M.Ə. Rəsulzadənin
Fransadakı fəaliyyəti
M.Ə.Rəsulzadə-130
Hələ 1913-cü
ildə Fransada bu ölkənin Xarici İşlər
Nazirliyinin dəstəyi ilə “Fransa-Şərq” Komitəsi
yaranmışdı. Bu Komitənin rəhbərliyinə
fransız generalları, nazirlər, diplomatlar,
tanınmış siyasətçilər, tanınmış
alimlər daxil idi. 1920-ci illərin əvvəllərindən
isə Fransa Azərbaycan mühacirlərinin də siyasi və
mədəni mərkəzinə çevrildi.
(əvvəli ötən saylarımızda)
Qeyd edək ki, M.Ə.Rəsulzadənin
Fransadakı fəaliyyəti 1920-ci illərə təsadüf
edir. Bu dövrdə, xüsusən 1928-1934-cü illərdə
Türkiyədə və Fransada yaşayan azərbaycanlı
mühacirlər arasında olan ziddiyyətləri qeyd etməliyik.
M.Ə.Rəsulzadə
yazırdı: “Olduğumuz mühacirət şərtləri
daxilində, Azərbaycan davası naminə birləşmək,
milli davanı yaşatmaq və ya yaşadan fikir sistem və
nümayəndələrinə hörmət etməklə
olur. Bunun üçün hər türlü kiçik
hallardan və hisslərdən sıyrılaraq fikrə önəm
vermək lazımdır”.
Bu dövrdə azərbaycanlı
mühacirlər arasında - xüsusən İstanbul (M.Ə.Rəsulzadə)
və Paris qrupu (C.Hacıbəyli, Ə.Şeyxülislamov)
arasında olan narazılıqlar Azərbaycan Probleminin bir mərkəzdən
idarə olunmasına gətirib çıxarırdı. Yəni
bu parçalanma ümumi işə ciddi zərbələr
vururdu. Vəziyyəti aradan qaldırmaq üçün M.Ə.Rəsulzadə
1928-ci ildə Parisə gedərək orada Ə.M.Topçubaşov,
C.Hacıbəyli və Ə.Şeyxülislamovla
razılaşaraq “Bir mərkəzdən idarə” prinsipini qəbul
etmişdilər.
Digər tərəfdən
Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli
ciddi işlər aparılırdı. Mühacirlərə dəstək
planının genişlənməsi üçün 1926-cı
ildə keçmiş çar Rusiyası xalqlarının
liderləri beynəlxalq təşkilat kimi fəaliyyət
göstərən “Prometey” klubunu yaratdılar. Bu hərəkatın
genişlənməsi üçün 1926-cı ildə
fransız dilində “Prometey” jurnalı nəşr edilməyə
başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri
tərkibinə Qafqazın, Türküstanın və
Ukraynanın aşağıdakı görkəmli xadimləri
daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy
Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa
Çokayoğlu, Miryaqub Mehdiyev və b.
Parisdə çap
edilən “Prometey” jurnalında isə M.Ə.Rəsulzadənin
aşağıdakı maraqlı məqalələri çap
edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh.
25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh.
10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4)
“Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
11-13; 5) “Siyasətçi tarixçiyə qarşı”, 1931,
N51, səh. 6-8.
Ümumilikdə M.Ə.Rəsulzadənin
“Prometey” jurnalında 10-dan çox yazısı çap
edilib.
1930-cu ildə isə
Parisdə M.Ə.Rəsulzadənin iki kitabı nəşr
edildi. Fransız dilində nəşr edilən kitabında
(“laAzerbaidjan en lutte pour lindepudance, Paris, 1930) M.Ə.Rəsulzadə
Avropa oxucusuna Azərbaycanın 1918-1920-ci illərdəki
müstəqillik mübarizəsi haqqında məlumat verirdi.
Elə həmin ildə rus dilində nəşr edilən digər
kitabında isə ("O panturanizme", Parij, 1930) Qafqaz
Birliyini pozmaq istəyənlərə əsaslı cavab
vermişdi. Bu kitaba giriş sözünü
Gürcüstanın tanınmış dövlət xadimi
N.Jordaniya yazmışdı.
1936-cı ildə M.Ə.Rəsulzadənin
fransız dilində daha bir kitabı (“Azerbaidjan”, Paris, 1936) nəşr
edildi. Bu kitabda müəllif fransızdilli oxuculara Azərbaycan
haqqında məlumatlar verirdi.
1936-cı ilin 17
yanvarında M.Ə.Rəsulzadə Parisdə “Müasir Azərbaycan
Ədəbiyyatı” mövzusunda maraqlı məruzə
oxumuş, dinləyiciləri Azərbaycan ədəbiyyatının
nümunələri ilə tanış etmişdir. Bu məruzə
sonradan ayrıca kitab olaraq nəşr edilmişdir.
1936-cı ilin 17-26
aprelində isə Parisdə Azərbaycanın, Povoljyenin,
Uralın, Krımın, Şimali Qafqazın və
Türküstanın müsəlman xalqlarının nümayəndələrinin
iştirakı ilə qurultay keçirildi. Həmin qurultayda Azərbaycanı
M.Ə.Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa Vəkilli təmsil
etdilər. Qərara alındı ki, bu təşkilatın fəaliyyəti
gizli saxlanılsın.
M.Ə.Rəsulzadənin
Almaniyadakı fəaliyyəti
M.Ə.Rəsulzadənin Almaniyadakı fəaliyyəti
əsasən 1932-ci ildən başlayır. Polşada yaşamasına baxmayaraq o,
Berlində də olur və fəaliyyətini davam etdirirdi.
Almaniyada onun Baş redaktorluğu ilə 1932-ci ilin yanvarın
10-dan “İstiqlal” qəzeti, noyabrın 6-dan “Qurtuluş”
jurnalı nəşr edilir. “İstiqlal” qəzetinin nəşri
1934-cü ilə qədər, “Qurtuluş”un nəşri isə
1939-cu ilin avqustunadək davam edib.
Bundan əlavə, M.Ə.Rəsulzadənin
Almaniyada 1938-ci ildə “Azərbaycan Problemi” əsəri alman
dilində nəşr olunub.
Eyni zamanda O, 1937-ci
ilin may ayında Berlində “Humboldt
klubu”nda çoxlu sayda insanların iştirakı ilə
keçirilən tədbirdə Azərbaycanla bağlı
maraqlı məruzə etmişdi.
1942-ci ildə isə
İkinci Dünya müharibəsinin davam etdiyi bir zamanda M.Ə.Rəsulzadə Almaniyaya dəvət
edilir.
Qeyd edək ki,
panturanizmin coşğun bir tərəfdarı və təbliğatçısı
olan, Türkiyədəki Almaniya Böyükelçisi Frans
von Papen fəal mühacir qrupları və məşhur
pantürkistlər vasitəsi ilə Ankara hökumətini
Almaniyanın cərgəsində hərbə cəlb etmək
istəyində idi. Məhz von Papenin təşəbbüsü ilə
iki türk generalı - Ərkilət və Ərdan bəy türklərin
yaşadıqları bölgələrin gələcəkdəki
idarə forması ilə tanışlıq üçün
Almaniyada olmuşdular. Bundan əlavə, Türkiyənin
sabiq Hərbiyyə Naziri Ənvər
Paşanın qardaşı Nuru Paşa (Killigil) da məhz von
Papenin təşəbbüsü ilə Berlinə gəlmişdi.
“Prometey” təşkilatı tərəfdarlarından azərbaycanlı
Məhəmməd Əmin Rəsulzadə şimali qafqazlı
Səid Şamil, Aytən Namita və digərləri alman məqamları
ilə müzakirələrə cəlb olunmuşdular.
1942-ci ilin aprelində
Şulenberq Fransa, İtaliya, Balkanlar, Türkiyə və
İsveçrədə yaşayan mühacirləri Berlinə
dəvət etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində
Berlinin məşhur “Adlon” mehmanxanasında bir toplantı
keçirildi. Toplantıda aşağıdakı şəxslər
iştirak edirdilər: Azərbaycanlı - Məhəmməd Əmin
Rəsulzadə, Xəlil Xasməmmədov və Fuad Əmircan;
Şimali Qafqasiyalı - Səid Şamil, Heydər Bammat və
Əlixan Qantəmir; gürcülərdən - Spiridion və
Leo Kereselidze, Daşa Vaçnadze, Zurab Avalaşvili. Bu
toplantının mühacirlərlə işbirliyi qurması
baxımından böyük əhəmiyyəti vardı.
Hitler Almaniyası mühacir təşkilat və
qrupları ilə danışıqları əsasən iki
nazirliyi vasitəsi ilə aparırdı: Xarici İşlər
Nazirliyi və Şərq Nazirliyi. Xarici İşlər Nazirliyində bu işlə
Şulenberq, Şərq Nazirliyində isə Rozenberq məşğul
olurdu.
Şərq Nazirliyində
professor Von Mendenin başçılıq etdiyi SSRİ millətləri
üzrə Baş İdarə fəaliyyət göstərirdi.
Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə
idarə yaradılmışdı. Burada Qafqazdan olan,
ayrı-ayrı xalqları əhatə edən - azərbaycanlı,
gürcü, erməni, şimali Qafqaz və Kalmık
şöbələri vardı. Bu şöbələrin
başlıca məqsədi müxtəlif sahələr
üzrə gələcəkdə istiqlal məqsədi ilə
kadrlar hazırlamaqdan ibarət idi.
Lakin mühacirlərin
Almaniya hökuməti təmsilçiləri ilə
danışıqları heç də uğurlu getmirdi.
Xüsusən, şimali qafqasiyalı, gürcüstanlı və
azərbaycanlılar öz ölkələrinin müstəqilliyini
irəli sürdüyündən almanlar tərəfindən qəbul
edilmirdi. Belə olduqda, Azərbaycan təmsilçisi M.Ə.Rəsulzadə
və Şimali Qafqazlı Səid Şamil Almaniyadan
çıxıb getmək məcburiyyətində
qaldılar. Lakin Von Mende çətinliklə də olsa M.Ə.Rəsulzadəni
müvəqqəti olaraq saxlaya bilmişdi.
Nəhayət,
üzvləri Şərq Nazirliyi tərəfindən təsdiq
olunan və dörd Qafqaz millətindən hər biri
üçün, bir də kalmıklar üçün “milli
komissiyonlar” təşkil olundu. Hitler “Milli komitə”
adını adını yasaqladığından mövcud
qurumları “milli komissiyonlar” adlandırırdılar.
Həmin dövrdə
Almaniyada M.Ə.Rəsulzadənin
başçılığı ilə “Milli Azərbaycan Komitəsi”
yaradılmışdı. “Milli Azərbaycan Komitəsi” bu
proqramla fəaliyyət göstərirdi: “Azərbaycanın
milli haqlarını qorumaq, vətənin xilası və
istiqlalı üçün mübarizə etmək,
qafqasiyalı millətlərin dostluqları və siyasətcə
bir yerdə yaşamaları üçün
çalışmaq və Almaniya ilə sıx surətdə
işbirliyi təmin etmək”.
Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə
M.Ə.Rəsulzadədən faydalanmağa
çalışırdı. 1942-ci
ilin oktyabrın 7-də M.Ə.Rəsulzadə ilə
aparılan danışıqlar fayda vermədiyindən
(çünki o, Azərbaycanın müstəqilliyi fikrini
önə çəkirdi) o, Rumıniyaya - Buxarestə
getmişdi. Almanlar onun getməsinə təəssüflənmiş,
qalması üçün Drezden məktəblərinin birində
müəllimlik təklif etmişdilər. Lakin o, bununla da
razılaşmamışdı. “SS” mərkəzi dairəsi
onu sonradan yenə axtarmış və işbirliyinə
çalışmışdı.
Beləliklə, M.Ə.Rəsulzadə ilə
danışıqların alınmadığını
gördükdə almanlar Fuad Əmircan, Abbas Atamalıbəyov
və Əbdürrəhman Fətəlibəyli-Düdənginski
ilə işbirliyi qurmuşdu. Azərbaycan
Rabitə (Əlaqə) Heyətinə başçılıq
isə Ə. F. Düdənginskiyə
tapşırılmışdı. Bu heyət Azərbaycan
legionerlərinə həm də başçılıq
funksiyasını daşıyırdı.
1943-cü ilin avqustun 5-də M.Ə.Rəsulzadə
Azərbaycan legionerləri qarşısında onların
öz azadlığı uğrunda mübarizə aparan xalqlara
qarşı mübarizə aparmayacaqları ilə
bağlı bəyanat verib, növbəti dəfə
Almaniyanı tərk edərək Rumıniyaya qayıtdı.
1944-cü ilin 23 avqustunda Buxarestdə baş
verən hökumət çevrilişindən və sovetlərlə
atəşkəs elan edilməsindən sonra sovetlərin bu
ölkəyə yaxınlaşması nəticəsində M.Ə.Rəsulzadə Almaniyaya gedərək
1945-ci ildə savaşın bitdiyi
Mittenvald bölgəsindəki qaçqın düşərgəsində
yaşadı. Burada olduğu
müddətdə o, azərbaycanlı legionerlərin sovetlərə
təhfil verilməməsinə çalışmış,
“Azərbaycan Demokrat Birliyi” qurumunu yaradıb onların
Türkiyəyə, Misirə və digər ölkələrə
getməsini təmin etmişdi. Bundan ötrü o, Almaniyada
olmuş Misir kralı Fərruxla da danışıqlar
aparmışdı.
Nəhayət, Türkiyə dövlətinin rəsmi
icazəsindən sonra 1947-ci ilin sentyabrında M.Ə. Rəsulzadə
Türkiyəyə getmişdi.
1950-ci illərdə
isə o, “soyuq müharibə” dövründə Almaniyada
keçirilən tədbirlərdə, konfranslarda fəal
iştirak etmişdi. 1951-ci ilin noyabrında Münhendə
“Antibolşevik Xalqların Bloku”nun keçirdiyi konfransda M.Ə.Rəsulzadə
çıxış etmiş,
dünya ictimaiyyətinə ünvanlanmış sənədə imza atanlardan biri olmuşdu.
1952-ci ilin dekabrın 11-16-da Münhendə
keçirilən Ümumqafqaz konfransında da M.Ə.Rəsulzadə
maraqlı məruzə etmişdi.
Nəsiman
YAQUBLU
Yeni
Müsavat.- 2014.- 2 fevral.- S.12.