QARABAĞDA MƏHV
EDİLƏN MƏDƏNİ İRS VƏ...
Bakıdan
gec də olsa başlayan kampaniya: ölkədə mövcud olan
tarix və mədəniyyət abidələri
pasportlaşdırılacaq
Mədəniyyət
və turizm nazirinin müvafiq tapşırığına əsasən
ölkədə mövcud olan tarix və mədəniyyət
abidələrinin pasportlaşdırılması işinə
başlanılıb. Xəbəri Mədəniyyət və
Turizm Nazirliyinin saytı yayıb. Bildirilir ki, bu məqsədlə
«Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən
beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri
hazırlanıb. İlkin mərhələdə 234 tarix və
mədəniyyət abidəsinin
pasportlaşdırılması nəzərdə tutulub.
Ölkədə mövcud olan tarix və mədəniyyət
abidələrinin ilk dəfə kütləvi şəkildə
pasportlaşdırılması işi 1970-1980-ci illərdə
aparılıb.
Bu müddət ərzində 1000-dən
artıq abidənin sənədləşdirilməsi həyata
keçirilib. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı
ilə təsdiq edilmiş dövlət siyahısında
dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə
görə qruplaşdırılan 6308 tarix və mədəniyyət
abidəsi yer alır. Bundan əlavə, təxminən 2000-ə
yaxın yeni aşkar olunmuş abidə vardır ki, hazırda
onların siyahılarının dəqiqləşdirilməsi
aparılır.
Xəbərdə pasportlaşdırma
işinin işğal altındakı Azərbaycan ərazilərində
qalan tarix-mədəniyyət abidələrinə də
şamil olunub-olunmayacağı, əgər olunacaqsa bunun
üçün hansı mexanizm
düşünüldüyü barədə məlumat yer
almır. Bununla belə, Azərbaycanda tarix-mədəniyyət
abidələrinin pasportlaşdırılmasına dair gec də
olsa başlayan iş bir daha Qarabağda ermənilər tərəfindən
dağıdılaraq izləri yer üzündən silinən,
yaxud saxtalaşdırılaraq “erməni abidəsi” kimi
pasportlaşdırılan misilsiz tarix-mədəniyyət abidələri
ilə bağlı ağrılı problemi gündəmə
gətirir. Mədəniyyət və Turizm Nazirliyinin
yaydığı məlumatda deyildiyi kimi, Azərbaycanda tarix və
mədəniyyət abidələrinin ilk dəfə kütləvi
şəkildə pasportlaşdırılması işi
1970-1980-ci illərdə aparılıb. Üstəlik, bu proses
Dağlıq Qarabağda yerləşən abidələri əhatə
etməyib, yaxud çox məhdud şəkildə əhatə
edib. Nəticədə həmin əraziləri işğal edən
ermənilər orada qalan tarix-mədəniyyət abidələrini
“erməniləşdirmək” üçün yaxşı
fürsət əldə ediblər.
Erməni mənbələrində
ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə,
ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti
araşdıran missiyasının hesabatına, habelə digər
mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə
indiyədək yüzlərlə tarixi abidə tamamilə
dağıdılıb. Digər abidələr isə erməni
abidələri adı altında
pasportlaşdırılır.
İşğal altındakı Azərbaycan ərazilərində
tarix-mədəniyyət abidələrinin kütləvi məhvi
və saxtalaşdırılması hərbi konfliktlər
zamanı mədəni dəyərlərin qorunması
haqqında 1954-cü ildə qəbul edilmiş Haaqa
Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr
zamanı hər bir dövlətin öz ərazisində və
rəqib tərəfin ərazisində yerləşən mədəni
dəyərlərin qorunması, arxitektura, incəsənət,
tarixi abidələr, arxeoloji qazıntılar kimi
daşınan və daşınmaz mədəni dəyərlərin
müdafiə edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Həmçinin
işğal ərazilərində tarix-mədəniyyət
abidələrinin dağıdılması və
saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni
və təbii irsin qorunması haqqında”
konvensiyasının pozulmasıdır. Azərbaycanın tələbi
əsasında ATƏT iki dəfə işğal
altındakı ərazilərdəki vəziyyəti öyrənmək
üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin
vəziyyəti də qismən araşdırılıb.
Bununla belə, Ermənistan YUNESKO-nun işğal
altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini
öyrənmək üçün bitərəf missiya
göndərməsini əngəlləyib. Azərbaycanın Mədəniyyət
Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə
tarix-mədəniyyət abidələrinin
dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya təqdim
edib.
Mədəniyyət və Turizm
Nazirliyinin məlumatına əsasən işğala qədər
Azərbaycan tərəfi hazırda işğal altında olan
ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli
abidə qeydə almışdı. Dağlıq Qarabağ və
ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə
isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə
ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək
üçün fürsət əldə ediblər.
İki-üç ildir ki, Ermənistanın və erməni
diasporunun, xarici ölkələrdən cəlb edilmiş erməni
tarixçilərinin köməyi ilə
işğalçılar Dağlıq Qarabağ və ətraf
rayonlarda qalan tarix-mədəniyyət abidələrinin
pasportlaşdırılmasını həyata keçirməkdədir.
Dağlıq Qarabağdakı qondarma separatçı rejimin
“turizm idarəsi”nin rəhbəri Sergey Şahverdiyanın
2011-ci ildə erməni KİV-lərinə verdiyi
açıqlamaya görə, işğal altındakı ərazilərdə
o vaxta qədər 4 minə qədər tarixi abidə
qeydiyyata alınıb. Bu açıqlamaya əsasən təkcə
2011-ci ildə 289 tarixi abidə sənədləşdirilib.
Erməni qaynaqlarında yer alan məlumatlara görə, son
illərdə Qarabağda alban dövrünə aid 100-ə
yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə
2006-cı ildə ermənilər tərəfindən
Şuşa şəhəri ətrafında 500-dən
çox abidə “erməni abidəsi” kimi qeydiyyata
alınıb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
topladığı faktlara əsasən işğal olunmuş
ərazilərdə qalan və islam dövrünə aid tarixi
abidələr xüsusi amansızlıqla dağıdılır.
Çünki bu abidələrin üzərində müsəlman
epiqrafiyası ilə yazılar olduğundan onları erməniləşdirmək
və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək
mümkün deyil. Bura qəbirüstü abidələr,
türbələr və məscidlər daxildir. İnstitutun
araşdırmalarına görə, 1994-cü ildə atəşkəsin
əldə edilməsindən sonrakı 18 il ərzində
işğal altındakı ərazilərdə
dağıdılan tarix-mədəniyyət abidələrinin
sayı hərbi münaqişə zamanı
dağıdılmış abidələrin sayından
çoxdur.
Ermənilər işğal edilmiş ərazilərdə
qalan tarixi abidələri dağıtmaqla və
saxtalaşdırmaqla kifayətlənməyib bu ərazilərdə
arxeoloji qazıntılar da aparmaqdadır. Məqsəd ermənilərin
Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən
köçürüldüyünə dair təkzibolunmaz
tarixi faktları ört-basdır etmək, ermənilərin
guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta
tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji
qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən
başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və
Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloq
Hamlet Petrosyanın rəhbərliyi altında işğal
altındakı Ağdam rayonu ərazisində, vaxtilə
Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi
Şahbulaq yaylağına ezam edilib. Erməni
arxeoloqlarının Şahbulaq yaylaqlarında
apardıqları arxeoloji qazıntılar Ermənistandakı
“Erkir” ictimai təşkilatı və qondarma “DQR hökuməti”
tərəfindən maliyyələşdirilib. Onların
qarşısında mifik “Böyük Ermənistan” dövlətinin
paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub.
2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və
Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını
Şahbulaq yaylağına ezam edib. Burada onlar Hamlet
Petrosyanın qrupu ilə birləşərək Şahbulaq
yaylağının şimal hissəsində qazıntılara
başlayıblar və qısa mddət sonra uydurma “Tiqranakert”
şəhərinin qalıqlarını aşkar etdikləri
barədə xəbər yayıblar. Lakin çox keçmədən
erməni arxeoloqlarının bu “kəşfi”
biabırçı faktla üzləşib, məlum olub ki,
ekspedisiya üzvləri qazdıqları çalalara müasir
texnikanın köməyi ilə yonulmuş mişar
daşları düzüblər və onları “tarixi dəlillər”
kimi təqdim ediblər. Qazıntılarda iştirak edən
xarici ölkə arxeoloqları bu biabırçı faktdan
sonra ekspedisiyanı tərk ediblər. Buna baxmayaraq, erməni
arxeoloqları Şahbulaq yaylaqlarında, tikintisi 1751-1752-ci illərdə
başa çatan və Qarabağ xanlarının iqamətgahı
olan Qıfıl xan sarayı kompleksi ərazisində
qazıntı işlərini hələ də davam etdirməkdədir.
Yeni
Müsavat.- 2013.- 23 yanvar.- S.11.