M.Ə. Rəsulzadənin Rumıniyadakı fəaliyyəti
1939-cu il sentyabrın
əvvəlində Polşanın
almanlar, sentyabrın
18-də isə sovet ordusu tərəfindən işğalından sonra M.Ə.Rəsulzadənin burada
yaşaması artıq
qeyri-mümkün idi.
1939-cu ilin avqustunda o, dincəlmək
üçün Rumıniyanın
Köstəncə (Konstansa-Rumıniyanın
Dobruca bölgəsində
şəhərdir) bölgəsinə
getmişdi. Həmin
zamanda Varşavada olan Rusiya Türklərinin
siyasi mühacirləri
Ayaz İshaqi, Əli Azərtəkin, Balo Bilatti, Edige
Mustafa Krıməl, Səid
Şamil, Mirzə Bala Məmmədzadə almanların və rusların əlinə düşməmək üçün1939-cu il sentyabrın 6-da təcili Rumıniyaya, oradan Türkiyəyə getmişdilər.
M.Ə.Rəsulzadə isə
1940-cı ilin
23 iyununda Köstəncədə
Türkiyədən gələn
dostu Həmdullah Sübhi Tanrıövəri
qarşılamış, onunla
birgə Buxarestə getmiş və onun maddi dəstəyi
ilə savaşın sonunadək orada “Kiryazi” hotelində qalmışdı.
Buxarestdə
olduğu dövrdə
o, zamanının çoxunu
Türkiyənin buradakı
Böyükelçiliyində keçirir, böyük Azərbaycan şairi olan Nizami Gəncəvi
haqqındakı araşdırmasını
tamamlayırdı.
1944-cü ildə almanlar Stalinqradda məğlub olduqdan sonra sovet ordusu
Rumıniyaya doğru irəliləməyə başladı. 1944-cü ilin aprelində
amerikalılar Buxaresti
bombaladılar. 1944-cü il avqustun
23-də Buxarestdə hökumət
çevrilişi baş
verdi. Yeni hökumətin sovetlərə
atəşkəs elan
etməsindən sonra M.Ə.Rəsulzadə Almaniyanın
Mittenvald bölgəsindəki
qaçqın düşərgəsinə
getdi.
Gürcüstandakı fəaliyyəti
M.Ə.Rəsulzadənin
Gürcüstanda olması
ilə bağlı
ilk məlumat 1915-ci ilə
aiddir. 1915-ci ilin
fevralında o, Tiflisdə
olur və ayın 8-də Gürcüstanın
böyük şairi Akaki Seretelinin dəfn mərasimində iştirak edir, orada
nitq söyləyir.
M.Ə.Rəsulzadənin
Gürcüstandakı əsas
fəaliyyəti isə
1918-ci ilin əvvəllərindən
başlayır.
1918-ci il martın 6-da Rusiyada - Petroqradda Millətlər Məclisinin buraxılması
haqqındakı dekretin
verilməsindən sonra
1918-ci il yanvarın
22-23-də Tiflisdə Zaqafqaziyadan
Müəssisələr Məclisinə
seçilənlərin toplantısı
keçirildi. Rusiyadakı vəziyyətin
anarxiya və xaos olduğunu nəzərə alıb, üç Zaqafqaziya xalqının nümayəndəsi
yerli qanunverici orqan olan Zaqafqaziya
Seyminin yaradılması
haqqında qərar qəbul etdilər. Azərbaycan siyasi partiyaları Seymdə 44 yer (30-u Müsavat olmaqla) aldı. Ümumi saya görə
Seymdə bu ikinci yer idi.
Seymin
ilk toplantısı 1918-ci ilin
23 fevralında keçirildi
və Zaqafqaziya Seymində Müsavat fraksiyasının lideri M.Ə.Rəsulzadə, onun
müavinləri isə
N.Yusifbəyli və M.Y.Cəfərov təsdiq
olundu.
Bu dövrdən başlayaraq M.Ə.Rəsulzadənin
Gürcüstanda fəal
siyasi həyatı başlayır.
1918-ci il martın 5-də M.Ə.Rəsulzadə
Seymin iclasında konstitusiyanın işlənib
hazırlanması məsələsini
irəli sürür.
1918-ci ilin martın
14-də Trabzonda keçirilən
Sülh Konfransında
M.Ə.Rəsulzadə də
iştirak edir və burada Türkiyə nümayəndələri artıq
Zaqafqaziya nümayəndələrindən
respublikaların siyasi
quruluşları haqqında
qətnamə tələb
edirlər.
1918-ci ilin 31 mart hadisələri
ilə bağlı isə M.Ə.Rəsulzadə
aprelin 1-də Tiflisdə
keçirilən Seymin
toplantısında bildirirdi:
“Əgər Zaqafqaziya
hökuməti lazımi
qəti addımlar atmasa, bizim burada
oturub həmrəy iş aparmağımız
qeyri-mümkün olacaq”.
Aprelin
9-da olan çıxışında
isə M.Ə.Rəsulzadə
Zaqafqaziyanın müstəqilliyinin
vacibliyini xüsusi vurğulayırdı.
Onun təşəbbüsü
ilə 1918-ci il mayın 3-də Azərbaycan
fraksiyalarının toplantısında
(Müsavat-30, “Müsəlman sosialist bloku”-7, bolşevik və “hümmət”-menşevik-4, “ittihad”-4)
Azərbaycan, Gürcüstan,
Ermənistan və Şimali Qafqazın Konfederasiyası ideyasının müdafiəsi
haqqında qərar da qəbul edildi.
1918-ci ilin 14-15 mayında M.Ə.Rəsulzadə
Zaqafqaziya nümayəndə
heyətinin tərkibində
Batuma gedir və regionun siyasi gələcəyi ilə bağlı Almaniya və Türkiyə hökuməti
təmsilçiləri ilə
mürəkkəb danışıqlar
aparır.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxılır və Seymin azərbaycanlı üzvləri
Azərbaycanın idarə
olunmasını üzərinə
götürən Azərbaycanın
Milli Şurasını
yaradırlar. Gizli səsvermə
yolu ilə (24 nəfərin iştirakı
ilə 2 nəfər əleyhinə olmaqla) M.
Ə. Rəsulzadə 22 səslə
Milli Şuranın sədri seçilir.
Həmin il iyunun 4-də isə Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk dostluq Müqaviləsi imzalanır.
Müqavilənin IV maddəsində Osmanlı hökumətinin
Azərbaycana silahlı
yardım göstərmək
haqqının olduğu
qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti
adından M.Ə.Rəsulzadə
və M.Hacınski imzalayır.
1918-ci il iyunun ortalarında Azərbaycan Milli Şurası başda M.Ə.Rəsulzadə və
Azərbaycan hökuməti
(F. Xoyskinin sədrliyi)
Gəncəyə gəlir.
Rusiyadakı həyatı
M.Ə.Rəsulzadənin
Rusiya mühitinə yaxınlığı gənclik
illərindən başlayıb. Özü “Rus-müsəlman” məktəbində
oxumuş, rus dilində təhsil almışdı. Bundan əlavə,
onun rus dilindən əsərlər
tərcümə etməsi
də məlumdur.
O, müxtəlif vaxtlarda
F.M.Dostoyevskidən, M. Qorkidən,
Blyumindən marqlı
tərcümələr etmiş,
Stalinin xahişi ilə yazdığı gənc türklər haqqında olan məqaləsini “Volna” jurnalında rus dilində çap etdirmişdi.
1917-ci il aprelin sonlarında isə ilk dəfə olaraq Moskvaya getmiş, orada mayın 1-11-də keçirilən
Ümumrusiya müsəlmanlarının
qurultayında iştirak
etmişdi. Onun irəli sürdüyü
“ərazi muxtariyyəti”
ideyası qurultayda 271
səsə qarşı
446 səslə qəbul
edilmişdi.
M. Ə. Rəsulzadənin
Rusiyada uzunmüddətli
yaşayış dövrü
1920-1922-ci illəri əhatə
edir. Belə ki, 1920-ci ilin
noyabrında İ.V.Stalin
Bakıya gəlir, burada partiya tədbirində iştirak
edir və M.Ə.Rəsulzadəni həbsdən
azad edib Moskvaya aparır. Moskvaya o, əmisi oğlu - Müsavat Partiyasının
qurucularından olan Məhəmməd Əli Rəsuloğlu ilə birgə aparılır.
Onlar Moskvada ümumi nəzarət altında yaşayır.
Moskvada M. Ə. Rəsulzadə
İ. V. Stalinin başçılıq
etdiyi RSFSR Millətlər
Komissarlığının “Jizni natsionalnostey” - “Millətlər həyatı”
jurnalı ilə əməkdaşlıq edir,
bir müddət Şərq Dilləri İnstitutunda fars və rus dillərini
tədris edir.
M.Ə.Rəsulzadə getdikcə sərtləşən bolşevik
rejimində yaşamağın
qeyri-mümkünlüyü qərarına gəlir. Digər tərəfdən
də Müsavat Partiyasından olan dostları onun buradan getməsini
vacib sayırdılar.
1922-ci ilin iyun-iyul aylarında M.Ə.Rəsulzadə elmi
ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan tatar
maarifçisi Musa Bigiyevin
köməyi ilə Finlandiyaya keçir. 15 gün ərzində
fin əsgərlərinin nəzarətində
qalır, bir müddət Helsinkidə yaşayır, oradan Fransaya, Almaniyaya, sonradan isə Türkiyəyə gedir.
Nəsiman YAQUBLU
Yeni
Müsavat.- 2014.- 6 fevral.- S.10.