Ağıllıdan dəli
haqdı və yaxud
səs tənhalığın
rəsmidir
Alim Qasımova
Mən sənətkarları bir-biri ilə müqayisə etmək fikrindən həmişə uzaq olmuşam. “Kim kimdən böyükdü” fikri yaddır mənə. Mənim dinlədiyim və sevdiyim sənətçilər var.
Mənim üçün Məlikməmməd nağıllarından çıxıb gəlmiş Qədir (Q. Rüstəmov) varıydı, muğamın əsl mahiyyətinə toxunmadan onu türkləşdirən, şaman dualarına çevirən Alim (A. Qasımov) var. Bir də, bir də pıçıltısı ruhumu oxşayan Flora xanım.
(F.Kərimova).
Mənim ilk sözüm muğamı şaman dualarına çevirən, sayğıdəyər Alim bəy əfəndiyədir. Çünki bütün qulaq asdığım ustadların səsi göy üzündən, onun səsi Allahın yanından gəlir.
Söz ruhun, səs tənhalığın
rəsmidi.
Səs tənhalığın
rəsmidi - rəngləri ahdan, nalədən,
iniltidən. Sən rəsm çəkirsən göy üzünün boşluğuna.
...Gündüzlərin
axşamlara, gecələrin səhərlərə
qarışdığı, keçmişlə gələcəyin
birlikdə göründüyü olmayan bir yerdəyəm. Cəhənnəmdə
bir mövsümdü
bu ömür! Oxu, Alim!
Günahlar və günahkarlar,
əzab və iztirab,
cılızlığa sığınmış möhtəşəmlik,
Tanrı ilə İblis arasında
razılaşma... Alovlar içində rəqs
edən adamlar. Və mən - atəşlər
içində bir damla
su. Və bir də sən
- atəşlərin ləçəklərinə toxuna bilmədiyi qıpqırmızı alma çiçəkləri. Oxu,
Alim!
Tanrım! Artıq
ürəyimdə deyil, ürəyimin
içindəki qandasan.
Boğulursanmı? Oxu, Alim!
Dünyanın Ən böyük sevincləri sənin səsinin
hüznündə dəfn olunacaq, oxu!
Səni atəşlər
içində görürəm hər gecə. Sən cəhənnəmdə
donan bir mələksən.
Mən atəşlərlə oynayan söz adamı. Cəhənnəm atəşləri
qarışıb sözlərimə. Oxu!
Yoxsa üşüyəcəksən.
Səni dərd
çəkdiyin (oxuduğun) anında gördüm. Atəşlər içində
yalnızlıq və tənhalığın heykəli kimi üzündəki, gözlərindəki
iztirabı göy üzünə çəkirdin.
Hönkürürdün. Hönkürtün
pıçıltıya çevrilirdi yavaş-yavaş! Oxu!
Adsız bəndələrin adı ilə oxu:
Oxu, dərdli-dərdli, oxuyan adam,
Qəmdən çeşid-çeşid
nəğmələr toxu...
Öz ana
dilində bəlkə
bir zaman,
Bunu da oxuya
bilmədin, oxu...
Oxu! Göy üzünü sevib,
yer üzündə yaşamağın acısı,
hüznü var canında. Oxu! Boş bir məzar var uzaqlarda, baş daşını atəşlər yonur cəhənnəmdə. O atəşlərin üstünə
oxu!
Oxu!
Bu qosqoca şəhərdə,
zalım,
Heç kim sənintək tək deyil.
İblis-mələk davasıdı,
Bu davan bitəcək deyil.
Kiminsə
keçmişi, kiminsə
gələcəyi, kiminsə
gələcəyi kiminsə
keçmişidi. Bəs
onda hara can atırsan, zalım adam! Canatma iblis
istəyidi. Can atmadan
oxu.
Oxu Alim!
Kim istəməz bu
bayağı,
Sözdən dönüb
səs olmağı,
Mən hərdən
nəfəs almağı
Unutdum,
zalım qardaşım.
Sənin
kimi adamın nə düşündüyü,
nə istədiyi bilinməz. Sən
ancaq hiss etdiyini deyə bilərsən. Uzaqların nə olduğunu bilən adamın yaxınları olmur.
Yaxınların hönkürtüsündən qaçıb uzaqların pıçıltısına sığınmaqdan
gözəl nə var dünyada? Oxu, zalım adam! Oxu
və çıx
get:
Səsin üşüyəcək,
çıx get
Gedənmi, qalanmı,
kim haqq?!
Çıx get, getməsən
dəlilər,
Təzədən
dəli olacaq.
Çıx get! Bir sərxoş
boş qədəhdən
nə umursa buralardan umacağın o qədərdir sənin.
Çıx get, uzaqların yolu uzaqdı. Səni gözləyən uzaqlara
get. Elə bir yerdəyik
ki, nə oxusan Tanrı günaha yazacaq. Burdan İsanın, Musanın, Məhəmmədin belə
duası yetməz Allaha. Qanın Allah kitabının üstünə tökülmədən
oxu.
Oxu!
Öldüm allahsız
zalım adam,
oxu: Sən oxuyanda
Sənin Allahın
olmur,
Mənim
Allaha yolum.
Belə allahsız
olma,
Oxu, qurbanın olum!
Oxu,
durmadan oxu. Bu gün deyilsə də sabah
bitəcək bu ömür. Oxu zalım adam.
Axı:
Sən ölən
bir mələksən,
Səsin
tabutun üstə çiçək.
Nə bu
çiçək solacaq,
Nə
o matəm bitəcək.
Oxu! Bəndələri gücsüz Allahdan
qaçıb iblisin bərbəzəkli arabasına
minməyə qoymamaq üçün oxu.
Səndə
öz tabutuna uzaqdan baxan adamın
qorxusu var, məndə daşıyacağım
cənazənin ağırlığından
doğan əzab və iztirab. Oxu, Alim!
Bir
məmləkətdə ağaclar
yarpaqlarından əvvəl
ölürsə, torpaq
vətən olmaq istəmirsə, İblisin
cibindən İncil və Quran çıxırsa,
Allahın yazdığı
qəza-qədərdən qaçıb
sığınmağa bir
yer yoxdusa, oxu.
Allah qorxusu var, Allah sevgisi yoxdu bu məmləkətdə. Ancaq Allah qorxuda yox, sevgidə
yaşayır. Oxu,
Alim! Allaha olan sevgi ilə
qorxunu barışdırmaq
üçün oxu!
Səsində qiyamət
pərdəsi
Çək
pərdəni, dua elə.
Dua elə, arxasından
Görünəcək
Tanrı belə.
Çək pərdəni,
bax gör sonu,
Çək ruhundan
bədən donu...
Gəl ruhumun
alovunu
Sonra
söndür külün
ilə.
Çıxıb zaman
adlı həddən
Tanrıya
çox yaxınsan sən.
Musa, İsa, Məhəmməddən
Bu divanə halın ilə.
Yarı iblis,
yarı mələk,
Sözündəki
pərdəni çək.
Ordan əksin görünəcək,
Tələdəsən
dilin ilə.
Sözündə Tanrı
fərmanı,
Dolandın
düzü, ormanı.
Enəcəyin
məzar hanı?
Durum qazım əlim ilə.
Hüzurunda
ruhum sözdü.
Səndən
nə vaxt sözün üzdü?!
Demək daha
üzbəüzdü
Ölüm
ilə, qalım ilə.
Dərdli-dərdli ötə-ötə
Düşündüm
ki bu dərd
bitər.
Dərd bitməz
ki, qiyamətə
Çıxım
gedim yolum ilə.
Hər
gün göy üzündən bir səs mənə baxır. O səs sənin səsindi, Alim! Nə yaxşı bu
səs var və göy üzü boşluq deyil. Boşluq, ölümdən və tənhalıqdan qorxuludu, zalım dost.
Səndən mənə
o səs baxdı,
Ağıllıdan
dəli haqdı.
Olsa da bil
fərqi yoxdu
Kimin
nəyin divanəsi.
Bütün
hallarda dəli haqlıdı, təkcə
dəli olduğuna görə deyil, bizim yerimizdə olmadığına görə
haqlıdı. Heyrətlənməməkdənsə
nəyinsə divanəsi
olmaqdan gözəl şey yoxdu dünyada, zalım dost, oxu! Tanrının adına dua
oxu. Bizim hamımızın əvəzindən oxu.
Biz dua oxuduq, dua
Dərdi sevinci
bir udum
Hamı mələklərin
xorunda
Sən
təkbaşına oxudun.
Oxu! Dua bağışlanmağın insan əlində olan son və ümidsiz yoludu. Başqa nəyə gücü çatır ki, insanın.
Hamını oynatdı
yordu vaxt, zaman,
Səni
oynatmağa havası yoxdu.
Oxu dərdli-dərdi oxuyan adam
Sənin
dərdlərinin davası
yoxdu.
Ağacların adamlara
oxşayan zamanı gəldi, Alim! Hüzün və kədər var hər şeydə, oxu!
Dəniz
olub sahilin üstünə yürümək
nədi ki?
Sahil olub dənizin
üstünə yürümək
var sonunda, oxu!
Bu payız dəlilər təzədən
dəli olacaq. Bu dəlilər üçün
oxu, Alim!
Sən getdiyin
yolun sonunda özü dayanan bir adam.
Sən içindəki iman evinin minarəsi kədərdən ucalan bir şaman. Sən günü keçmiş,
zamanı almış
bir aşiq. Oxu Alim!
P.S.
Çox şeyləri
bilirəm
bu yer üzündə;
Bilirəm cənnətdə
Buğdanı
hansı mələk.
Göstərib Həvvaya
Və hansı
mələk
Küləksiz sovurub-sovub;
Bilirəm Adəm
Nə cür
cənnətdən çıxıb,
Allah iblisi dərgahından
nə sayaq qovub
Bilirəm niyə
İblisi
öldürməyib,
əhv eyləyib Adəmi.
Və bilirəm
sonradan
Niyə nəfsinə
qul eləyib
adamı.
Çox şeylər
bilirəm,
Ancaq sirrini açmadan Allahın
Yaşayıram bildiklərimi
unuda-unuda...
Bilirəm -
Allahın düşməni
İblisin
Gizlində Allahın
Dostu
olduğunu da.
Zalım adam! Sən də bilirsən
bunları, bilirəm.
Oxu, Tanrıdan başqa hər şeyi unuda-unuda. Oxu! Adsız bəndələrin Adı
ilə oxu.
Dərddən
ölmərəm, bilirəm.
Ölsəm,
ölə bilsəm nə qəm.
Sözə çevrilib
ölürəm,
Dirilirəm
günah kimi.
Oxu, məni günaha batmağa qoyma, zalım dost.
Rüstəm Behrudi
Bakı,
Noyabr
Yeni Müsavat.- 2013.- 26 dekabr.- S.11.