Kəlbəcərin
işğalından 21 il keçdi
Bir
nömrəli strateji bölgənin azad edilməsi uzandıqca
Ermənistan bu rayonu “özününküləşdirməkdə”
davam edir
Bu
gün - aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan
tərəfindən işğal edilməsindən 21 il
keçir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi
olan Kəlbəcər rayonu Qarabağ müharibəsi
başlayandan iki tərəfdən mühasirədə idi.
1992-ci ildə Laçının işğalından sonra Kəlbəcər
üç tərəfdən düşmən mühasirəsində
qaldı.
Kəlbəcərin Azərbaycanın digər
bölgələri ilə əlaqəsi yalnız 3500 metr
hündürlükdə olan Murov dağı vasitəsilə
həyata keçirilirdi. Ermənistan və Dağlıq
Qarabağdakı separatçı rejimin hərbi birləşmələri
Kəlbəcərin mühasirədə qalmasından
yararlanaraq 1993-cü il, aprelin 2-də Rusiya hərbçilərinin
köməyi ilə rayonu işğal etdilər. Kəlbəcər
uğrunda gedən döyüşlərdə 55 hərbçi
və 220 mülki şəxs həlak olub, minlərlə sakin
yaralanıb, 321 nəfər əsir götürülüb. O
vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına
703 milyard 528 milyon rubl ziyan dəyib.
Azərbaycanın ərazicə ən
böyük rayonu olan Kəlbəcər ölkənin bir
nömrəli strateji nöqtəsi sayılırdı.
Qarabağın qala qapısı adlanan Kəlbəcərin
işğalı ilə Ermənistan və Dağlıq
Qarabağdakı separatçı rejim 3500 metr
hündürlükdə olan Murov yüksəkliyini ələ
keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan
arasında ən yaxın quru yolu-Kəlbəcərdən
keçməklə Ağdərə-Vardenis (Basarkeçər)
rayonu yolu açılmış oldu. Məhz bu
üstünlükləri əldə etdikdən sonra çox
keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın
daha 5 rayonunu işğal edə bildi.
Azərbaycanın cənub-qərb bölgəsinin
zirvəsi hesab olunan Kəlbəcər dəniz səviyyəsindən
1500-3800 metr yüksəklikdə Tərtər çayı
vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər
antik dövrün abidəsi olmaqla, çox zəngin flora və
faunası olan bir təbiət muzeyidir.
Azərbaycanın ən mənzərəli və
şəfa mənbəli rayonlarından biridir, burada
tanınmış İstisu və digər çoxsaylı
mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii
sərvətlər yerləşir. Kəlbəcər təbiətində
dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer
alırdı ki, artıq 21 ildir ermənilər bu təbii sərvətləri
talan edirlər.
Ermənilər Kəlbəcərin təkcə
təbii sərvətlərini deyil, infrastrukturunu, 1000 ildən
yuxarı yaşı olan tarixi abidələrini də məhv
edib. Rayon işğal olunarkən 140 iri və orta müəssisə,
90 məktəbəqədər uşaq
müəssisəsi, 115 orta, 1 texniki peşə məktəbi, 107 xəstəxana
və tibb müəssisələri, 214 mədəniyyət
ocağı ermənilər tərəfindən
yandırılıb, darmadağın edilib.
Artıq 21 ildir Kəlbəcər əhalisi ölkənin
61 rayon və şəhərində məskunlaşıb.
1993-cü ildə BMT Kəlbəcərin qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının
çıxarılması barədə 4 qətnamə qəbul
edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri
yerinə yetirməyib. BMT kimi
dünyanın ən böyük beynəlxalq
qurumu isə verdiyi qətnamələrin
yerinə yetirilməsi üçün
Ermənistana heç bir
təzyiq etmir.
Kəlbəcərin azad edilməsi məsələsi uzandıqca
Ermənistan bu mühüm
strateji rayonu
“özününküləşdirməkdə” davam edir. BMT və
ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə
ermənilərin məskunlaşdırılmasına
başlanılıb və bu proses son illərdə geniş miqyas alıb.
Qeyd edək ki, bu gün saat
10.00-da Kəlbəcərin işğalı Şəhidlər
Xiyabanında böyük anım tədbiri
ilə qeyd olunacaq. Tədbirə
Prezident Administrasiyası səviyyəsində
şərait yaradıldığı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin
ciddi hazırlaşdığı bildirilir.
Etibar SEYİDAĞA
Yeni Müsavat .- 2014.- 2 aprel.- S.11.