaradıcı şəxsiyyətdir və
yazıb- yaratmaq missiyası Allahın ona verdiyi vergidir.
Bu vergidən uca nə ola bilər
ki?
Sabirin şair
yaradıcılığı və publisistikası bir-biri ilə
qırılmaz şəkildə bağlıdır.
Sabir çağdaş şeirimizin,
milliyyətçiliyin, vətənsevərliyin və vətəndaşlıq
poeziyasının öndərlərindən biridir.
Çağdaş vətən, vətəndaşlıq, millətsevərlik
şeirinin Bəxtiyar Vahabzadə, Xəlil Rıza, Məmməd
Araz kimi ən önəmli isimlərindən sonra (əlbəttə
böyük Mirzə Cəlili, Sabiri, Üzeyir Bəyi, Əli
Bəy Hüseynzadəni, Cavidi, Müşfiqi unutmadan!) Sabirin adının gəlməsi bu şeirlərin bədii
səviyyəsi və ədəbi siqləti ilə deyil, daha
çox yaş sırası ilə bağlıdır. Adını çəkdiyim və çəkmədiyim,
milliyyətçilik və vətənsevərlik
sırasına daxil olan və olmayan şairlər və
yazıçıların Sabirin şeirini yüksək qiymətləndirməsi
heç də təsadüf deyil.
Bəxtiyar müəllimin Sabirin şeirlərindən
dərsdə, görüşlərdə necə vəcdlə
danışdığının şahidlərindən biri də
mənəm. Anarın, Yusif Səmədoğlunun, Əkrəm
Əylislinin, Elçinin, İsi Məlikzadənin, Fərman
Kazımzadənin Sabirdən sayğı və qürur hissi
ilə yazmaları, danışmaları heç təsadüf
deyil. Yaşıdları Ramiz Rövşənin, Məmməd
İsmayılın, rəhmətlik Nüsrət Kəsəmənlinin,
Vaqif Bayatlı Odərin Sabir şeirlərinə və
publisistikasına verdikləri dəyər, bəslədikləri
sevgi yalnız dost sevgisi, dəyəri sayılmaz. Məncə, bu qıymətləndirmə cəsarətlə,
ilkinliklə gözəl duyğuların gözəl ifadəsiylə
bağlıdır. Eyni yolda yürüyən
və haradasa ədəbi rəqib olan insanların bir nöqtədə,
bir şəxsiyyətdə birləşməsi o qədər
qanuna uyğundur ki, burada təsadüf, gəlişi gözəllik
axtarmaq imkansızdır.
Bizim mərhum böyük nasirimiz Sabir Əhmədlinin
Sabir Rüstəmxanlı ilə (soyadı iki Sabiri ayırmaq
üçün işlətdim) şəxsi və əqidə
dostluğu bizim ədəbiyyat tariximizin Sabir - Səhhət dostluğu ilə
müqayisə edilə bilər.
Sabirin şeirinin də,
publisistikasının da, ictimai fəaliyyətlərinin də
ana nöqtəsi Azərbaycanın bütövlüyü və
Türklük məfkurəsidir.
Əslən Ərdəbildən
olması, Yardımlıda doğulub Bakıda yetişməsi
təsadüfi deyil. Sabirin yaralı yeri beş
yerə ayrılan Azərbaycandır, daxili və xarici güclərin
məngənəsində qalan Türklük əqidəsidir.
“Ömür
kitabı” Sabirin şah əsəri və Azərbaycan milli məfkurəli
publisistikasının zirvəsidir, desəm məni subyektivlikdə
qınamayın. Zirvə özünə qədər
olan yolların davamı və yüksəlişidir.
Məhəmməd Əmin Rəsulzadənin
siyasi publisistikasının və Anarın ədəbi- fəlsəfi
publisistikasının doğma övladı “Ömür
kitadı”dır desəm səhv etmiş sayılmaram.
Ə. Elçibəy milli hərəkatın ilk təkanları,
milli- mənəvi dayaqları içərisində şeirləri
ilə bərabər onun “Ömür kitabı”nın
da adını özəlliklə vurğulamışdı.
İndi qədim Türk yurduna səyahət
notlarını yazan, zaman - zaman milli- mənəvi dəyərlərə
yönələn zərbələri ortaya qoyan, vətəndaş
səsini qaldıran da Sabir bəydir.
Mən də daxil olmaqla, siyasət nəslinin
günlük mübarizəyə çox aludə olması bəzən
bizi böyük dəyərlərdən
uzaqlaşdırır. Böyük dəyərlər
üçün çarpışmaları və
çarpışanları gün siyasətinə qatmayaq və
ya onları başqalarından ayıraq. Mən
bunu səmimiyyətlə söyləyirəm. Bəli, Sabir dostumun bəzi hərəkətlərindən,
yazılarından, siyasi gedişlərindən narazı
qalmaqlığım olub və bunları mətbuata
çıxarmaqdan da çəkinməmişəm. Mən demirəm ki, səhv eləmişəm.
Yox, bir siyasətçi kimi səhv eləməmişəm.
Mənim və ya başqasının səhvi
iri kalibrli silahdan ona tay-tuş olmayanı vurmaq tələbidir,
günlük qayğıları böyütməkdir, şəxsi
amilləri birinci dərəcəyə gətirməkdir.
Artıq ömrün bu vaxtında hər
kəsə öz dəyərini vermək lazımdır. Fəxri
adları alan, o adları atan da, böyük vəzifələrdə
işləyən də, (o işlərdən
çıxarılan da) bizim Sabirdir, meydanda başı
sarılmış yaralı da bizim Sabirdir, Təbrizdə Azərbaycan
dərdini, Ankarada Türklük faciələrini doğuran səbəbləri
söyləyən də bizim Sabirdir.
Unutmayaq ki, gözəl silahla həmişə
10-luqdan vurmaq olmur. Bunu da unutmayaq ki,
missiyalı insanlara başqa yöndən, dəyər qiymətləriylə
yanaşmaq doğru sayıla bilməz.
“Yağı yağ, ayranı ayran olsa”, zəmanəmizdə
hərkəsə öz missiyasına, gücünə,
imkanlarına görə qiymət vermək Allaha da xoş gedər,
bəndəyə də…
Mənim ürəyimin divarından dostum Sabirin
üç şəkli asılıb: Universitetin böyük
salonunda çıxış edən 20 yaşlı III kurs tələbəsi
Sabir; meydanda milyonlara xitab edən
başı sarıqlı, qara dəri plaşlı Sabir, bir de
bir yaz günü iydə ağacın dibində Altaylı
Türk qızı ilə gülə - gülə söhbət
edən Sabir.
Mən bu üç şəklin
üçünü də sevirəm. Bu üç şəklin üçü də
Sabirdir. Bizim Sabir…
P. S. Vallah - billah (dostumuz Rafiq Əliyev Əhməd
Ağaoğluna istinad edərək deyir ki, Qarabağlılar
yaman and içən olurlar) bu ürək sözlərimi nəyə
görəsə, nə üçünsə yazmadım. Sevdiklərimdən və mənə dərs deyən-
deməyən müəllimlərdən başqa kimsəyə
gözəl söz yazmaya asla ehtiyacım yoxdur.
Bakıda son görüşümüzdə
Sabiri fikirli və qayğılı gördüm. Ürəyimdə qaldı. Adam
ancaq ən yaxın, doğma adamını ürəkdən
hiss edə bilər. İstanbulda gecə,
yuxuda Sabiri gördüm. Yuxudan qalxan kimi
ürək sözlərimi yazmaya bilmədim.
Sözün doğrusu elə adam var
ki, mən onu uşaqlarına görə xoşbəxt
sayıram və ona həsəd aparıram, elə adam var ki,
çəkdiyi əzablara görə sonsuz hörmət bəsləyirəm.
Eləsi də var ki, riskinə, cəsarətinə
görə. Men Sabiri “ Ömür
yolu”nu yazdığına görə xoşbəxt sayıram
və dərin hörmət bəsləməyə də
borcluyam.
Böyük adamlar yalnız öz ailəsinin,
əqrəbasının deyil, millətinindir. Əqrəba iki-üç nəsildən sonra
unudulur. Yazı qalır, yazılan
qalır. Əlövsət, Şahbaz, o
bizi qardaşlar inciməsinlər, onlar mənim də yaxın
dostlarımdır. Ancaq Sabiri, Elçibəyi, Nəcəf
Bəyi, Xudu müəllimi… ailə, qohum-əqrəba, dost
kriterləri ilə dəyərləndirmək olmaz.
“Qan yaddaşı” ifadəsini türkcəyə
Sabir gətirib. Türkcədə bu ifadəni Türkiyə,
özbək, tatar, türk sənət və elm adamlarının
da işlətməsi gün - gün yetişməkdə olan
ortaq türkcə üçün leksik norma
olacaq. Kəlmələri
yalnız folklor dilində, klassik ədəbiyyatda deyil, R.
Rzanın, B. Vahabzadənin, M. Arazın, Y. Səmədoğlunun,
Anarın, Mövludun, V. Nəsibin, M. İsmayılın, A. Səmədin,
gənc şairlərin və nasirlərin dilində axtarmaq və
tapmaq, görmək və götürmək lazımdır. Bütün türkcələrin kəlmə
varlığının xəlbirlənməsi ortaq türkcə
seçimi üçün təməl qaynaqdır. Bu təbii seçim sürəcində Sabir Bəyin
əsərlərinin dili də öz önəmli rolunu oynayır
və oynayacaqdır da.
Biz vətən, vətəndaşlıq, millətçilik
poeziyası deyərkən əsla H. Cavidi, M. Müşfiqi, E.
Cavadı, A. İldırımı, S. Vurğunu, R.Rzanı,
Şəhriyarı, H. Nitqini, Savalanı… bu poeziyadan və qayədən
uzaq tutmuruq. Sadəcə şairin əsas və
ya psixologizmdirsə onu vurğulamaq istəyirik. Və bu bölgünün də kifayət qədər
şərti olduğunun altını cızaraq söyləmək
istəyirik.
Həm şeirə, həm nəsrə, dramaturgiyaya və
publisistikaya aid olan bu şərti bölgü kifayət qədər
subyektiv olsa da, heç kəs etiraz etməz ki, Sabir Bəy
bizim poeziyamızın vətən, vətəndaşlıq və
milliyyətçilik qolunun en parlaq çağdaş əsgəridir.
Bu mənada biz onu varis olaraq Bəxtiyar Vahabzadə
ilə, çağdaş olaraq Oljas Süleymenovla müqayisə
edə bilərik.
Türk şeir ənənəsində
Sabir, Fazıl Kısakürəklə, Mehmed Akifle, M. E.
Yurdakulla daha çox bağlıdır.
Gənc ədəbiyyatımızda Sabirin
Azərbaycanın qüzeyində və güneyində, eləcə
də bütöv Türk Dünyasında çoxlu
davamçıları var ki, biz bunu da tamamilə təbii
sayırıq.
Sabir bu gün də yazır, gəzir,
görür, danışır, mücadilə aparır. Bəzən avam sözündən, bəzən də
dünya hökmlüsündən yaralar da alır.
Neyləsin… Dünya belə gəlib, belə
də gedəcək. Və dünya qan
yaddaşında o zorbaları, ehkamçıları, hökm
verənləri saxlamayacaq.
Yadda elə Sabir qalacaq. Çünki yalan dünyanın gerçək
dostlarından biri də Sabirdir.
Bizim Sabir…
Kamil Vəli
Nərimanoğlu
Yeni Müsavat.- 2013.- 15 dekabr.- S.7.