RƏSULZADƏ
DEMOKRATİK DÜŞƏRGƏNİ BİR ARAYA GƏTİRDİ
İstiqlalımızın
banisi Novxanıda böyük coşqu ilə yad edildi, anım
mərasimi izdihamlı mitinqə çevrildi
İsa
Qəmbər: “Artıq xalqın qərarı ilə xalq hərəkatı
formalaşmağa başlayıb...”
Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin
banisi Məhəmməd Əmin Rəsulzadənin doğum
günü münasibətilə İctimai Palata və
Demokratik Qüvvələrin Məşvərət Məclisinin
təşkilatçılığı ilə Novxanıda
böyük öndərin abidəsi qarşısında mərasim
keçirildi. Qeyd edək ki, uzun müddətdən bəri
ilk dəfə müxalifət bu şəkildə meydanda bir
araya gəlirdi. Böyük öndərin doğum günü
Azərbaycan müxalifətinin xeyli vaxtdır bir-birindən kənar
düşmüş qüvvələrini bir araya toplaya
bilmişdi.
Mərasim Novxanının əsas
magistralının yanından Rəsulzadənin heykəli
qarşısındakı parka qədər olan məsafədə
Mehdi Hüseynzadə küçəsində
yürüşlə başladı. Polis əməkdaşları
heç bir maneçilik yaratmasalar da, çevik polis
alayının yüzdən yuxarı xüsusi təyinatlı
dəstəsi bir neçə post-patrul maşınları ilə
qəsəbənin girişində və
yaxınlıqdakı küçələrdə keşik
çəkirdilər. Mərasimə qatılanların
sayı isə əvvəlki illərdəkindən nəzərəçarpacaq
həddə çox idi. Bu səbəbdən mərasim
əzəmətli mitinqə çevrildi.
Azərbaycanın
dövlət himninin canlı ifasından sonra mitinqin
aparıcısı, Müsavat Partiyasının
Mərkəzi İcra Aparatının rəhbəri
Arif Hacılı mitinq
iştirakçılarını, xalqı, o
cümlədən Novxanı əhalisini Rəsulzadənin doğum günü
münasibətilə təbrik etdi. A.Hacılı 31
yanvarın Azərbaycan xalqı üçün
müqəddəs gün olduğunu
bəyan etdi. Sonra o, M.Ə.Rəsulzadənin gənc
yaşlarından siyasi proseslərə
qoşulmasından danışdı.
AXCP
sədri Əli Kərimli öndərin Azərbaycan
xalqının taleyində və tarixində
oynadığı böyük roldan danışdı, indiki
iqtidarın bu tarixi
şəxsiyyətə və ümumən Cümhuriyyət
qurucularına biganə münasibətini, Cümhuriyyət
ideyalarına hörmətsiz davranışını tənqid
etdi:
“Məhəmməd Əmin Rəsulzadə bütün
həyatı boyu xalqa
xidmətin nümunəsini yaradıb. Rəsulzadə
çoxşaxəli fəaliyyəti olan böyük bir şəxsiyyətdir.
O böyük siyasətçi, ideoloq olaraq bütün həyatını Azərbaycanın
haqq davasına həsr etmiş
böyük şəxsiyyətdir. Rəsulzadə o insandır ki, onun varlığı
ilə biz hamımız fəxr edirik. İqtidarlı müxalifətli
hamımız bütün beynəlxalq
kürsülərdə məhz bu böyük şəxsiyyətlərin o cahanşümul fəaliyyətdən
bəhs edirik. Rəsulzadə o qədər böyük
şəxsiyyətdir ki, onun
kölgəsini qılınclayanlar da yeri gələndə onun
kölgəsinə sığınırlar. Rəsulzadə
simvollaşmış şəxsiyyətdir. Bu
gün Azərbaycan xalqı demokratiya uğrunda
mübarizəsinin yeni bir
mərhələsinə qədəm qoyur.
Artıq xalqımız respublika
üsul-idarəsini yenidən bərpa etmək əzmindədir.
O böyük ustadımızın dediyi kimi, mütləq Azərbaycanda
insan haqlarının, azadlığın,
ədalətin yanında olanlar qalib gələcək”. Ə.Kərimli
çıxışının sonunda M.Ə.Rəsulzadənin
“Sən bizimsən,bizimsən durduqca bədəndə
can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan”
misralarını səsləndirməklə
yekunlaşdırdı.
Rəsulzadə
İrsini Araşdırma Fondunun
rəhbəri, tarixçi alim
Nəsiman Yaqublu
çıxışında dahi öndərin
fəaliyyətindəki bir sıra məqamlardan
danışdı: “Məhəmməd Əmin Rəsulzadənin
71 illik ömrünün
elə bir günü
olmayıb ki, Azərbaycanın
istiqlalına həsr edilməsin. Bu ömrün
coğrafiyasına diqqət yetirdikdə görürük
ki, 71 illik ömrün cəmisi 22 ilini
Azərbaycanda yaşayıb. Ömrünün
digər məqamlarını İranda, Almaniyada, Polşada,
Türkiyədə, Fransada Azərbaycan
istiqlalı uğrunda mübarizə
aparıb. Həqiqətən də Rəsulzadə böyük şəxsiyyətdir. Rəsulzadə
bəşəri insan olub.
Onun fəaliyyətinin
ən mühüm məqamlarından biri ondan ibarətdir ki, o, bütün
qafqaz xalqlarının azadlığı uğrunda mübarizə aparırdı. Rəsulzadənin
qoyub getdiyi zəngin irsi araşdırdıqca məlum olur ki, bu
insan nə qədər böyük
vətənpərvər olub. Onun haqqında hazırda çox
dəyərli kitabı nəşrə hazırlayırıq.
Hesablamışıq ki, Rəsulzadənin
Azərbaycanda nəşr edilən yazılarının sayı
1500-dən, Fransada nəşr edilən
yazılarının sayı 50-dən, Polşada
nəşr edilən yazılarının sayı 30-dan, Almaniyada 20-dən çoxdur.
Bu unsan özündən
sonra böyük irs, sərvət qoyub gedib”.
KXCP sədri
Mirmahmud Mirəlioğlu
çıxışında 31 yanvarı xalqımız üçün bayram günü adlandırdı: “Bu
bayramı bizə Tanrı bəxş edib
və bu gündə dünyaya
gələn Rəsulzadəni Azərbaycan üçün
çox önəmli şəxsiyyət kimi yetişdirib.
Allahın qisməti ilə onun ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyəti olub.
Həyatının ən müxtəlif dönəmlərində
həm Rəsulzadə, həm də Elçibəy Azərbaycanın
gözəl guşəsi olan
İsmayıllıda bir neçə gün oldular. Bu gün Azərbaycanın
quzeyində bir mübarizə məktəbi
var. O da
İsmayıllıdır. Biz
hamımız İsmayıllının timsalında haqqı pozulan hər kəsin yanında
olmalıyıq. Bugünkü birliyin baş tutmasına
görə də sizlərə təşəkkür edirəm.
Biz bir yerdə olmağa məhkumuq. Əks təqdirdə bu antimilli hakimiyyət Azərbaycanı
fəlakətə aparacaq”.
ACP sədri
Sülhəddin Əkbər Rəsulzadənin doğulduğu
yeri müqəddəs torpaq
adlandırdı. Sonra Rəsulzadənin Azərbaycan
dövləti adlı böyük bir abidəni ucaltdığını bildirdi: “Rəsulzadə və
silahdaşları bizə bayraq, dövlət
verib. Biz bu bayraqla yanaşı öz dövlətimizə, öz
hakimiyyətimizə sahib
çıxmalıyıq. Xalqımızın indiki
çətin günüdə hamımız bir
yerdə olmalıyıq. Uğura gedən
yol bütün
müxalifətin bax burada
olduğu kimi birləşməsindən
keçir”.
Tarixçi alim Yadigar Türkel isə
çıxışında Rəsulzadənin “İran türkləri” kitabından
danışdı. Alim 1912-ci ildə
yazılmış kitabı indiki dövrün gənclərinin anlayacağı
dildə çap etdiyi
barədə məlumat verdi və
kitabı nümayiş etdirdi.
Kitabda xalqın despotik
rejimlərlə savaşından bəhs edilir.
Azadlıq
Partiyasının sədri Əhməd Oruc
çıxışında 20-ci əsin əvvəlində milli dövlət qurmaq pasportunu Azərbaycan xalqına Rəsulzadə
və silahdaşlarının verdiyini bildirdi: “O zamandan Azərbaycanda
müqəddəs mübarizə gedir. Azərbaycanın
elə bir yeri yoxdur ki, orada
şəhid qanı axmasın, orada layiqli oğul yetişməsin.
Bunların içində Novxanı xüsusi
yer tutur. Nə
xoşbəxtik ki, Rəsulzadə kimi, Elçibəy kimi
şəxsiyyətlərimiz var. Biz Rəsulzadənin heykəlini Azərbaycanın
ən görkəmli yerində qurmalıyıq. Biz birləşməliyik, önəmli qərarlar
verməliyik”.
Rəsulzadə
irsinin araşdırmaçısı,
tanınmış qocaman şair
Teyyub Qurban Məhəmməd
Əmin Rəsulzadənin dünya
demokratlarına simvol olan
şəxsiyyət adlandırdı: “Mən inanıram ki, Rəsulzadənin 130 illiyi
gələn il Azərbaycanda yeni hakimiyyət tərəfindən dövlət
səviyyəsində qeyd olunacaq”.
VHP Siyasi Şurasının üzvü
Samir Əsədli isə
çıxışında dedi ki, 20 ildir Azərbaycanda
hakimiyyətdəki rejim Rəsulzadə dəyərlərini
tapdalamaqla məşğuldur: “Artıq
belə bir hakimiyyətə ”get!" deməyin vaxtıdır. 2013-cü
ildə demokratik düşərgə
hakimiyyətə gələcək və Rəsulzadənin ənənələri
yenidən bərqərar olacaq".
Müsavat Partiyasının
başqanı İsa Qəmbər hər
kəsi Rəsulzadənin doğum günü münasibətilə təbrik etdi. Bildirdi ki, Novxanı kəndinin onun
qəlbində xüsusi yeri
var: “Çünki bu kənd Azərbaycana və bütün
dünyaya Məhəmməd Əmin Rəsulzadə
kimi nəhəng şəxsiyyət bəxş
edib. Rəsulzadə haqqında nə desək
azdır. Bu insan Azərbaycan üçün o qədər
böyük yol müəyyənləşdirib,
dünya ictimai-siyasi fikir xəzinəsinə elə böyük nəzəriyyə-müsavatçılıq
bəxş edib ki, onun təsirini hələ bir
çoxları indi-indi dərk eləməyə
başlayıblar. Rəsulzadənin şah
əsəri həm də müsavatçılıq
ideologiyasıdır. Bu cərəyan 100
ildən artıqdır Azərbaycanda mövcuddur.
Xalqımızın, dövlətimizin inkişafı, mövcudluğu bu ideologiya ilə bağlıdır”.
Çıxışına
damam edən Müsavat
lideri dedi: “Əbülfəz
Elçibəy yazılarının birində yazır ki, biz 1970-ci illərin əvvəllərində
Universitetdə müəllimlərin və tələbələrin
gizli təşkilatın yaradarkən proqram müəyyənləşdirmək istədik
və 1936-cı ildə Polşada Müsavat Partiyasının qəbul etdiyi proqramın əsaslarını götürdük. 1989-cu ildə Xalq Cəbhəsinin proqramını yazarkən
o proqrama bir müddəa xüsusi qeyd edilib ki,
Azərbaycan Xalq Cəbhəsi
müsavatçılıq ideologiyasına əsaslanır. Rəsulzadənin
vəsiyyətini, çağırışını
Elçibəy başda olmaqla
bizim nəsil 1980-ci illərin sonları,
1990-cı illərin əvvəllərində gerçəkləşdirdi,
üçrəngli bayraq yenidən
yüksəldildi. Biz məcbur etdik ki, keçmiş
kommunistlər, bolşeviklər-yüz il ərzində
Müsavat ideologiyasına qarşı
mübarizə aparanlar o
müqəddəs bayrağın qarşısında diz çöksünlər, onu
öpsünlər. Doğrudur, öz xislətlərinə uyğun
olaraq həmişə o
bayrağın qırmızı hissəsini öpürlər.
Amma dərk eləmirlər bu, onların qırmızısı deyil, bu,
xalqımızın mübarizəsinin rəmzi olan qırmızıdır, bizim
müasirlik rəmzidir. Yeni
nəsil hakimiyyətə elə qüvvələrin gəlməsini
təmin edəcək ki, həmin qüvvələr
üçün Rəsulzadə dəyərləri
müqəddəs olacaq. Bunu
gənclik bizimlə bir yerdə həyata
keçirəcək. Artıq xalqın qərarı ilə xalq hərəkatı formalaşmağa
başlayıb”.
Yekunda mitinq
iştirakçıları Azərbaycan dövlət himnini oxudular. Sonra isə Məhəmməd Əmin Rəsulzadənin
atasının və oğlunun Novxanı
qəbiristanlığındakı məzarları ziyarət olundu. Məzarların üstünə gül qoyuldu və mərhumların
ruhuna dualar oxundu.
Etibar
SEYİDAĞA
Yeni
Müsavat.- 2013.- 1 fevral.- S.4.