Patriarxın son baharı
Markes öldü
Filosof Marksa,
diktator Markosa qalmayan dünya yazıçı Markesə
də qalmadı. O, uzun, dolu, təminatlı,
şan-şöhrətli bir
ömür yaşadı,
amma yenə bu dünyadan köçdü. Fəqət
Marks və Markosdan bu dünyada az şey
qalsa da, Markesdən çox şey qaldı.
O, zəmanəmizin ən
böyük yazıçılarından
biriydi. Bəlkə də dünyada
Markes qədər böyük şöhrətə
malik olan və öz şöhrətinin zirvəsində
olduğunu görən
ikinci bir yazıçı olmayıb.
Bir çox yazıçılar
öz şan-şöhrətlərini
sağlıqlarında götməyiblər,
bir çoxları ümumiyyətlə, sağlıqlarında
ədib kimi də qəbul edilməyiblər. Ancaq Markes
düz 40 ildir (bunun 32 ilini Nobel laureatı olaraq) dünya ədəbiyyatsevərlərinin
dilindədir. Onun şöhrəti,
populyarlığı azalmırdı
və indən belə də azalmayacaq.
Ən qorxulusu
o idi ki, Nobel mükafatı alandan bir neçə il sonra
Markes digər nobelçi-yazıçıların sırasına qatılacaq,
“ulduz yazarlar” kəhkəşanında görünməz
olacaq. Elə olmadı, 1982-ci ildən
başlayaraq, ta bu günə qədər onun oxucusu, eləcə də onun barəsində
yazılan tənqid və əksərən tərif dolu məqalələr artan xətt üzrə davam etdi.
Markes
öz məşhurluğunun
öləziməməsinin reseptini özü təyin etmişdi. İndi məlum olur ki, bu böyük
yazıçının resepti
nə qədər doğru imiş. Markes ötən əsrin 80-ci illərinin sonunda bir ədəbi dərgiyə verdiyi müsahibədə demişdi
ki, əsl yazıçı dəb xatirinə yazmamalı və dəbdə olmağı sevməməlidir,
çünki dəb ötəri şeydir, bir gün keçib
gedəcək və dəbdə olan yazıçı unudulacaq.
Dünyanın
bütün kitab oxuyan ölkələrindəki
bütün ədəbiyyatsevərlərin
oxuduğu bu yazıçı özü
heç bir dəbə uyuşmasa da, özü bir ədəbi dəb, yeni ədəbi cərəyan
yaratmışdı.
Bəzən
deyirlər, müasir dünya ədəbiyyatında
ondan da böyük yazıçılar
vardı və var. Bu iddia ilə mübahisə etmək düzgün, hətta mümkün deyil. Ola bilər ki,
elə olsun, kimsə elə hesab etsin. Ədəbiyyat da sonucda zövqə dayanan sənət sahəsidir.
Kimsə Lyosanı, Saramaqonu, Aytmatovu, Steynbeki, Heminqueyi, Vonnequtu daha böyük saya bilər. Onsuz da insanlar dahiləri bir-birilə qiyaslayıb daha birini önə çıxarmağa meyllidirlər.
İdmanda, siyasətdə
bu bəlkə də mümkündür,
ortada birincilik məsələsi var. Ədəbiyyatda
isə birinci, ikinci, beşinci ola bilməz.
Hər bir yazıçı öz zəmanəsinin, öz dünyagörüşünün
ifadəçisidir. Markes
də içində olduğu, yaşadığı,
gördüyü, hiss etdiyi
dünyaya dair əsərlər yaradırdı.
Bundan sonra dünya necə olacaqsa, yazıçılar da onun bəşəri, qlobal problemlərini öz içlərindən
keçirərək ifadə
edəcəklər. Markesin
dünyası, zəmanəsi
hakimiyyətdən əl
çəkə bilməyən,
qəddarlıqdan həzz
alan, az qala ölüb-gedəcəyinə
inanmayan patriarxlarlarla,
qadın şərinə
düşərək gənc
yaşda hamının
gözü qabağında,
öncədən qətl
ediləcəyi bilindiyi
halda öldürülən
Santyaqo Nasarlarla, narkokartel bossu Eskobar tərəfindən
qaçırılan, girovluqda
iztirab çəkən
nazir arvadları ilə, təqaüdə göndəriləndən sonra
unudulan, eyzən məktub gözləyən
kədərli polkovniklərlə,
sevilən yaşları
keçmiş qüssəli
fahişələrlə zəngin
idi. O bunlardan yazmışdı.
Bir də onun haqqında belə bir iddia
var: Markes öz böyük şöhrətinə görə
reklama, piara borcludur. Bu da ola bilər.
Ədibin barəsində daima
yeni-yeni informasiyalar yayılırdı, onun harada kiminlə görüşdüyü, kimin
haqqında nə dediyi, hansı əsər üzərində
işlədiyi və sair və ilaxır
hərəkət və
açıqlamaları barədə
saysız-hesabsız xəbərlər
yazılırdı. Ancaq bütün
bunların onun yaradıcılığı ilə
elə bir əlaqəsi yox idi. Adam yazırdı,
yaradırdı, ortaya
yeni və sanballı əsərlər
qoyurdu və mediadan, ictimaiyyətdən
haqq elədiyi diqqəti görürdü.
Başqa
sözlə, əgər
Markesin adının ətrafındakı piar kampaniyasının real əsası
olmasaydı, bu kampaniya bir gün
mütləq iflasa uğrayardı.
Bu, çoxdan deyilmiş bir ifadədir, deyirlər, dünyanın bütün
yazıçıları ən
çox bir əsərləri ilə tanınır, sevilir, şöhrət qazanırlar. Markesdə isə belə əsərlərin
sayı ən azı üçdür:
“Yüz ilin tənhalığı” (bu
əsərin adı, zənnimcə, Türkiyədə
daha dəqiq tərcümə olunub: “Yüz ilin yalnızlığı”),
“Patriarxın payızı”,
“Gözlənilən bir
qətlin tarixçəsi”.
Hələ “Polkovnikə məktub
yoxdur”u, “Qaçırılmışlar”ı
da qeyd etmək
olar.
Onun
əsərlərində qəribə
bir sehr var. Hər oxucu bu sehrdən yaxa qurtara bilməz. Elə onun maqik realizm
cərəyanının atası
sayılması da bu üzdəndir. Bütün dünya bunu etiraf edir.
Söz
yox, Markesi böyük edən, böyük şöhrətə
qovuşduran onun dünyanın böyük
dillərindən birində
- ispanca yazmasıydı. Ədib bir əsər yazırdı və həmin əsəri İspaniyadan Meksikaya, Çiliyə qədər
20-dən artıq ölkədə
oxucular orijinal variantında oxuya bilirdilər. Markes bu
istedadı ilə Amerikada, İngiltərədə,
Almaniyada, Fransada doğulsaydı da, bu şöhrətini yaxalaya, ədəbiyyat zirvəsini fəth edə bilərdi. 20-ci əsrin ortalarında
Cənubi Amerika dövlətlərinin müstəbid
rejimlərin cəngində
inləməsi, xalqların
demokratiyaya keçid uğrunda mücadilə verməsi də Markesin bir yazıçı
kimi formalaşmasında
böyük rol oynayıb. O, bu tarixi proseslərdə ən azı müşahidəçi kimi
iştirak edib, hər şey düz onun gözü
qarşısında baş
verib.
Markes siyasi
dünyagörüşü etibarilə nə qədər ziddiyyətli adam olsa
da, zaman-zaman ideoloji təsirlərə
məruz qalsa da, bunun öz
əsərlərinə inikas
etməsinə imkan verməyib. O, Pinoçetə
nifrət, Fidel Kastroya
rəğbət bəsləyib.
Ancaq diktator Kastro ilə diktator Pinoçeti bir birindən ayırmaq mümkün deyildi. Onların hər ikisi öz ölkəsini inlədən patriarxlar idi. Markes isə onların
arasına fərq qoyur “yaxşı tiran”-“pis tiran”a
bölürdü. Bununla
belə, Markesin populyarlığının ən
pik dövründə,
yaradıcılığının çiçəkləndiyi dönəmdə,
milyonlarla oxucusunun ondan yeni əsər
gözlədiyi bir vaxtda “Pinoçet hakimiyyətdən getməyincə
bir daha roman yazmayacağam” deyə ciddi bəyanatla çıxış etməsi
yazıçının dünyəvi
demokratikləşmə prosesinə
çox böyük töhfəsidir. Bu bəyanatdan
sonra onun təkcə Cənubi Amerikada yaşayan milyonlara oxucusu Pinoçetin necə bir dəhşətli diktator olduğunun fərqinə vardılar və tiran
mənfur bir varlığa çevrildi.
O böyük söz
ustasıydı, öz
dövranını sürdü,
getdi. Klassik şairimiz Səməd Vurğunun özü barəsində yazdığı
bir misranın iki sözünü dəyişib Markesə də aid etmək olar:
“... yelkən kimi qərq etsə də dəryada zaman,
... öldü deməyin, bir əbədi sənəti var”.
***
Qabriel
Qarsia Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində
anadan olub. 1950-ci ildə hüquq
fakültəsində təhsilini
yarımçıq buraxıb.
Jurnalist olub, ədəbiyyata gəlib. 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı
alıb. Bu il aprelin 17-də 87 yaşında vəfat edib.
Xalid Kazımlı
Yeni müsavat.- 2014.- 19 aprel.- S.11.