Qaradağlı
qırğınından 22 il ötdü
Ermənilər
işğal zamanı bu kəndin hər 10 nəfərindən
birini qətlə yetirib; soyqırımla bağlı
Gürcüstanda tədbir keçirildi
Fevralın
17-də Ermənistan silahlı qüvvələrinin Xocavənd
rayonunun Qaradağlı kəndini işğal etməsindən
22 il ötdü.
Erməni
hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin
Xankəndində dislokasiya olunan 366-cı motoatıcı
alayının hərbi texnikasının və canlı
qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən
başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə
hücum edib.
İki gün çəkən
ağır döyüşdən sonra mühasirəni yaran
ermənilər fevralın 17-də kəndi işğalı
ediblər.
1988-ci ildən etibarən
Qaradağlı kəndinin dinc sakinləri hər gün ermənilərin
hücumuna məruz qalıblar.
Ermənilər tərəfindən törədilən
terror hadisələrinin sonucunda 1991-ci ilin 28 iyun tarixində 3
nəfəri qadın olmaqla, 6 nəfər diri-diri
yandırılıb, 1991-ci ilin sentyabr ayında sərnişin
avtobusunun güllələnməsi nəticəsində 8 nəfər
öldürülüb, çoxlu sayda insan yaralanıb,
güllə yarası alanlardan 5 nəfəri sonra vəfat
edib. 1992-ci ilin 17 fevralında Qaradağlı kəndi
işğal olunarkən 118 nəfər
əsir götürülüb, 33 nəfər ermənilər
tərəfindən güllələnib, öldürülən
və yaralı halda olanları bir yerdə təsərrüfat
quyusuna tökərək basdırıblar. Əsir götürülənlərdən
68 nəfəri öldürülüb. Əsirlikdə
saxlanılanlara qarşı vəhşicəsinə
davranılıb. Kənddə 2 ailənin hər birindən 4
nəfər öldürülüb, 42 ailə öz
başçısını itirib, 140-a yaxın uşaq yetim
qalıb. Ümumilikdə, Qaradağlı kəndində 91 nəfər,
kənd sakininin hər 10 nəfərindən biri qətlə
yetirilib.
Karabakinfo.com-un məlumatına
görə, Qaradağlı ilə yanaşı Xocalı, Meşəli, Bağanis-Ayrım
faciələri, terror, habelə əsir düşmüş
şəxslərə işgəncə verilməsi və erməni
silahlı qüvvələrinin törətdikləri digər
cinayət əməlləri üzrə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin soyqırıma
görə məsuliyyəti nəzərdə tutan 103-cü və
digər maddələri ilə istintaq olunan cinayət işi
üzrə 296 təqsirləndirilən şəxs barəsində
axtarış elan edilib. 80377 saylı cinayət işinin
istintaqı zamanı qeyd olunanlardan başqa, əsir və
girovlarla amansız rəftar edərək, onlara işgəncələr
vermiş, xüsusi amansızlıqla qətlə yetirmiş,
habelə Xocalıda, Meşəlidə, Qaradağlıda və
digər ərazilərdə soyqırım cinayətinin
törədilməsində, Azərbaycan millətindən olan
yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi
hərəkətlərlə didərgin salınmasında
iştirak etmiş 600 nəfərdən artıq şübhəli
şəxs iş üzrə müəyyənləşdirilib.
Bu dəhşətli cinayətləri törətmiş şəxslərin
kimliklərinin müəyyən edilməsi üçün
Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər
Nazirliyinə və digər aidiyyəti dövlət
orqanlarına sorğular göndərilməsi davam etdirilir.
Qaradağlı, Xocalı soyqırımı epizodu, habelə
işgəncə istiqaməti və təzələnmiş
işlər üzrə erməni millətindən olan şəxslərin
törətdikləri cinayət əməllərinə
görə, təqsirləndirilən şəxs qismində cəlb
olunmalarına dair qərarların qəbul edilməsi və həbs-qətimkan
tədbirinin seçilməsi üçün məhkəməyə
vəsatətlə müraciət edilməsi
planlaşdırılır.
Hazırda Xocavəndin “Nərgiztəpə”
deyilən yeri var. O ərazi Azərbaycan
dövlətinin nəzarətindədir. Orada Xocavənd şəhidlərinə abidə ucaldılıb və ermənilərlə sərhədin iki
kilometrliyində Azərbaycan
bayrağı dalğalanır.
Qeyd edək ki,
Qaradağlı qırığını ilə bağlı
Azərbaycanda və bir sıra xarici ölkələrdə tədbirlər
keçirilib. Belə tədbirlərdən biri də
Gürcüstanda azərbaycanlıların kompakt
yaşadığı Marneuli rayonunda Azərbaycanlıların
Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İctimai Birliyinin elan etdiyi
“Xocalıya ədalət!” kampaniyası tərəfindən
keçirilib.
Modern.az-ın məlumatına
görə, tədbirdə çıxış edən Azərbaycan
parlamentinin üzvü Qənirə Paşayeva bildirib ki,
Qaradağlı soyqırımını törədənlər
ədalət qarşısında cavab verməlidir.
Q.Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri
Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə
daha çox
çatdırılmalı, istər gürcü gənclərinə,
istərsə də xaricdə təhsil alan azərbaycanlı
gənclərə bu faciə haqqında ətraflı məlumat
verilməlidir. Millət vəkili deyib ki, Ermənistanın
Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma
beynəlxalq ictimaiyyət susmamalıdır və bu
soyqırımları törədənlər ədalət
qarşısında cavab verməlidir: “Azərbaycan tarixini XX əsrdən
sonra öyrənmək lazım deyil, tarixi daha dərinliyə
baş vurub oxumaq lazımdır. Müxtəlif illərdə
Amerika, alman, rus, gürcü yazıçı və alimlərinin
qələmə aldığı erməni yalanlarına
qarşı faktlar olan mənbələr haqqında məlumatlı
olmaq lazımdır”.
Millət vəkili həmin
faktları özündə əks etdirən kitabları AMM-in
kitabxanasına hədiyyə edib.
Daha sonra AMM-in rəhbəri
Fazil Həsənov “Xocalıya ədalət!” kampaniyasına həsr
olunan tədbirdə hər il Q. Paşayevanın rəhbərliyi
ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə
xüsusən ali təhsil ocaqlarında təhsil alan gənclərin
çoxluq təşkil etdiyini bildirib. F. Həsənov bildirib
ki, hər il fevral ayında dünyanın hər yerində
yaşayan soydaşlarımız Azərbaycan xalqının
başına gətirilən faciələri anır, bu qətliamlar
haqqında geniş tədbirlər keçirilir.
APA-nın məlumatına
görə, tədbirdə iştirak edən Gürcüstan
parlamentinin azərbaycanlı üzvü Mahir Dərziyev deyib
ki, hamının düşməni - öz xoşbəxtliyini,
millətinin gələcəyini başqa millətin bədbəxtliyi,
başqa millətin torpaqlarını işğal etmə
üzərində quranlardır.
M.Dərziyev erməni
saytlarını çox oxuduğunu, onların
yazdıqlarının hamısının yalan olduğunu da
bildirib: “Erməni daşnak ideologiyası erməni
xalqının da düşmənidir. Mən heç vaxt istəməzdim
ki, bizim cavanlar erməni xalqına nifrət ruhunda
böyüsünlər. Lazım deyil belə tərbiyə.
Bu bizi alçaldar, dünyanın gözündən salar. Bu
gün biz ”osetin qardaşlarımız", “abxaz
qardaşlarımız” kimi sözlər deyirik. Onların
içində gürcüləri öldürən yoxdurmu?
Əlbəttə, var. Amma bütövlükdə
ayrı-ayrı adamlarla bütöv bir xalqa qiymət vermək
olmaz. Dediyim kimi, bu ideologiyanın
daşıyıcıları və həyata keçirənləri
bu gün təəssüflər olsun ki, “böyük işlər”
görürlər".
Azərbaycanlı
deputat Xocalı faciəsinin hamının dərdi olduğunu
bildirib: “Bu, çiynimizdə, qəlbimizdə
daşıdığımız dərddir. Biz istəyirik ki,
haqq-ədalət öz yerini alsın, Azərbaycanın 1
milyona çatan qaçqın və köçkünü
öz yurduna, torpağına qayıtsın, Azərbaycan
öz ərazi bütövlüyünə qovuşsun. Eyni
problemi Gürcüstan da yaşayır. Bu, hər iki ölkənin
suveren hüququdur”.
Deputat həmkarına
etirazını bildirən “Vahid Milli Hərəkat”
Partiyasından olan azərbaycanlı deputat Azər
Süleymanov isə bunları deyib: “Mən erməniyə dost
kimi baxa bilmərəm. Gürcüstanda yaşayan azərbaycanlı
kimi erməni millətini mənim birbaşa düşmənim
olan millət sayıram. Bu, mənim şəxsi mövqeyimdir.
Ruslar ”parçala, hökm sür" siyasəti
yürüdüblər. Amma bizim birbaşa düşmənimiz
ermənilərdir".
O bu gün erməni
QHT-lərinin iş apardığını, lakin azərbaycanlı
QHT-lərin çalışmadığını da bildirib:
“Çox təəssüflər olsun ki, erməni
diasporları, erməni QHT-ləri iş aparır. Aprelin
24-ü yaxınlaşır. İstər parlament, istərsə
də başqa qurumlarda onlar fəallaşmağa
başlayıblar. Amma bizim QHT-lərimiz təəssüflər
olsun çalışırlar ki, Azərbaycandan 5-3 manat pul
qopartsınlar. Fəal olmaq lazımdır. Yumruq kimi birləşmək
lazımdır ki, hər bir işdə qalib gələk”.
Sonda tədbirdə
Xocavənd Rayon İcra Hakimiyyətinin
hazırladığı “Qaradağlı soyqırımı”
filmi nümayiş etdirilib.
AMM və Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü
ilə “Xocalıya ədalət!”
kampaniyasına start verilib və fevral ayı
Gürcüstanda Xocalı
ayı kimi elan olunub.
Qeyd edək ki,
Gürcüstanda Xocalı ayı çərçivəsində
AMM-Gənclər şöbəsi tərəfindən
Gürcüstanın bir sıra mərkəzi şəhər
və regionlarında Xocalı soyqırımına həsr
olunan silsilə tədbir və aksiyalar keçiriləcək.
Qaradağlı qırğınından 9 gün
sonra ermənilər daha böyük qırğın törədərək
Xocalı soyqırımını həyata keçiriblər.
Yeni
Müsavat.- 2014.- 18 fevral.- S.13.