“EFİRƏ
QAYIDIŞIM MİSTİK HADİSƏDİR”
Həmid
Herisçi: “Pirləri deyil, insanların ümidlərini, diləklərini
təbliğ edirəm”
“Qədim,
həqiqi Azərbaycan pirlərdən başlayır, şəhər
avtovağzallarından deyil”
Həmid Herisçi “Gizli Azərbaycan”ı
ANS-də tapandan bəri tamaşaçı da onun illərdir
efirdən uzaq olan simasını gördü. Amma indi tamam fərqli,
öyrəşdiyimizin əksinə bir layihə ilə. Mistik
mövzular, pirlər, ziyarətgahlar, müqəddəs məkanlar
və onların bilinməyən, öyrəndikcə vahiməyə
salan sirlərini gətirdi ekrana...
Və indi ANS deyəndə yada
düşən ilk beş verilişdən biridir “Gizli Azərbaycan”.
Biz də onun müəllifi, yaradıcısı ilə Azərbaycanın
sirlərini aralamağa qərar verdik.
- Həmid
Herisçinin ANS-i seçməsinin səbəbi nədir? Tamaşaçılar və oxucular sizin daha öncə
ANS-lə qısa miqyaslı da olsa, qarşıdurmanız
olduğunu xatırlayır. Seçim niyə ANS-dən yana oldu?
- İnanın bu sualı mən də
özümə verirəm... Məncə, efirə
qayıdışım sırf mistik hadisədir... Təklif ANS-dən gəldi. Mövzu
mənə yad deyildi. ANS-ə gəldikdə
isə onlar məsələyə işgüzar maraqları
çərçivəsində baxırlar, onlara bu sahəyə
bələd olan peşəkar lazım idi. ANS şirkətinin yaradılması prosesində
iştirak etmiş bir şəxs kimi, deyə bilərəm
ki, burda baş verənlərə, istər mənfi, istərsə
də müsbət hallara biganə deyiləm.
- Xeyli
zamandır verilişiniz gedir. Bu verilişlər
yaradıcılığınızın davamıdır, ya dəvət
olunduğunuz layihənin icrası?
- Mistikaya həmişə meylli olmuşam.
Sualların cavabını tək məntiq
çərçivəsində axtarmağın tərəfdarı
deyiləm. Bir çox sualların
cavabı məntiqlə deyil, mistika ilə açılır.
Mən asan cavablarla deyil, çətin suallarla
uğraşıram. Suallar həqiqətdir,
cavablarsa yalan. Mən cavab vermirəm, cavab
axtarıram. Suallar məni daha çox
düşündürür. Verilişin
üslubunda, yanaşmada da bu, aydın şəkildə
görünür.
- Gəlin
mistik aləmdən reallığa qayıdaq. Siz
nə üçün mistikaya bu qədər baş vurdunuz.
Səbəb nə idi?
- Beyin bədəndən fərqli olaraq, əslində
insana tabe deyil, kosmik fəzaların əmrinə tabedir. Beyni
düzgün yönləndirməyi bacardınsa, bir
futbolçu kimi mütləq rəqib qapısına qələbə
topu vuracaqsan... Mənim teleməkana qayıdışım əslində
elə özü də bir mistikadır... Məntiqlə
mən teleekranlara artıq qayıtmamalıydım.
Suallarınızı məntiq çərçivəsində
də cavablandırmaq mümkündür.
Bu layihəni qəbul etməyim ədəbiyyatın,
televiziyaların keçirdiyi dərin böhranla əlaqədardır.
Məsələ ondadır ki, şou-biznes kabusu
Azərbaycanda əvvəlcə musiqi mədəniyyətimizi
uçuruma yuvarlatdı. Ucuz, peşəkarlıqdan
kənar meyarları ilə musiqi, ifaçılıq sənətimizi
heçə yuvarlatmağa çalışdı. Bütün bu top 10-luqlar, yalançı
yarışmalar, tv-lərin nəfəsini kəsmiş əyləncə
vakxanaliyası, təəssüf ki, axırda gəlib ədəbi
aləmi də qapsadı. Ucuz saytlar, dərgilər
ədəbiyyatı da şou-biznes meyarları çərçivəsinə
salmağa çalışdılar. Musiqiyə
necə zərbələr vurmuşdularsa, ədəbiyyata da həmin
zərbələr endirildi. Çal-çağır,
qalmaqal estetikası gözümüz önündə ədəbi
aləmə də keçdi. Sıralarında
olduğum Azərbaycan postmodernistləri də bu axara uydular,
bütün bunlar bizim yollarımızı ayırdı.
Yaradıcılığımın mistika
dövrü beləcə başladı. Hərçənd
ki, əvvəl də mistik mövzulara müraciətim az olmayıb. Ancaq bu layihədə
öz mistik düşüncələrimi, müşahidələrimi
Azərbaycan gizlinləri, mistikası ilə bağlamaq
imkanı tapdım.
Həm də postmodern böhranı
yaşayan ədəbiyyatımız keçid mərhələsində
idi. Ya mistika, konspirologiya, ya da
şou-biznes yolunu seçməli idi. Mən
birincini seçdim. Bizim televiziyaları
şou-biznes viruslarına yoluxdurmuş digər dünya
televiziyaları da çoxdan bundan imtina ediblər. Dünya artıq şou-biznesi arxada buraxıb.
- Bizim
tv-lər bəs nə üçün bunu etmədilər?
- Biz yenə də qatara sonuncu minmişik. Bu məsələlərdə qabaqcıl deyilik.
ANS burda irəli düşə bildi və mistik
çalarlı bir layihəni tamaşaçılara təqdim
etdi. Beləcə, mən bu layihəyə
dəvət aldım.
Bu gün bütün dünya dini dünyagörüşdən
uzaqlaşır. Dini zəmində suallara
cavab axtarışında mistikaya baş vurur, əslində
buna dinə qayıdış da demək olar. Bu, elmi, mistik qayıdışdır. Bəlkə də bu, uzaqlaşmaq yox, daha da
yaxınlaşmaqdır dini təfəkkürə. Bizdə
isə bu uzaqlaşma ateizm şəklində baş verir,
yalnız iki mövqe dartışılır - ya ağ, ya qara. Üçüncü
bir baxış hər zaman ya iqnor edilir, ya inkar.
- Belə
çıxır ki, sizin verilişlərdə 3-cü
yanaşma sərgilənir. Bu yanaşma sizə
doğmadırmı?
- Bəli, bu üçüncü
yanaşmadır, elmi yanaşmadır. Axı qarşıda
duran sualların həm də mistik cavabı var. Mən bunu
göstərirəm. Mistikanın da
yaşamaq haqqı var.
- Elmi dediniz,
çoxları isə bunu xurafat adlandırır.
- Stiven King Amerikanın ən müasir və
oxunan yazarıdır. Onun
cavablarına diqqət edin. Yazarlar həmişə
mistik cavablar verir, ədəbiyyat hər zaman mistikdir. Uzağa getməyək, Azərbaycanda ən mistik
yazar elə İsa Hüseynovdur. O da kinodan geniş
istifadə edib. Mən mistikanı öyrənərkən
rejissor Əlisəttar Atakişiyevin
yaradıcılığına diqqət yetirdim. Onun bütün filmləri mistikdir.
Yadınıza salın, “Sehirli xalat”, “Bir qalanın sirri”...
- Deyirsiniz, ədəbiyyat
həmişə mistik olub. Sosialist realizmi ədəbiyyatı
da?
- Bəli, məsələn, Qorkinin “Ana” əsəri
müqəddəs Məryəm ana barədə dini mistik əfsanənin
dekonstruksiyasıdır.
Sovet təbliğat makinası isə
sosialist realizminin ilk qaranquşu hesab edirdi bunu.
Yaxud İsa Hüseynovun “Kollu Koxa” əsəri.
O, realist əsər deyil, Dədə Qorqud surətinin
müasir həyatımızdakı təzahürüdür. Yadınıza salın, Kollu Koxa hamıya Dədə
Qorqud sayağı ad verir. Misallar
çoxdur.
-
Yaxşı, Həmid bəy, pirləri göstərmək,
onlar barədə verilişlər etmək bu günün
insanına nə verir?
- Biz ilk olaraq göstərdik ki, Azərbaycanda
paranormal yerlər çoxdur. Bunlar pirlərdir.
Burda məntiq, fizika qanunları işləmir.
Ziyarətə gələn insanların şəfa
tapması bir faktdır. Dünya ağ-qara
deyil, teizm və ateizmdən ibarət deyil. Bu gün bütün dünya paranormal hadisələri
öyrənir, elmi araşdırmalar aparır. Bunu dərk etmək lazımdır.
- Amma ziyarətə
gələnləri göstərirsiniz, onlar elmi
araşdırmalar arxasınca gəlmirlər pirlərə. Bəlkə də əksinə edirlər.
- Biz təkcə ziyarətçiləri
göstərmirik, verilişlərdə elmi, fəlsəfi
düşüncə sahiblərinə də geniş yer
verilir. Məsələn, Altay Göyüşov, Heydər
Camal, Hacı Şahin, Hacı Eldar, Nadir Bədəlov,
Hacı Mirəziz kimi alimlərimizin fikirləri də yer
alıb bizim verilişlərdə.
- Etiraf edim
ki, oxucunuz olaraq, bu cür potensialla sizdən maraqlı bir ədəbi
layihə də gözləyirdim. Doğrudanmı
siz şou-bizneslə mistika arasında seçim etməli
idiniz?
- Doğrusu, bu gün ədəbi sahədə
baş verənlər o qədər də ürəyimcə
deyil və onlardan kənarda qalmaq istərdim. Ədəbiyyat,
daha doğrusu, ədəbiyyat özü deyil, ədəbi
proses sürətlə şoulaşır. Top onluqlar dəyərləndirmə
meyarına çevrilir. Mən ədəbiyyatda
da, televiziyada da şoulaşmadan kənarda qalmağa
çalışmışam.
Yaradıcılığımın mistik cəhətinə gəldikdə
isə, bunu qeyd etmək istərdim: əgər sən gizli,
sirli Gəncəni, yaxud Şamaxını aşkarlamaq istəyirsənsə,
bütün adi siyasi, ədəbi marşrutlardan kənara
çəkilməli, bu səyahətə ordakı pirlərdən
başlamalısan. Bakıya Bibiheybət pirindən,
Gəncəyə İmamzadədən daxil olun. Gözləriniz qarşısında tamam başqa aləm,
tamam başqa dünya, şeiriyyat, ədəbiyyat
açılacaq. Qədim, həqiqi Azərbaycan pirlərdən
başlayır, şəhər avtovağzallarından deyil...
Bu şəhərlərin baş küçələri pirlərə
yönəli deyilsə, yad ünvanlara aparıb azdırar səni...
- Azərbaycan
kimi ölkədə - insanların real həllini tapa bilmədiyi
problemlər üçün ziyarətgahlara üz
tutduğunu nəzərə alanda - sizin verilişlərinizdə
pirlərin təbliğatı nəyin ifadəsidir? Siz bununla
həm də tamaşaçıya ezop dilində nələri
çatdırırsınız, yoxsa..?
- Bəli. Mən indi quş dilində, pirlərin
dilində danışıram... Sovet vaxtı
pirləri qapasalar da, AzTV-də məşhur “Piri babanın
nağılları” verilişi gedərdi. Soltan
Hacıbəyovun “Karvan” suitasının müşayiəti ilə.
Yəni pirlərin nağıllarını
yasaqlamaq əbəsdi. Mənim bu verilişim sanki o
verilişin növbəti reinkarnasiyası, keçmişdən
müasirliyə qayıdışıdır... Bəli,
mən möcüzəyə inanıram, inanıram ki, pirlər
paranormal yerlərdir. Orda fizikanın bəzi
qanunları pozula bilir, mistik qanunlar işləyir. Lakin bunun səbəbi bəlkə də o pirlərin
özü yox, ora ümidlə gələn insanların arzu və
diləkləri, energetikalarıdır. Mən
pirləri deyil, insanların ümidlərini, diləklərini
təbliğ edirəm. Əgər əli
hər yerdən üzülmüş insanların son ümidləri
bu dağılıb, uçmuş kiçik komaları və
sərdabələri mistik bir məkana çevirə bilirsə,
o zaman digər sahələrdə də möcüzələr
yaratmaq gücündədir. Hər şey
inama və inanca bağlıdır.
- Aydındır.
Bəs bizim qəzet üçün nə vaxt
yazacaqsınız? Ədəbi-publisistik fəaliyyətiniz
nə yerdədir?
- Sizin qəzetdə getmiş
yazıları ayrıca bir kitab halında nəşr etdirmək
barədə düşünürəm. Diqqət
etsəniz, həmin portretlər də ağ-qara janrında
yazılmayıb. Bu mənada
yaradıcılığımda yanaşma dəyişkənliyi
baş verməyib. Dəyişən
ancaq mövzulardır.
Sevinc TELMANQIZI
Yeni
Müsavat.- 2013.- 16 yanvar.- S.6.