“XALQIN
VƏBALINI DAŞIYAN...”
Mehriban Vəzir Elçibəy haqda
yazdı
Həqiqətən bu, yaxşı bir
dartışmadır. Elçi Bəyin bu il iyunun 24-də 75
yaşı tamam olur. Bu müzakirələr körüklənməli
və davam etməlidir. Həqiqət budur. Həqiqət
çoxlu həqiqətlərin üzləşməsindən
doğmalıdır. Elçi Bəy! Dünya durduqca bu isim Azərbaycanda
hallanacaq. Şah İsmayıl Xətai, Nadir şah Avşar, Rəsulzadə
sırasında. Bu ad ən uca, ən parlaq, ən siyasi
sırada duracaq. Sevənləri və sevməyənləri
daim olacaq. Heyranları mədh edəcək, artıq-əskik
danışanlar da tapılacaq... Bu, onun
şanı-şöhrətidir. Alt yapısı şərəf
və ləyaqət olan şöhrət Allahın bəndəsinə
lütfüdür. Elçi Bəy ruhu zəncirli bir xalqa
Allahın lütfü idi. Bunu bilən bilir.
Elçi Bəyi
bilməyənlərin sözləri bilənlərin qəlbinə
dəyir. Bilməyənlərin sayı bilənlərdən
çox olur. Bilməyənlər hər zamanda, hər məkanda
çox olur. Bu da bir həqiqətdir. Bəy özü bu məsələdə
rahat və soyuqqanlı idi, belə təsnifat verirdi:
“Alqışlayanda, əl üstdə tutanda
yaxşıdı, tənqid edəndə pis? Sevgiyə sevinəcəksən,
nifrətə dözəcəksən”.
Elçi Bəy
ona nifrət edənləri heç qınamırdı da. Onun
nifrət etdiyi iki nəsnə vardı: rus və fars
ekspansiyası. Diqqət edin: rus və fars deyil, məhz rus və
fars ekspansiyası. Onun dəyəri azadlıq idi, milləti
idi, vətəni idi. Eyni zamanda milliyyətindən
asılı olmayaraq insan idi. Onun həqiqətləri
ağılalmaz idi.
Mən bu
yazını sevənlərlə sevməyənlərə bir
gözlə baxaraq yazmaq istəyirəm. Həqiqi bir
elçibəyçi şüuru ilə təhlil etmək
istəyirəm. Çətin işdi. Amma bacarmaq istəyirəm.
Dəyişən
dünyamızın qəhrəmanı olaraq Elçi Bəyin
missiyası demək olar ki, cəmiyyətimizin
yarısından çoxunun mənafeyinə zidd idi və təəssüf
ki, hələ də zidd olaraq qalır. Yaxşı, bəs 20
il sonra da davam etməkdə olan bu ziddiyyətin kökündə
nə durur? Maraqlıdır ki, Elçi Bəyi depressiyaya
uğramış, imanı zədələnmiş, haqqı
pozulmuş cəmiyyətimizdə anlamaq get-gedə çətinləşir.
Orta səviyyəli insanlar bir yana, yaxşı təhsilli Emin
Milli üçün belə Elçi Bəyə dəyər
vermək çətindirsə, görün iş nə yerdədir.
İş həm də o yerdədir ki, bizim cəmiyyətdə
öz həqiqətlərini mütləq sayanların sayı
durmadan artır ki, bu da kollektiv ağlın tənəzzülünə
aparmaqdadır. Napoleon deyirdi ki, bütün ədalətsizliklər
düzgün olmayan təhsil sistemindən doğur. Sanıram,
çox haqlıdır. Azərbaycan insanı bu günə
kimi nə öz ölkəsinin tarixini, nə milli-azadlıq hərəkatlarının
tarixini, nə də gəlib keçmiş liderlərini, o
cümlədən Şah İsmayıl Xətaini, Nadir şah
Avşarı, Rəsulzadəni, Elçi Bəyi düz-əməlli
tanıyır. Kommunizmdən sonra gələn heydərizm
tarixi həqiqətləri qaralamaq üçün siyasi
kömürdür. Bu kömür ictimai şüuru, kollektiv
ağlı da qaraltmaqdadır.
Başqa
bir ciddi maneədən isə Elçi Bəy belə bəhs
edirdi. Deyirdi ki, Azərbaycan ziyalısının 3 şey barədə
sistemli biliyi yoxdur. 1. İslam dini. 2. İslam tarixi. 3. İslam
fəlsəfəsi. Elçi Bəy əlavə edirdi ki, sovet
təhsil sistemi bu sahədə boşluq yaradıb və bu
boşluq ziyalımızın təfəkküründə və
fəaliyyətində özünü göstərir.
Milli və
dini gələnəkləri zədələnmiş, kosmik
şüur bağları qopmuş cəmiyyətin məhsulu
olmaq ağır faciədir. Həm lider üçün, həm
sıravi üçün. Biz hələ ki, bu faciənin
içindən çıxa bilmirik. Həqiqətlərdən
biri də budur. Zənnimcə, küçəyə
çıxıb soruşsaq, böyük çoxluq
“bugünkü bəlamızın səbəbkarı
Elçi Bəydi” deyəcək. Yaxşı bilirsiniz niyə.
Niyə? Heydər Əliyevi hakimiyyətə gətirdi deyə.
Niyə? Hakimiyyətdə olanda onu məhv etmədi. Niyə?
Ailəsinin, çevrəsinin tozunu göyə sovurmadı.
Elçi Bəyə qəzəbin kökündə birmənalı
olaraq bu səbəb durur. Haqlı qəzəbdirmi? Digər
regionlardan olanların qəzəbi üstdə bir qəzəb
də var: naxçıvanlıdır, hamısı eyni məzhəbə
qulluq edir, onların iqtidarı-müxalifəti yoxdur, gizlin
işbirliyindədirlər. Bu da onların həqiqətidir.
Maraqlıdır,
bəs bu şüurun, bu düşüncə tərzinin
kökündə nə durur? Məncə, bir az təhrif
olunmuş bilgilərimiz, bir az da sığortalanmağımız.
İnsanımız ortada olan böyük günahı
başqasına yükləməklə özünü
sığorta edir. İnsanımız Əliyevin gətirilməsində
öz iştirakçılığını danmaqla
insanlıq məsuliyyətindən yaxa qaçırır. Qəbahətinin
böyüklüyünü şüuraltı anlayır və
inkar edir. Həqiqətlərdən qorxduğunu isə bəlkə
də heç anlamır. Bilmir ki, bilmir.
Bu gün
“Elçi Bəy hakimiyyəti niyə Əliyevə verdi”
sualına cavab versən, “a kişi, bunu sən istədin,
Elçi Bəy də etdi” desən, səni daş-qalaq edər.
Çünki o dövrün şüurunu artıq kimsəyə
isbat etmək mümkün deyil, metafizikada dəlil yoxdur. Bəlkə
də unudub. İnsan öz günahlarını tez unudur.
Başqasına barışmaz, özünə bağışlayandır insan. Ona
görə də kollektiv ağlımız heç zaman
boynuna almayacaq ki, həmin dövr “dəmir əl sevdası”
dövrü idi. “Azadlıq aşiqləri” “dəmir əl
aşiqinə” dönmüşdülər. Bu virus elə
sosiallaşmışdı ki, qarşısında heç nə
duruş gətirə bilməzdi. Bəşərin istəyi
bütövləşsə, hakimiyyətlər nədi, Yer
kürəsi çökər.
Elçi Bəyi
ittiham edənlər demokratik hakimiyyətin
yıxılmasında, bununla da Azərbaycanın gələcəyinin
itirilməsində öz şəxsi günahlarını
etiraf etməkdən qorxanlardır. Elçi Bəyin yüksək
xidmətini dəyərləndirə bilməyənlər isə
sadəcə bu xidmətin yüksək mahiyyətini, yəni azadlıq uğrunda milli
mübarizə tarixini bilməyənlərdir. Elçi Bəyin
şəxsiyyətini qiymətləndirməyi bacarmayanlar isə...
“Quranı Allah-Təala nazil etdi. - Əsla! Məhəmməd
özü yazdı” daimi mübahisəsində birincilərin
ikinciləri qınamaq haqqı yoxdur. Çünki “onlar
baxırlar, amma görmürlər”. Bu da bir həqiqətdir.
Bəyin
dostlarından və komandasından bir nəfər
danışır ki, eşitdim Əliyevin Bakıya dəvəti
söhbəti gedir, başılovlu qəbuluna getdim, dedim, bu nə
məsələdir, Bəy, bunu necə edə bilərsən.
O, sualıma birbaşa cavab vermədi. Dedi, tələsmirsənsə,
bir az otur, təcili işim var, qurtarım, söhbət edərik.
Bəlkə 10-12 nəfəri bir-bir qəbuluna
çağırdı. Müəyyən işlər barədə
söhbət etdi. Və danışıq arası sanki təsadüfən
hər birinə eyni sualı verdi: Əliyevin Bakıya gəlməsinə
necə baxırsan? Yalan olmasın, bəlkə 10 nəfəri
tutuquşu kimi eyni sözü təkrarladı:
“Çox təcili gəlməlidir”. İkilikdə qalanda üzünü mənə tutub
“gördünmü” dedi. Dedi, mən istəmirəm, bilirəm
nələr ola bilər, bunu camaat istəyir, çıx
küçəyə soruş, eyni şeyi eşidəcəksən...
Bu da bir həqiqətdir.
Mənim
bir iş yoldaşımı atası evdən qovmuşdu.
1992-nin qarlı qış gecəsi, uzaq kənddəki evdən.
Minik-filan yox, qurd ulayan vaxtda. Mübahisə etmişdilər,
atası demişdi ki, “qəndin kilosunu bir manata verən
kişi gəlsin, vəssalam”. O cavan adam cavab vermişdi ki, o,
gələn kimi Cəbrayıl erməniyə veriləcək.
Atası bu sözdən təhqir olunmuş və
iki-üç ildə bir gələn oğlunu o qara
şaxtada evdən qovmuşdu. İllər sonra o adam - diyarbədiyar,
urvatsız qaçqın ölüm yatağında oğluna
demişdi ki, mən heç bir şey bilmirmişəm...
Uzağa
getməyək, bir qohumum Ağdamdan Naxçıvana 50 teleqram
vurmuşdu ki, durma, gəl. Mən də ona demişdim ki, bax,
Ağdam gedəcək ha. O da mənə
qayıtmışdı ki, qoy getsin, amma o gəlsin. Bunlar həqiqətdir.
Bunlar yeri-göyü dağıtmaq gücündə olan qəlb
istəkləri - metafizik ordudur.
Xalq, yəni
onun böyük çoxluğu həmin dövrdə belə
istədi. Elçi Bəyi istəmədi. Anlamadı, qəbul
edə bilmədi. Tərəqqi yerinə əsarət
arzuladı. Əlbəttə, Elçi Bəyi
özünün də dediyi kimi, həm də Rusiya və
İran yıxdı. Bu barədə həm də belə
deyirdi: nə İran, nə Rusiya mənə heç nə edə
bilməzdi, Türkiyə arxamdan qaçmasaydı. Acı həqiqətlərdən
biri də budur.
Və əlavə
edək ki, Türkiyə hökuməti kimi Azərbaycan
xalqı da Elçi Bəyin arxasından qaçdı. Bəy
deyirdi: “Prezident olduğum son günlərdə mitinq
çağırdım. Baxdım meydana, gördüm cəmi
10-15 min adam gəlib. Hətta məscidləri əsarətdən
alıb, təmir edib ixtiyarlarına verdiyim dindarlar da məni
müdafiə etmədi. Düşündüm ki, yox, bu qədər
tərəfdarla heç nə etmək olmaz...”
Elçi Bəyi
ittiham edənlər məhz onun bu düşüncəsi ilə
barışa bilmir. Necə yəni 10-15 min adam?! Hər şey
əlində deyildimi? Sürüb tökəydin camaatı
meydana! Gəlməyənin gözünü tökəydin,
işdən ataydın, çörəyini alaydın, diz
çökdürəydin, anasını-balasını
ağladaydın!
Bax,
anlaşılmazlıq burdadır: o, zorakı deyildi. Həm
zorakı deyildi, həm də baxıb görənlərdən
idi. Bilirdi ki, təkid edib dursa, zərər böyüyəcək.
O, hakimiyyətinin ayaqlarını dizə kimi qana
batıranlardan deyildi. Əlbəttə, indiki kollektiv
ağlımız üçün Elçi Bəyin bu dəyərləri
bir qəpiyə dəyməz. Onun dəyərlərinin dəyəri
daha uca mərtəbələrdə bilinir, İnşAllah.
92-nin qara
qışı, 93-ün yağmurlu yazı... Bir
xatırlayın... Kollektiv şüur, əlbəttə,
böyük çoxluq Əliyevi istəyir. Nə etsin
Elçi Bəy? Böyük çoxluğu içi Əliyev
qarışıq güllələsinmi? Axı bu, onun
missiyası deyildi. Hələ
illah da əziz bildiyi xalqına qarşı. Yox, əgər
sonradan gördüklərimizi Elçi Bəydən gözləyirdiksə,
bax, o yerdə yanılmışdıq. Elçi Bəy əzən,
öldürən deyildi. Onun qəlbi Allah-Təalanın
düşərgəsi olacaq qədər geniş və şəfqətli
idi. O, Haqq aşiqi olduğu qədər insan aşiqi idi.
Haqqı sevməyə nə var ki... Allahı sevmək Onun
yaratdığı bəndələrini sevməkdən qat-qat
asandır. Elçi Bəy varılması zor olan mərtəbədə
idi. Çoxluq ora vara bilmir. Bu da
çoxluğun xatası deyil axı... Həqiqət
budur.
Elçi Bəy
bu günə kimi bu həyatda qalsaydı, bu cinayətlərə
şahid olsaydı və bir gün cəza kəsmək
fürsəti olsaydı, yenə heç kəsə
ölüm hökmü kəsməzdi. Bu dediklərimə əminəm.
Elçi Bəy insanın içindəki insanlığı
dirildən idi. Onun milli-azadlıq hərəkatında
ölü candan qoparıb ruhunu diriltdiyi, yüksək
insanlıq biçimində meydana atdığı
insanların sayı-hesabı yoxdur. Bunu da bilən bilir.
Başqa həqiqətlər
də var. Elçi Bəyin prezidentliyini qəbul etməmək,
onu hakimiyyəti Əliyevə verməkdə
günahlandırmağın adı ictimai şüur
problemidir, zədələnmiş kollektiv ağlın məhsuludur.
Öz günahını, səhvini anlamamaqdır. Sadəlövhlük
və ya cəsarətsizlikdir. Ən mühüm tərəfi
isə kollektiv ağlımızın hələ də orta
çağlarda qalmasıdır. Elə bizim kollektiv
ağlımızın orta çağlarda qalmasına görədir
ki, bizi, bu ölkəni orta çağ qaydaları ilə idarə
etmək hələ də mümkündür.
Könlümüz zor istəyir. Şüuraltımız zor,
zorakılıq tərəfdarıdır. Elçi Bəyin
ittihamı şüuraltımızda olan bu zorun və
zorakılığın məhsuludur.
Kollektiv
ağlımız hələ də Elçi Bəyi zəif
prezident sayır. Niyə? Çünki bizim
ağlımıza görə, prezident asan-kəsən, rəqiblərini
məhv edən, xalqı sındıran, dövlət xəzinəsini
yağı kimi dağıdan olmalıdır. Bütün
bunları bacarmırsa, o, nə prezidentdir? O nə prezidentdir
ki, rəqiblərini əzə bilmir? Bu da günün həqiqətidir.
Daha
maraqlı olan odur ki, Əliyev hakimiyyətini arzulayan kollektiv
ağıl bir müddət sonra peşman oldu, yanlış
etdiyini anladı və həmin andan bu günaha müəllif
axtarmağa başladı. Etdiyi savab olsaydı, özünə
yazardı, amma günah idi. Bu ağır günahı yüklənib
daşımağa isə bir nəfərin gücü
çata bilərdi. O, Əbülfəz Elçi Bəy idi. Həmişəki
kimi, xalqın vəbalı onun boynunda qalmışdı. Həqiqət
budur, dost!
Elçi Bəy
siyasi avanqard idi. O, mahiyyətcə demokrat idi. Onu istəməyən
xalqa rəhbərlik etməzdi. Halal olmayan prezidentliyə yiyə
durmazdı. Bunu özünə yaraşdırmazdı. Bizim
kollektiv ağlımız belə bir insanlıq halını
anlamaq gücündədirmi? O vaxt deyildi. İndi də deyil. Həqiqət
budur.
O, Şərqin
ədalət anlayışının, Qərbin demokratiya
şüurunun sintezi, çulğaşması idi. Elçi Bəy bir sufi
idi. Mömindən qat-qat ucada duran sufi...
Bizsə hələ mömin ola bilmədən
sufini təftiş edirik. Ay-hay...
Prezident
ola-ola heç nəyi yox idi. Ona görə yox idi ki,
gözü-könlü tox idi. Əl
atıb götürmək nə idi ki? Anlamaq
çətindir, deyilmi? Zəngin olmaq ehtiyacı
hamımıza aiddir, bircə Elçi Bəyə aid deyil. O,
bunu həyatı ilə isbat etdi. Hələ-həlbət
xalqın xəzinəsi hesabına zəngin olmaq, yetimin, acizin
malını yemək... Elçi Bəyin bu mərtəbəsini
idrak etmək gücündədirmi bugünkü həris,
acgöz kollektiv ağlımız? Ömründə
dərk etməz.
Elçi
Bəyin imtahanı ağır idi. İmanı zədələnmiş
cəmiyyətin prezidenti olmaq Təbrizli Şəms
imtahanı idi. Rumi yoluna baş qoyan Şəms
xalqın yoluna baş qoyan, gözünü qırpmadan
ömrünü-gününü, son nəfəsini verən
Elçi Bəydə zühur etmişdi. Amma
daha ağır imtahan xalqın oldu. Şəmsin
qatillərinin əlinə düşdü. Ona “filankəsi
gətirdin” deyənlərə, ona “bacarmadı” deyənlərə
“alın bacaranları” dedi Qadir. Ona “zəif” deyənlərə
“alın, bu da sizə güclüsü” dedi. Ona “alim idi,
prezident deyildi” deyənlərə “qoy sizi cahillər idarə
etsinlər” dedi. İndi dözün bu keçə
bilmədiyimiz imtahana. O, bir cana borclu
idi, götürüb getdi. Yerdə qalanın halına bax...
Bunu hər
kəs bilməyə bilər, amma Eminin bilməsi vacib olan məsələlər
var. Gənclik bilməlidir ki, bu ölkədə möhtəşəm
milli-azadlıq hərəkatı olub. O hərəkatın saysız-hesabsız
şəhidi, qazisi, qurbanı var. Aramızda dolaşırlar.
Məhv olmuş ömürlər,
qırılmış talelər, dirigözlü şəhidlər
var. O qalib hərəkatın başında Elçi Bəy
dayanıb. Rəsulzadənin endirmək məcburiyyətində
qaldığı üçrəngli bayrağı
ölüm təhdidi altında Elçi Bəy ucaldıb.
O böyük lider ölkənin və regionun siyasi sistemini dəyişib,
dəmir pərdələri qoparıb, çağdaş
dünyaya yol açıb. İşğalçı
ordunu ölkədən çıxarıb. Və onun
prezidentliyini qəbul etməyən xam çoxluğun istəyi
ilə hakimiyyəti tərk edib... Gənclik
bütün bunları bilməlidir. Bütün
bunları bilməyən, dəyərləndirməyən gənclik
başqa nəyi bilə bilər ki?!
Elçi
Bəy Azərbaycanın müstəqil bir ölkə
olması üçün ömrünü və hakimiyyətini
qurban verib. Bu müstəqil ölkənin demokratikləşməsi
isə öz fədailərini gözləyir. Gənclik
ölkəni müstəqilliyə qovuşduran nəsilə təpik
atmasın, öz çiyninə düşən yükü
daşısın, öz vəzifəsini yerinə yetirməyi, bu
ölkəni demokratikləşdirməyi ölçüb
biçsin. Bu, daha faydalı olar. Mənim
bir həqiqətim də budur, əziz dost!
O ki qaldı
məktub-filan. Boş şeylərdir. Siz belə kiçik şeylərlə
uğraşmayın. Ən
yaxşısı Elçi Bəyin şah əsərlərini
oxuyun. 1. Azərbaycanın
ikinci müstəqillik tarixi. 2. Rus qoşunlarının Azərbaycandan
çıxarılması. 3. Bütöv Azərbaycan
məsələsinin siyasi gündəmə gətirməsi. Bu əsərlərə
dəyər verə bilsəniz, Elçi Bəyi
tanıyacaqsınız. “Ana dilimiz və
rus imperiyası”, “Fars şovinizmi” əsərləri də
çox qiymətlidir. Oxuyun, öyrənin...
Yeni Müsavat.- 2013.- 9 yanvar.- S.6.
.