Azərbaycan adlı səhranın bəyaz günəşi

 

Rüstəm İbrahimbəyovun 75 yaşı tamam oldu

 

Bir millətin sərvəti neft ola bilməz. Neft əvvəl-axır tükənir. Tükənən bir nəsnə gerçək sərvət sayıla bilməz. Milli sərvət heç zaman tükənməyəcək bir nemət olmalıdır. Belə sərvət millətin üzə çıxartdığı ziyalılardır. Onlar özləri fani olurlar, lakin yaratdıqları qalır, yaşayır və sevilir. Üzeyir Hacıbəyov, Qara Qarayev dünya durduqca qalacaq və seviləcəklər. Sənətə, elmə xidmət etmək, qeyri-adi istedad sahibi olmaq ölməzliyə yol açır.

Azərbaycandan kənara çıxdıqda, neftlə qürur duymuruq. Bu barədə heç düşünmürük də. Nefti milli sərvət adlandırmağa hətta utanırıq da. Lakin fəxrlə “bizim Rüstəm İbrahimbəyov kimi ziyalımız var” deyə hayqıra bilirik.  Bir anlığa təsəvvür edək ki, Rüstəm İbrahimbəyov, Müslüm Maqomayev, Çingiz Hüseynov kimi ziyalılarımız olmazdı. Biz kiminlə fəxr edəcəkdik - bazarda qərənfil satan soydaşımızla, yoxsa adi, boz kütlədən heç nə ilə seçilməyən orta statistik vətəndaşımızla?!

R.İbrahimbəyov o ranqlı simalardandır ki, onun bir kəlməsi ictimai rəyi dəyişməyə qadirdir. Seçkilər öncəsi bunun şahidi olduq. Dünya şöhrətli yazıçının hakimiyyət əleyhinə çıxışları iqtidarda zəlzələ effekti yaratdı. Yalnız sanballı ziyalının sözünün çəkisi bu dərəcədə təsirli ola bilər.

Görünür, ziyalılara avtoritar hakimiyyətlərdə olan nifrətin kökündə elə bu amil dayanır. Elə bu amilə görə, Almaniyada ikinci cahan savaşı öncəsi üçüncü reyx Albert Eynşteynin varlığından narahat idi.

Belə bir zamanda, 1933-cü ildə, A.Eynşteyn Almaniyanı tərk edərək ABŞ-a köçdü. Tezliklə dünya şöhrətli fizik etiraz əlaməti olaraq, Almaniya vətəndaşlığından imtina edərək, Bavariya Elmlər Akademiyası üzvlüyündən istefa verdi. Bundan itirən A.Eynşteyn olmadı, fizikin xatirəsi önündə bu gün də ziyalılar ehtiramla baş əyirlər. Lakin indi nə Hitleri xoş sözlərlə xatırlayan var, nə onun hakimiyyətini. Elmə xidmət edən şəxsiyyətin hörməti də daimi olmalı idi. Bu bir ilahi nizam göstəricisidir.

 

*  *  *

Bu gün 75 yaşını qeyd edən Rüstəm İbrahimbəyov da yarım əsrdən çoxdur ki, sözə xidmət edir və bu baxımdan, hakimiyyətin ona qarşı apardığı təbliğat bumeranq effektinə çevrilir.

Seçki öncəsi yazıçıya qarşı aparılan təbliğatı bu sətrilərin müəllifi belə ifadə etmişdi: “R.İbrahimbəyovla döyüş metodları sanki ağır çəkili bir sumo güləşçisi ilə başında aerodrom kepka, əlində təsbeh tutan ”tində duran cayılı"ın “razborkası”na bənzəyir".  Ona qarşı qara “piar” aparanlar çox güman ki, yazıçıdan bir cümlə belə oxumayıblar. Əgər oxusaydılar, bir qədər insaflı olardılar.

 

*  *  *

Rüstəm İbrahimbəyovun əsərləri özündə Şərqi və Qərbi birləşdirir. Yazıçının dünyasında Şərqlə Qərbin qovuşması, köklü mədəniyyətin təzahürləri, mətnlərin çoxqatlı müəmmasını onun dahiliyinin təsdiqidir. İncə, parlaq, cazibədar “Səhranın bəyaz Günəşi”, nəğmə, bayatı ruhlu “Eşqin ərazisi - Urqa”, Rusiya kinosuna yeni nəfəs gətirən “Sibir bərbəri”, kəskinliyi ilə seçilən “Köçəbə”... bir-birilərindən köklü surətdə fərqlənirlər.

R.İbrahimbəyovun ssenarilərinə çəkilən filmlər bir qayda olaraq əsərlə müqayisədə zəif olur. Hətta son dərəcə uğurlu alınmış filmlər belə ssenarinin yanında olduqca zəif təsir bağışlayır. “Səhranın bəyaz Günəşi” ssenarisinin yanında SSRİ dövrünün ən güclü filmlərindən olan eyni adlı kino az qala multfilmə bənzəyir. Hətta olduqca güclü rus kinematoqrafiyası da R.İbrahimbəyovun əsərlərini olduğu kimi səhnələşdirməkdə aciz qalır. Bircə bu amil kifayət edir ki, soydaşımızın dəyərini dərk edə bilək.

Rüstəm İbrahimbəyovun 50-yə yaxın ssenarisi ekran təcəssümünü tapıb. “Rəsul Həmzətov -  etiraflar” ssenarisinə Rüstəm İbrahimbəyovun yaxın qohumu Murad İbrahimbəyov quruluş verib. R.İbrahimbəyov yalnız sevdikləri və istedadına inandığı simalarla çalışır, yalnız bu halda gördüyü işdən ləzzət ala bilir. Yazıçıya yalan içində fəaliyyət göstərmək ölümə bərabərdir. Elə bu səbəbə R.İbrahimbəyov başdan-ayağa riyakar hesab etdiyi hakimiyyətdən üz çevirdi. R.İbrahimbəyov səmimi olmayanlarla bir yerdə ola bilməzdi. Bu, öncədən bəlli idi. R.İbrahimbəyov üçün siyasət də bir yaradıcılıqdır. Özü bəyan edir ki, komandada kim varsa, hamısına bütövlüklə etimad göstərməlisən, əks təqdirdə, heç nə alınmayacaq. Etimadsızlıq bitən yerdə yazıçının imkanları da bitir. “Oskar”ın sahibi gördüyü işin düzgünlüyünə sonsuz inam bəsləyir. İnamını itirəndə isə artıq o işin içində olmur. Bu, birmənalıdır.

Bəri başdan yazıçını anlamaq lazım idi. Rüstəm İbrahimbəyov texniki ixtisas sahibidir, vaxtilə Kibernetika İnstitutunun aspirantı olub. Texniki ixtisas sahiblərinin proseslərə baxışı romantika üzərində qurulmur, daha rasional olur, dəqiq hesablamalara üstünlük verilir.

Texniki elmlər barədə təsəvvürü olanlar təsdiq edir ki, R. İbrahimbəyovun əsərlərində mütləq fəlsəfi-riyazi məzmun olur. O, sadəcə hərfləri ardıcıllıqla düzmür. R.İbrahimbəyovun əsərləri  nüvə partlayışı effektini yaşadır. Onu tənqid edənlər, təhqirə məruz qoyanlar əgər yazıçının bircə əsərini oxusaydılar, bilərdilər ki, R.İbrahimbəyovun yaradıcılığı ilə tanış olarkən, öncə heç bir şey hiss etmirsən, oxumağa başlayandan sonra şahidi olursan ki, adi sözlərdə, proseslərdə “gizli nəsnə” yatır.

Yazıçının əsərləri də ictimai fəaliyyəti kimidir. Uzun müddət onu müşahidə edirsən, lakin “gizli nəsnə”ni tapa bilmirsən, anlamağa çətinlik çəkirsən - “harada, nə gizlənib”. Onun əsərlərini oxuyanda oxucuda belə bir fikir yarana bilər ki, yazıçı heç özü də tam başa düşmür ki, “gizli nəsnə” harada gizlənib. R.İbrahimbəyovu dərk etmək çətindir. Onun hər bir yeni əsəri ayrıca bir dünyadır. Gizli, ziddiyyətli və cəlbedicidir. Duyulan yalnız budur ki, R.İbrahimbəyov öz prinsiplərini çoxdan və həmişəlik müəyyənləşdirib, onları heç kəsə güzəştə getməyəcək. Hər bir əsərində R.İbrahimbəyov eyni zamanda özünü təsvir edir. Hətta “Bağlı qapı arxasındakı qadın”dan tutmuş “Anın quruluşu”na kimi R.İbrahimbəyovun bir hissəsi əsərlərindəki “gizli nəsnə”yə çevrilib. Onun yaradıcılığı ilə tanış olanlar dərk edirlər ki, R.İbrahimbəyov öz qəhrəmanının qaynar daxili yaşantıları içindən keçirməsə, yaza bilməz. Elə bu səbəbə R.İbrahimbəyova “Azərbaycanın Marsel Prustu” deyirlər.

R.İbrahimbəyovu ssenarist, rejissor, prodüser, siyasətçi kimi təhlil etdikdə, bir məqam üzə çıxır - onun müəmmalı şifrləri üzərində rəqibləri, bədxahları hələ çox baş sındırmalı olacaq. Ən “gizli nəsnə” isə o olacaq bədxahları düşünəcəklər - Rüstəm İbrahimbəyov nəyi gizlədir?

R.İbrahimbəyovun çılpaqlığı ilə yazdığı bəlkə də yeganə əsəri “Dalğaların quruluşu” povestidir. Ən çox maraq doğuran bu povestin müəllifi bundan yüz il sonra da xatırlanacaq. 

Saysız-hesabsız əsərlərin müəllifi miqyasına görə o dərəcədə böyükdür ki, ona qiymət verə bilməkdən ötrü yazıçı ilə eyni dövrdə deyil, ən azı bir əsr sonra yaşamalısan. Rüstəm İbrahimbəyov zamanı qabaqlayan bir yazıçıdır. Azərbaycanda yaşayıb, onu qiymətləndirə bilmək elə də asan deyil. R.İbrahimbəyov Azərbaycan adlı səhranın bəyaz günəşidir...

 

Azər RƏŞİDOĞLU

 

Yeni Müsavat.- 2014.- 6 fevral.- S.9.