Litvadakı
Azərbaycan diasporu təcavüzkar ermənistanı
cəzalandırmağı tələb edib
Litva Azərbaycanlıları
Cəmiyyəti işğal
edilmiş Azərbaycan
ərazilərindəki təmas
xəttində Ermənistan
hərbi qüvvələri
tərəfindən son
günlərdə törədilən
təxribatlarla bağlı,
eləcə də regionda vəziyyəti daha da gərginləşdirmək
və yenidən genişmiqyaslı müharibəyə
başlamaq məqsədi
ilə Ermənistan başçılarının atdıqları
təcavüzkar addımlara
reaksiya olaraq bu ilin avqustun
5-də Litvanın Dövlət
və Hökumət rəhbərlərinə müraciət
etmişdir. Bu barədə musavat.com-a Litva
Azərbaycanlıları Cəmiyyətinin
sədri Mahir Həmzəyevin imzası ilə məlumatlandırma
məktubu daxil olub.
Məktubda deyilir:
„Müraciət Litva
Respublikasının Prezidenti
Zati-Aliləri xanım
Dalya Gribauskayteyə, Litva Respublikası Seyminin Sədri xanım Loreta Graujineneyə, Litva Respublikasının Baş
Naziri cənab Algirdas Butkyaviçyusa və Litva Respublikasının
Xarici işlər naziri cənab Linas Linkyaviçyusa ünvanlanmışdır. Litva
Azərbaycanlıları Cəmiyyətinin
sədri Mahir Həmzəyev tərəfindən
imzalanmış həmin
sənəddə deyilir:
“Bu ilin 1-2 avqust tarixlərində Ermənistan
silahlı qüvvələri
Azərbaycan Respublikasının
ərazi dərinliklərinə
soxulmaq üçün
növbəti dəfə
cəhdlər etmişdir.
Heç bir səbəb və əsas olmadan təşkil edilmiş həmin hücumları dəf edən zaman çoxlu sayda Azərbaycan hərbçiləri həlak
olmuşdur.
Ermənistanın
və onun qəyyumu Rusiyanın belə hərəkətləri
artıq çoxdandır
ki, beynəlxalq aləmdə təəccüb
doğurmur. Lakin, bir para demokratik
dünya dövlətləri
siyasətçilərinin və
bəzi ölkələrin
ictimai-siyasi institutlarının
bu olaylarla bağlı verdikləri açıqlamaları və
ünvanladıqları müraciətləri
mövcud durumla müqayisədə əsla
adekvat başa düşmək olmur. Belə ki, onların
çıxışlarında təcavüzə məruz
qalmış Azərbaycan
dövləti təcavüzkar
Ermənistanla eyni tərəziyə qoyulur və yüz birinci dəfə sülhə çağırışlar
edilir. Sözsüz ki, bu cür
çağırışlar və boş müraciətlər mürtəce
dövləti gələcəkdə
də cəzalanmadan digər təcavüzkar addımlar atmağa şövqləndirir.
Litva Azərbaycanlıları
Cəmiyyəti danılmaz
və çox mühüm belə bir fakti bir
daha konstatasiya etməyə israrlıdır
ki, dünyanın bütün ölkələri
və ən ali beynəlxalq təşkilatları Azərbaycanın
ərazi bütövlüyünü
birmənalı surətdə
tanıyırlar. Odur ki, Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan
torpaqları heç bir vəchlə mübahisəli (yəni,
“sahibsiz”) ərazilər
sayıla bilməz. Belə olan halda, Azərbaycan dövləti zəbt edilmiş ərazilərini
mümkün olan hər bir qanuni
yolla azad etmək və doğma torpaqlarda işğal nəticəsində
yaranmış faciəli
vəziyyəti aradan qaldırmaq istiqamətində
əsaslı addımlar
atmaq üçün
heç bir şəkk-şübhə doğurmayan
mütləq hüquqa
malikdir.
Ermənistanın Azərbaycana
(Qarabağa) qarşı
tutduğu işğalçı
mövqe, Rusiyanın geosiyasi baxımdan Ukrayna (Krım və Donbas) və eləcə də Gürcüstan (Abxaziya və Sxinvali) əleyhinə sərgilədiyi mürtəce
mövqe ilə demək olar ki, eynilik təşkil
edir. Belə ki, “Dağlıq Qarabağ respublikası” kimi Donetsk və
Lugansk “xalq respublikaları” da qeyri-qanuni və süni surətdə yaradılmiş saxta qurumlardır. Bu cəhətdən Ermənistan
və Rusiya yeganə Avropa dövlətləridir ki, qonşu ölkələrin
ərazi bütövlüyünə
qarşı iddialarla çıxış edirlər
və uzun illər ərzində sabitləşmiş beynəlxalq
təhlükəsizlik sistemini
kobudcasına dağıdaraq
Bəşəriyyəti bu
yolla Üçüncü
Dünya müharibəsinə
tərəf itələyirlər.
Biz Litva Azərbaycanlıları Cəmiyyəti
olaraq, Litvanın Dövlət və Hökumət rəhbərlərindən
yuxarıda təqdim edilmiş argumentləri nəzərə almaqla, son günlər ərzində Ermənistanın
Azərbaycana qarşı
törətdiyi təcavüzkar
əməlləri beynəlxalq
hüquq qaydalarına
söykənən ədalət
və bəşəri
prinsipiallıq mövqeyindən
dəyərləndirib zəruri
addımlar atmağı
rica edirik. Bununla bağlı həmçinin Ermənistan
əleyhinə Qərb
ölkələri tərəfindən
siyasi və iqtisadi sanksiyaların tətbiq olunması üçün Litva dövlətinin səlahiyyətli
qurumları adından
təşəbbüslə çıxış edərək
Avropa Birliyinin aidiyyatı olan institutları qarşısında
müvafiq vəsatət
qaldırmağı təklif
edirik”.
Qeyd etmək istərdik ki, sözügedən müraciət Litva KMV ilə də yayımlanmışdır”.
Yeni Müsavat.- 2014.- 6 avqust.