“BU GÜN AŞIQ SƏNƏTİ SAHİBİNİ AXTARIR”

 

Aşıq Əli Quliyev: “Hər nə qədər desək də ki, aşığı el saxlayır, dövlət qayğısı bir ayrı məsələdir”

 

“O vaxtlar toylar aşığın Tanrıya duası ilə açılırdı”

 

Damarında türk xalqının qanını daşıyan elə bir insan olmaz ki, o, sazın sehrinə düşməyə. 8 yaşından bu sehirli dünyaya qədəm qoyan həmsöhbətim ustad aşıq Əli Quliyevi daha çox “Dilqəmi” havası ilə tanıyırlar. Saz-söz aşiqləri deyir ki, “Dilqəmi” heç bir aşığın ifasında onun çalğısındakı kimi yanıqlı səslənmir. Öz dediyinə görə xiridarların eşitdiyi səs onun ürəyinin yanğısından yaranır. Ancaq indi aşıq Əlinin ürəyi təkcə “Dilqəmi” havasının hekayəsinə yox, həm də Azərbaycan aşıq sənətinin halına yanır. Oğuz yurdu, saz-söz məkanı Tovuz elində doğulan Aşıq Əli Quliyev Azərbaycan aşıq sənətinin ağır günlər yaşadığını deyir. Niyəsini söhbətimizi oxuyanlar biləcək.

 

- Əli bəy, axır çağlar muğam sənətinə xüsusi dövlət qayğısı göz qabağındadır. Sizcə, niyə belə bir qayğı aşıq sənətinə göstərilmir?

- Muğam çox böyük, dərin sənətdir. Mən çox şadam ki, bu gün Azərbaycanda muğama belə ciddi dövlət qayğısı var. Ancaq mən saz, söz aşiqi kimi belə münasibətin aşıq sənətinə də göstərilməsini necə arzulamayım? Qopuzun, sazın səsi türkün ruhuna hopub. Mən 8 yaşından sazın sehrinə düşmüşəm. O gün bu gündür saz mənim yarım, yoldaşımdı. Allah məni saza elə bir eşqlə bağlayıb ki, torpağa qarışana qədər mən sazdan-sözdən ayrıla bilmərəm. Türkün sazı, türkün qılıncı, türkün atı - bu üçlük türkün varlığıdır. Sazın arxa plana keçməsi məni çox ağrıdır. Səbəbi hər nə olursa olsun, bu gün dib ocağımıza soyuqlaşmağımız yaxşı əlamət deyil.

- Sovet dönəmində belə - ötən əsrin 60-cı, 70-ci illərində aşıq sənəti çox üzdə olub. Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı bu sənətə sanki yiyə durub. Sizcə, harda kəsildi bu saza, sözə dayaq durmaq?

- Doğrudan da aşıq sənətinin çox yüksəldiyi dönəmlər vardı. İndi estrada müğənniləri 3-5 adamı yığıb deyir “konsertimiz anşlaqla keçdi”. Onlar aşıqların Filarmoniyadakı konsertini görsəydilər nə deyərdilər, mənə maraqlıdır. İnanın, çöldə içəridəkindən çox adam olurdu. Saatlarla insanlar heç olmasa bir aşığı dinləmək üçün içəri keçmək istəyirdilər. Festivallar keçirilərdi. Mən sazımla dünyanın yarısını gəzmişəm - harda Azərbaycan mədəniyyət günləri keçirilsə, saz başda olurdu. Televiziyada, radioda aşıq sənəti ilə bağlı ayrıca verilişlər olurdu. Aşıq havalarımızın ən gözəl ifaları Qızıl Fond üçün yazılırdı. Ancaq 1986-87-dən sonra aşıq sənəti tənəzzül etdi.

- Siz 86-87 deyirsiz, amma mən Elçibəyin prezidentlik dönəmində Azərbaycan dövlət televiziyasında aşıq sənətinin çox geniş təbliğ olunduğunu yaxşı xatırlayıram. O zaman teleradio verilişləri şirkətinin rəhbəri elə sizin eloğlunuz Məmməd İsmayıl idi...

- Düz deyirsiniz. Ancaq elə o çağlar aşıq sənətinin təbliğinin bəlkə də axır çağları oldu. Ondan sonra dövran dəyişdi.

- Saza sahib çıxanlar içərisində Zəlimxan Yaqubu da gördük. Allah can sağlığı versin, onun Heydər Əliyevlə yaxşı münasibətləri vardı. Bəs nə əcəb Zəlimxan Yaqub yuxarılarla yaxınlığından istifadə edib aşıq sənətinə dövlət qayğısı təmin edə bilmədi?

- Zəlimxan Yaqubun xidmətləri çox olub. Rəhmətlik Heydər Əliyevin dönəmində Aşıq Ədalətə prezident təqaüdü verildi. Bir neçə nəfər prezident təqaüdünə namizəd idi. Ancaq Heydər Əliyevin ömrü bu işə çatmadı. Yaşına, sənətinə görə Azərbaycanda prezident təqaüdü almağa layiq aşıqlarımız var. Bilirsinizmi, hər nə qədər desək də ki, aşığı el saxlayır, dövlət qayğısı bir ayrı məsələdir. Dövlət sənətkara qayğı göstərəndə elə sənətə qayğı göstərmiş olur. Aşıq sənəti bu gün yiyəsini axtarır. Birincisi sənətkar özünün, sənətinin qiymətini bilir, ikincisi, xalq görür ki, dövlət sənətə, sənətkara necə qayğı göstərir, o da həvəslənir. Ancaq indi durum elədir ki, aşıq yaşamaq üçün bu sənəti anlamayanların yanında özünü də, sənətini də aşağılamalıdır. Niyə? Çünki həyatın bizdən asılı olmayan qanunları var. Biz yaşamalıyıq, ailəmizi saxlamalıyıq, evimizə gələn qonaq-qaranı layiqli qarşılamalıyıq. Aşıq eldə-obada tanınar, gücünü-qüvvətini də eldən-obadan alar. Düzdü, tarix boyu haqq aşıqları gəzərgi olub. Ancaq onların da ocağı olub. Dönüb-dolanıb ocağa qayıdıblar, enerjini ordan alıblar. Aşığın gərək meydanı ola. Bizim elə bil meydanımız qəfil daraldı. Azərbaycanda aşıq sənətinin əsas yurdu, məkanı Qərb bölgəsi olub. İrəvan mahalı, Göyçə viran qaldı, köç başladı, işğal başladı, yurd-yuva dağıldı. Biz qısa zaman içərisində çox aşıqlarımızı itirdik. Çoxları dözə bilmədi, ürəyi partladı öldü.

- Kimlər getdi o illərdə?

- Kəlbəcərdən Qəmkeş var idi, çox eşqli aşıq idi. Göyçədən Hacı kiçi var idi, köçdən sonra onlar uzun yaşaya bilmədilər. Tovuzda Mikayıl Azaflı getdi, onun ardınca aşıq Əkbər, aşıq İmran getdi, Qədir kişi getdi, Qara Vəli getdi. Bu kişilərin hər biri böyük ustadlar idi. Qısa bir zaman içərisində biz bu qədər ustad itirdik. Allah bilən məsləhətdi, ancaq bu itkilərdən sonra aşıq sənəti dirçələ bilmədi elə bil. Aşıq yurdu boş qaldı. Ocaq yerinin dolması 4-5 ilin məsələsi deyil, axı. Aşıq sənəti Allah vergisidir, buna söz yox. Ancaq bu sənəti öyrənməyə, inkişaf etdirməyə ocaq lazımdır.

- Ancaq siz varsız, Aşıq Ədalət var, Şirvan məktəbinin davamçıları Aşıq Əhliman, Aşıq Əhməd var...

- Düz deyirsiniz, ancaq biz çox deyilik, həm də arxa-dayağımız güclü deyil. Muğam sənətinin Əlibaba Məmmədov kimi, Arif Babayev kimi ustadları var, şükür olsun Allaha. Onlar canlı məktəb olmaqla yanaşı, həm də sözükeçən kişilərdir. Muğama bu gün arxa duran, dayaq duran, onu rəsmi şəxslərin gözündə qaldıran, dövlətin qayğısını təmin edən bu adamlardır. Mən özüm boyda od-alov olum, tək heç nə edə bilmərəm, mənim arxamda gərək dövlət dayana. Allah təkdi, insan tək ola bilməz. Dədə-babadan kim sözün düzünü söyləyib, ona dəli deyiblər.

- Axır illər musiqi sənətində bir cırlaşma getdiyi deyirlər. Elə aşıq sənətində də. Sizcə, bu, haqlı fikirdimi?

- Haqlıdır. Aşıq ağır batman sənətdir, yüngüllük sevməz. Saz gərək aşığın sinəsində üzü haqqa dayana. Ancaq indi görürsən aşıq sənətindən, onun müqəddəsliyindən xəbəri olmayan sazı üzü pula sarı tutur, sazı maddiyatın qarşısında endirir. Bu sənətə xəyanət elə burdan başlayır. Məni birnarahat edən saz havalarının aranjemanıdır. Mən bunun qəti əleyhinəyəm. Hər dəfə deyirəm ki, a bala, siz bu 72 aşıq havasından biri kimi musiqi əsəri yaradın, o yaratdığınızı da ürəyiniz istəyən kimi aranjeman edin, yüzillərdir qoruyub saxladığımız havalara dəyməyin.

- Bunun çağla ayaqlaşmaq olduğunu düşünənlər də var...

- Zaman dəyişir, adətlər dəyişir. Ancaq elə qaydalar var ki, onları qorumaq vacibdi. Fəda olum Allaha, hanı bizim o çağlarımız ki, yemək bir mağarda, musiqi bir mağarda olardı. İnsanlar yemək yeyib bu dünya ilə işlərini bitirəndən sonra keçərdilər o biri mağara, ruhlarını qidalandırmağa. Toylar aşığın Tanrıya duası ilə açılırdı. Qədim zamanlarda aşıq elin-obanın güzgüsü idi. Aşığın paltarı təzə, xrom çəkmələri par-par parıltılı olanda hər kəs bilirdi ki, o camaatın vəziyyəti yaxşıdır ki, el aşığını saxlaya bilir. Aşığın şalvarının ütüsü ülgüc kimi olmayanda, kəməri, çəkməsi yamaqlı olanda deyirlər ki, o elat kasıbdı - aşığı gör nə gündədi. Ağır batman kişilər toyda oynamazdılar, bir dəfə durub qol qaldırardılar. İndi Allah göstərməsin, işıqları da keçiblər, düşürlər ortaya. Belə dünyada hansı sənətdən danışaq? Mənə təklif gəlir ki, gəl məclisə 2-3 hava çal. Ancaq mən o 2-3 havanı çalmaq üçün bir kənarda oturub hansısa səsi, sənəti, geyim mədəniyyəti olmayan bir sarıdimdiyin çıxış eləməyini gözləməliyəm.

- Telekanallardan birində aşıq sənəti ilə bağlı veriliş gedir. Aşıq Zülfiyyənin aparıcılığı ilə. Siz bir zamanlar Azərbaycan televiziyasında, radiosunda gedən “Bulaq”, “Klassik irsimizdən” verilişlərinin daimi qonaqlarından idiniz. İndi telekanallara dəvət alırsınızmı?

- 20-30 il qabaq Teleradio Verilişləri Şirkətinin Ədəbi Dram Verilişləri baş redaksiyasının baş redaktoru rəhmətlik Mailə Muradxanlı məni çox tez-tez verilişlərə çağırırdı. Mənim qızıl fonddakı ifalarım da o illərin yadigarıdır. Sonra haqqımda sənədli filmlər studiyasında film də çəkildi. Ancaq indi dəvət edən də çox maraq göstərmirəm. Çünki 2-3 hava bilib təlxəklik eləyənlər başda olur.

- Dediniz ki, məclislərə getmirsiniz... Bəs, necə dolanırsız?

- Yaxşı dostlar sağ olsun. Bizi köməksiz qoymurlar. Ancaq illərini sənətə verən bir adamın ömrünün axır çağında zəhmətinin bəhrəsini görməsi bir ayrıdır. İndi sazı sinəmə basanda elə bilirəm 18 yaşında cavanam. Ancaq yaş öz sözünü deyir axı. Aşığın biləyi cavanlıqdakı tək dolanmayanda, barmaqları qıc olub tərpənməyəndə zamanın keçdiyini anlayır. Allaha şükür olsun, mən hələ sağlamlığımdan ciddi şikayətçi deyiləm. Ancaq zaman keçir, bizim artıq bildiyimizi ötürmək zamanıdır.

- Prezident təqaüdü alanlar içərisində aşıqlar azdı. Bildiyim qədər ancaq Aşıq Ədalət belə bir imtiyazdan istifadə edir?

- Düz deyirsiniz. Ancaq bu gün tək-tük qalan ustad aşıqların hamısı buna layiqdir, məncə. Bilirsiniz, bu, çox ağır sənətdir. Xanəndə 4-5 qəzəl öyrənsə, məclisi yola verə bilər. Ancaq aşıq gerçək aşıqdırsa dastan danışmalıdır, deyişməlidir. Bu hər zehinin işi deyil.

- Şəyirdiniz varmı?

- Var. Şəhriyar adında çox layiqli bir şəyirdim var. Bu il Mədəniyyət və İncəsənət Universitetini Bitirib Vətənə borcunu ödəmək üçün əsgərliyə gedib. Çalğı, zehin, görkəm - aşıqda bunlardan biri olmasa, o, aşıq deyil. Şəhriyarda bunların üçüvar. Allah mənə ömür versin. Ürəyimdən keçənlər var ki, onları Şəhriyara öyrətmək istəyirəm.

Aşıq Əli ilə söhbətimiz uzun çəkir - söhbətinə dastanlardan misallarla, aşıq havalarının tarixini danışmaqla bal qatır ustad. Hər nədən danışsa da sözü-söhbəti dönüb-dolaşıb ustadının üzərinə gətirir, onu rəhmətlə anır: “Tovuzlu Aşıq Mirzə Bayramın şəyirdi ustad Aşıq Qəmbərlə çəpər qonşusu idik. Allah rəhmət eləsin. ”Divarqanlı Abbas", “Əmrah və Səlvinaz” dastanlarını, “Novruzun dastanını” mən o kişidən öyrənmişəm. Folklor olmasa, yazılı ədəbiyyat hardan ola bilər? Bizim söz sənətimizin də, saz sənətimizin də kökündə Dədə Qorqudun o qopuzudur.

 

O da yansın

Od düşsün o da yansın.

O ki məni yandırdı,

Od alsın o da yansın.

 

Bir mənanı açmaq üçün qalın-qalın kitablar yazılır. Ancaq gör babalarımız necə sadə sözlərlə necə böyük mənaları çatdıra bilib. Belə bir sənəti, belə bir gözəlliyi sevməmək, ona yiyə durmamaq olarmı, a dərdin alım? Bilmək olmaz bu dünyanın işini. Birgördün zaman elə dəyişdi ki, bu sənət yenə göylərə qalxdı. Bax o zaman aşıqların cərgəsində ağayana dura bilmək üçün bu sənəti yar-yarımçıq yox, hər incəliyi üstündə əziyyət çəkərək öyrənmək lazımdı".

 

 

Aygün MURADXANLI

 

Yeni Müsavat.- 2013.- 13 yanvar.- S.13.