Rəsulzadənin Hitler və marşal

Pilsudski ilə münasibətləri

 

Məhəmməd Əmin Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva səfiri, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. 

M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar  o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar  yaratmağa üstünlük vermişdi. 

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada  olduğu kimi, faşist diktatorluğu imiş”.

 

Marşal Pilsudski ilə münasibətləri

 

Qeyd edək ki, 1920-ci illərin ortalarından başlayaraq M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov   M. Vəkilli Polşa rəsmiləri ilə məktublaşırdılar. 

Polşa dövlətinin arxiv sənədlərində M.Ə. Rəsulzadənin Polşanın Xarici İşlər Nazirliyi   Marşal Pilsudski ilə şəxsi yazışmaları qorunub saxlanılır. Həmin məktubların biri azərbaycanlı zabitlərin Polşa ordusunda hərbi xidmətə cəlb edilməsi ilə bağlıdır. Türkiyənin İstanbul şəhərindən, 1923-cü ilin 31 martında J. Pilsudskiyə ünvanlanmış bu məktubun böyük tarixi əhəmiyyəti vardır: 

“Zati-aliləri Marşal Pilsudski  

Polşa Ali Baş Komandanı cənab Marşal!

1920-ci il aprel ayında sovet ordusu tərəfindən Azərbaycanın işğal edilməsindən və milli hökumətin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların vəhşi intiqamlarından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmış və həmsərhəd ölkələrə köçmüşlər.

Bunlardan 10 nəfər zabit-hansı ki, milli orduda mühüm vəzifələr tutmuş və düşmən Qızıl ordunun silahlı qarşıdurmasına müqavimət göstərmişdilər-daha sonra isə Qızıl Ordunun dözülməz özününküləşdirmə boyunduruğuna qarşı bir sıra kütləvi üsyanlarda çıxış etmişdilər, hal-hazırda Konstontinopolda (İstanbulda) mühacir kimi yaşayırlar.

Krım Tatar Parlamentinin təmsilçisi və prezidenti cənab Cəfər Seydəhməd öyrənmişdir ki, Siz onun başçılığı ilə nümayəndə heyətinin Varşavada sonuncu səfərində azərbaycanlı zabitlərin cəsur Polşa ordusu sıralarında xidmət etmək təklifini, onların hərbi biliklərini genişləndirmək arzusunu çox səmimiyyətlə qəbul etmisiniz. Onların təmənnasız qəbuluna Sizin razılığınız mənə bu lütfkar vəziyyətdən istifadə etmək və Sizin şəxsinizdə zati-alilərindən bu mövzuda lazımi müsbət qərarları əldə etmək xahişini etmək iznini verir. 

Mən əminəm ki, nəcib polşa xalqı tərəfindən göstərilən xidmət bizim tarixin bu çətin dövründə qəbul ediləcək və Türkiyə tərəfindən Azərbaycanın qiymətləndirilməsi, çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir.

Sizə dərin təşəkkürümü bildirərərk, Sizə bəslədiyim yüksək ehtiramımı zat-alilərindən qəbul etməyinizi xahiş edirəm. 

M.E. Rəsulzadə Azərbaycan Milli Birliyin Prezidenti Konstontinopol, 31 mart 1923 

Əlavə: zabitlərin siyahısı". M.Ə.Rəsulzadənin bu məktubu fransız dilində yazılmışdı.

Qeyd edək ki, Qafqazdan olan müqaviləli zabitlərin vəziyyəti ilə  Marşal Pilsudski birbaşa özü məşğul olur, onları ciddi  diqqətdə saxlayırdı. 

M.Ə.Rəsulzadənin məktubuna cavab olaraq Marşal Pilsudski yazırdı: “Zati-aliləri cənab M.Ə.Rəsulzadəyə, Azərbaycan Milli Mərkəzinin prezidentinə, Konstontinopola

Cənab Prezident!

Mən Sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istəklərini nümayiş etdirən zabitlərinə aid olan məktubunuzu təsdiq edirəm.

Mənim ən böyük arzum Azərbaycan ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir.

Hazırda hərbi məktəblərimizdə kifayət sayda yer olmadığından bu sualın qəti həllinə 1923-cü ilin payızına qədər cavab verməmək məcburiyyətindəyəm.

Cənab Prezident! Sizə olan dərin ehtiramımı qəbul etmənizi arzu edirəm.

Polşa Ordusunun  Ali Baş Komandanı Marşal Pilsudski" .

Qeyd edək ki,M.Ə. Rəsulzadənin Polşa və polyaklar mövzusunda yazdığı  məqalələr sırasında Marşal Jozef Pilsudski haqqındakı yazısı xüsusi yer tutur. “Qurtuluş” jurnalının 1935-ci ilin may-iyun aylarının 7-8-ci sayında çap edilən bu məqalənin böyük əhəmiyyəti vardır. Müəllif öz xalqının azadlığı uğrunda yorulmadan mübarizə aparan bir şəxsiyyətin maraqlı obrazını yaratmış, onun mənalı həyatı ilə bağlı maraqlı məqamları əks etdirə bilmişdir. Məqalə Marşal Pilsudskinin ölümü münasibətilə yazılsa da, bədbinlik ruhundan uzaqdır. M. Ə. Rəsulzadə  Pilsudskinin ölümünün yalnız polyaklar üçün deyil, eləcə də, bütün azadlıqsevər xalqlar üçün ağır itki olduğunu göstərir. Və qeyd edir ki, bu insanın ölümündən bütün polyak xalqı kədərli və üzüntülüdür. Müəllif yazır: “Lehistan (Polşa) qaralara bürünmüş, lehlilər milli bir matəm yaşayırlar.

Milli Qəhrəman Marşal Pilsudski həyata vida etmişdir.

Rəisicumhur (ölkə başçısı) İ. Moiseyski yayılan matəm bəyannaməsində “Lehistan tarixinin ən böyük insanını qeyb etdi” - deyir. Bu böyük insan leh vətənpərvərliyinin parlaq bir timsalı idi. Bir timsal ki, tabutu önündə ayrılıq nitqi söyləyən rahib onun haqqında “Tanrı onu özünə bənzədərək yaratmış və qəhrəman başına krallarınkından da şərəfli bir tac qoymuşdur” demişdi.

İşdə, milyonların qəlbinin ən incə tellərinə toxunan, sevgi və təəssüb içərisində Krakovda, Lehistanın bu əski paytaxtında krallarla milli qəhrəmanların yaratdıqları Lehistan əzizlərinin türbəsinə təslim olunan Pilsudskinin Lehistan tarixindəki əhəmiyyət və tutduğu yerini göstərən biri siyasi, o biri dini olmaq üzrə iki tərifdi.

Bu tərifləri mübaliğəli sayanlar belə inkar edə bilməz ki, əsirlikdən sonra yenidən hürriyyət və istiqlalına qovuşan bir millətin öldükdən sonra diriliyini göstərən bir simvol olmaq üzrə Pilsudskinin adı dünyalar durduqca duracaq və millətlərini zülmdən qurtarmış tarixin ən böyük isimləri arasında məxsus bir minnət və hörmətlə anılacaqdır" .

Sonra müəllif Pilsudskinin inqilabçı fədakar xüsusiyyətlərindən danışır. Göstərir ki, mənsub olduğu siyasi partiyanın proqramına da  Polşanın istiqlalı ideyasını məhz o daxil etmişdi. M.Ə.Rəsulzadə məqaləsində Pilsudskinin vətənpərvər inqilabçı olmasının səbəbini də açıqlayır. Qeyd edir ki, Pilsudskinin ailəsi də üsyan və inqilab ənənəsinə bağlı olmuşdur. 1863-cü il üsyanından sonra  sürgün edilənlər arasında  onun da doğmaları  var idi. Jozef Pilsudskinin “çökən imperatorların yerində Lehistan Cümhuriyyəti” fikrini təqdir edən məqalə müəllifi göstərir ki, 1920-ci ildə Varşavanı işğal etmək istəyən rus ordularına qarşı polyaklar onun başçılığı altında böyük savaş açdılar. Bununla da Pilsudski yalnız Polşanı deyil, həm də Avropa mədəniyyətini bolşevizmdən qoruyub saxladı.

Müəllif qeyd edir ki, yeni və güclü idarəçiliyi olan Polşa dövlətinin formalaşmasında J. Pilsudskinin danılmaz xidmətləri vardır. Polşa aparılan doğru xarici siyasət nəticəsində Avropada bir güc mərkəzinə çevrilməkdədəir. Müəllif yazır: “Müttəfiqi Fransanın Sovet Rusiyası ilə oynamasına qarşı o, öz mənfəətini Almaniya ilə anlaşmada tapır. Rus ordularının nə məqsədlə olursa-olsun Lehistan yolu ilə keçməsi ehtimalının Varşavada nə kimi bir ciddiyyətlə rədd edildiyi məlumdur”.

Müəllif Pilsudski haqqında yürüdülən “diktator” fikrinə isə  belə münasibət bildirir: “Pilsudskini hərb sonu Avropasında yetişən diktatorlar zümrəsində saymaq bir adətdir. Fəqət diktatorluq mənəvi qüvvətə dayanan, şəxsi bir hakimiyyətdirsə, Pilsudski həqiqətən də bir diktatordu. Sözün mənəvi mənası ilə onu biz yeni Lehistanın yeganə sahibi olaraq qəbul edə bilirik. Bu mənəvi üstünlüyünü o, yalnız bütün varlıqları ilə özünə bağlı olan legionerlər üzərində deyil, geniş xalq kütlələri üzərində də qurmuşdu. Hər türlü yaşayışdan uzaq Belveder sarayına çəkilən və xalqca ”baba" deyə anılan bu “dərvişin” rəsmi mövqeyi sadə hərbiyə naziri ikən, mənəvi nüfuzunu sezməyən bir lehli tapılmaz.

Siyasi müxalifləri onu proqramsızlıqda ittiham edirlər, ətrafındakı zümrənin bir firqə deyil, bir qəsd olduğunu  irəli sürürdülər. Ölümündən bir az əvvəl bitirmiş və rəsmən qəbul etdirmiş olduğu yeni qanunu-əsaya görə o, həqiqətən də firqəçi olmadığını, firqələri və firqə proqramlarını inkar etdiyini göstərmişdir. Onun yeganə proqramı qüvvətli Lehistandır və yeganə taktikası da bu məqsədi təmin edən icraatdır. Müvəffəqiyyət dərəcəsi, təcrübəylə anlaşılacaq bu sisteminin binası ilə, demək olar ki, Yeni Lehistanın qurucusu öz ciddi fəlsəfəsinin bir xülasəsini vermişdir.

Öyla ya!.. O, nəzəriyyədən ziyadə bütün həyatında yalnız bir hərəkat və aksion adamı olaraq qalmışdır. Bir aksion ki, tək bir qayəsi, tək bir istəyi vardır: - Müstəqil və qüvvətli Lehistan!.."

Müəllif göstərir ki, indi hamını düşündürən, narahat edən Pilsudskidən sonrakı Polşanın-Lehistanın taleyidir. İndi nə baş verəcək? Polşanın işləri necə gedəcək? Sonra müəllif bir həqiqətin və reallığın mövcudluğunu ortalığa qoyaraq Polşanın irəli gedəcəyini əsaslandırır; o da Pilsudski kimi böyük bir qəhrəman yetişdirən xalqın necə ağır olsa da, hər çətinliyə dözə biləcəyidir. Digər tərəfdən, Lehistan idarəçiliyinin mövcud intizamı, Polşa xalqının dünyanı heyrətdə qoyan intizamı da, polyakların Pilsudskisiz də yaşaya biləcəyini sübut edir. Bir həqiqət isə indidən özünü göstərməkdədir: Pilsudski yoxsa da, Pilsudskiçilik vardır və yaşayır". 

M.Ə.Rəsulzadə Polşanın qəhrəman oğlu Pilsudski  haqqında olan məqaləsini belə yekunlaşdırır: “Mənalı yaşadığı kimi, dünyadan getməsini də yaxşı bilən marşalın vətəndaşlarına buraxdığı vəsiyyət diqqəti cəlb edir: ürəyinin Vyanada anasının ayaqları altında basdırılmasını, beyninin tədqiqat üçün elm adamlarına verilməsini, vücudunun da Vaveldəki tarixi türbəyə götürülməsini istəməklə o, adətən demək istəmişdir ki, hər Lehli  qəlbi ilə anasına, beyni ilə elmə, vücudu ilə də milli tarixinə verilməlidir.

Sadə bir lehlimi?.. Xeyir!

Pilsudski kimi qəhrəmanlar bütün milliliklərinə rəğmən bəşəridirlər. Onların öz millətlərinə etdikləri müraciət, bütün insanlara, hələ bənzər vəziyyətdə olan millətlərə edilmiş bir müraciətdir.

Bilxassə, Lehistan qəhrəmanının müraciəti ki, bütün həyatını Rusiya imperializmi kimi, bizim də düşmənimiz olan bir qüvvətə qarşı mücadilədə keçirmiş və bizim tanıdığımız milliyyət ilahəsınə ibadəti özünə din olaraq qəbul etmişdir.

Leh millətinin itkisi böyükdür. Matəmi ölçüyəgəlməzdir. Biz də böyük itkidəyik. Bizim millətlərimiz də təəssürdədir. Lehlilər milli böyük bir qəhrəman itirdilər. Başları sağ olsun. Biz də əsir millətlərin mənəvi bir rəhbərini itirdik. Böyük acıda onlarla ortağız.

Lehli vətənpərvərlər çalışacaqlar ki, Lehistan daima qüvvətli və böyük qalsın. Biz  mücadiləmizdə davam edəcəyik ki, millətlərimiz qurtulsun, bir müstəqil dövlət olsunlar!" 

 

Yeni Müsavat.- 2014.- 14 fevral.- S.10.