“Hətta vannada da
oxumuram...”
Diplomat-müğənni “69-cu aşırım”ı keçdi
Bu gün fevralın 4-də Azərbaycanın Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri və müğənni Polad Bülbüloğlunun 69 yaşı tamam olur. Bu münasibətlə “Veçernaya Moskva” qəzetinin müxbirləri səfirin qonağı olub və onunla hər şeydən-incəsənətdən, diplomatiyadan, keçmişdən və indidən danışıblar.
Musavat.com Virtualaz.org-a istinadən müsahibənin tərcüməsini ixtisarlarla təqdim edir:
Qəzetin əməkdaşları
Polad Bülbüloğlu ilə görüşmək
üçün Azərbaycanın Moskvadakı səfirliyinə
gediblər. Girişdə qaydalara uyğun olaraq onların sənədlərini
mühafizəçi yoxlayıb, pilləkənlərlə
qalxanda jurnalistlər mühafizəçidən məsələhət
alıblar ki, Polad Bülbüloğluna necə xitab etsələr
yaxşı çıxar. “Cənab səfir!” deyə
mühafizəçi hündürdən cavab verib, sonra
nümayişkarənə şəkildə divarlara göz gəzdirib
gülümsəyərək yavadan əlavə edib: “Polad
Bülbüloviç!”
“Qonaqlar
üçün otağa daxil olaraq o, bizimlə
salamlaşır, ənənəvi qafqazlı qonaqpərvərliyi
ilə hazır çay masası arxasına dəvət edir.
Masanın üstündə çay, paxlava, kişmiş, digər
şərq şirniyyatları düzülüb. Cənab səfir
qıvraqdır, eleqantdır. Elə bil üstündən illər
keçməyib! SSRİ-də anadan olan hər kəs bu
adamı tanıyır və hörmət edir. Hələ bu
harasıdır! Onun xarizması və təbii aurası ən
soyuq ürəkləri belə isidir, o ki qaldı
“Veçernaya Moskva”nın müxbirlərini. Bizim
qarşımızda məşhur azərbaycanlı müğənni
Bülbülün oğlu, bizim günlərimizin canlı əfsanəsi dayanır.
Dünyada məşhur
müğənni və bəstəkar konsert frakını səfir
pencəyinə niyə dəyişib? “Qorxma, mən səninləyəm”
filminin çəkilişləri necə keçib? Dilimizin
ucunda min bir sual fırlanır, axı bu miqyasda məşhurla
hər gün müsahibə götürmək nəsib olmur.
Fotomüxbirimizə göz edərək müsahibəyə
kişi sualı ilə başlayıram və Azərbaycan
konyakı barədə sual verirəm.
- Əgər Bakıya getsək hansı konyakları sınaqdan keçirməyi məsləhət görürsünüz?
Bizdə çox yaxşı konyaklar var: “Tovuz”, “Bakı”, “Göy-Göl”, “Moskva”. Hələ əla şərablarımız da var-ağ “Şardone”, qırmızı “Sevgilim”, “Yeddi gözəl”...”Ağdam”? Əgər Dağlıq Qarabağ münaqişəsi zamanı desəydilər ki, bu münaqişə nəticəsində “Ağdam” olmayacaq, yəqin ki, rus oğlanları gəlib qayda-qanun yaradardılar. Bu, əlbətdə, zarafatdır, ancaq təəsüf ki, “Ağdam” indi yoxdur. Şəhər yer üzündən silinib, tək məscid salamat qalıb.
- Necə oldu ki, nazir kreslosunu səfir işinə dəyişdiniz?
- Buna mən yox, prezident qərar verdi.
Dövlət başçısı məni
söhbətə çağıranda heç gizlətmədi
ki, bizim ölkələrimiz arasında münasibətlərə
böyük əhəmiyyət verir. “Mən
nəzərə alıram ki, səni Rusiyada yaxşı
tanıyırlar və sevirlər. Ancaq sən
də bu ölkəni yaxşı tanıyırsan və sevirsən.
İndi bizim ölkələrimizə təkcə peşəkar
diplomat yox, həm də hörmətli adam
lazımdır” deyə o vaxt İlham Heydəroviç
Əliyev mənə bildirdi.
-
Çox fikirləşdiniz?
- Yox, heç bir dəqiqə də tərəddüd
etmədim. Mən məhz Moskvaya getməyimə
görə xoşbəxt idim. Əlbətdə,
mən mədəniyyət naziri kürsüsündə
çox oturmuşdum. 18 il bir vəzifə
üçün həddən artıq çoxdur. Elə vaxt gəlir ki, fəaliyyət
sferasını dəyişdirməli olursan. Cari diplomatik işi bu sənəti öyrənən
hamı görə bilər, lakin elə məqamlar olur ki, onu
ancaq yaradıcı yanaşma ilə həll etməlisən.
Səfir üzr istəyir-təcili zəng
var. Biz qeyri-ixtiyari onun danışığının
şahidi oluruq. Qadın zəng edib.
O, təcili olaraq hansısa sənədlərin təsdiqlənməsin
xahiş edir. Polad Bülbüloviç konsula zəng
edir və xahiş edir ki, şənbə günü işə
çıxsın və qadına kömək etsin. Səfir
dəstəyi qoyur və davam edir:-Mənim mobil telefonumda 800-dən
çox müxtəlif adamların əlaqə nömrələri
var, çalışıram hamısına cavab verim. Polad Bülbüloviç işlənməkdən
düymələrinin yazısı silinmiş telefonunu göstərir-istənilən
vaxt zəng edirlər, gecə də, gündüz də.
- Təsəvvür
etmək olar ki, hələ ad günündə nə qədər
zəng gələcək. Fevralın 4-nü necə
qeyd etməyə hazırlaşırsınız?
- Bu il ümid edirəm ki, sadə
olacaq, ailə üzvlərimlə, köhnə dostlarımla
bir masa arxasında. Geniş çevrədə
ancaq yubileyləri qeyd edirəm. Ad
günü hədiyyəsi olaraq həmin gün telefonu
söndürürəm.
-
Hansısa məxsusi ad günü olub?
- 50 yaşım olanda. Həmin
gün yeni xeyirxah ənənənin əsasını qoydum.
1995-ci ildə Bakıda hələ tam sakitlik yox
idi. Gərgin vaxtlar idi. Komendant saatı qoyulmuşdu. 94-ün
sentyabrında Moskvada Mahmud Eesenbayevin yubileyi olmuşdu. Mən onu təbrik etməyə gəlmişdim,
“Rusiya” zalında.
Dəhlizdə İosif Kabzonla
qarşılaşdım. Köhnə dostum soruşdu:
“Yadından çıxmayıb ki, fevralda sənin əlli
yaşın olacaq?”. Cavab verdim:”Nə əlli
yaş? İndi bunun vaxtı deyil!”. Kabzon
“Əlli yaş həyatda bir dəfə olur” dedi, qərarlaşdıq
ki, zəngləşək.
Haradasa yanvarda İosif Davıdoviç zəng edib dedi:
“Budur, indidən qrafik tuturam, mən, Lev Leşenko, Vladimir
Vinokur və Valya Tolkunova fevralda gəlirik Bakıya. Həftənin dördüncü günü sənin
qonağınız, ertəsi gün geri dönəcəyik”.
Bax beləcə 45 nəfərlik qrup düzəldi.
Hamısı məşhur yaradıcı
insanlar. Təsəvvür edirsiniz, 5-7 ildir
çaxnaşmalar içərisində olan ölkədə
bu, vaxtilə bizim yaşadığımız vahid dövlətdə
hamının tanıdığı və sevdiyi adamların
ilk yaradıcı desantı idi.
O vaxt saat 22-dən sonra küçədə xüsusi
buraxılış vərəqəsi olmadan gəzməyə
icazə verilmirdi, fikirləşirdim ki, qonaqları mehmanxanaya
necə çatdıracağam. Axşama bizim əvəzolunmaz
liderimiz Heydər Əliyev gəldi. Konsert
6 saat 40 dəqiqə davam etdi. Proqramı
bizim “Bakılı oğlanlar” aparırdı. Bu cür spontan konserti aparmağı başqa kimə
həvalə etmək olardı ki?
Həmin vaxta qədər hesab edirdim ki,
yaradıcılıq kitabım bağlanıb və bir daha
oxumaq lazım olmayacaq. Məsələ ondadır
ki, 88-ci ildə məni Azərbaycanın mədəniyyət
naziri təyin etmişdilər, ilk işim
mahnılarımın televiziyada və radioda səslənməsini
dayandırmaq olmuşdu. Niyə? Ona görə ki, istəmirdim desinlər xidməti səlahiyyətlərimdən
sui-istifadə edirəm. Ancaq uzun fasilədən
sonra həmin konsertdə ilk dəfə səhnəyə
çıxdım, konsert möhtəşəm alındı.
Sonradan 55 illiyimdə, 60 illiyimdə bu cür
konsertlər təşkil etdik, ənənə halına
saldıq.
- Səfirin
işi çox olur?
- Rusiya ilə Azərbaycan arasında geniş əlaqələr
var. Gündə Moskvadan Bakıya yeddi təyyarə uçur.
Yeddi reys, 7-ni 150-yə vursaq gündə 1500 adam
edir. Qatar gedir, həftədə
üç-dörd dəfə o baş-bu başa reys edir.
İnsanlar avtobuslarda da gedirlər. Nəhəng mal dövriyyəsi var. Rusiyada bizim
böyük diasporumuz var. İndi sərt miqrasiya qaydaları
ilə bağlı işimiz həddən artıq
çoxalıb. Çox şikayətlər
daxil olur, narazılıq çoxdur. Anlaşılmazlıq
var. Biz heç bir halda Rusiyanın və istənilən
başqa ölkənin öz daxilində qayda yaratmaq
hüququna şübhə etmirik. Nə qədər
qayda olsa o qədər yaxşıdır.
- Moskvada
necə işləyirsiniz?
- Moskva dünyanın siyasi mətbəxlərindən
biridir. Aydındır ki, Moskvada səfirlik və
səfir kifayət qədər məsuliyyətli və
mühüm işdir. Bizdə MDB səfirləri
arasında belə zarafat var, deyirlər “Moskvada səfirdən
çox səfir var”. Hazırda Soçi
Olimpiadasının açılışı
üçün bizim prezident İlham Heydəroviç
Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol
görüşləri və tədbirləri gözlənilir.
İşləyirik, məlumatlandırırıq.
Razılaşdırırıq.
İki il əvvvəl Azərbaycan
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilmişdi. Bu cür yüksək
beynəlxalq səviyyəyə çatan ilk keçmiş
sovet respublikası olduq. İki il ərzində
bizim səsimiz beynəlxalq problemlərin həllində əhəmiyyətə
malik oldu. Deyə bilərəm ki, Azərbaycan Cənubi
Qafqazın lideridir və regionda kifayət qədər
mühüm yer tutur.
- İşdə “müğənni Polad
Bülbüloğlu” diplomat Polad Bülbüloğluna kömək
edirmi?
- Zarafatla belə aforizm fikirləşmişəm:
“Musiqiçilər də, diplomatlar da not yazır”.
- Vaxt
tapanda adətən nə ifa edirsiniz?
- Boqoslovskinin “Qaranlıq gecələr”ini.
(Gülür) Çünki pəncərədən
baxanda artıq qaranlıqdır. Yox, hətta vannada da
oxumuram! Olur ki, yaxın dostların əhatəsinə
oxuyuram. Bu yaxınlarda mənim köhnə
dostum Andrey Dementyevin Kreml sarayında yubileyi idi. Onun iki şerinə mahnım var. Həmin yubileydə
o mahnıları oxudum.
Yekatrinburqda mənim balet tamaşam səhnəyə
qoyulub, “Məhəbbət və ölüm” adlanır. Bu, mənim
üç il ərzində başa
çatdırdığım ciddi işimdir. Moskvaya
gələndən sonra atamın oxuduğu 10 Azərbaycan xalq
mahnısını işlədim. Bunlar
öz harmoniyasına görə sadə kompozisiyalardır.
Onlara simfonik orkestrin donunu geyindirmək asan olmadı.
Qeyd etmək istəyirəm ki, mən Qara
Qarayevin tələbəsiyəm. Qara
Qarayev isə Şostakoviçin tələbəsi idi. Belə alınır ki, musiqidə mən bir növ
Şostakoviçin nəvəsiyəm. Filmlərə
çox mahnılar yazmışam və o mahnıları
yazmaq üçün böyük orkestrlərdən istifadə
etməyə can atırdım. İki il əvvəl
“Azərbaycanfilm” kinostudiyasının xahişi ilə “Dolu”
filminə musiqi yazdım. Onda da
kinematoqrafiyanın böyük simfonik orkestri ifa etdi.
- Biz
çalışdıq sizin iştirakınızla çəkilmiş
“Qorxma, mən səninləyəm!-1919” filmini tapaq. Tapa bilmədik...
- Elə bu yaxınlarda həmin filmin Tulada təqdimatı
oldu. Filmdə Lev Durov, Muxtarbek Kantemirov da çəkiliblər.
Bu film böyük ekranlara çıxacaqmı?
Hazırda prodüserlər telekanallarla bu barədə
danışıqlar aparırlar. “Qoskino”nun
vaxtında hər şey sadə idi. Hamı əvvəlcədən
bilirdi ki, film nə vaxt hazır olacaq, hara gedəcək...
- Axı
siz də çəkilişlərdə iştirak
etmişiniz...
- Hə, ancaq bu tamam ayrı filmdir. İndi
əhvalat bizim uşaqlarımızın başına gəlir.
Mən yenə Teymur rolunu oynayıram, hansı
ki, hörmətli bəstəkar, deputat olur. Filmdə mənim böyük ailəm var, oğlum,
iki qızım. Onlardan birini mənim
öz qızım Leyla oynayır. Maraqlı
əhvalatlar baş verir, hesab edirəm ki,
tamaşaçılara maraqlı olacaq.
-
Uşaqlarınızdan musiqi ilə məşğul olanı
var?
- Böyük oğlum məşğul olub. 30
yaşında Rusiyanın əməkdar artisti olmuşdu,
Çaykovski adına Simfonik orkestrin
aparıcı faqotçusu idi. Ancaq sonradan təəsüf
ki, orkestrdən getdi, indi bizneslə məşğuldur, ailəsi,
uşaqları var...Mən iki dəfə baba olmuşam!
- Məşhur
ailədə doğulmaq necə idi?
- Bunu sözlə təsəvvür etmək çətindir.
Atam 1938-ci ildə artıq SSRİ xalq artisti idi, ölkədə
bu adı alan ilk adamlardan olmuşdu. Buna baxmayaraq atam həmişə özünü sadə
aparırdı. O vaxtlar ayrı idi, hamı təxminən
eyni cür yaşayırdı. Doğrudur, o vaxt
atamın maşını var idi, zəmanə
üçün nadir hal sayılırdı. Və mən artıq doqquz yaşımda atamın
“ZİM”inin sükanı arxasına keçmişdim. Sükanın arxasından başım güclə
görünürdü. Qonşular təəcüblənirdilər
ki, konservatoriyanın professoru bu cür maşını
uşağa necə etibar edir. Atam isə əlini yelləyib
deyirdi: “Polad artıq öyrənib”.
Yeni
Müsavat.- 2014.- 5 fevral.- S.11.