Rəsulzadənin
Atatürklə münasibətləri
M.Ə.Rəsulzadə
1922-ci ilin sonlarından 1931-ci ilə qədər (müxtəlif
ölkələrdə də olmasını qeyd etməklə)
Türkiyədə mühacirət həyatı
yaşayıb. Sonradan isə 1947-1955-ci illərdə yenidən
Türkiyəyə qayıdaraq fəaliyyətini davam etdirib.
1922-1931-ci illərdəki Türkiyə həyatı
görkəmli dövlət xadimi, Türkiyə Cümhuriyyətinin
qurucusu M.K.Atatürkün ölkəyə
başçılıq etdiyi dövrə təsadüf edib.
1923-cü ildə İzmirdə keçirilən kitab
festivalında M.Ə.Rəsulzadənin elə həmin ildə
İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti
(keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)”
kitabı “Atatürk mükafatı”na layiq görülüb.
Qeyd edək ki, həmin kitabı Atatürk öz şəxsi
kitabxanasında da saxlayıb.
M.Ə.Rəsulzadəyə və bütövlükdə
Sovetlər Birliyindən olan mühacirlərə
M.K.Atatürkün münasibəti Sovet dövlətinin təzyiqi
altında tədricən dəyişib və 1931-ci ildə
onların ölkədən çıxmasını tələb
edib. M.K.Atatürkün sonra- dan imzaladığı sənədlərdə
isə digər ölkələrin mühacirləri ilə
yanaşı M.Ə.Rəsulzadənin də nəşr etdiyi
qəzet və jurnalların Türkiyədə yayımı
qadağan olunub.
M.Ə.Rəsulzadə Türkiyə dövləti ilə
əlaqəsini əsasən tanınmış dövlət
xadimi Həmdullah Sübhi Tanrıövər vasitəsi ilə
qurub. Onun M.K.Atatürklə şəxsi münasibətinə
və görüşlərinə aid hələlik əsaslı
mənbə əldə edilməyib.
Lakin M.Ə.Rəsulzadənin M.K.Atatürkə
münasibəti yüksək səviyyədə olub və onu
“Qurtulan Şərqin simvolu” adlandırıb (1).
Bax: M.Ə.Rəsulzadə. “Qurtulan Şərqin simvolu”.
“Azərbaycan” jurnalı, İl-2, noyabr-dekabr, 1953-cü il
sayı-8-9(20-21)
Stalinlə
əlaqəsi
Qeyd edək ki, Stalinlə M.Ə.Rəsulzadənin
yaxın münasibətləri, şübhəsiz ki, olub. Hər
ikisinin apardığı mübarizənin də hədəfi
eyni idi - çarizm rejimi. M.Ə.Rəsulzadə Müsavat
Partiyasındakı fəaliyyətinə qədər
sosial-demokrat ideyalara sahib olub, bolşeviklərlə
yaxınlıq edib. Müəyyənləşdirilib ki, Stalin
Bakıya 1904-cü ilin iyununda bolşevik təşkilatının
fəaliyyətini gücləndirmək üçün gəlib.
O, yüksək bacarığı,
çalışqanlığı və
sarsılmazlığı ilə seçilirdi. Dostları isə
onu “Koba” adlandırırdı. Koba gürcülərdə bir
quldur dəstəsinin qəhrəmanının adı idi.
Bakıya gələndə - 1904-cü ildə onun 25
yaşı vardı. Onun və fəaliyyətini gücləndirdiyi
RSDFP-nin Bakı təşkilatının əsas məqsədlərindən
biri burada olan fəal siyasətçiləri və təşkilatları
öz tərəflərinə çəkmək idi. M.Ə.Rəsulzadənin
də o zaman yaratdığı “Azərbaycanlı Gənc
İnqilabçılar Dərnəyi” müsəlmanlar
arasında maarifçilik fikirlərini yayır, təşkilat
üzvlərində milli hisslər oyadır, rus məktəblərində
tədris olunmayan türk dilini öyrədir, fəhlələr
arasına gedib azadlıq və inqilabi fikirlər
yayırdı. Bu təşkilatın fəallığı
Stalinin və onun bolşevik dostlarının diqqətinə səbəb
olmuşdu.
Onları ilk dəfə əmisi oğlu M.Ə.Rəsuloğlu
tanış edir. M.Ə.Rəsulzadə ilk görüşlərini
belə xatırlayır: “Bakı ətrafında yerləşən
Balaxanı neft mədənləri tərəfdə bir zavodun
fəhlələrinə məxsus evlərdən birində
olduqca bəsit bir otaqda qarşımıza arıq, ortadan bir
az hündür boylu bir şəxs çıxdı. Sadə
geyimli bu zatın çopur-çopur olan üzünə diqqət
etdim. Ciddi bir halda gülümsəyirdi. Bizi təbii və sərbəst
bir əda ilə qarşıladı. Rusca
danışığında gürcü ləhcəsi
qüvvətli hiss olunurdu. Təbii xoş-beşdən sonra
söhbət siyasi və sosial məsələlər
üstünə keçdi”.
Sonradan çarlıq əleyhinə olan müəyyən
toplantılarda həm də “Təkamül” qəzetinin təmsilçisi
olan M.Ə.Rəsulzadənin çıxışını
Stalin müdafiə etmişdi.
M.Ə.Rəsulzadə 1908-ci ildə Bakıda
İ.V.Stalinlə olan bir görüşündə isə
onun təklifi ilə “Qudok” qəzeti üçün “Gənc
türklərin qələbəsi haqqında” məqalə
yazdığını da bildirir. Həmin məqalə ilə
bağlı fikir müxtəlifliyi olsa da, Stalin müdaxilə
edir: “Rəsulzadənin məqaləsi yerindədir, orada
yürüdülən mühakimə çox haqlıdır,
məqalə basılmalıdır”.
1908-ci ilin martın 25-də Stalin Bakıda həbs
edilir, Bayıl həbsxanasına salınır. Həmin ilin mart-sentyabr
ayında onu qaçırmaq baş tutmur. Stalini Voloqda
quberniyasının Solviçeqodsk şəhərinə
sürgün etmək qərara alınır. Ona istənilən
köməyi etmək üçün isə partiya
kassasında pul yox idi. Belə bir vaxtda inqilabçılar
M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Nicat” cəmiyyətinin
iştirakı ilə “Nüfuzlu olan məşhur xanım və
bəylərdən, tanınmış aktyor və aktrisalardan
mürəkkəb bir dəstə ilə bağ gəzintisi”
düzəldirlər. Nəticədə yaxşı gəlir əldə
edilir. M.Ə.Rəsulzadə yazırdı: “Bizim hissəmizə
düşəcək gəlir hesabına yoldaş Kobanın
(yəni Stalinin) qaçırılmasını finansə etmək
üzrə 200 rublə istəmişdilər”. Gəzintinin
üçüncü günü pulu apararkən
faytonların qabağını əvvəlcədən
hazırlanmış silahlı adamlar kəsir. Pulu alıb
aparırlar".
M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndinin
yaşlı adamları isə onun Stalini çar polisindən
gizlədərək oradakı məsciddə
saxladığını deyirdilər.
M.Ə.Rəsulzadənin Karaqandada - sürgündə
yaşamış oğlu Azər isə xatirələrində
onları həbs edərkən qoca nənəsinin: “Stalin bizim
evdə çox olub. O, bilsə bizi azad edər” - fikrini də
söyləmişdi.
Stalin isə 1920-ci ildə həbsxanada onunla
görüşərkən maraqlı açıqlama verir:
“Siz keçmiş mübarizə yoldaşısınız.
Ziyarətimin yeganə səbəbi də budur. Çar
istibdadına qarşı mücadilələrinizi, Sizin
inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi
bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət
olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək,
nə də ömrü boyu həbsxanalarda
çürüdüləcək bir insan deyilsiniz. Məncə
Sizə azadlıq verilməlidir”.
Stalinin M.Ə.Rəsulzadəni xilası ilə bağlı
bir neçə fikir söylənilir. Hələlik təsdiqlənməyən
bir fakta əsasən o, həbs olunanda “Gizli Müsavat”ın
tapşırığı ilə Ağabala Qasımov
Vladiqafqaza gedib Stalinə məlumat çatdırır və
Stalin də keçmiş mübarizə dostunu xilasa gəlir.
Bəzi faktlar isə (bu haqda yazılı mənbələr
vardır) Stalinin Bakıya hökumətin
tapşırığı ilə gəldiyini göstərir.
Çünki 1920-ci ilin noyabrın 6-da Oktyabr inqilabının
bayramı qeyd olunurdu və Stalin həm də Bakı şəhər
Sovetinin plenumunda iştirak edirdi. Stalin M.Ə.Rəsulzadə
ilə həbsxanadakı görüşündə bu sözləri
deyir: “Buraya gəlincə həbs edildiyini öyrəndim” (1,
s. 26).
Stalinlə Moskvaya getmək məcburiyyətində qalan
M.Ə.Rəsulzadə burada Şərq Dilləri
İnstitutunda fars və rus dillərini tədris edir. Moskvada
yaşadığı müddətdə Stalin ona qarşı
diqqətli olur. Lakin M.Ə.Rəsulzadə ona təklif edilən
əməkdaşlığı qəbul etmir.O, Stalinin
başçılıq etdiyi Millətlər
Komissarlığında Şərqi öyrənmə işləri
ilə məşğul olacaq bir cəmiyyətə sədrliyə
də razılaşmır və Moskvada yeni yaradılan “Şərq
Millətləri Kommunist Universiteti”nin “Şərq ölkələrində
inqilab hərəkatları” kafedrasında
çalışmaqdan imtina edir. “Şərqdən -
Əfqanıstandan gələn qonaqları Sovet hökuməti
adından qarşılamaq şərəfi” təklifinə
qürurunu sındırmayıb deyir: “Adi bir mütərcim vəziyyətinə
düşmək istəmirəm”.
M.Ə.Rəsulzadə Moskvada olarkən Azərbaycanda
gedən əlifba məsələləri ilə bağlı
(ərəb, yoxsa latın əlifbası) D.Bünyadzadənin
şəxsi xahişi ilə bir layihə hazırlayır və
bu haqda yazdığı məqaləni Millətlər
Komissarlığı tərəfindən nəşr olunan
“Jizni natsionalnostey” (“Millətlərin həyatı”)
jurnalında çap etdirir. Onun məlumatı və
razılığı olmadan məqalənin sonunda “bu əlifba
islahatı ilə bağlı fikirlərinin guya kommunizmi
müvəffəqiyyətlə yaymaq niyyətindən irəli
gəldiyi” qeyd olunmuşdu. M.Ə.Rəsulzadə buna ciddi
etirazını bildirmiş, narazılıq məzmununda bir məktubu
redaksiyaya göndərsə də çap edilməmişdi.
Moskvada siyasi mübarizədən kənar “ətalət
içində” qalmağı, “Müsavat” Partiyası rəhbərliyinin
onun xaricə gedib “Milli hərəkatı təmsil edərək
faydalı olacağını bildirməsi” buradan getmək
fikrini qətiləşdirdi.
“Gizli Müsavat” təşkilatı
başçısının müavini Əbdülvahab Yurdsevər
yazırdı: “Müsavat Partiyasının gizli Mərkəzi
Komitəsinin ən mühüm təşəbbüslərindən
biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq
olmuşdu. Əvvəlcə bir yoldaş vasitəsi ilə,
sonra isə sabiq parlament üzvü, mərhum Rəhim bəy
Vəkilovu və Bakı əsgəri təşkilatının
rəisi, şəhid yoldaşımız doktor Həsənzadəni
bir qədər pul ilə Moskvaya göndərmək surətiylə
M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. M.Ə.Rəsulzadəyə
təklif olunmuşdur ki, elmi tədqiqat adı ilə Leninqrada
(Sankt-Peterburqa) getsin. Onun oradan rəhmətlik tatar
maarifçilərindən Musa Cərullah Bigiyevin müyəssər
yardımı ilə və qayıqla Fin körfəzi üzərindən
üzərək Finlandiyaya qaçırılması təmin
edilmişdi”.
M.Ə.Rəsulzadə tanınmış tatar
maarifçisi M.C.Bigiyevin köməyi ilə Sankt-Peterburqdan
Fin körfəzinə, oradan Finlandiyaya keçir. Burada fin gözətçiləri tərəfindən
saxlanılır və on beş gün müddətində
Fernogidəki qarantində qalır. Sonra Helsinkiyə gedib bir
aya qədər tatar koloniyasının müsafiri olur, buradan
isə Almaniyaya, oradan Parisə, Parisdən də İstanbula
gedir. İstanbuldan Stalinə məktub yazıb getməyinin səbəbini
izah edir və ona sayğılarını bildirir: “Öz siyasi
əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda
Sizin də xeyirxahınız olaraq qalır, şəxsinizə
qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə
mənə qarşı göstərdiyiniz əlaqəni
heç bir zaman unutmayacağıma inamınızı
xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək
fürsətini cani-dildən təmənna etdiyimi ərz edirəm.
Ehtirami-tamla: Rəsulzadə Məhəmməd Əmin. Yanvar,
1923".
Sonradan M.Ə.Rəsulzadənin
bolşeviklər və sovet hakimiyyəti əleyhinə kəskin
fəaliyyəti Stalini narahat etdi. Bolşeviklər
partiyasına başçılıq edən Stalin M.Ə.Rəsulzadə
əleyhinə hazırlanan kitabda aşağıdakı tezislərin
olmasını şəxsən özü məqsədəuyğun
bilmişdi:
1.
Satqınçılıqda. O, bolşevik idi, lakin onlara xəyanət
etdi.
2. Türklərin
maraqlarına xəyanətdə. Çünki o və onun
“Müsavat” Partiyası türklərə yardım etməkdə
və Bakının tutulmasında Qızıl Orduya mane
olurdu.
3. Azərbaycan
xalqına xəyanətdə. Torpağın kəndlilərə
verilməsinə və bəy malikanələrinin ləğv
edilməsinə mane olurdu.
4. Şərqin
bütün xalqlarının maraqlarına xəyanətdə
və müsəlmanlar üzərində müstəmləkə
ağalığını saxlamaqda İngiltərəyə
yardım etməkdə.
5. Erməni-tatar
qırğınını təşkil etməkdə. Onu Azərbaycan
“Purişkeviçi” adlandırmaq.
6. Şamxor
qırğınının təşkilində ittiham etmək.
Onu Azərbaycan talançısı adlandırmaq.
Qeyd edək ki,
M.Ə.Rəsulzadənin Stalinin sonrakı fəaliyyətinə
münasibəti isə mənfi olmuş və o, belə ifadə
etmişdi: “Baxmayaraq biz vaxtı ilə dost olmuşuq. Lakin
İ.Stalin türk-tatar xalqlarının qəddar və quduz
düşməni idi”.
M.Ə Rəsulzadə
Stalinlə olan yaxın əlaqələrini sonradan -
1954-cü ildə Türkiyədə “Dünya” qəzetində
nəşr etdirdiyi “Stalinlə ixtilal xatirələri” adlı
əsərində yazmışdı.
Qeyd edəki, yaxın dostluq münasibətlərinə
baxmayaraq sonralar M.Ə.Rəsulzadənin də ailəsi Stalin
qırğınından xilas ola bilmədi. Həyat
yoldaşı Ümbülbanu xanım, analığı Maral
xanım, övladları - qızları Lətifə və
Xalidə, oğlu Azər və digər qohumları həbs
edilib Qazaxıstana - Taldı-Kurqana göndərildi.
Böyük oğlu Rəsulu isə 1937-ci ildə həbs edib
1938-ci ilin martın 1-də güllələdilər.
Nəsiman
YAQUBLU
Yeni
Müsavat.- 2014.- 9 fevral.- S.7.